02 avqust 2021 18:19
1523

Türkiyə-Azərbaycan qardaşlığı yanğınlara su səpəcək

Dost ölkədəki meşə yanğınlarının alovu  fəlakətə seyrçi qalan Qərbin, «Yaşıllar» partiyasının «buz bağlamış» münasibətlərinə təsir etmir

Türkiyədə geniş miqyasda  baş verən meşə yanğınları  qardaş Azərbaycan xalqını da  çox üzür. Gözəlliyi, yaşıllığı, dənizləri ilə göz oxşayan,  turistlərin istirahət üçün seçdikləri ən sevimli  məkan olan Türkiyənin iqtisadi inkişafı,  beynəlxalq aləmdə  möhkəmlənən siyasi nüfuzu, bölgədə sülhün təminatına verdiyi töhfələr bu cənnətməkana yad baxışları narahat edir. İllərdən bəri  Qərbin formalaşdırdığı terror təşkilatlarının törətdikləri fəlakətlərdən  əzyyət çəkən Türkiyənin müxtəlif bölgələrində  törədilən , minlərlə insanın ölümünə səbəb olan qırğınlar  nəticəsində dövlətə dəyən ziyanı birgə  aradan qaldıran türk xalqı həmişə  həmrəylik göstərərək  ölüm gətirən qüvvələrin vurduğu yaraları da milli birlikləri ilə  sağaltmış, düşmənlərin sevinməsinə  imkan verməmişdir. Dağlarda  gizlənən PKK –ya, onun törəmələrinə qarşı mübarizədə möhkəmlənən kürd-türk birliyini sarsıda bilməyən qərəzli qüvvələrin hərbçilərə,  asayiş keşikçilərinə, dinc sakinlərə qarşı törətdikləri  hücumlar nəticəsində  şəhid verən gözü yaşlı  türk analarının övladlarının tabutları  önündə  söylədikləri «Təki Vətən sağ olsun!» sözləri düşmənə  silahdan da güclü mənəvi zərbə, göz  dağıdır. 2016-cı ilin 15 iyulunda bu həmrəylik qarşısında məğlub olan, Türkiyədə planlaşdırdıqları dövlət çevrilişi cəhdləri baş tutmayan düşmənlər bəd niyyətlərini  meşə yanğınlarını törətməklə bildirdilər.

Türkiyənin demək olar ki, bütün turistik bölgələrindəki meşələrində   yanğın  törətməklə  qardaş ölkəyə iqtisadi zərər vurmağa çalışanlar  əsas gəlir mənbələrindən olan turizmi də hədəfə alıblar.  Türkiyə Prezidenti  Rəcəb Tayyib Ərdoğanın   yanğından zərər çəkən  bölgələri təbii fəlakət zonası elan etməsi ilə bütün türk xalqı   fəlakətlə   mübarizəyə səfərbər oldu.

Əsrlərin sınağından çıxan Türkiyə- Azərbaycan dostluğunun alternativinin olmadığı beynəlxalq səviyyədə təsdiqlənmiş həqiqətdir.   Artıq tarixə qovuşmuş «Dağlıq Qarabağ münaqişəsi» başlanan gündən Azərbaycanın yanında olan, torpaqlarımızın bütövlüyünü, toxunulmazlığını bütün səviyyələrdə dəstəkləyən Türkiyənin 44 gün davam edən Vətən müharibəsində  xalqımıza hərtərəfli köməyi tarixdə  bənzəri olmayan qardaş yardımı idi.  Türkiyədə  dövlət çevrilişinə cəhd olan  2016-cı  il 15 iyul hadisələrində  qardaş dəstəyini əsirgəməyən  Azərbaycan dövləti, xalqı  bu ölkədə törədilən bütün terror hadisələrini pisləyərək  birlik nümayiş etdirdi.

