09 iyul 2021 19:39
1168

“Şərq qapısı” qəzetində qadın jurnalistlərin fəaliyyəti

Ötən əsrin 70-ci illərindən ölkəmizin bütün sahələrində olduğu kimi, mətbuat sahəsində də yeni inkişaf mərhələsi başlanır. Həmin dövrdən etibarən “Şərq qapısı” qəzetində ölkəmizin sosial-iqtisadi inkişafı, intibahı, adamların sosialist ideologiyası uğrunda tərbiyə olunmasını təbliğ edən yazılarla yanaşı, həmçinin millilik məsələləri önə çəkilmiş, dil, ədəbiyyat, mədəniyyət, elm və tarixə həsr olunmuş, azərbaycançılıq ideologiyasına xidmət edən yazılar da dərc olunurdu. Aydındır ki, mətbuatın yeni inkişaf mərhələsinə qədəm qoyması, onun maddi-texniki bazasının möhkəmlən­diril­mə­si ümummilli lider Heydər Əliyevin adı, siyasi və dövlətçilik fəaliyyəti ilə sıx bağlı olub.

Bu dövrdə muxtar respublikanın  idarə və müəssisələrində, həmçinin rəhbər vəzifələrdə çalışan  qadınların xüsusi çəkisi artmağa başlayır. Bu “Şərq qapısı” qəzetinin redaksiyasında çalışan qadın jurnalistlərin timsalında da özünü göstərir. Qeyd edək ki, 1971-1991-ci illər ərzində “Şərq qapısı” qəzetində bir neçə jurnalist, korrektor, tərcüməçi qadınlar fəaliyyət göstərmişdir ki, onlardan Sənubər Kərimovanın, İffət Kərimovanın, Ceyran Nəbiyevanın (Məmmədova), Xuraman Sadiqovanın (Məmmədova), Ayalı Qulubəyovanın, korrektorlardan Qalibə Hüseynovanın, Aybəniz Sadiqovanın, Ruqiyyə Əliyevanın, Telli Məmmədovanın və digərlərinin adını qeyd etmək olar.

Kərimova Sənubər Ağa qızı 1935-ci ildə Naxçıvan şəhərində anadan olmuş, 1944-cü ildə Naxçıvan şəhərində 2 nömrəli  orta məktəbin birinci sinfinə daxil olmuş, 1954-cü  ildə 10-cu sinfi bitirmiş və  həmin ildə Azərbaycan Dövlət Universitetinin (indiki-BDU) filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olmuşdur.

1959-cu ildə universiteti bitirərək təyinatla Naxçıvana göndərilən və Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin, Naxçıvan MSSR Ali Sovetinin  və Naxçıvan MSSR Nazirlər Kabinetinin orqanı olan “Şərq qapısı” qəzetinin məktublar şöbəsində qeydiyyatçı kimi əmək fəaliyyətinə başlayan Sənubər Kərimova korrektor,  şöbə müdiri və 1975-1985-ci illərdə isə baş redaktor vəzifəsində çalışmışdır.

Hələ tələbə ikən öz imzası ilə respublika mətbuatında tanınan S.Kərimova 1960-cı ildə SSRİ Jurnalistlər İttifaqına üzv qəbul edilmiş, 1978-ci ildə Moskvada İctimai Elmlər Akademiyasının İxtisasartırma İnstitutunda nəzəri biliyini və peşə ustalığını daha da təkmilləşdirərək 1980-ci ildən etibarən “Şərq qapısı” qəzetinin bazası əsasında yaradılan böyük formatda, gündəlik, rus və Azərbaycan dillərində nəşr edilən “Sovet Naxçıvanı”- “Sovetskaya Naxiçevan” qəzetlərinin baş redaktoru olmuşdur. 

Sənubər Kərimova həm də geniş ictimai fəaliyyət göstərmişdir. Azərbaycan Jurnalistlər İttifaqı Naxçıvan təşkilatının sədri (1975-1985) olmuş, respublika jurnalistlərinin V qurultayında Azərbaycan Jurnalistlər İttifaqının katibi seçilmiş, sovet jurnalistlərinin IV qurultayının nümayəndəsi olmuşdur. 1975-1990-cı illərdə Naxçıvan MSSR Qadınlar Cəmiyyətinin sədri kimi fəaliyyət göstərmiş, Sovet Qadınları Komitəsinin plenum üzvü seçilmişdir. Sovet imperiyası dağıldıqdan sonra da muxtar respublikada qadın hərəkatına rəhbərlik etmiş, Müstəqil Azərbaycan Respublikası qadınlarının birinci qurultayının nümayəndəsi olmuşdur. Onuncu və onbirinci çağırış Naxçıvan MSSR Ali Sovetinə deputat seçilmişdir. Sənubər Kərimova iki dəfə (1971, 1974-cü illər) Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanına layiq görülmüş, müxtəlif medallarla təltif edilmişdir. “Mətbuatda fəal, səmərəli işinə görə” ona 1981-ci ildə Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi fəxri adı  verilmişdir.

