16 iyul 2021 19:08
1050

Azərbaycan Prezidentinin qlobal liderlik səylərinə verilən yüksək qiymət

Qoşulmama Hərəkatına üzv dövlətlərin Azərbaycanın quruma əlavə bir  il sədrlik etmək barədə müraciətinin müsbət cavablandırılması ölkəmizə, Prezident İlham Əliyevə böyük inamın, həyata keçirilən siyasətə dəstəyin ifadəsidir

BMT-dən sonra ikinci böyük təsisat olan, 120 ölkəni sıralarında birləşdirən  Qoşulmama Hərəkatına (QH) üzv dövlətlərin 3 illik sədrliyi 2022-ci ildə bitməli olan Azərbaycanın Hərəkata əlavə bir il sədrlik etmək barədə müraciətinin müsbət cavablandırılması Azərbaycan Prezidentinin qlobal liderlik səylərinə verilən yüksək qiymət, ölkəmizə olan etimadın, inamın növbəti təzahürü kimi dəyərləndirilir. Bu mühüm addım, eyni zamanda,  QH-yə sədrliyi dövründə Hərəkatın beynəlxalq nüfuzunun, təsirinin gücləndirilməsi, Hərəkat üzvlərinin marağının, beynəlxalq hüququn və ədalətin müdafiəsi üçün göstərdiyi səylərin yüksək qiymətləndirilməsi, pandemiyanın törətdiyi fəsadlara baxmayaraq, Azərbaycanın vəziyyətə çevik və adekvat reaksiya verərək sədrliyini müvəffəqiyyətlə həyata keçirməsinin  nəticəsi kimi  də qəbul edilə bilər.

Ümumiyyətlə, Azərbaycan  2019-cu ildə Bakıda keçirilən Zirvə görüşünə ev sahibliyi, 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik etməklə onun məqsəd və məramlarının təşviq olunmasına, beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın güclənməsinə əsaslı töhfələr verib. Qoşulmama Hərəkatının 2019-cu ildə Bakıda keçirilən XVIII Sammitinin böyük rəmzi mənası var idi. Belə ki, Avropa qitəsi 1989-cu il Belqrad Sammitindən 30 il sonra Qoşulmama Hərəkatında iştirak edən ölkələrin dövlət və hökumət başçılarının görüşünə yenidən ev sahibliyi etdi.  Bununla da Azərbaycan Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə sadiq olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. Azərbaycan Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv olub. Əvvəldə də qeyd etdiyimiz kimi,  Qoşulmama Hərəkatında 120 dövlət iştirak edir. 17 dövlət və 10 beynəlxalq təşkilat isə Qoşulmama Hərəkatı yanında müşahidəçi statusuna malikdir.

Bunları sadalamaqla Azərbaycanın qurumda, həmçinin Hərəkatın üzv dövlətləri ilə münasibətlərdə böyük nüfuza, etimada malik olduğunu bir daha qeyd etmək istədik. QH-yə üzv dövlətlərin qlobal miqyasda belə bir mürəkkəb dövrdə quruma  uğurlu sədrliyinə, eləcə də Hərəkata nəzərdə tutulandan 1 il artıq – 2023-cü ilin sonuna qədər sədrlik etməyə hazır olduğuna görə Azərbaycan Respublikasına minnətdarlıq ifadə etməsi əlaqələrin yüksələn xətlə inkişafının təqdimatıdır.