Türkiyədəki genişmiqyaslı meşə yanğınlarının söndürülməsində də  bu dostluq  sözünü dedi.  «Dost dar gündə tanınar» atalar sözünə əməl edən Azərbaycan xalqı türklərin «Bir əlin nəsi var, iki əlin səsi» müdrik kəlamına  uyğun olaraq yenə də birlik nümayiş etdirdilər.  İlk gündən  türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana baş verən hadisə ilə bağlı narahatlığını və həmrəyliyini bildirən, həlak olanların ailələrinə başsağlığını çatdıran Prezident İlham Əliyev  qardaş ölkəyə  hər cür yardım göstəriləcəyini söylədi. Hazırda   Türkiyədə davam edən meşə yanğınları ilə mübarizədə Azərbaycandan gələn yanğınsöndürənlər də iştirak edirlər. 100-ə yaxın meşədə törədilən  yanğınların söndürülməsində iştirak edən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları qardaş ölkənin  yanğın söndürənləri ilə birgə əməliyyatlarda  iştirak edirlər. Artıq meşə yanğınlarının 88-i nəzarət altına alınıb. Yanğın nəticəsində  insanlara, tələf olunan mal –qaraya dəyən ziyanın dövlət tərəfindən ödəniləcəyini bildirən Prezident Rəcəb Tayyib Ərdoğanın ətrafında birləşən,  əvvəllər  də baş vermiş terrorlarda birlik nümayiş etdirən  türk xalqı yenə də  yanğına qarşı mübarizədə güc strukturları ilə birgə çalışır.  İki qrup halında Türkiyəyə gələn Azərbaycan Fövqəladə Hallar Nazirliyinin 500  əməkdaşı, Muğla vilayətinin Marmaris bölgəsindəki  yanğınların  söndürülməsində iştirak edən həmyerlilərimiz ən qaynar  nöqtələrdə   türkiyəli  həmkarları ilə birgə çalışırlar.

Yanğın-xilasetmə qrupuna   «Amfibiya» təyyarəsi, helikopter, 53 ədəd yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikaları da daxildir.  Adanada , Antalyada, Mersində, Muğlada, Osmaniyədə   törədilən yanğınların qardaşlıq dəstəyi ilə  söndürülməsi Türkiyə-Azərbaycan birliyinin növbəti  təsdiqidir.

Təbii ki,  getdikcə güclənən, iqtisadi qüdrəti artan,  bənzəri olmayan yol-nəqliyyat layihələri ilə diqqəti cəlb edən  regional təhlükəsizliyin qarantı olduğunu təsdiqləyən Türkiyə  dövlətə  xeyli ziyan vuran bu ekoloji terrora da qalib gələcək. İnsanlara vurulan  maddi-mənəvi ziyanlar ödəniləcək. Bu kimi əməlləri ilə  Türkiyə iqtisadiyyatını çökdürdüklərini zənn edənlər əksinə gözləmədikləri nəticənin şahidi olacaqlar. Xalq bir daha dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın ətrafında birləşərək daxili və xarici qüvvələrin bəd niyyətlərinin qarşısını milli birlikləri ilə alacaq. Bu birlik təsdiqlədi ki, Türkiyəni sarsıtmaq nəinki bir dövlətin, terror təşkilatının, dövlətlər toplusunun belə bacaracağı  məkrli niyyət deyil. İllərdən bəri Türkiyədə  bir ailə kimi  yaşayan azsaylı millətlər arasında ayrı-seçkilik salmağa çalışanlar bu birlik qarşısında həmişə  məğlub olublar. 

Bu ilin may ayında  Şuşada Azərbaycanla Türkiyə arasında imzalanan Müttəfiqlik Bəyannaməsindən, bu günlərdə  Türkiyənin, Azərbaycanın, Pakistanın imzaladıqları Bakı Bəyannaməsindən narahat olan və illərdən bəri işğalçı Ermənistanı dəstəkləyən dairələrin qardaş ölkədə törədilən yanğınlarda əlinin olması  şəksizdir.  Sosial şəbəkələrdə  yayılan açıqlamalara görə,  törədilən yanğınların məsuliyyətini üzərinə götürən «Atəşin uşaqları» adlı təşkilat olsa da,  bu «uşaqları» təlimatlandıran «valideynlər» də vardır. O «valideynlər» ki,  ermənilər tərəfindən  vəhşicəsinə öldürülən 613 nəfərin qətliamına ,  Xocalı soyqırımına,  ermənilərin 30 ildə işğal etdikləri Azərbaycan torpaqlarında törətdikləri hərbi cinayətlərə, ekoloji terrorlara,  barbarlığa göz yumdular.  Öz maraqları naminə  «Dağlıq Qarabağ  münaqişəsi»ni yaratdılar və bu gün də  tarixə xəyanət olan saxta  «statusun» saxlanılmasında  maraqlıdırlar. İllərdən bəridir ki, ən qəddar cinayətlərdə əli olan PKK-nı  və onun törəmələrini, radikal qrupları müdafiə edib, terrorçuları silahlandırırlar. Arıkanda qətliam törətdilər. 47 nəfərin ölümü, 283 nəfərin yaralanması ilə nəticələnən İstanbulun Atatürk  Hava Limanındakı terroru   dəstəklədilər.  İşğaldan azad olunan Azərbaycan torpaqlarında  Ermənistan silahlılarının vəhşiliklərini görməkdən çəkindilər. İstanbulun «Gezi parkı»nda iğtişaşlar törətməklə  dövlətə qarşı aksiyalar təşkil etdilər. Həmin qüvvələrin Azərbaycanda və Türkiyədə törətdikləri hərbi, ekoloji, mənəvi terrorların bir məqsədi, hədəfi var: Bu iki qardaş ölkənin dünya  siyasətində  güclənən mövqeyinə kölgə salmaq, sadiq qaldıqları ikili standartlardan istifadə etməklə bölgədə möhkəmlənən sabitliyə xələl gətirmək.

Amma unudurlar ki, tarixlərin sınağında bərkimiş, poladdan da möhkəm olan bu qardışlığı «yandıra» biləcək «alov» yoxdur.  Bütün Azərbaycan xalqı yanan hər ağac üçün narahatlıq keçirir, azərbaycanlı yanğınsöndürənlərin Türkiyədə göstərdikləri fədakarlıqla  qürur duyur. Çünki qardaşımızın yanan evi, bizim ocağımızdır. Bu narahatlıq bizim həmrəyliyimizdən qaynaqlanır. Ölkəmizdə Türkiyəyə yardım məqsədilə onlarla, yüzlərlə hesab açılıb. Sıradan çıxan ağacları əvəz edəcək  fidanların toplanması təşəbbüsünə qoşulanların sayı artır.  Türkiyəyə texnika ilə, canlı qüvvə ilə  yardım edənlər arasında Azərbaycanla birgə , Rusiyanın, Ukraynanın, İranın iştirakı da həmrəylik nümunəsidir.

Ancaq günlərdir davam edən yanğınların alovu, istisi deyəsən hələ də  seyrçi  olan Qərb dövlətlərini bəd niyyətlərinin soyuğundan oyatmayıb. İnsanların faciəsi ilə müşahidə olunan yanğının planetdəki oksigen çatışmazlığına vurulan zərbə  hesab etməyən Qərbin, o cümlədən «sivil»  Avropanın insan hüquqlarının qorunması,  təbiəti mühafizəsi ilə məşğul olan  təşkilatlarının , «Yaşıllar»ın səsləri eşidilmir.

Azərbaycanda , Türkiyədə ermənilərin dirnağına dəyən daşı qaya hesab edərək ikili standartlardan qaynaqlanan münasibətlərini təhdid mexanizmi kimi işə salanlar qardaş ölkədə  təbiətin məhvini laqeydcəsinə seyr edirlər.  Olsun.  Amma unutmasınlar ki,  iki qardaşın birgə vuran ürəyinin hərarəti  bütün yanğınları söndürmək gücündədir.  Türkiyə ilə Azərbaycanın qardaşlığı yanan meşələrə su səpəcək,  törətdikləri əməllərdən  qızaran isə  xainlərin  üzləri olacaq. Əgər onlarda utanan üz varsa…

Xuraman İsmayılqızı, «İki sahil»