Onu da qeyd edək ki, Sənubər Kərimova 1985-ci ildə Naxçıvan MSSR Əmək və Əhalinin Sosial Təminat naziri, 1993-cü ildən isə həmin nazirliyin bazasında yaradılan Naxçıvan MSSR Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində nazirin birinci müavini vəzifəsini daşımışdır.

S.Kərimova 2000-ci ilin dekabr ayından Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda böyük elmi işçi vəzifəsində çalışır. Həmin institutun nəşri olan “Dədə Qorqud” jurnalının əməkdaşıdır. Milli-mənəvi dəyərlərimizin, folklorumuzun tədqiqi, qorunması bəşəriləşdirilməsi və gələcək nəsillərə çatdırılması üçün ciddi səy göstərir. Onun “Nəsillərə əmanət” kitabı da məhz bu məqsədlə qələmə alınmışdır.

S.Kərimovanın bir jurnalist kimi “Şərq qapısı” qəzetindəki fəaliyyətinə nəzər saldıqda aydın olur ki, o, jurnalistlik fəaliyyətində bütün janrlara müraciət etmişdir. Onun qəhrəmanları real həyatdan götürülmüş insanlardır. Oçerk və məqalələrinin əsas ideyasını xalqımızın igid oğul və qızlarının müharibədə (1941-1945-ci illər) göstərdikləri qəhrəmanlıqlar, arxa cəbhədə qadınlarımızın zəhmətkeşliyi, insanların əməksevərliyi, torpağa bağlılığı, gənclərin vətənpərvərliyi və s. təşkil edir. Bu baxımdan onun “Arzu həqiqət olanda” (13.XII.1972) oçerki diqqəti cəlb edir.

“Diqqət artırılmalıdır” (24.10.1972) adlı məqalədə qadınların əmək fəaliyyətindən bəhs edilməklə yanaşı, elmi-texniki tərəqqinin istehsala tətbiqi nəticəsində əmək məhsuldarlığının artmasından və bunun da nəticəsində xalqın maddi və mənəvi həyat səviyyəsinin yüksəlməsi  məsələsindən bəhs edən müəllif, 5 nömrəli Naxçıvan tikiş fabrikində çalışan qadınların əmək fəaliyyətindən bəhs edir.

“Geriliyi aradan qaldırmaq mümkündür” (06.11.1973) adlı məqaləsində isəmüəllif daha az məsrəflə daha çox məhsul istehsal edilməsinin yüngül sənaye müəssisələrinin qarşısında duran ən vacib məsələ olduğunu vurğulayır.

İşdə müvvəfəqiyyət qazanılmasının əsas səbəbini əmək adamından asılı olduğunu deyən S.Kərimova “Yüksəliş” (15.05.1973) məqaləsində Naxçıvan tikinti zavodunun əmək kollektivindən söhbət açır.

Sənubər Kərimovanın “Şərq qapısı” qəzetinə redaktorluq etdiyi 1975-1985-ci illərdə qəzet daha yüksək səviyyəli mətbuat orqanı kimi çap olunmuşdur. Bu mərhələdə qəzetin ideya-siyasi xətti ilə bərabər, ədəbi-publisist səviyyəsi daha da qüvvətlənmişdir. Akademik İsa Həbibbəyli yazır ki, həmin dövrdə “Şərq qapısı”nda çap edilən oçerklər Azərbaycan mətbuatında oçerk janrının ən yaxşı örnəkləri kimi qiymətləndirilməyə layiqdir.

