30 iyul 2021 19:20
1067

Jalə Əliyeva: Hər bir insan Azərbaycan dilinin keşiyində durmalıdır VİDEO

İkisahil.TV-nin müsahibi Milli Məclisin deputatı, filologiya elmləri namizədi Jalə Əliyevadır

-Jalə xanım, bildiyimiz kimi, ümummilli lider Heydər Əliyevin Fərmanı ilə 2001-ci ildən  etibarən 1 avqust tarixi ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan  dili Günü kimi qeyd olunur. Sizcə, bu qərarın tarixi əhəmiyyəti nədən ibarətdir?

- Dilə sevgi olan yerdə uşaqlar doğma ana dilimizi, Azərbaycan dilini dərindən öyrənəcək, öz ana dilinə məhəbbətlə bağlanacaqlar. Təbii ki, bu zaman Azərbaycan dili müəllimlərinin qarşısında daha mühüm vəzifələr duracaq. Axı dili öyrətmək üçün təkcə qrammatik qayda-qanunları əzbərlətməklə işimizi bitmiş hesab edə bilmərik. Qrammatik qayda-qanunları yaxşı öyrətmək üçün elə ədəbi-bədii nümunələrə istinad etmək lazımdır ki, uşaqlar həmin ədəbi-bədii parçalar əsasında da dili sevə bilsinlər. 1 avqust tarixinin əhəmiyyəti, bu günü ildə bir dəfə qeyd etməkdən ibarət deyil. Ulu Öndərimizin həmin qərarı onu ifadə edir ki, bu günə gətirən yol o qədər böyük, şərəfli və keşməkeşlidir ki, xalq öz dili uğrunda apardığı mübarizə üçün qürur, iftixar hissi keçirə bilər. Bu qürur və iftixarı da bizə yaşadan ümummilli liderimiz Heydər Əliyevdir. Ümummilli lider Heydər Əliyev xalqın formalaşmasında, yaşamasında ana dilinin rolunu yüksək qiymətləndirərək deyirdi: «Bütün xalqlarda olduğu kimi, Azərbaycan xalqının Ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir... İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalmış bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur”.» Ümumiyyətlə, bu gün Azərbaycanı dünyaya tanıdan, hörmət qazandıran amillərdən biri də dilimizə olan ehtiramdır və bu yöndə həyata keçirilən dövlət siyasətidir.

- Bu siyasət gördüyümüz kimi, uğurla davam etdirilir…

- Azərbaycan dilinin inkişafı, onun tətbiqi sahəsinin genişləndirilməsi və yabançı təsirlərdən qorunması, habelə bu dilin saflığı, təmizliyi istiqamətində Heydər Əliyevin yeritdiyi siyasət bu gün onun siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Biz müstəqil bir dövlətin vətəndaşlarıyıq. Müstəqil siyasətimiz olduğu kimi, müstəqil ana dilimiz də var və dövlət dili olaraq Azərbaycan dilinin qorunması üçün atılan bütün addımlar çox əhəmiyyətlidir. Bilirsiniz ki, bu istiqamətdə dövlət başçısı tərəfindən müvafiq qərarlar verilib, dövlət proqramları təsdiqlənib. Biz Azərbaycan dili vasitəsilə Azərbaycan mədəniyyətini, mənəviyyatını yaratmışıq, nəsillər arasında körpü qurmuşuq. Görün, bizim klassiklərimiz bu dil vasitəsilə nələr yazıb-yaradıblar. Onların yaradıcılığı əcnəbi dillərə tərcümə olunub. Bu əsərləri bizdən qabaqkı nəsillər oxuyub, bizim özümüz də daxil olmaqla bizdən sonrakı nəsil oxuyacaq.

- Dövlət dili olaraq Azərbaycan dili ilə bağlı qanunvericilik bazası haqqında nə deyə bilərsiniz?

- Dövlət başçısının müxtəlif vaxtlarda imzaladığı «Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında» və «Azərbaycan Milli Ensiklopediyasının hazırlanması haqqında» sərəncamları və bu istiqamətdə görülən işlər də dilimizin inkişafına böyük qayğının təzahürüdür. Bilirsiniz ki, Azərbaycan dili  haqqında ayrıca qanun var və bu qanunda bütün məsələlər öz əksini tapır. Eyni zamanda, «Mədəniyyət haqqında» qanunda da Azərbaycan dili ilə bağlı müddəalar var. Ümumiyyətlə, millət vəkili olaraq çalışırıq ki, bütün qanunlarda dilimizin saflığı qorunsun və qanunlar Azərbaycan dilinin tələblərinə cavab versin. Eyni zamanda, ona da diqqət yetirilir ki, qəbul olunan qanunlar hər bir vətəndaşımız üçün anlaşılan olsun. Azərbaycan dilini qorumaq və gələcək nəsillərə çatdırmaq hər birimizin ən ali borcudur.

