03 avqust 2021 17:59
1601

İmamzadə haqqı! FOTO

Sovet dövründə rəsmi qeydiyyatdan keçmiş yeganə ziyarətgahdan reportaj

Bura bütün gəncəlilərin, Gəncəbasar əhlinin müqəddəs and yeridir. Və əgər istənilən şübhə, sual doğuran məsələylə bağlı “İmamzadə haqqı belədir”, yaxud “İmamazədə haqqı yalan demirəm” eşitdinizsə, deyilənin həqiqət olduğuna şəkk etməyə bilərsiniz. Hə, bir də belə bir deyim var ki, Gəncəyə gələn qonaq İmamzadəni ziyarət edibsə, bütün gəncəlilərin qonağı olmuş sayılır. Odur ki, qonaq-qarası əskik olmaz bu müqəddəs ziyarətgahın. Bəlkə haqlı yanaşmadır, deyirlər, inam hər şeydən güclüdür. Bəlkə inanaraq, içdən, ürəkdən dua etməklə çarəsizlikdən qurtulmaq mümkündür...

Şəhərin təxminən 7 kilometrliyində, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşən İmamzadə adını imam övladının – beşinci imam Məhəmmədbaqirin oğlu həzrəti İbrahimin məzarının burada olmasından götürüb. IX əsrə aid məzarın üstündəki el arasında “Göy türbə”, “Göy məscid” kimi də tanınan türbənin tikildiyi tarix dəqiq bəlli olmasa da memarlıq quruluşuna görə XIV-XV əsrlərə aid edilir. Ətrafındakı kompleks isə bundan təxminən iki yüz il sonra tikilib, üzü Gəncə memarlığına xas olaraq kərpiclə üzlənib. Kompleksə məscid, sərdabə və digər türbələr daxildir. Tarix boyu bir neçə dəfə dağıntılara məruz qalmış ziyarətgahda müxtəlif vaxtlarda təmir-bərpa işləri aparılıb. Ən maraqlısı isə odur ki, ateizm ideologiyası ilə insanların inanclarının sınağa çəkildiyi, məscidlərin, dini tikililərin məqsədli şəkildə başqa məqsədlər üçün istifadə edildiyi SSRİ dövründə də bu müqəddəs yer ziyarətgah olaraq qalıb, 1946-cı ildən İmamzadə piri kimi fəlaiyyət göstərib, 70-ci illərdə idarəçiliyi Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin (İndiki Qafqaz Müsəlmanları İdarəsi) tabeliyinə verilib. Sovet dövründə rəsmi qeydiyyatdan keçmiş yeganə ziyarətgahda hətta o zamanlar təmir işlərinin aparılması da maraqlı faktlardandır.

Kompleks hazırkı gözəl görkəminə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində qovuşub. Belə ki, dövlət başçımız 2010-2016-cı illər ərzində İmamzadə ilə bağlı 10 Sərəncam imzalayıb, tarixi abidənin  təmir-bərpasına 49 milyon manat dövlət vəsaiti ayrılıb.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi, İmamzadə ziyarətgahının imamı hacı Tahir Abbasov bizimlə söhbətində bildirdi ki, nəinki Gəncə və Azərbaycan, bütün müsəlman dünyası üçün əziz bir yer olan İmamzadənin başı çox müsibətlər çəkib: “1920-ci ildə erməni-bolşevik birləşmələri buranı gülləbaran edərək dağıtmağa çalışıblar. Onların bu vandallığının işarələri göy günbəzdə hazırda da qalır. Şanlı Qələbəmizlə başa çatan 44 günlük Vətən müharibəsi zamanı ermənilərin faşistcəsinə Gəncənin mülki əhalisinə qarşı həyata keçirtdikləri raket hücumu zamanı dinc insanlar şəhid oldu. Həmin hücum nəticəsində İmamzadə də növbəti dəfə zərər görüb. Şəhərimizə atılmış raketlərdən biri Azərbaycan Ordusunun sayıqlığı nəticəsində ziyarətgahın üstündə məhv edildi, ciddi dağıntıların qarşısı alındı, ancaq hücum fəsadsız da ötüşmədi, çılçıraqlar töküldü, tikililərdə çatlar əmələ gəldi”.

T.Abbasovun sözlərinə görə,  İmamzadə dünyadakı dini ziyarətgahlardan bir unikallığı ilə də seçilir: “Belə bir məqbərə, belə bir ziyarətgah dünyada yoxdur. Çünki burada 3 məqbərə iç-içədir. 1-ci tarixi abidə IX əsrə məxsusdur, 2-ci məqbərə ondan neçə əsr sonraya aiddir və nəhayət 3-cü məqbərə Azərbaycan Resbublikasının Prezidenti cənab İlham Əliyevin biz gəncəlilərə əvəzolunmaz hədiyyəsidir. Odur ki, gəncəlilər İmamzadəyə inandıqları qədər də qonaqsevər, elmsevər, Vətənsevər olduqları kimi, həm də dövlətsevərdirlər, İlhamsevərdirlər!”

İçəridə türbənin ətrafına dolandıqca, qəribə hislər çuğlayır insanı – bir az mistik, bir az kövrək... Bir az da özünü illər, əsrlər öncəsinə xas hiss edirsən. Səcdəyə durursan – daha imanlı, daha inamlı... “İmam övladının, bütün müqəddəslərin ruhuna xətir xalqımı, millətimi, dövlətimi qoru, Allahım! Amin!”

Mahir Rəsuloğlu, “İki sahil”