 Onu da qeyd edək ki, Sənubər Kərimova oçerk janrına müraciət edərkən həmyerlilərimizin alman-faşist işğalçılarına qarşı döyüşlərdə iştirakından, cəbhə epizodlarından, həmçinin arxa cəbhədə Naxçıvan zəhmətkeşlərinin fədakar əməyindən, müharibədən sonra da onların əmək sahəsində əldə etdikləri nailiyyətlərdən bəhs edərək xalqları əmin-amanlığa, sülhə səsləyir. Onun qələbənin 30 illiyi münasibəti ilə yazdığı “Qoşa hörük”(08.02.1975), “İnsanlar, sayıq olun” (13.04.1975), “Sülhə gəlin ey insanlar!”(10.05.1975) oçerkləri də məhz bu silsilədəndir. “Qoşa hörük” oçerkində 1941-1945-ci illər müharibəsində iştirak edən yüzlərlə naxçıvanlı qadınlardan biri- Dilbər Təhməzbəyovanın keçdiyi döyüş yollarından bəhs edilir. Yenicə tibb texnikumunu bitirən əsil azərbaycanlı qızına xas olan uzun, qoşa hörüklü naxçıvanlı  Dilbər müharibə xəbərin eşidən kimi könüllü olaraq cəbhəyə yazılır və yola düşərkən, cəbhədə ona mane olmasın deyə, qoşa  hörüklərini kəsib bir boxçaya qoyaraq anasına verir. Anası qızının hörüyünün kəsilməsindən narahat olur. Dilbər isə müharibədən qayıtdıqdan sonra hörüklərini yenidən uzadacağına anasına söz verir. O, cəhbədə onlarla döyüşçünün həyatını xilas edir və qalibiyyətlə geri dönür. “İnsanlar, sayıq olun”  oçerkində isə naxçıvanlı tibb işçisi Zərifə Camalbəyovanın Xarkovdan, Belqoroddan, Minskdən, Voronejdən keçib Stalinqrad ətrafınadək keçdiyi döyüş yollarından bəhs edilir. Müharibədə faşist Almaniyasının insanlara qarşı törətdikləri vəşiliklərlə yanaşı, dağıdılmış kənd və şəhərlərin şahidi olan Zərifə Camalbəyova  Minsk şəhərinin yaxınlığındakı Xatın kəndindən olan gənc bir müəllimin faşistlər tərəfindən tikə-tikə doğranıb meşəyə atıldığını, kənd camaatının isə həmin tikələri yığıb dəfn etdiklərini söyləyir. Faşistlərin kənd camaatını bir daxmaya doldurub diri-diri yandırdığını və kənddən əsər-əlamət qalmadığını yazan müəllif öz qəhramanının  dili ilə insanları ayıq-sayıq olmağa çağırır.  Müəllif  yazır: “... Sayıq olun ki, ailələrİ yurdsuz-yuvasız, anaları oğulsuz, körpələri atasız qoyan qanlı müharibə bir daha olmasın ”. Bütün dövrlər üçün aktual olan bu məqalədə sülhə çağırış öz əksini tapıb.

 “Sülhə gəlin ey insanlar” (10.05.1975) oçerkində müəllif müharibə iştirakçısı, Naxçıvan MR-nin əməkdar həkimi Surə Abdullayevanın keçdiyi döyüş yollarından bəhs edir. Bu məqalədə Surə Abdullayeva ilə yanaşı, Səkinə Səfiyevanın, Firuş Məmmədovanın, Valentina Suxovanın və digərlərinin də adı çəkilir. Aydın olur ki, Surə Abdullayevanın cəbhə yolları Mozdokdan başlayıb Keniqsberqdə bitir. Hər üç oçerkdə müəllif göstərdikləri qəhrəmanlıqlar müqabilində adları qeyd olunan qadınların dövlət tərəfindən müxtəlif orden və medallarla təltif olunmaları haqqında da məlumat verir.

Fəaliyyəti dövründə “Şərq qapısı” qəzetində diqqəti cəlb edən  yazılardan biri də ”... O gəncin əvəzinə”(29.01.1975) məqaləsidir. Məqalədə müharibədə (1941-1945-ci illər) həlak olan gənclərin əvəzinə işləmək təşəbbüsünü irəli sürən moskvalı komsomolçu gənclərinin çağırışına qoşulan Azərbaycan gənclərinin, həmçinin muxtar respublikada fəaliyyət göstərən Arpaçay Su Tikinti İdarəsinin, Badamlı Mineral Sular Zavodunun, 5 nömrəli Naxçıvan Tikiş fabrikinin, Tütün Fermentasiya Zavodunun, habelə başqa müəssisə və təşkilatların komsomolçu gənclərinin bu çağırışa böyük ruh yüksəkliyi ilə qoşulduğundan bəhs edilir.

Sənubər Kərimova “Şərq qapısı” qəzetində jurnalistlik fəaliyyəti ilə yanaşı, yuxarıda qeyd edildiyi kimi, 1975-ci ildən 1985-ci ilədək  qəzetin redaktoru vəzifəsində də çalışmışdır.  Böyük inkişaf yolu keçən qəzetin tarixində 1980-ci il yeni bir mərhələnin başlanğıcını qoyur. Sənubər Kərimovanın  qəzetə redaktorluq etdiyi  bu illərdə “Şərq qapısı”öz rəngarəngliyi, böyük formatda nəşri ilə diqqəti cəlb edir. Azərbaycan KP MK-nın 25 sentyabr 1979-cu il tarixli qərarı ilə “Şərq qapısı” qəzetinə “Sovet Naxçıvanı” adı verilir. 30 oktyabr 1979-cu ildən isə Azərbaycan KPMK-nın 19 №-li büro protokoluna əsasən Mərkəzi Komitənin Azərbaycanda  və Özbəkistanda çıxan yerli qəzetlərin yanvar ayından rus dilində dublikatının çıxarılması barədə qərarını əsas tutaraq “Sovet Naxçıvanı” qəzetinin rus dilində 5000 tirajla 1980-cı ildən “Sovetskaya Naxiçevan” başlıqlı dublikatı ilə çıxmağa başlayır. Onu da qeyd edək ki, “Sovetskaya Naxiçevan” qəzeti üzrə redaktor müavini  Bakıdan MK tərəfindən göndərilən Fauna Kobzeva adlı qadın idi. 1981-ci ildə “Sovetskaya Naxiçevan” qəzetinə Naxçıvan şəhər sakini Lyudmila Skakunova müvəqqəti olaraq korrektor təyin edilmişdir. Elə həmin ildə Naxçıvan şəhər 3 №-li beynəlmiləl məktəbinin məzunlarından Mahirə Süleyman qızı Fərzəliyeva və Mədinə Davud qızı Seyidova qəzetə korrektor vəzifəsinə təyin edilir (Naxçıvan MR Dövlət Arxiv İdarəsi, fond 654, siy. 2, iş 163).

Adının dəyişdirilməsinə baxmayaraq, “Sovet Naxçıvanı” qəzeti böyük ənənəyə malik olan “Şərq qapısı”nın yolunu davam etdirmiş, varislik ənənələrini qoruyub saxlamışdır. Həmin dövrdə qəzetin redaktoru Sənubər Kərimova və qəzetin bütün əməkdaşları bu ağır və məsuliyyətli işin öhdəsindən ləyaqətlə gəlmişlər. S.Kərimovanın xidmətləri nəzərə alınaraq onun haqqında məlumat  2002 və 2005-ci illərdə nəşr edilmiş Naxçıvan ensiklopediyalarına salınmışdır.

Akademik İsa Həbibbəylinin qeyd etdiyi kimi, XX əsrin 70-85-ci illəri “Şərq qapısı” qəzetinin fəaliyyətində ideologiyanın təbliği ilə yanaşı, həm də ölkə həyatına, xalq aləminə, sadə insanların qayğılarına müəyyən mənada dönüş dövrüdür. Bunu “Şərq qapısı” qəzetinin gələcək müstəqillik dövrü üçün hazırlıq mərhələsi də adlandırmaq olar.

 “Şərq qapısı” qəzetində aid olduğu dövrdə fəaliyyət göstərən jurnalistlərdən biri də Kərimova İffət Cəfər qızıdır. O, 27 mart 1933-cü ildə Qərbi Azərbaycanın Vedi rayonunda anadan olub. İffət Kərimovanın ailəsi də digər soydaşları kimi, 1950-ci ildə öz əzəli torpaqlarından zorla çıxardılaraq Azərbaycanın rayonlarına köçürülür. O, ailəsi ilə birlikdə Gəncə şəhərində məskunlaşır. Həmin ildə İ.Kərimova Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olub, 1955-ci ildə universiteti bitirir. 1956-cı ildə ailə həyatı quraraq Naxçıvan şəhərinə köçmüş və 1959-cu ilin sentyabr ayında  əmək fəaliyyətinə “Şərq qapısı” qəzetinin “Məktublar şöbəsi”nə qeydiyyatçı, elə həmin ilin dekabr ayından ədəbi işçi, 1974-cü ilin yanvar ayından isə, müxbir vəzifəsinə təyin edilmişdir. O, təqaüdə çıxana, yəni 1988-ci ilə kimi qəzetdə müxbir kimi fəaliyyət göstərib. 2016-cı ildə isə dünyasını dəyişib.

Vətən həsrətində olan İffət Kərimovanın “Şərq qapısı” qəzetində fəaliyyət göstərdiyi illərdə məqalələrinin əsas ideyasını vətən mövzusu təşkil edir.  Onun “Hardan başlayır Vətən?”  (18.06.1978)  məqaləsində  öz fikrini oxucu dili ilə belə açıqlayır: “Vətənə məhəbbət məndə anama məhəbbətlə qoşa yaranıb. Vətənin əzizliyi, doğmalığı barədə nağıllarımızdan da çox eşitmişdim. Kitablarda, şeirlərdə, kinolarda Vətən torpağının müqəddəsliyindən dönə-dönə bəhs edilir. Vaxtilə öz dədə-baba torpaqlarından zorla çıxarılan İffət Kərimova məqalələrində vətənin müqəddəsliyindən, vətən torpağının bizə ulu babalarımızdan miras qaldığından, onu gözbəbəyi kimi qorumalı olduğumuzdan bəhs edir. “Vətən, fəxr et!” (13.06.1975) məqaləsində isə, Vətənə olan məhəbbətindən belə bəhs edir: “Namusum, qeyrətim, şanım, şöhrətim Vətən! Sənin daşına, torpağına qurban. Torpağın elə ətirli, qoynun ana qoynu kimi elə hərarətlidir ki, ondan doymaq olmur”.

