27 iyul 2021 20:32
1077

BMT-nin Yüksək Səviyyəli Panelinin yaradılması humanizmə böyük töhfə olacaq

Prezident İlham Əliyevin sədri olduğu, beynəlxalq münasibətlərin tənzimlənməsində böyük rola malik,120 üzv,17 müşahidəçi dövləti , 10 müşahidəçi beynəlxalq təşkilatı birləşdirən Qoşulmama Hərəkatının bu təşəbbüsü xalqlar və dövlətlər arasında birlik və həmrəyliyi möhkəmləndirəcək

Multikulturalizm ənənələrinə sadiqliyini tolerantlıq təcrübəsi ilə  bildirən, ev sahibliyi etdiyi  biri-birindən əhəmiyyətli beynəlxalq tədbirlərlə  dünya xalqları arasında  körpü olan Azərbaycan   mədəniyyətlərarası, sivilizasiyalararası və dinlərarası dialoqun dünya səviyyəsində tanınmış mərkəzlərindəndir.    Müxtəlif  illərdə ölkəmizdə  «Multikulturalizm İli”»nin, «İslam Həmrəyliyi İli»nin elan olunması xalqımızın bəşəri dəyərlərə ehtiramının göstəricisidir. Bakıda  multikultural dəyərləri, dinlərarası sülh və əməkdaşlığı təbliğ edən çoxsaylı beynəlxalq tədbirlərin  təşkili, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunun, Dünya Dini Liderlərinin Forumunun,  Mədəniyyətlərarası Dialoq Forumunun, «Bakı prosesi»nin təşkili dünya sivilizasiyasına və  multikulturalizmə verilən töhfədir.

İkinci Qarabağ müharibəsi və postmüharibə dövründə belə humanitar siyasəti ilə  diqqət çəkən Azərbaycan  qarşılıqlı hörmət və etimad prinsiplərinə sadiqliyini davam etdirir.   Ermənistanın işğal etdiyi torpaqlarımızın azad olunması ilə ərazilərimizdə başlanan quruculuq, bərpa işlərinin sürətləndirilməsi, tarixi abidələrimizin əvvəlki  görkəminə qaytarılması üçün həyata  keçirilən bərpa işlərinin hər biri özlüyündə  xalqımıza Qələbə sevincini yaşadan Prezident, Ali Baş Komandan İlham Əliyevin Vətənə bağlılığının nümunəsidir. 44 gün davam edən  İkinci Qarabağ müharibəsində milliyyətindən asılı olmayaraq bütün azərbaycanlıların torpaqlarımızın işğaldan azad olunması uğrunda  döyüşlərdə mətanət göstərmələri,  şəhidlik zirvəsinə ucalan Milli Qəhrəman Albert Aqarunov kimi digər millətləri təmsil edən hərbçilərin orden və medallarla təltif olunmaları bütün dünya xalqlarına Vətən  uğurunda qurban getmək mətanətinin igidlik dərsi idi.  Qısa müddətdə işğaldan azad olunmuş ərazilərdə ermənilər tərəfindən dağıdılmış   təkcə məscidlərin deyil,  azsaylı xalqlara məxsus dini abidələrin təmir və bərpası üçün dövlət başçımızın göstərdiyi diqqət xalqların birgəyaşayış prinsiplərinə sadiq Azərbaycanda  dini və vicdan azadlığına göstərilən hörmətin, ksenofobiyaya qarşı barışmazlığın ifadəsidir.  Ölkəmizdə  əsrlərdən bəri məskunlaşan, Azərbaycanı özlərinin vətəni kimi sevən azsaylı xalqların  iştirakı ilə Şuşada keçirilən «Xarıbülbül» musiqi festivalı müsəlman aləminin mədəniyyət paytaxtı olan bu qədim diyardan dünya xalqlarına birlik , həmrəylik nümunəsi,  çağırışı idi. Şuşa festivalı göstərdi ki, sivilizasiyaların qovuşduğu məkan olan Azərbaycanda  milliyyətindən asılı olmayaraq  dini, irqi ayrı- seçkilik halları müşahidə olunmur.   İşğaldan azad olunmuş Şuşada  qısa    müddətdə  Yuxarı Gövhərağa məscidinin,  Kəlbəcərdə udilərə məxsus Xudavəng kilsəsinin təmir olunması, əsl sahiblərinə qaytarılması yalnız Azərbaycan xalqına məxsus milli həmrəylik nümunəsidir. Kəlbəcərdə ermənilərin sahibləndiyi,  saxta işarələrlə özününküləşdirdikləri  Xudavəng monastr kompleksində   Qafqaz Albaniyasının varislərinə  ibadətlə məşğul olmaq imkanı yaradıldı. Rus Provaslav kilsəsinin, Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının nümayəndələrinin, Dağ Yəhudiləri İcmasının rəhbəri Melix Yevdayevin,  Bakıdakı Avropa Yəhudiləri İcmasının başçısı Aleksandr Şarovskinin, Roma-katolik kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Feketenin, Alban-Udi Dini İcmasının rəhbəri Robert Mobilinin Şuşaya birgə səfərləri, dini ocaqları ziyarət etmələri multikulturalizmə sadiqlik olmaqla dini inanclara hörmətlə yanaşan Prezident İlham Əliyevin «Biz bütün dinlərin məbədlərini qoruyuruq və qoruyacağıq. Heç kimdə şübhə olmasın. Artıq bunu müstəqillik tarixi də göstərib, müstəqillikdən əvvəlki tarix də göstərib. Bütün dinlərin abidələri bizdə qorunur-kilsələr, sinaqoqlar, o cümlədən erməni kilsəsi Bakının mərkəzində  dövlət tərəfindən qorunur, təmir edilib» sözlərinin təsdiqidir.   Müxtəlif inanclara hörmətlə yanaşmaq o deməkdir ki,  birlik, bərabərlik, həmrəylik əsrlərdən bəri Azərbaycan xalqının  genində yaşayan və kodlaşan milli xüsusiyyətdir.

