Azərbaycanın sürətli inkişafı, daxili və xarici siyasət sahəsində əldə edilmiş nailiyyətlər, ilk növbədə Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən siyasətin qanunauyğun nəticəsidir. Xüsusilə həyata keçirilən səmərəli xarici siyasət kursu dövlətimizin qüdrətini artıran əhəmiyyətli faktor kimi çıxış edir.
Ümumiyyətlə, müstəqil xarici siyasət kursuna malik olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş kimi tanınmaqdadır. Cənubi Qafqaz geosiyasi məkanında lider dövlət kimi çıxış edən ölkəmiz özünün çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası ilə həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun geosiyasi və geoiqtisadi, bir sözlə, geostrateji təhlükəsizliyinə fundamental töhfələr verməkdə və regional miqyaslı, qlobal xarakterli əməkdaşlıqlar platformasının mərkəzi oyunçusu rolunu oynamaqdadır.
Əlbəttə, müstəqil iqtisadi siyasət yürütməsi, sivilizasiyalararası dialoqa mühüm töhfələr verməsi, regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında strateji tərəfdaş kimi mühüm rol oynaması Azərbaycanın beynəlxalq nüfuzunu artıran əhəmiyyətli faktorlar qismində çıxış edir. Təsadüfi deyil ki, ötən müddət ərzində həyata keçirilən rasional və praqmatik xarici siyasət kursunun fonunda Azərbaycanın beynəlxalq münasibətlər sistemində bir sıra əhəmiyyətli uğurlar əldə etməsi də ölkəmizin beynəlxalq nüfuzunun artmasına və xarici əlaqələrinin əhatə dairəsinin genişlənməsinə təkan verən mühüm faktor olub. Azərbaycanın inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal mərkəzə çevirməkdədir. Ölkəmiz beynəlxalq birliyin müstəqil və tamhüquqlu subyekti kimi öz milli mənafelərini qarşılıqlı hörmət prinsipi çərçivəsində həyata keçirir. Bu isə Azərbaycanın müstəqil inkişafını təmin etməklə yanaşı, ölkəmizə olan etimadı daha da artırır. Nəticə etibarilə əldə edilən nailiyyətlər Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə, əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin inkişafına təkan verir, eyni zamanda, perspektiv nailiyyətlər üçün strateji zəmin rolunu oynayır.
Bir sözlə, Azərbaycanın xarici siyasəti müstəqillik və suverenlik prinsiplərinə əsaslanır. Respublikamız xarici siyasi əlaqələrini, siyasi, iqtisadi, hərbi, humanitar və digər sahələrdə müttəfiqlərini, əməkdaşlıq etdiyi ölkə və beynəlxalq təşkilatları özü seçir. Azərbaycan müxtəlif sahələri əhatə edən əməkdaşlıq əlaqələrini dövlət maraqları və qarşılıqlı faydalılıq prinsipləri əsasında reallaşdırır. Vurğuladığımız kimi, ikitərəfli və çoxşaxəli münasibətlərin əsasında duran strateji amil məhz ölkəmizin milli maraqlarıdır.
Azərbaycan reallaşdırılan bütün strateji əhəmiyyətli layihələrdə öz müstəqil siyasi iradəsi əsasında - milli mənafelərə müvafiq olaraq təmsil olunur və ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlər mütləq mənada Azərbaycanın maraqlarını nəzərə alırlar. Yeri gəlmişkən, Azərbaycan Prezidenti cənab İlham Əliyevin bildirdiyi kimi, “bizim siyasətimiz Azərbaycan maraqları üzərində qurulubdur və heç bir kənar qüvvə bizim siyasətimizə təsir edə bilməz”.