Azərbaycan qlobal problemlərin həllində liderliyini nümayiş etdirən ölkə kimi nüfuz qazanıb. Koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinə başlandığı gündən cənab İlham Əliyev «Koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir. Pandemiyanın ilk günlərindən etibarən bəzi ölkələr və beynəlxalq təşkilatların koronavirus qarşısında çaşqın qalmasının, özünəqapanma yolunu seçməsinin şahidi oluruq. Pandemiyanın dünyanı bürüdüyü indiki şəraitdə dünyanın həmrəyliyə və əməkdaşlığa ehtiyacı vardır» söyləyərək  birgə  addımların atılmasını əsas amil kimi önə çəkdi. Dövlətimizin başçısının təşəbbüsü ilə Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşlərinin keçirilməsi bunun bariz nümunəsidir. Cənab İlham Əliyev Türk Şurasının Zirvə görüşündə bu əminliyi ifadə etmişdir ki, səhiyyə xidmətləri sahəsində əməkdaşlığımız, o cümlədən tibb mütəxəssislərinin təcrübə mübadiləsi, birgə tibbi komissiyaların yaradılması üçün yaxşı imkanlar vardır. Gördüyümüz bu tədbirlər vətəndaşlarımızın sağlamlığının qorunması və pandemiyanın doğurduğu sosial-iqtisadi fəsadların yüngülləşdirilməsi, iqtisadiyyatlarımızın davamlı inkişafının təmin edilməsi məqsədi daşıyır. Ölkələrimiz və xalqlarımız bu ağır vəziyyətin öhdəsindən layiqincə gələcək və pandemiyaya qarşı qlobal mübarizəyə öz layiqli töhfəsini verəcək.

Qoşulmama Hərəkatının “COVID-19-a qarşı birlikdəyik” mövzusunda keçirdiyi  Zirvə görüşündə də dövlətimizin başçısı bildirmişdir ki,  qarşılıqlı dəstək, özünəqapanmama və yalnız birgə səylərlə bu virusa  qalib gələ bilərik.

Qeyd etdiyimiz kimi, 120 ölkəni özündə birləşdirən Qoşulmama Hərəkatı BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisatdır. Ölkə Prezidenti bu inamı da ifadə etmişdir ki,  Azərbaycanın sədrliyi dövründə birgə səylərimizlə Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunu, beynəlxalq aləmdə oynadığı rolunu artırmaq əzmindəyik. Ölkələr arasında dostluq, həmrəylik və qarşılıqlı dəstək xüsusi rol oynayır. Həmin Zirvə görüşündə «Razılığınız olarsa, qlobal həmrəyliyin nümunəsi kimi Qoşulmama Hərəkatının üzv ölkələri olaraq BMT Nizamnaməsində nəzərdə tutulan Baş Assambleyanın COVID-19 pandemiyasına həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə Xüsusi Sessiyasının keçirilməsi təklifi ilə çıxış edə bilərik» söyləyən cənab İlham Əliyev bu çətin dövrdə  bir daha bütün dövlətləri dostluğa, qarşılıqlı dəstəyə və həmrəyliyə çağırmışdır. Bu təşəbbüs həm Qoşulmama Hərəkatı ölkələri, həm də  BMT-yə üzv olan digər dövlətlər tərəfindən dəstəkləndi.  130-dan çox ölkə öz rəsmi dəstəyini ifadə etdi.  Azərbaycan Respublikasının Prezidenti tərəfindən Qoşulmama Hərəkatına üzv ölkələri adından irəli sürülən təşəbbüs əsasında BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş, dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası ötən ilin dekabrında keçirilmişdir.  

Ermənistan isə hətta qlobal təhdid ilə mübarizədə belə öz çirkin niyyətindən əl çəkməmişdir. Bütün dünya birliyi COVID-19 pandemiyasına qarşı vahid mövqe nümayiş etdirdiyi halda, Ermənistan əvvəldən bu təşəbbüsə qarşı çıxmışdır. Bu qətnamə ilə bağlı müzakirələrdə də Ermənistan ona qarşı çıxmış və lehinə səs verməmişdir. Ermənistan sona kimi bu təşəbbüsə qarşı maneələr yaratmağa çalışmış, lakin beynəlxalq ictimaiyyətin qəti mövqeyi ilə üzləşmiş və onun bu cəhdləri rədd edilmişdir. Qeyd edək ki, Ermənistan açılış mərasimində Qoşulmama Hərəkatının sədrinin çıxışının olmaması üçün cəhdlər etmiş, lakin öz məqsədinə nail ola bilməmişdir.