Onun əsgər həyatından bəhs edən məqalələrində də vətənə, torpağa məhəbbət hissi duyulur. “Anaya məktub gəlib” (13.02.1974), “Onların qanı yerdə qalmaz” (20.04.1975), “İllə vida günündə” (06.01.1981) və digər məqalələri məhz belə qəbildəndir.

İffət Kərimovanın “Şərq qapısı” qəzetində milli-mənəvi dəyərlərimizdən bəhs edən yazılarında əsrlərin o tayından günümüzədək gəlib çatan toy adətlərindən bəhs edərək, toylarda yaranan yeni xoşagəlməz halların aradan qalxmasını tövsiyə edir. “Gəlin “sərgisiz” keçinək” (15.03.1978) məqaləsi buna misal ola bilər.

İ.Kərimovanın jurnalist fəaliyyətində milli-mənəvi dəyərlərimizdən bəhs edən məqalələrdən biri də “Gözoxşayan naxışlar”dır. (8.03.1983). Bu məqalədə müəllif Azərbaycanda xalçaçılıq sənətinin hələ qədim dövrlərdən mövcud olduğu haqqında məlumat verir. Nənələrimizin toxuduqları nəfis xalçalarımızın NYU-Yorkun, Londonun, Vaşinqtonun bir sözlə dünyanın nəhəng muzeylərində saxlanılan Azərbaycanın nadir incilərindən söhbət açır.

Şərq qapısı” qəzetinin inkişafında böyük xidməti olan qadın jurnalistlərdən biri də Ceyran Həşim qızı Nəbiyevadır (Məmmədova). O, 29 iyul 1948-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Orta təhsilini 1965-ci ildə Naxçıvan şəhər 2 nömrəli orta məktəbində bitirən C.Nəbiyeva həmin il  Azərbaycan Dövlət Unuiversitetin filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olub, 1969-cu ildə universiteti bitirib təyinatla ”Şərq qapısı” qəzetinin ədəbiyyat və incəsənət şöbəsinə tərcüməçi qəbul edilir, bununla yanaşı, kiçik ədəbi işçi vəzifəsini də icra edir. O, 1970-ci ildən ədəbi işçi, 1974-cü ildən isə qəzetdə müxbir vəzifəsinə keçirilir. Ceyran Nəbiyeva qəzetdə fəaliyyətini 1996-cı ilə qədər davam etdirir. Onun publisistikasında əsas yeri vətənə məhəbbət, incəsənət, gənc nəslin təlim-tərbiyəsi, təhsil, həyat həqiqətləri, qadın hüquqları, xalq yaradıcılığı, folklor nümunələri, gənc istedadların aşkarlanıb üzə çıxarılması, və s. tutur.

Gənc nəslin təlim-tərbiyyəsində müəyyən rolu olan Ceyran Nəbiyevanın (Məmmədova) “Yeni kitablar”(7.2.1971) başlığı altında olan yazısında cəmiyyətin gələcək qurucuları olan uşaqların tərbiyə edilməsində bədii ədəbiyyatın mühüm rol oynadığı açıqlanır, həmçinin uşaqlarda əməyə və vətənə məhəbbət, doğruçuluq, insanpərvərlik kimi yüksək keyfiyyətlərin aşılanmasında, onların vətənpərvərlik ruhunda tərbiyə olunmasında həmin dövrdə mövcud olan “Gənclik” və “İşıq” nəşriyyatları tərəfindən buraxılan kitabların təqdirəlayiq olduğunu söyləyir. O, “Gənclik” nəşriyyatının kiçik yaşlı oxucuları da yaddan çıxarmadığını “El bilir ki, sən mənimsən” adlı kitabın uşaqlar üçün ən yaxşı hədiyyə olduğunu yazaraq, uşaqları hələ kiçik yaşlarından şifahi xalq ədəbiyyatı nümunələri ilə tanış etmək, onları xalq nəğmələri, ümumiyyətlə, milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyə edilməsini deyir.

Öz publisistikasında qadın hüquqlarından bəhs edən jurnalist bir qrup ziyalı qadınların Nehrəm kənd qadınları ilə görüşündən bəhs edərək, onların maariflənməsində ziyalı qadınların böyük rol oynadığını yazır. Müəllif vaxtilə Azərbaycanda qonaq olmuş Alman kommunist hərəkatının görkəmli nümayəndəsi Klara Setkinin Əli Bayramov klubunun fəaliyyətindən heyrətləndiyini və onun “Mənə elə gəlirdi ki, Şərq qadını incəsənətlə məşğul olmur. Görünür səhv etmişəm. Sizin qadınlar necə də incə zövqə malikdirlər” sözləri ilə bitirir. Bu məqalədə Azərbaycan qadınının əməksevərliyi və incə zövqə malik olmaları müəllifin məqaləsinin əsas ideyasını təşkil edir.

