Parklanma yerlərində nəqliyyat vasitələrinin parklanması zamanı sürücülər tərəfindən bəyanetmə prosesini rahat və maneəsiz həyata keçirmək məqsədilə “AzParking” mobil tətbiqində internetsiz istifadə rejimi aktivləşdirilib.
“İki sahil” xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, bu funksiya sayəsində istifadəçilər mobil cihazda internet paketi bitsə belə, “AzParking” tətbiqindən ödənişsiz şəkildə yararlana bilərlər.
Yenilik hazırda “Azercell”, “Bakcell” və “Nar” abunəçiləri üçün aktivdir. Qeyd edilən mobil operatorlar üzərindən internet paketi olmadıqda belə, istifadəçilər tətbiqin əsas funksiyalarından faydalana bilərlər. Bura ən yaxın parklanma məntəqələrini görmək, parklanma müddətini başlatmaq və sonlandırmaq, əvvəlcədən əlavə edilmiş kart vasitəsilə ödəniş etmək, yeni avtomobil əlavə etmək və fərdi parklanma talonuna müraciət etmək kimi funksiyalar daxildir.
Qeyd edək ki, bu yanaşma yalnız cihazda mobil internet (mobil data) açıq olduqda keçərlidir. İstifadəçinin telefon nömrəsi birtərəfli bağlıdırsa və ya ümumiyyətlə şəbəkə yoxdursa, funksiyadan istifadə mümkün deyil.