27 iyul 2021 20:51
1504

Əli Kərimli mənfurluğu

Və yaxud üzdəniraq cəbhəbaşının qazi amilini siyasi alətə çevirmək cəhdi

Azərbaycanın 44 günlük Vətən müharibəsinin Qələbə ilə başa çatması təkcə erməniləri, onların havadarlarını məyus etmədi. Görünən odur ki, daxilimizdəki radikal müxalifətin qalıqları da analoji məyusluq hissini bu gün də yaşamaqdadırlar. Bu sırada yer alanları narahat edən isə daha çox Azərbaycanın ərazi bütövlüyünü təmin edən Prezident İlham Əliyevin tarixi Qələbədən sonra daha da artan nüfuzudur. Siyasi ehtirasları bu insanların gözünü elə kor edib ki, Azərbaycanın Qələbəsinə belə sevinə bilmirlər. Kin, qısqanclıq bu adamları Azərbaycanın uğurlarına şad olmaq hissindən tam məhrum edib. Öz dövlətinə qənim kəsilməyin başqa adımı olur?

Dövlət maraqlarına əks gedən və bunu öz aləmində siyasət hesab edən Əli Kərimli və onun cəbhəsinin Vətən müharibəsindən sonrakı dövrdəki sosial şəbəkə fəaliyyətləri də həmişəki kimi yalan, şər, böhtan üzərində qurulub. Məqsəd bəllidir. “Müharibə qaziləri və şəhid ailələrinə diqqətsizlik atmosferi” formalaşdıra bilmək, qazi və şəhid ailələri mövzusu üzərindən manipulyasiya edərək siyasi xal toplamaq.. Bəs, görəsən, Əli Kərimli 44 günlük Vətən müharibəsi dövründə əməli fəaliyyət olaraq əsgərlərimiz üçün nə edib?

Bu günlərdə Ə.Kərimli çirkin ənənəsinə sadiq qalaraq yenə də özünün “Facebook” səhifəsində guya şəhid ailələrinə və qazilərə heç bir qayğı göstərilmədiyini iddia edib. Onun fikrincə, guya sözügedən kateqoriyadan olan insanlara cəmiyyətimizdə biganə münasibət var, dövlətin onlar üzərində heç bir qayğısı və diqqəti yoxdur. Onlar Əli Kərimlidən imdad diləyirlər. Əvvəlcə onu qeyd edək ki, həm Birinci, həm də İkinci Qarabağ müharibəsində şəhid olan, yaralanan, əlil qalan insanlar hər birimizin qüruru, cəmiyyətimizin ən həssas üzvləridir. Azərbaycan son 30 ildə olduğu kimi, Vətən müharibəsindən sonra da Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı ölkəmizdə ən yüksək səviyyədədir. Şəhid ailələrinin, müharibə əlillərinin, veteranlarının sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da ölkə ictimaiyyəti tərəfindən yüksək minnətdarlıqla qarşılanır. 44 günlük Vətən müharibəsində iştirak etmiş 160 min nəfərə yaxın hərbçiyə, qaziyə, veterana, şəhidlərin ailələrinə medal və ordenlər verildi, eyni zamanda, mənzillər, maşınlar, təqaüdlər təyin edildi, güzəştli iş yerləri, biznes qurmaq imkanları tanındı. Bir çox qazilərimiz Türkiyə, İsrail kimi ölkələrə müalicəyə göndərildi. 6 ay öncə gəzə bilməyən qazilərə müasir protezlər verildi və artıq onlar ayaq üstədirlər. Yəni, sözümüzün canı odur ki, dövlət qaziləri, şəhid ailələrini hər zaman diqqətdə saxlayır və bundan sonra da belə olacaq.

Belə bir şəraitdə nəzərə alsaq ki, Əli Kərimli daim şəhid ailələri üzərindən özünə saxta xallar toplamağa çalışıb, bu zaman onun hazırda da qazilərdən və şəhid ailələrindən öz çirkin məqsədləri üçün istifadə etməsinə təəccüblənməyə dəyməz. Əli Kərimli bir dəfə də olsa əlində olan maddi imkanları ilə şəhid və qazi ailələrinə dəstək göstərmək üçün təşəbbüslərə qoşulmayıb. Bundan əlavə, AXCP sədrinin zaman-zaman şəhidlərimiz üzərindən öz mənfur, xəyanətkar əməllərini həyata keçirmək cəhdləri barədə yüzlərlə faktlar var. Bu gün kimsə unutmayıb ki, məhz Əli Kərimli 20 Yanvar və Xocalı şəhidlərimizin anım mərasimlərində ümumxalq hüznünü öz kirli siyasi oyunbazlıq alətinə çevirməyə çalışıb. Bütün bu kimi danılmazlıqlar, eyni zamanda sübut edir ki, fəaliyyətini “milli müxalifətçilik” saxtakarlığı üzərində quraraq əslində düşmən dəyirmanına su tökməklə məşğul olan bu üzdəniraq cəbhəbaşı özü ilə birlikdə aldadaraq ətrafına topladığı gənclərə də öz acı zəhərini ifraz edir. Söz yox ki, bu cür ürəkbulandırıcı addımlar həm də Azərbaycan dövlətinin və xalqının düşmən üzərində qazandığı Qələbənin üzərinə kölgə salmağa hesablanmış məsələdir və belə manipulyasiyalardan ilk növbədə düşmənlər – yəni, ermənilər bizim əleyhimizə istifadə etməyə çalışırlar. Sosial şəbəkələri izləyən şəxslər heç bir dəfə sual ediblərmi ki, nə üçün Əli Kərimli, Qənimət Zahid və başqaları ancaq separatçı Araiki təbliğ edirlər? Nə üçün onlar ölkəmizlə bağlı yalnız şişirdilmiş neqativ məlumatları yayırlar? Şəhid ailələrini, qaziləri bilərəkdən dövlətə qarşı qaldırmaq hansı niyyətdən irəli gələ bilər ki? Görünür, bircə dəfə də olsun bir şəhid ailəsinin, qazinin qapısını döyməyən Əli Kərimli kimilər Araik kimiləri təbliğ etməyi həyat amalı hesab edirlər. Bir sözlə, Azərbaycan xalqı ölkəmizin çox həssas məqamdan, sınaqdan keçdiyini, kimin dost, kimin düşmən olduğunu görməlidir. İndiki vəziyyətdə bizə daha çox birlik lazımdır. 44 günlük müharibə dövründə formalaşmış birlik bütün anti-Azərbaycan cəbhəsini təşvişə salıb. İndi də məqsəd həmin birliyi zədələmək, dövlətimizə, onun uğurlarına, xalq-iqtidar birliyinə kölgə salmaqdır.

Sevinc Azadi, “İki sahil”