Müxtəlif  janrlarda öz qələmini sınayan jurnalistin bir çox məqalələri sənət əsərlərinə- rəssamlığa həsr olunub. “Bizim Tovuz” (25,02.1981), “Bəhruz nəvələri”, “Körpə qığıltısı, sənət yanğısı”, “Sənətkara böyük məhəbbət” və s. məqalələri buna misal ola bilər. Onun “Sənətkara böyük məhəbbət” məqaləsində rəssam Abuzər Qardaşbəyovun sərgidə nümayiş etdirdiyi portretlər silsiləsindən söhbət açılır. “Cavidi düşünərkən”, “Şairin portreti” və s. əsərlərində sənətkarın daxili emosiyası, mənliyi və qüruru, əqidəsindəki dönməzlik rənglər vasitəsilə açılır.

Müəllif bu məqalədə əsl sənətkar kimi rəssamın əsərlərini təhlil edir. Onun diqqətini daha çox cəlb edən rəssamın “Cavidin xatirəsi” adlanan əsəri olur. C.Nəbiyeva (Məmmədova) yazır: “...bu əsərdə nə bir insan fiquru, nə də bir canlı gözə dəyir. Cavid ömrünün qəmli, kədərli anları ilə üz-üzə dayanıb kədərlənən tamaşaçı birdən-birə bu günümüzə qayıdır”. Sarı, qırmızı, qəhvəyi rənglər sevinc akkordlarına dönüb haqqın, ədalətin qələbəsi, zəfər təntənəsi, əbədi səadət kimi səslənir.

C.Nəbiyeva “Yüksəliş pillələri” (06. XI. 1987) məqaləsində folklorumuz və xalq yaradıcılığı mövzularına da müraciət etmişdir.

“Şərq qapısı” qəzetinin səhifələrini vərəqlədikcə Ceyran Nəbiyevanın Naxçıvanın tarixi keçmişi, xalqımızın milli-azadlıq hərəkatı haqqında olan “Keçmişə bağlılıq, tarixə məhəbbət” (02.05.1984), “Ağlama, Anam ağlama” (19.01.1991), “Təbrizin yolları dolanbadolan” (13.02.1991), “Ümidlər payızı” (26.X.1991) və digər onlarla məqalələrə rast gəlinir.

Onun “Şərq qapısı” qəzetindəki səmərəli fəaliyyəti, muxtar respublikanın ictimai həyatındakı rolu, gənc nəslin tərbiyəsində fəal iştirakı və ümumiyyətlə, jurnalistlik fəaliyyəti dövlət tərəfindən dəyərləndirilmişdir. O, iki dəfə “Sovet Naxçıvanı” (“Şərq qapısı”) qəzetinin birinci nömrəsinin çapdan çıxmasının altmış illiyi münasibətilə (1981) və mətbuat orqanlarında uzun müddət səmərəli və qüsursuz işlədiyinə görə  (1987) Naxçıvan MSSR Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilmiş, bununla yanaşı Naxçıvan Vilayət Partiya Komitəsi tərəfindən fəxri fərmanla təltif edilmişdir. Sənətşünas C.Nəbiyeva eyni zamanda SSRİ jurnalistlər ittifaqının və SSRİ rəssamlar ittifaqının üzvü seçilmişdir.

”Şərq qapısı” qəzetində 1971-1991-ci illərdə fəaliyyət göstərən, yaradıcılığının 35 ilini  bu mətbuat orqanına həsr edən qadın jurnalistlərindən biri də Sadiqova Xuraman İsmayıl qızıdır. (Bundan sonra Məmmədova Xuraman kimi yazılır). O, 21 sentyabr 1951-ci ildə Naxçıvan şəhərində ziyalı ailəsində anadan olmuşdur. Naxçıvan şəhərindəki 2 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsinə qəbul olunmuş və 1974-1975-ci tədris ilində həmin ali məktəbin məzunu kimi “Şərq qapısı” qəzetində oxucu kimi fəaliyyətə başlamışdır. Sonrakı illərdə qeydiyyatçı, ədəbi işçi, baş ədəbi işçi kimi fəaliyyətini davam etdirmişdir. Çalışqanlığı və işə məsuliyyəti nəzərə alınaraq qəzetin “Sosial həyat” şöbəsinə müdir təyin edilir.

