29 iyul 2021 20:35
1081

Batabat yaylağı və Ağbulaqla tanışlıq Zəfər Düşərgəsinin iştirakçılarında xoş təəssüratlar yaradıb

Azərbaycan və onun Naxçıvan Muxtar Respublikasının Gənclər fondlarının, Türkiyə Gənclik Vəqfinin birgə təşkilatçılığı, ümumilikdə, 200-dən çox gəncin iştirakı ilə muxtar respublikada keçirilən “Azərbaycan-Türkiyə gənclərinin Zəfər Düşərgəsi” rəngarəng və bir-birindən yaddaqalan tədbirlərlə davam edir.

Proqram çərçivəsində gənclər Şahbuz rayonunun ərazisində yerləşən Batabat yaylağında olublar. Burada onlara məlumat verilib ki, Batabatda 2 min 899 bitki növü yayılıb. Bunların bir çoxu, məsələn, müxtəlif rəngli və ətirli süsən növləri, dağlarda yayılmış Şərq laləsi, ətirli yabanı qərənfil növləri, səhləb, paradoksal süsən və başqaları endemikdir. Geniş müxtəlifliyə malik bitki örtüyü 285 növ faunanın bu ərazilərdə yayılmasına imkan verib. Ərazi geoloji cəhətdən Tabaşir yaşlı çöküntülərdən ibarət sıldırım qayalıqlarla, nival və allüvial relyef formaları ilə səciyyələnir. Ərazidə şabalıdı və torflu torpaq tiplərinin mövcudluğu landşaft-bitki örtüyünün formalaşmasında böyük rol oynayıb. Gənclər məşhur Zorbulağa gəlib, Batabat gölünə maraqla baxıblar.

Ağbulaq İstirahət Mərkəzində qeyd olunub ki, Şahbuz rayonunun Ağbulaq kəndi ölkəmizdə kompleks turizm infrastrukturunun tətbiq olunduğu ilk kənddir. Əlverişli təbii-coğrafi şəraiti burada turizmin bir çox növünün inkişafına imkan verir. “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Ağbulaqda kənd və dağ-xizək turizminin inkişafı üçün kompleks işlər görülüb, Ali Məclis Sədrinin 2018-ci il 29 noyabr tarixli Sərəncamı ilə Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi yaradılıb. Bu il fevralın 17-də Ağbulaq Xizək Mərkəzi istifadəyə verilib. Dəniz səviyyəsindən 2 min metr yüksəklikdə yerləşməsi, qış aylarında qar ehtiyatının çox olması və dağ-xizək mərkəzi üçün müvafiq landşafta malik olması qış turizmi üçün geniş imkanlar açır.

Türkiyə Respublikasının Diyarbəkir vilayətindən düşərgəyə qatılan Mərvə Özkaya təəssüratları barədə danışaraq deyib ki, Azərbaycana, o cümlədən də Naxçıvana ilk dəfədir səfər edir. Gəldiyi gündən burada onlara göstərilən qayğıdan çox məmnundur. O deyib: “Səfərimizin əsas məqsədi qardaş ölkənin gəncləri ilə bir araya gəlmək, Zəfər tariximizdən sonrakı əlaqələrimizi daha da möhkəmləndirməkdir. Səfər zamanı Naxçıvanın tarixi yerlərini, muzeylərini gəzdik, qədim tarixiniz haqqında ətraflı məlumat aldıq. Zorbulaq haqqında isə deyirlər ki, soyuqluğundan onun suyunda əlini davamlı saxlaya bilmirsən. Biz də iştirakçılar ilə bunu yoxladıq. Hətta yarış da keçirdik. Əlini daha çox suda saxlayan qalib elan olundu”.

Ərzincandan gələn Firdevs Karadağ isə vurğulayıb ki, Naxçıvan başdan-başa təbiət muzeyidir. Xüsusilə havası çox gözəldir. Naxçıvan şəhəri isə təmiz və səliqəlidir. Ağbulaq kimi gözəl bir yerdə belə bir şəraitin yaradılması dövlətinizin insanlara göstərdiyi qayğının nümunəsidir. Xizək mərkəzi və kanat xətti mükəmməldir, təmiz dağ havasının təsiri ilə bu cür möhtəşəm yerdə istirahət etmək çox gözəldir. Əminəm ki, Vətənimizə qayıdanda yaxınlarımıza gəlib Naxçıvanı görməyi tövsiyə edəcəyik.

Gəncə Şəhər Gənclərin İnkişaf və Karyera Mərkəzinin əməkdaşı Həsən Xıdırov isə Türkiyə və Azərbaycan dostluğunun gənclərin qarşısında açdığı geniş imkanlar və perspektivlərdən danışaraq bildirib ki, tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbəri tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir. Sözsüz ki, bu dostluq əlaqəsinin ən gözəl nəticəsini məhz Zəfər düşərgəsində iştirak edən gənclərin timsalında görmək mümkündür. Əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Türkiyə həmişə olduğu kimi, qardaşlarını haqlı davasında da yalnız qoymayaraq bütün dünyaya Qarabağın Azərbaycanın əzəli torpaqları olduğunu, bu haqq davasında heç bir ölkənin Azərbaycana mane ola bilməyəcəyini bəyan etdi. Hələ Türkiyənin Ermənistan ilə sərhədlərinin bağlanması o vaxt Azərbaycana göstərilən həmrəylik aktının təcəssümü idi. Müharibənin ilk günlərindən Türkiyə Respublikasının Prezidenti açıqlamalar verdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, bütün dünyaya bir mesaj idi ki, kənarda durun, müdaxilə etməyin, Azərbaycana mane olmayın. İnanırıq ki, bundan sonra da sağlam təməllər üzərində qurulub-yaradılan bu münasibətlər hər iki qardaş ölkənin gəncləri tərəfindən inkişaf etdirilərək gələcək nəsillərə bir dəyərli ərməğan olacaq.

AZƏRTAC