Günümüzün reallığı budur ki, COVID-19 pandemiyası kimi qlobal təhdidə qlobal bir cavab lazımdır. BMT bütün dünya dövlətlərinin təmsil olunduğu ən böyük beynəlxalq platforma kimi bu cavabın təşkilində mərkəzi rol oynamalı idi. Bu mənada bəşəriyyətin BMT-dən böyük gözləntiləri var idi. Təəssüf ki, pandemiyanın ilk günləri göstərdi ki, BMT effektiv şəkildə bu təhdidə qarşı mübarizəni təşkil edə bilmədi. Xüsusilə BMT Təhlükəsizlik Şurası öz effektivliyini nümayiş etdirmədi və bu vacib məsələ ilə bağlı vahid mövqe ortaya qoymadı.  Sanki BMT və onun Təhlükəsizlik Şurası sadəcə texniki məsələləri müzakirə edirdi və pandemiyaya qarşı mübarizədə kənarda qalmışdı.  Onların əsas müzakirə predmeti pandemiya dövründə iclasların necə keçirilməsi, onlayn formatda müzakirələrin necə təşkil olunması idi.  Məhz Prezident İlham Əliyevin vaxtında irəli sürülmüş təşəbbüsü həm Qoşulmama Hərəkatının üzvlərini, həm də bütün BMT-ni sanki səfərbər etdi və aktiv şəkildə pandemiyaya qarşı müzakirələrə başlanıldı. İnamla demək olar ki, pandemiya ilə mübarizədə qlobal liderlik rolunu məhz Prezident İlham Əliyev öz üzərinə götürdü və bu vacib missiyada BMT-nin fəaliyyətinə təkan verdi.  Bu prosesdə BMT-dən sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatı da böyük rol oynadı. Qoşulmama Hərəkatının üzvləri Prezident İlham Əliyevin təşəbbüsünü ilk gündən dəstəklədilər. Hazırda Azərbaycan bu önəmli beynəlxalq təsisata uğurla sədrlik edir və pandemiyaya qarşı dövlət və hökumət başçıları səviyyəsində BMT Baş Assambleyasının Xüsusi Sessiyasının açılış mərasimində QH sədri kimi Prezident İlham Əliyevin çıxışı ölkəmizin Qoşulmama Hərəkatına  sədrliyinin növbəti böyük uğuru oldu. 

Xüsusi sessiyada çıxışı zamanı dövlətimizin başçısı İlham Əliyev bu gün dünya üçün ən böyük təhlükə olan COVID-19 pandemiyası ilə mübarizədə beynəlxalq ictimaiyyətin birgə səylərinə çox böyük ehtiyac olduğunu önə çəkərək bildirmişdir ki, hazırda dünya pandemiyanın növbəti dalğası ilə üzləşib. Azərbaycanda virusla mübarizə sahəsində həyata keçirilən davamlı tədbirlərdən geniş bəhs edən cənab İlham Əliyev vurğulamışdır ki, pandemiya başlayandan bəri Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx təmasdadır. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizədə nümunəvi ölkə adlandırmışdır. Quruma toplam 10 milyon dollar həcmində iki dəfə könüllü maliyyə töhfəsi edildiyini önə çəkən dövlətimizin başçısı bu məqamı da xüsusi qeyd etmişdir ki, bununla yanaşı, bugünədək Azərbaycan 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərib. Azərbaycan COVID-19 ilə mübarizə məqsədilə bir sıra QH üzvlərinə maliyyə və humanitar yardımlar edib.