Cəmiyyətdə baş verən, insanları düşündürən hadisələrlə daim maraqlanan və müşahidə etdiklərini təxəyyülü ilə oxuculara çatdıran Xuraman Məmmədovanın yaradıcılıq aktivində bu peşənin ən çətin janrı olan publisistik yazılar çoxluq təşkil edir. Cəmiyyətdə baş verən hadisələrin işıqlandırılması, dövlətçilik maraqlarının qorunması, ailə, məişət məsələləri, sadə insanların əməyə bağlılığı, onların qazandıqları nailiyyətlər, milli adət-ənənələrin təbliği, gənclərin peşəyönümü üzrə istiqamətləndirilməsi, elm, mədəniyyət və incəsənət məsələləri kimi aktual mövzulardan bəhs edən məqalələrini əsasən gündəlik müşahidələr əsasında hazırlayan müəllif kimi insanlarla daim təmasda olmuş, yazılarında onların fikir və rəylərinə daha çox üstünlük vermişdir. Vətənimizin gələcəyi olan uşaqların həyatından bəhs edilən “Uşaq dünyasının sakinləri” (24.07.1979) məqaləsində X. Məmmədova kainatı əlvan xalıya, yer üzünün müxtəlif şəhərlərində yaşayan uşaqları isə bu xalının əlvan naxışlarına bənzədir. Müəllif gələcəyimiz olan uşaqların sağlam və gümrah böyüməsi üçün valideynlərlə yanaşı, məktəbəqədər tərbiyə müəssisələrinin üzərinə böyük və məsuliyyətli vəzifə düşdüyünü qeyd edir. Diqqəti cəlb edən və daim aktual olan bu məsələyə aid “Onlar peşə öyrənir” adlı məqaləsinin (14.10.1981) əsas mahiyyəti orta məktəblərdə şagirdləri peşəyönümü üzrə hazırlamaq, sadə əməyə maraq yaratmaq, gələcəyin ixtisaslı kadrlarının yetişdirilməsi istiqamətində dövlətin müəyyənləşdirdiyi proqramların təbliği olmuşdur. Bu işdə Naxçıvan şəhərindəki məktəblərarası tədris istehsalat kombinatının fəaliyyətini dəyərləndirən müəllif, şagirdlərin orta məktəbdə təhsil almaqla yanaşı, kombinatda sevdikləri sənətin sirlərini dərindən öyrəndiklərini və maraq göstərdikləri peşəyə kamil yiyələndikləri barədə vəsiqə aldıqlarını da qeyd edir. Bütün dövrlər üçün aktual olan təhsildə qabaqcıl təcrübələrin tətbiqi, şagirdlər arasında keçirilən bilik yarışlarının, müsabiqələrin təbligi müəllifin ən çox müraciət etdiyi mövzulardandır. Müəllif üçün müxtəlif peşələrə yiyələnən bu günün şagirdi gələcəyin mütəxəssisi, ölkə iqtisadiyyatının inkişafında vətəndaş kimi iştirak edəcək bacarıqlı kadrdır.

Müəllimin məktəbdə əsas sima olduğunu “Fəal mövqedə dayanaq” (11.11.1987) adlı məqaləsində açıqlayan X.Məmmədova insanı formalaşdıran müəllim əməyinin əvəzsiz olduğunu pedaqoji təcrübələr əsasında oxucuya çatdırır. Şagirdin gələcək həyatda tutduğu mövqeyinin müəllimdən öyrəndiyi xüsusiyyətlərlə ölçüldüyünü açıqlayan müəllifin qənaətinə görə, müəllim doğruçuluğu, təmiz əxlaqı, saf mənəviyyatı, insanpərvərliyi, ən başlıcası isə vətəndaşlıq mövqeyi ilə yetirmələrinin gələcək həyatında da nümunə olmalı, yaddaşlarda əbədi simvola çevrilməlidir. “Əsl mənada insan yetişdirən müəllim şagirdin psixologiyasını yaxşı bilməlidir. Bu sahədə müəllimlə valideyn birgə işləməlidir”,- yazan müəllif  cəmiyyətin güzgüsü olan müəllim əməyini yüksək qiymətləndirir.

Qələmini müxtəlif janrlarda  sınayan X. Məmmədova “Gözəllik ustaları” (29.07.1976), “Gülan xala” (14.03.1978) və digər məqalələrində əməkçi insanların həyatından, məişətindən bəhs edir. Qəzetin 8 Mart Beynəlxalq Qadınlar günü nömrəsinin vaxtında və keyfiyyətli hazırlanmasında fəal iştirak etdiklərinə görə İffət Kərimovaya, Ceyran Məmmədovaya və Xuraman Məmmədovaya redaktorluq tərəfindən təşəkkür elan edilmiş və onların əməyi qiymətləndirilmişdir.