- Dil dəyərdir, ona  toxunmaq, onun ruhunu  incitmək olmaz. Azərbaycan dilinə qarşı tarixin müəyyən mərhələlərində hücumlar olub. Bu basqıların qarşısı necə alınıb?

- Dilimizə qarşı tarixin müəyyən mərhələlərində ərəb, fars, monqol, rus dillərinin təsirləri olub. Ancaq bu basqınlardan Azərbaycan dili uğurla çıxıb. Deyərdim ki, burada xalqımızın birliyi böyük rol oynayıb. Hesab edirəm ki, vəzifəsindən, peşəsindən asılı olmayaraq hər bir insan Azərbaycan dilinin keşiyində uğurla dayanmalıdır. Yad sözlərin dilimizə gətirilməsminə imkan verməməlidir. Ancaq son dövrlər şəhərlərimizin küçə və bazarlarını əcnəbi sözlərdən ibarət sözcüklər zəbt edib. Hesab edirəm ki, bu, yolverilməzdir.  Biz Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 günlük müharibədən sonra işğal altında olan torpaqlarımızı azad etdik. İndi biz işğal altında olan dilimizi azad etməliyik. Paytaxtımızın ayrı-ayrı qəsəbələrindən, şəhərlərimizin küçə və mağazalarından əcnəbi sözlərdən istifadə olunmasına qadağa qoyulmalıdır. Bu yolda hər kəs səfərbər olmalıdır. Azərbaycan dili ilə bağlı 2004-cü ildə qanun qəbul olunub. O qanunda aydın şəkildə  göstərilir ki, Azərbaycanın dövlət dili Azərbaycan dilidir, bütün adlar, plakatlar Azərbaycan dilində yazılmalıdır və sonra, tutaq ki, bir şirkət, ingilis və ya fransız şirkətidirsə, o dildə də yazıla bilər, amma Azərbaycan dilindən sonra. Buna əməl etmək lazımdır. Bu məsələyə ciddi nəzarət lazımdır.

- Jalə xanım, qeyd etdiyiniz dükanlardan, bazarlardan da ağrılı yerimiz yerli telekanallarımızdır. Bu gün ədəbi dil normalarının pozulmasının qarşısını necə ala bilərik?

- Təəssüf ki, telekanallarda dil normalarının pozulmasına daha çox rast gəlirik. Çünki bir qrup aparıcılar nə özləri nə də cağırdıqları ekspertlər Azərbaycan ədəbi dilində dürüst danışa, sözləri düzgün tələffüz edə bilmirlər. Əvvəllər televiziya kanallarından və qəzetlərdən insanlar sözlərin düzgün yazılışını və tələffüzünü öyrənirdilər. Çox təəssüflər olsun ki, bu gün telekanalların böyük əksəriyyəti qeyri-peşəkarlarla işləyir. Efirdə qüsurlar o qədər çoxalıb ki, artıq adiləşib. Bu da ayrıca bir verilişin mövzusudur.

- Bəlkə bu problemlərin kökündə mütaliəsizlik dayanır. Oxumadan doğma ana dilində mükəmməl danışmaq olarmı?

- İnsan kamil demirəm, hətta sıradan bir vətəndaş olmaq üçün hər gün öyrənməlidir, mütaliyə etməlidir. Hesab edirəm oxumadan, öyrənmədən  öz dilini sevmək və sevdirmək olmaz. Vaxtilə Azərbaycan cəmiyyətində  insanlar kitabxanalardan kitab alıb oxuyardılar. Hər kəsin evində gözəl kitabxanaları olardı. Hətta evlərində ziyalısı olmayanların da evlərində kiçik kitab şkaflarına təsadüf edirdin. Yəni o zamanlar oxumaq, mütaliyə etmək bir trend idi. Evlərin bəzəyi olan kitablardan istifadə də insanların lüğət tərkibini zənginləşdirirdi. Çox təəssüflər olsun ki, indi ailələrdə insanların böyük əksəriyyəti nə kitab alıb oxuyur, nə də evdə özlərinə kitabxana yaradırlar. Doğma ana dilini qorumaq təkcə dilçilərin, mütəxəssislərin deyil, hər bir kəsin vəzifəsidir. Hesab edirəm hər bir azərbaycanlı  doğma ana dilində mükəmməl danışmağı, yazmağı bacarmalı və bunu özünə vətəndaşlıq borcu hesab etməlidir.

Şəmsiyyə Əliqızı, «İki sahil»