09 may 2024 17:10
435

Ermənistanın iqtisadi cəhətdən canı Rusiyanın əlindədir - AÇIQLAMA

Qərb bu gün Rusiya ilə Ermənistan arasında artan ticarət dövriyyəsinə göz yumur

Son dövrlər Ermənistan və Rusiya arasında ticarət dövriyyəsinin köklü şəkildə artaraq 7 milyard dolları ötməsi ilk növbədə Ermənistanın xəyanətkar və riyakar mahiyyətini ifadəsidir. Bilirsiniz ki, Ermənistan faktiki olaraq Rusiyaya arxa çevirib. Qərblə Rusiya əleyhinə istənilən ittifaqda yer almaqdan açıq şəkildə məmnunluğunu bildirir. Eyni zamanda, Rusiyanın bu bölgədən izinin silinməsi üçün artıq niyyətlərini gizlətmir. Amma digər tərəfdən isə bu gün Ermənistanın iqtisadi mövcudiyyətinin təməlində Qərbin ayırdığı xırda yardımlar yox, məhz Rusiya ilə əlaqələr dayanır.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov söylədi.

Deputat qeyd etdi ki, məhz Rusiyada işləyən ermənilər Ermənistana müəyyən vəsaitlər göndərir. Həmçinin Ermənistanın özündə iqtisadiyyatın mühüm istiqamətləri – nəqliyyat, energetika və s. Rusiyanın de-yurye mülkiyyətindədir. Faktiki olaraq Ermənistanın iqtisadi cəhətdən canı Rusiyanın əlindədir. Belə bir məqamda Ermənistanın tarixi xəyanətkar ənənələrinə sadiq qalıb Rusiya ilə bağlarını bir kənara qoyaraq Qərbə üz tutub.

Beləliklı, bu dövlət Rusiyaya xəyanət etməkdədir. Digər başqa bir istiqamət isə ondan ibarətdir ki, Rusiya ilə davamlı şəkildə sanksiya dilində danışan, eyni zamanda xırda şirkətləri belə Rusiya ilə əlaqələrin olub-olmamasını araşdıraraq çox sərt qaydalar tətbiq edən kollektiv Qərb bu gün Rusiya-Ermənistan arasında artan ticarət dövriyyəsinə göz yumur. Bu, onu göstərir ki, əslində Qərb özünün maraqlarını güdən nəhəng korrupsiya sistemidir və Rusiyanın Ermənistan vasitəsilə sanksiyalardan yayınması əslində Qərbin ayrı-ayrı dairələrinin və korrupsioner liderlərinin marağındadır. Bütün bunlar bütövlükdə Ermənistan-Qərb əlaqələrinin qeyri-sağlam niyyətli və korrupsiya mahiyyətində idarə olunan xəyanətkar və ikili standartlara əsaslanan bir əlaqə olduğunu bir daha ortaya qoyur.

Cavid Əkbər, “İki sahil”