03 avqust 2021 20:28
2707

Azərbaycan-Türkiyə münasibətləri: “Bir millət, iki dövlət”- sonsuzluğa qədər

Azərbaycan və Türkiyə əsrlər boyu dərin tarixi dostluq və qardaşlıq kökləri ilə bağlı olan, ulu öndər Heydər Əliyevin söylədiyi kimi, “Bir millət, iki dövlət”dir. Bu gün  iki dövlət arasında münasibətlərin təməlində xalqlarımızın qardaşlığı və liderlərin siyasi iradəsi dayanır. Bu münasibətlərin kökü xalqlarımız arasında mövcud olan əsl qardaşlıq ruhuna söykənir. Dərin tarixi-mənəvi dəyərlərə söykənən Türkiyə - Azərbaycan əlaqələrinin qırılmaz tellərlə bağlanması hər iki ölkənin inkişafına, tərəqqisinə, həmçinin regionda sülhün və əməkdaşlığın möhkəmlənməsinə böyük töhfələr verdiyi kimi, türk dünyasının birləşməsində həlledici rol oynayır. Danılmaz faktdır ki, türk dünyasının birliyinin əsasını  Türkiyə və Azərbaycan təşkil edir.

Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını qəti şəkildə nümayiş etdiriblər. 2020-ci il sentyabrın 27-dən erməni təxribatlarına qarşı şanlı ordumuzun güclü və sürətli əks-hücum əməliyyatı ilə başlayan müqəddəs Vətən müharibəsi Azərbaycanın böyük Qələbəsi ilə nəticələndi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Qarabağı işğaldan azad edərək xalqımızı əzəli torpaqlarımıza qovuşdurdu. Bu 44 gün müddətində qardaş Türkiyə Cümhuriyyəti hər zaman olduğundan daha çox Azərbaycanın yanında oldu və bunu bütün tiribunalardan ən yüksək səslə təkrar-təkrar söyləməkdən çəkinmədi. Eyni zamanda Vətən müharibəsindən sonra imzalanan Şuşa Bəyannaməsi ilə də iki qardaş ölkə arasındakı münasibətlər keyfiyyətcə yeni müstəviyə qalxdı. Azərbaycan artıq Türkiyənin hər bir məsələsində - istər siyasi, istər iqtisadi, istər hərbi məsələlərdə yanında olub və olacaqdır. Bu münasibətlər dünyada misli görünməmiş yaxınlıq münasibətləridir, bütün dövlətlər üçün örnək olan münasibətlərdir və həm qardaşlıq tellərini özündə ehtiva edir, eyni zamanda gələcək üçün strateji baxisi da müəyyənləşdirir. 

Bakıda keçirilən tarixi Zəfər paradında hər iki ölkənin Prezidenti bir daha bu münasibətlərin bundan sonra daha sıx, daha şaxəli olacağının mesajını verdi. O şərəfli günlərdə hər iki ölkə şərəflə ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət”, böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” tarixi sözlərinin həqiqətini dünyaya nümayiş etdirdilər. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir.

Prezident İlham Əliyevin 2020-ci il sentyabrın 2-də Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən etdiyi çıxış, yeni bir diplomatik üslub və məharətlə həqiqətləri açıq və şəffaf şəkildə yunan səfirin diqqətinə çatdırması, Türkiyə ilə bağlı rəsmi Bakının mövqeyini açıq şəkildə səsləndirməsi, “Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq” söyləməsi qardaş ölkədə böyük rəğbət hissi ilə qarşılanmış, geniş əks səda doğuraraq uzun müddət gündəmi zəbt etmişdi. Azərbaycanın belə qətiyyətli mövqeyi, dövlətimizin başçısının Türkiyəyə dəstəklə bağlı söylədikləri qardaş ölkənin internet portallarının, nüfuzlu və çoxtirajlı qəzetlərinin, aparıcı televiziya kanallarının manşet xəbərinə çevrilmişdi.

Azərbaycan bundan sonra da Türkiyəyə öz yardım əlini uzadacaq. İyulun 30-da Prezident İlham Əliyev Türkiyədəki dəhşətli yanğınlarda insanların həlak olması ilə bağlı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. O, Azərbaycan hökuməti və xalqının hər zaman olduğu kimi bu gün də qardaş Türkiyə xalqı ilə həmrəy olduğunu vurğulayıb. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Türkiyədəki meşə yanğınları ilə bağlı paylaşım edib: “Türkiyə regionlarında baş vermiş dəhşətli yanğınların nəticələri barədə xəbərləri dərin kədər və təəssüf hissi ilə qarşıladım. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralıların tezliklə şəfa tapmasını arzulayıram. Türkiyə xalqının kədəri bizim kədərimizdir. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!”.

Prezidentimizin tapşırığı ilə Türkiyədə baş verən meşə yanğınları ilə əlaqədar olaraq Azərbaycan Türkiyəyə 500 nəfərlik heyət göndərib. Qardaş Türkiyə Respublikasının ərazisində baş vermiş meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri hazırda qardaş ölkədə yanğınlarla mübarizə aparır. Azərbaycanlı yanğınsöndürənlərin fədakarlığı Türkiyə ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.

Bütün bunlar bir daha təsdiq edir ki, gündən-günə möhkəmlənən Azərbaycan-Türkiyə münasibətləri, dostluğu, qardaşlığı sarsılmazdır, əbədidir. “Bir millət, iki dövlət” ifadəsi sonsuzluğa qədərdir.

Zahid Rza, “İki sahil”