Artıq 1988-ci ildən etibarən qəzetdə fəaliyyət göstərən qadın müxbirlərinin qələmləri də xalqımızın azadlıq mübarizəsindən yazır. Xuraman Məmmədovanın “Vətən sizə oğul deyir” (11.01.1991) məqaləsində 20 Yanvar şəhidlərindən, onların qəhrəmanlıqlarından bəhs edilir. Məqaləyə görə ona çatacaq qonorarın “Şəhidlər fondu”na köçürülməsini xahiş edir. O, 02 iyun 2000-ci il tarixdə qəzetin ideya-siyasi və bədii səviyyəsinin yüksəldilməsində fəal iştirakına, “Naxçıvanlı qadınları salamlayırıq” yazısına görə mükafatlandırılmışdır.

 Oxucu, qeydiyyatçı, müxbir, şöbə müdiri vəzifəsində çalışan Xuraman Məmmədova ulu öndər Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin Sədri işlədiyi illərə təsadüf edən fəaliyyəti dövründə də hadisələrə vətəndaşlıq mövqeyindən yanaşaraq, muxtar respublikanı erməni işğalından qoruyan, Azərbaycanın müstəqilliyinin əbədiliyi naminə fədakarlıq göstərən Ümummilli Liderin xilaskarlıq missiyasının, siyasətinin təbliğində fəallıq göstərmişdir. Qadınlar cəmiyyətinin xətti ilə Sədərəkdə, Buzqovda, digər sərhəd bölgələrində torpaqlarımızı qoruyan əsgərlərlə keçirilən görüşlərdə fəal iştirak etmişdir, ağır günlərdə hərbçilərimizə mənəvi dəstək olmuşdur. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Türkiyəyə ali təhsil almağa göndərilən gənclərlə görüşlərinin iştirakçısı olan müəllif erməni silahlıları tərəfindən yaralanan insanların qardaş ölkəyə müalicəyə göndərilməsi mərasimini işıqlandırmışdır.

Ailə vəziyyəti ilə əlaqədar olaraq 2002-ci ildə Bakı şəhərinə köçən Xuraman Məmmədova həmin vaxtdan etibarən özü üçün ikinci doğma kollektiv hesab etdiyi “İki sahil” qəzetində fəaliyyətini davam etdirir. Hazırda həmin qəzetin “Siyasət bölməsi”nin müdiridir. Bakıda çalışmağına baxmayaraq, muxtar respublikada aparılan abadlıq, quruculuq işlərini daim izləyir və əməkdaşı olduğu “İki sahil” qəzetində işıqlandırır. Onun jurnalistlik fəaliyyətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Xuraman Məmmədova əməkdar jurnalist adına layiq görülmüş, həmçinin Həsənbəy Zərdabi mükafatı laureatıdır. Fərdi jurnalistlər arasında keçirilən “Ən yaxşı yazı” müsabiqələrində fərqlənərək dəfələrlə qalib adına layiq görülüb.

Ayalı Hidayət qızı Qulubəyova 1940-cı ildə Naxçıvan şəhərində doğulub. Orta məktəbi Naxçıvan şəhərində bitirən A.Qulubəyova  1965-ci ildən əmək fəaliyyətinə “Şərq qapısı” qəzetində  korrektor kimi başlayıb və həmin ilin dekabr ayının 15-dən etibarən korrektor vəzifəsindən ədəbi-işçi vəzifəsinə təyin edilir. Əmək fəaliyyətini davam etdirməklə bərabər A.Qulubəyova Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində 1967-1971-ci illərdə qiyabi təhsil alıb. 1974-cü il yanvar ayından etibarən redaksiyada müxbir kimi fəaliyyətə başlayır. 1992-ci ildə öz ərizəsi əsasında işdən azad edilir.

Jurnalistlik fəaliyyətində əsasən müxtəlif peşə sahiblərinin əmək fəaliyyətindən bəhs edən məqalələrindən “Zəng səsində keçən ömür” (18.XI.1972), “Fatma”(31.X.1974), “Sənətə məftun sənətkar” (10.XII.1974), “Həssas qəlb” (31.01.1975) adlarını qeyd etmək olar.

Nəticə etibarı ilə demək olar ki, 1971-1991-ci illərdə “Şərq qapısı” qəzetində fəaliyyət göstərən jurnalist qadınlar fəaliyyətləri dövründə qəzetdə əzmlə çalışmış, geniş oxucu kütləsinin rəğbətini qazanmış, öz fəaliyyətləri ilə qəzetin inkişaf etdirilməsində müəyyən rol oynamışlar. Onların günümüz üçün aktual olan yazıları bu gün də gəncləri vətəni, torpağı sevməyə səsləyir, onların milli-mənəvi dəyərlər əsasında tərbiyə edilib cəmiyyətə gərəkli, kamil bir vətəndaş kimi yetişməsində mühüm rol oynayır.

Aytəkin Qəhrəmanova,
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya
və Arxeologiya İnstitutunun böyük elmi işçisi