29 iyul 2021 15:09
951

Tofiq Əliyev: "İki sahil" qəzeti fəaliyyətində əqidəsinə, dəst-xəttinə sadiqlik nümayiş etdirib

AMEA-nın Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Tofiq Əliyev "İki sahil" qəzetinin baş redaktoru, əməkdar jurnalist Vüqar Rəhimzadəyə qəzetin 30 illik yubiley münasibətilə təbrik ünvanlayıb.

“İki sahil” həmin təbriki oxuculara təqdim edir:

"İki sahil" qəzetinin baş redaktoru, əməkdar jurnalist Vüqar Rəhimzadəyə

Hörmətli Vüqar müəllim!

Sizi və rəhbərlik etdiyiniz kollektivin bütün üzvülərini "İki sahil" qəzetinin 30 illik yubileyi münasibət ilə ürəkdən təbrik edir və bundan sonrakı səmərəli fəaliyyətinizdə də Sizə əvvəlki illərdə olduğu kimi bol-bol uğurlar diləyirəm. Respublikamızda nəşr olunan çoxsaylı mətbuat orqanları arasında bütün fəaliyyəti boyu  əqidəsinə, dəst-xəttinə sadiqlik nümayiş etdirən "İki sahil" qəzeti 10 iyul 1991-ci ildə ilk nömrəsinin işıq üzü gördüyü vaxtdan özünüzün də qeyd etdiyiniz kimi "Vahid Azərbaycan uğrunda!" devizi altında fəaliyyətə başlayıb, xalqımızın Araz dərdindən, dünyanın  müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın, bacı-qardaşlarımızın o taylı, bu taylı problemlərindən, onların yaşayışından düşündürücü məqalələr dərc edib. Zaman keçdikcə qəzetinizdə siyasətlə yanaşı, iqtisadiyyat, mədəniyyət, elm, təhsil, idman və s. xəbərlərinin də geniş yer alması oxucuların böyük rəğbətinə səbəb olub. Qəzetin uğurları artıqca günü-gündən daha  da populyarlaşıb, oxucu auditoriyası daha da genişlənib, fəaliyyətinin əsasına çevirdiyi müstəqilliyimiz və dövlətçiliyimizin möhkəmləndirilməsinə xidmət prinsipinə sadiqlik daha aydın şəkildə təsdiqlənib.

Qəzetin hələ ilk nömrəsində və sonrakı ilkin nömrələrində dərc olunan yazılar, çağrışlar xüsusi diqqət çəkirdi. Müstəqilliyimizin ilk illərində, ən ağır illərində “İki sahil qəzeti var səsiylə bəyan edirdi ki, Azərbaycanla bağlı elə məkirli planlar hazırlanıb ki, Azərbaycanı bu bəladan xilas etməyə qadir olan yeganə şəxsiyyət ulu öndər Heydər Əliyev hakimiyyətə gəlməsə yaxın gələcəkdə müstəqil Azrbaycan  dövlətindən söhbəti belə gedə bilməyəcək.

Tarix Sizin fikirinizi təsdiqlədi. Bir qədər yubandırılsa da nəhayət 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan bu bəladan xilas oldu.

Ulu Öndərin hakimiyyətə gəlişindən təxminən bir il sonra tarixə "Əsrin müqaviləsi" adı ilə düşmüş neft kontraktının imzalanması, sonra Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft boru kəmərinin çəkilişi, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, "Şahdəniz-1", Şahdəniz-2" qaz yataqlarının işlənməsi və  nəqli, TAP, TANAP və s. bu kimi iri həcmli layihələrin reallaşdırılması Azərbaycanı məhv olmaq təhlükəsi qarşısında qalan bir riskli dövlətdən haliyyədə Cənubi Qafqazın ən qüdrətli dövlətinə çevrilib. Sevindirici haldır ki,  bütün bu hadisələr "İki sahil" qəzetinin səhifələrində incəliklərinə qədər işıqlandırılmışdır. 2020-ci ildə 44 günlük İkinci Qarabağ savaşında Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin Ali Baş Komandanı olduğu Müzəffər Azərbaycan Ordusunun erməni işğalı altında olan torpaqların geri qaytarması və ərazi bütövlüyümüzü bərpa etməsi ölkədə aparılan düzgün siyasətin nəticəsi və düzgünlüyünə sübutudur.

Fəxr edirəm ki, Azərbaycanımızın say-seçmə qəzetlərindən olan "İki sahil" qəzeti ilə uzun illərdən bəridir ki, mən də əməkdaşlıq edirəm. Müxtəlif vaxtlarda  "İki sahil" qəzetində “Əsrin kontraktı”, “Əsrin kontraktından bizi ayıran 20 il”, Ulu Öndərin  enerji siyasətinin təntənəsi”, “Bakı- Tbilisi-Ceyhan əsas ixrac  qaz kəməri” və s. bu kimi məqalələrlə çıxış etmişəm. Son vaxtlar Naxçıvan MR-in təbii sərvətlərinə həsr edilmiş məqalələrim də "İki sahil"də çap olunur və fürsətdən istifadə edərək bunlar üçün yaratığınız şəraitə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətli Vüqar müəllim!

Bir daha Sizi və rəhbərlik  etdiyiniz kollektivin bütün üzvülərini yaradıcısı və 30 il ərizində rəhbəri olduğunuz "İki sahil" qəzetinin 30 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, hər birinizə sağlam ömür, fəaliyyətinizdə isə bol-bol uğurlar arzulayıram.