Qeyd etdiyimiz kimi, Azərbaycanın müasir dünya siyasəti və beynəlxalq münasibətlər sistemindəki mövqeyinin davamlı surətdə möhkəmlənməsindən narahatlıq keçirən bəzi xarici dairələr ölkəmizə qarşı təzyiq mexanizmi formalaşdırmağa çalışırlar. Xüsusilə də mötəbər beynəlxalq tədbirlər ərəfəsində ölkəmizin nüfuzuna zərbə vurmaq istəyən qüvvələr “qara piar” kampaniyasını genişləndirirlər. Biz bunu ilk Avropa Oyunları ərəfəsində və yarışların keçirildiyi günlərdə də müşahidə etdik. Ancaq o da bəlli oldu ki, bu cür təzyiq mexanizmi formalaşdırmaq cəhdləri və “qara piar” kampaniyası iflasa məhkumdur. Ümumiyyətlə, proseslərin gedişatı göstərdi ki, kampaniyanın arxasında islamofob, ermənipərəst və antiazərbaycan dairələr, o cümlədən erməni lobbisi durur.
Avropadakı müəyyən dairələr Azərbaycana qarşı “qara piar” və təzyiq kampaniyasında xüsusi fəallıq nümayiş etdirirlər. “Demokratiya”, “insan hüquqları” kimi prinsipləri istismar mexanizminə çevirən həmin qüvvələr müstəqil siyasət həyata keçirən Azərbaycanın suveren mövqeyini, davamlı nailiyyətlərini həzm edə bilmirlər. Onlar müxtəlif antiazərbaycançı dairələrlə sinxron hərəkət etməklə yanaşı, “beşinci kolon”un da xidmətlərindən istifadə etməyə çalışırlar.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ilk növbədə, dünya erməniliyi, erməni lobbisi bizi hədəf seçib, onların himayəsində olan riyakar, rüşvətxor siyasətçilər bu işlərə qoşulublar: “Xüsusilə, bu, Qərb siyasətçilərinə aiddir. Erməni pulları ilə özünə həyat quran konqresmenlər, senatorlar, deputatlar, islamofob siyasətçilər və s. ünsürlər Azərbaycana qarşı müharibə elan ediblər. Əfsuslar olsun ki, bu gün Avropada faşizm, irqçilik, islamofobiya, ksenofobiya, antisemitizm baş qaldırır. Yəni bu hərəkət təkcə müsəlmanlara qarşı deyil. Əlbəttə ki, onlar müsəlman ölkəsinin bu qədər inkişaf etməsini istəməyən qüvvələrdir. Onlar, eyni zamanda, Azərbaycanda “beşinci kolon”un qalıqlarının himayədarları ilə birləşib bizə qarşı hücuma keçiblər”.
Onu da vurğulamaq lazımdır ki, ilk Avropa Oyunları ərəfəsində Avropada bir sıra təşkilatların, müxtəlif dövlət qurumlarının “qara piar” məqsədilə təşkil etdikləri şou-aksiyalar iflasa uğramaqla yanaşı, “qoca qitə”dəki qüvvələrin gerçək simasını, Azərbaycana qarşı qərəzli münasibətini ortaya qoymuşdu. Amma həmin dairələr nəzərə almadılar ki, Azərbaycana qarşı təzyiq mexanizmi formalaşdırmaq əvəzinə, ölkəmizlə əməkdaşlıq əlaqələrini qarşılıqlı hörmət əsasında davam etdirmək daha məqsədəmüvafiqdir.
Təbii ki ölkəmizin başçısı haqlı olaraq bildirir ki, Avropadakı müəyyən dairələr nəzərə almalıdırlar ki, Azərbaycanın öz inkişaf yolu var və ölkəmiz hər hansı bir qurum və ya dövlətdən asılı deyil, müstəqil siyasi iradə əsasında daxili və xarici strateji kursunu davam etdirir. Avropanın müxtəlif təşkilatlarında ölkəmiz əleyhinə qərəzli dinləmələrin keçirilməsi, müxtəlif bəyanatların verilməsi kimi cılız vasitələr isə inkişaf edən, qüdrətlənən Azərbaycan dövlətinin qarşısında heç bir təsir qüvvəsinə malik deyil.
Elçin Zaman, “İki sahil”