 Azərbaycanın dünyaya ünvanlanan sülh, həmrəylik çağırışları təkcə tolerantlıq təcrübəsi ilə məhdudlaşmır. Ölkəmizdə keçirilən bütün humanitar tədbirlərdə  böyük diqqətlə  dinlənilən Prezident İlham Əliyevin  çıxışlarının hər biri Azərbaycanın birlik və qardaşlığa verdiyi dəyər, töhfədir. Türk Dövlətləri Əməkdaşlıq Şurasına sədrliyi müddətində  müsəlman aləminin, türk dünyasının birliyinin daha da möhkəmlənməsinə xidmət edən  Prezident İlham Əliyev  Qoşulmama Hərəkatının sədri kimi də humanitar təşəbbüslərin müəllifi olmaqla böyük hörmət qazanıb.

Hələ də bütün dünya dövlətlərini iqtisadi böhranla üzləşdirən, insanları ölüm qorxusi ilə «təhdid edən» pandemiya dövründə  Qoşulmama Hərəkatının sədri  kimi önəmli təşəbbüsləri dəstəklənən Prezident İlham Əliyevin bütün dünya xalqlarına ünvanlanan  bərabərlik çağırışları xalqımıza məxsus  multikulturalizmdən qaynaqlanır.   Qlobal hadisələrlə zəngin olan planetimizdə beynəlxalq münasibətlərin tənzimlənməsində böyük rola malik,120 üzv,17 müşahidəçi dövləti , 10 müşahidəçi beynəlxalq təşkilatı birləşdirən Qoşulmama Hərəkatına sədrlik dünya  dövlətlərin üçdəikisinin maraqlarının bütün xalqlara çatdırılması deməkdir.  Hərəkata sədrliyi  müddətində ona həvalə olunan bu məsuliyyətli vəzifəni və göstərilən etimadı doğruldan Prezident İlham Əliyevə  qarşıdakı ildə də eyni səlahiyyətini davam etdirməsi ilə bağlı   etimadın göstərilməsi Hərəkat üzvlərinin dövlət başçımıza sonsuz inam və hörmətinin ifadəsidir. BMT-dən sonra əsas məqsədi  dünyada sülh, təhlükəsizlik və inkişafa xidmət olan Hərəkatın varlığını əməli fəaliyyətlə  göstərmək,  öz sözünü qətiyyətlə demək, dünyada baş verən  hadisələri sabitliyə xidmət istiqamətinə  yönəltmək, qurum üzvlərinin  etimadını qazanmaq siyasi təcrübə,  səriştə və öndə addımlamaq qətiyyəti tələb edir. Pandemiyaya qarşı birgə mübarizənin vacibliyini  Hərəkatın dünyanın müxtəlif regionlarını təmsil edən Təmas Qrupunun  üzvlərinin iştirakı ilə  müzakirəsi, onlayn formatda keçirilən  Zirvə görüşündə BMT-nin Baş katibi, BMT Baş Assambleyasının sədrinin, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun , Afrika İttifaqı Komissiyasının sədrinin, Avropa İttifaqının Ali nümayəndəsinin və Avropa Komissiyasının vitse-prezidentinin də iştirakı qurumun sədri  Prezident İlham Əliyevə beynəlxalq səviyyədə göstərilən  etimaddır.  Bu etimad təşkilat üzvlərinin Azərbaycana mənəvi dəstəyində də hiss olunur.  2020-ci ilin iyulunda Qoşulmama Hərəkatı Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi hərbi təxribatla bağlı kommünike qəbul etdi. 2020-ci ilin oktyabrında nazirlər səviyyəsində keçirilən onlayn iclas çərçivəsində işğalçılığı  pisləyən  xüsusi bəyanat qəbul olundu. Bu sənədlərdə Qoşulmama Hərəkatında təmsil olunan  ölkələr Azərbaycanın ədalətli mövqeyini dəstəkləyərək ərazi bütövlüyünün bərpasına yönəlmiş səyləri ilə Azərbaycanla həmrəyliyini ifadə etdi.

