30 iyul 2021 21:21
795

Vətən sevgisinin ən uca zirvəsi

Samir Mətləb oğlu Səmədov özünü dərk edən gündən həyatının dəyərini  Vətənə, xalqına  fayda verməkdə görür. Odur ki, orta məktəbi başa vuranda artıq dünyaya göz açdığı Astara rayonunun Pensər kəndində  mənəviyyatca yetkin, daxilən saf bir gənc olaraq xeyirxah əməllər sahibi kimi yaxşı tanınır.  2020-ci ildə həqiqi hərbi xidmətə yola düşəndə 30 ilə yaxın düşmən tapdağına dönən Qarabağ torpaqlarını düşünür və onların azadlığı naminə yeri gələndə canından keçməyi  özünə  əsas amal sayır.

 Samirin  əsgərlik həyatı  Tərtərdən başlanır. Vətəninə əsl oğul məhəbbəti bəsləyir,  müqəddəsliyinə tapındığı doğma Azərbaycanı göz-bəbəyi kimi qoruyur.  Cəbhə xəttində bir-neçə dəfə düşmənlə üz-üzə gəlir. Yağının cavabını yaxşı da verir.  Qorxmaz, cəsur, əqidəli gənc olan Samir Vətəni hər şeydən əziz bilir, onu düşməndən təmizləməyə məqam gözləyir.

 Qarabağ torpaqların azadlığı naminə  Vətən müharibəsi  başlananda  igid əsgər Samir Ağdərə rayonu istiqamətində döyüşə atılır. Müharibə meydanında düşmənin başını əzməklə tarix yazır.  Yurd yerləri yağıdan təmizləndikcə  Samirin Vətənə olan sevgisi bir daha ilahiləşir.  Və  Şanlı  Ordumuzun düşmən üzərindəki qələbəsinə böyük ümid bəsləyir, elə həyatının ən yadda qalan, parlaq  gününü  o günlə  bağlayır.  Odun-alovun içində vuruşduğu zaman ürəyində  Vətəninə  odlu məhəbbət yaşatmaqla yağıya həmişə qan qusdurur.  Samirin 10 oktyabrda şəhidlik zirvəsinə ucalmağı Vətənin yaşaması üçün olur.   Həm də bu şərəfli ölüm 18 yaşında  Samirin adını əbədi olaraq  böyük bir xalqın qəhrəmanlıq tarixinə yazır.  

 İndi Astara camaatı öyünür ki,  Azərbaycana Samir kimi igid  bəxş edib.  Ölümündən sonra dövlət tərəfindən layiq görüldüyü “Vətən uğrunda” medallı  qəhrəman oğlunu ürəyində yaşatmaqla hər yerdə, hər zaman onun adını ucadan-uca tuturlar. Samir xatırlananda elə bil ürəklərdə Günəş  seli çağlayır.

 Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü