Filoloq: Əlyazmalarımızın, klassik ədəbi nümunələrin və tarixi lüğət materiallarının rəqəmsallaşdırılması, transliterasiya olunması, elmi nəşrlərinin hazırlanması və elektron bazalarının yaradılması keçmişlə bu gün arasında möhkəm dil körpüsü yaradır
Dil təkcə ünsiyyət vasitəsi deyil. O, xalqın tarixi yaddaşı, milli kimliyi, dünyagörüşü və mədəni irsinin daşıyıcısıdır. Bir millətin keçmişi, bu günü və gələcəyi onun dilində yaşayır. Məhz buna görə də ana dilinin qorunması və inkişafı hər zaman dövlət siyasətinin mühüm istiqamətlərindən biri hesab olunur.
Azərbaycan dili əsrlər boyu müxtəlif tarixi sınaqlardan keçərək bu günədək öz zənginliyini və özünəməxsusluğunu qoruyub saxlayıb. Müstəqillik dövründə isə onun dövlət dili kimi mövqeyi daha da möhkəmlənib, hüquqi bazası genişləndirilib və tətbiq imkanları artırılıb. Bununla yanaşı, qloballaşma, rəqəmsal texnologiyaların sürətli inkişafı, süni intellektin gündəlik həyata daxil olması və xarici dillərin təsirinin güclənməsi Azərbaycan dilinin qarşısında yeni vəzifələr formalaşdırır. Artıq məsələ təkcə dilin qorunması ilə məhdudlaşmır. Azərbaycan dilinin rəqəmsal məkanda, elmdə, texnologiyada və beynəlxalq informasiya mühitində rəqabətqabiliyyətli olması da strateji əhəmiyyət daşıyır.
Bu baxımdan hər il avqustun 1-də qeyd olunan Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü yalnız təqvimdəki əlamətdar tarix deyil, həm də ana dilimizin bugünkü vəziyyətini, qarşılaşdığı çağırışları və gələcək inkişaf perspektivlərini yenidən qiymətləndirmək üçün mühüm fürsətdir.
Bəs Azərbaycan dili qloballaşma və rəqəmsallaşma dövrünün sınaqlarına nə dərəcədə hazırdır? Dilimizin tarixi irsini qorumaqla yanaşı, onu süni intellekt və yeni texnologiyalar dövrünə necə uyğunlaşdırmaq olar? Eyni zamanda, elmi kadr hazırlığında mövcud olan bəzi tələblər Azərbaycan dili tarixinin tədqiqinə hansı təsirləri göstərir?
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dilinin tarixi şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Xədicə Heydərova mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanı ilə təsis olunan Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü xalqımızın mənəvi həyatında xüsusi əhəmiyyət daşıyan əlamətdar tarixdir: “Bu sənəd latın qrafikalı Azərbaycan əlifbasına keçidin tamamlanmasını yazı mədəniyyətimizin tarixində mühüm hadisə kimi təsbit edib.
Azərbaycan dili bu gün müstəqil dövlətimizin rəsmi dili, milli birliyimizin və mənəvi bütövlüyümüzün əsas dayaqlarından biridir. O, dövlət idarəçiliyində, təhsildə, elmdə, mətbuatda, ədəbiyyatda, mədəniyyətdə və ictimai həyatın bütün sahələrində geniş şəkildə istifadə olunur. Dilimizin hüquqi statusunun möhkəmləndirilməsi, tətbiq dairəsinin genişləndirilməsi və saflığının qorunması istiqamətində mühüm dövlət sənədləri qəbul edilib. Xüsusilə "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" bu sahədə qarşıda duran vəzifələri sistemli şəkildə müəyyənləşdirib”.
Qloballaşma yeni imkanlar qədər yeni çətinliklər də yaradır
Filoloq qeyd etdi ki, lakin dilin dövlət statusuna malik olması onun bütün təhlükələrdən qorunduğu anlamına gəlmir: “Qloballaşma, informasiya axınının sürətlənməsi, sosial şəbəkələrin geniş yayılması, xarici dillərin təsirinin artması və rəqəmsal texnologiyaların həyatımızın bütün sahələrinə nüfuz etməsi Azərbaycan dilinin qarşısında yeni çağırışlar yaradır.
Mən xüsusilə ingilis dilinin Azərbaycan dili elminə təsirindən danışmaq istərdim. Hazırda doktoranturaya qəbul zamanı ingilis dili üzrə B2 səviyyəsində imtahan tələbi Azərbaycan dili tarixi sahəsinə yeni tədqiqatçıların cəlb olunmasının qarşısında duran əsas maneələrdən birinə çevrilib. Halbuki Azərbaycan dili tarixən ərəb və fars dilləri ilə sıx təmasda olub, bu dillərdən zəngin söz ehtiyatı mənimsəyib. Əlyazmaların oxunması, klassik mətnlərin araşdırılması və tarixi dil faktlarının öyrənilməsi üçün məhz ərəb və fars dillərini bilən mütəxəssislərə böyük ehtiyac var.
Belə bir şəraitdə ingilis dili üzrə yüksək imtahan tələbinin tətbiqi, eyni zamanda, ixtisas seçimi ilə bağlı mövcud məhdudiyyətlər həmin sahələr üzrə mütəxəssislərin Azərbaycan dili tarixi istiqamətinə gəlməsini çətinləşdirir. Üstəlik, bu ixtisasa yalnız Azərbaycan dili ixtisası üzrə təhsil almış şəxslərin müraciət edə bilməsi vəziyyəti daha da mürəkkəbləşdirir. Nəticədə paradoksal bir mənzərə yaranır: qloballaşmanın tələbi kimi tətbiq olunan ingilis dili şərti Azərbaycan dili tarixinin öyrənilməsi və bu sahədə yeni alimlərin yetişməsi üçün əlavə maneəyə çevrilir. Mən bu məsələ ilə bağlı dəfələrlə müraciətlər etmişəm və hesab edirəm ki, onun yenidən nəzərdən keçirilməsinə ehtiyac var”.
Dilin gələcəyi artıq rəqəmsal mühitdə formalaşır
Xədicə Heydərova vurğuladı ki, dilimizin gələcəyi artıq böyük ölçüdə rəqəmsal məkandakı mövqeyindən asılıdır: “Azərbaycan dili yalnız kitabların, qəzetlərin və televiziya verilişlərinin dili kimi deyil, həm də internetin, elektron xidmətlərin, mobil tətbiqlərin və süni intellekt sistemlərinin işlək dili kimi inkişaf etdirilməlidir.
Bunun üçün müasir və tarixi mətnləri əhatə edən zəngin milli korpusların yaradılması, elektron lüğətlərin hazırlanması, avtomatik orfoqrafiya və qrammatika yoxlama vasitələrinin təkmilləşdirilməsi, Azərbaycan dilində nitqin tanınması və səsləndirilməsi sistemlərinin inkişaf etdirilməsi zəruridir. Süni intellektin Azərbaycan dilini düzgün öyrənməsi üçün ona təqdim olunan dil materialları elmi cəhətdən etibarlı, normativ və janr baxımından zəngin olmalıdır”.
Keçmişi qorumaq gələcəyin dilini zənginləşdirir
Filoloq diqqətə çatdırdı ki, dil tariximizin qorunması da müasir dil siyasətinin ayrılmaz hissəsidir: “Əlyazmalarımızın, klassik ədəbi nümunələrin və tarixi lüğət materiallarının rəqəmsallaşdırılması, transliterasiya olunması, elmi nəşrlərinin hazırlanması və elektron bazalarının yaradılması keçmişlə bu gün arasında möhkəm dil körpüsü yaradır. Dilimizin bugünkü imkanlarını düzgün qiymətləndirmək üçün onun tarixi inkişaf yolunu, arxaik sözlərini, dialektlərini, qədim qrammatik və semantik xüsusiyyətlərini öyrənmək olduqca vacibdir. Tarixi söz sərvətimiz yalnız keçmişin yadigarı deyil, həm də müasir termin yaradıcılığı üçün zəngin mənbədir.
Azərbaycan dilini qorumaq yalnız dilçilərin və dövlət qurumlarının vəzifəsi deyil. Hər bir vətəndaş danışarkən, yazarkən, övladına ana dilini öyrədərkən, ictimai məkanda söz və ifadə seçərkən bu dilin gələcəyinin formalaşmasına töhfə verir”.
Ana dilinin taleyi hər kəsin gündəlik seçimindən başlayır
Xədicə Heydərovanın sözlərinə görə, qloballaşma Azərbaycan dili üçün təkcə təhlükələr deyil, həm də yeni imkanlar yaradır: Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü bizə bir daha xatırladır ki, ana dilimiz təkcə tarixi sərvət deyil, daim inkişaf etdirilməli olan canlı mənəvi dəyərdir. Azərbaycan dilinin gələcəyi ona göstərdiyimiz gündəlik münasibətdən, elmi araşdırmalarımızdan, təhsilimizin keyfiyyətindən və rəqəmsal dünyada onun üçün yaratdığımız imkanlardan asılıdır. Ana dilimizi qorumaq milli yaddaşımızı, düşüncə tərzimizi və gələcək nəsillərin azərbaycançılıq ruhuna bağlılığını qorumaq deməkdir”.
Nigar Orucova, "İki sahil"