Qoşulmama Hərəkatının Təmas Qrupu Ölkələrinin Zirvə  görüşünün davamı olaraq  Prezident İlham Əliyevin növbəti təşəbbüsü ilə  BMT  Baş Assambleyasının dövlət və hökumət rəhbərləri səviyyəsində koronavirusla mübarizəyə həsr edilmiş Xüsusi Sessiyası keçirildi və  beynəlxalq səviyyəli humanitar addım kimi bəyənildi. Azərbaycanın pandemiya dövründə  30-dan artıq ölkəyə humanitar dəstək, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində könüllü yardım göstərməsi qlobal miqyasda pandemiyaya qarşı mübarizədə əməkdaşlıq və həmrəyliyin nümunəsi, Prezident  İlham Əliyevin  vaksinlərin bütün ölkələr arasında ədalətli bölünməsi ilə bağlı  təklifi isə Azərbaycan xalqına məxsus multikulturalizmin ifadəsi idi.  

 Bu günlərdə Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin onlayn formatda  keçirilən aralıq konfransında videoformatda təqdim olunan Prezident İlham Əliyev  COVID-19 pandemiyasının yaratdığı  yeni reallıqlardan və çətinliklərdən söz açdı. Vurğulandı ki,  Hərəkata üzv ölkələrin əsas humanitar və tibbi ehtiyaclarının təminatı üçün  məlumat bazasının yaradılması pandemiya ilə mübarizənin eyni mərkəzdən idarə olunmasını təmin edəcək. Qlobal səhiyyə böhranı fonunda  «peyvənd millətçiliyi”»nin yaratdığı vəziyyətdən narahatlığını «Bu günədək dünyada mövcud olan peyvəndlərin 82 faizdən çoxu zəngin dövlətlər tərəfindən alınıb, azgəlirli ölkələrin payına düşən peyvənd həcmi isə yalnız 0,9 faiz təşkil edir» sözləri ilə ifadə edən Prezident İlham Əliyev  pandemiyaya qarşı mübarizədə birik və həmrəyliyin vacibliyini diqqətə çatdırdı: «Azərbaycan Qoşulmama Hərəkatının vahid səsini ucaldaraq, Hərəkatın maraqlarını bütün mümkün beynəlxalq platformalarda müdafiə etmişdir. Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində həmrəyliyin artırılması, beynəlxalq arenada Hərəkatın mövqeyinin və nüfuzunun gücləndirilməsi sahəsində birgə səylər göstərməkdə davam edəcək.» Hərəkatın perspektivlərindən,  pandemiyadan sonra bərpa mərhələsinə dair fikir mübadiləsinin vacibliyindən söz açan  Prezident İlham Əliyev  bildirdi ki, təşkilatın  mövqeyinin müəyyən edilməsi baxımından Qoşulmama Hərəkatına üzv dövlətlərin yüksəksəviyyəli iclasının keçirilməsi faydalı olar: «Pandemiyadan irəli gələn çətinliklərin mürəkkəbliyini nəzərə alaraq, Qoşulmama Hərəkatı tərəfindən COVID-19-dan sonra qlobal bərpaya dair BMT-nin Yüksək Səviyyəli Panelinin yaradılması təşəbbüsü ilə çıxış edilməsi məqsədə müvafiq olardı. Həmin panel dünyanın pandemiyadan daha yaxşı şəkildə çıxması üçün qlobal tədbirlərə dair tövsiyələr hazırlaya bilər.»  Azərbaycan  Prezidenti, Qoşulmama Hərəkatının sədri  İlham Əliyevin  bu təşəbbüsü də dünyada  sabitliyin sülhün qorunmasına, həmrəyliyə  növbəti çağırışdı.

Xuraman İsmayılqızı, «İki sahil»