Keçirilən hər bir beynəlxalq əhəmiyyətli tədbirlərdə Dağlıq Qarabağ problemindən, Ermənistanın təxribatlarından bəhs edən ölkə Prezidenti Xüsusi Sessiyada  diqqəti 44 gün davam edən İkinci Qarabağ müharibəsinə yönəldərək bu müddətdə Ermənistan silahlı qüvvələrinin törətdikləri hərbi təxribatları, Azərbaycan Ordusunun sentyabrın 27-dən 10 noyabr üçtərəfli Bəyanatının imzalanmasına qədər göstərdiyi şücaəti  diqqətə çatdırmışdır. Dövlət başçısı İlham Əliyev çıxışında işğalçı Ermənistanın BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsünün əleyhinə olmasına da diqqəti yönəldərək bunun  yeganə səbəbinin təşəbbüsün  Azərbaycan tərəfindən irəli sürülməsi olduğunu bildirmişdir.

Gerçəkləşdirilən hər bir beynəlxalq əhəmiyyətli tədbir əhatə etdiyi mövzu ilə yanaşı, bu təşəbbüsü irəli sürən dövlətin, ölkə başçısının beynəlxalq aləmdə nüfuzuna da aydınlıq gətirir. Azərbaycanın bu gün beynəlxalq münasibətlər sistemində yeri və rolu göz qabağındadır. Müstəqil siyasəti ilə xarici siyasətdə davamlı uğurlara imza atan Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə çevrilmiş, dünya birliyində etibarlı tərəfdaş kimi nüfuz qazanıb. Dövlətimizin başçısı İlham Əliyevin çıxışlarının mahiyyətində bu məqam da yer alır ki, Azərbaycanın sözü imzası qədər əhəmiyyətlidir. Ölkəmizin, dövlətimizin başçısı  İlham Əliyevin təşəbbüsü ilə gerçəkləşən hər bir beynəlxalq tədbir dövlətlər, xalqlar arasında  əlaqələri daha da möhkəmləndirir, birliyə, həmrəyliyə böyük töhfədir. 

Bu günlərdə dövlət başçısı İlham Əliyevin  Qoşulmama Hərəkatının Xarici  işlər nazirlərinin aralıq konfransında videoformatda təqdim olunan çıxışında da bu kimi məqamlara xüsusi diqqət yönəldilərək belə bir əminliyi ifadə etmişdir ki, Azərbaycan  Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunun artırılmasına töhfə verilməsi, Hərəkat çərçivəsində həmrəyliyin gücləndirilməsi, ədalət və beynəlxalq hüququn müdafiəsi sahəsində əlindən gələni əsirgəməyəcək.

İstər ölkə, istərsə də beynəlxalq ekspertlər bu reallığı da qeyd edirlər ki, irəli sürülən təşəbbüslərin dəstəklənməsində Azərbaycan Prezidentinin şəxsi nüfuzu da əsas rol oynayır.  Dövlətimizin başçısı İlham Əliyevin natiqlik məharəti, diplomatik təcrübəsi, dünya miqyaslı siyasi lider obrazı, nitqinin məntiqi ardıcıllığı, hər bir fikrini dəlillərlə əsaslandırmaq bacarığı 44 gündə 30-a yaxın xarici mətbuata verdiyi müsahibələrində bir daha özünü təsdiqləməklə yanaşı, ona olan etimadı, inamı artırdı. Mövqeyindən bir addım  belə geri çəkilməmək istəyini real addımları ilə nümayiş etdirən Prezident İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan yeni reallıqlar, bölgədə yeni  əməkdaşlıq formatı yaratdı. Azərbaycan  dünyada  qlobal  problemlərin həllinə töhfə  verməyə qadir ölkə kimi   tanınır və nüfuz qazanır.  30 illik müstəqillik tarixinə malik olan gənc bir dövlətin   dünyanın xarici siyasətini yenidən formalaşdırması cənab İlham Əliyevin qətiyyətinin, siyasi iradəsinin nəticəsidir.

Yeganə Əliyeva, «İki sahil»