03 avqust 2021 17:42
1226

Dövrün tələblərinə uyğun formalaşmış yeni parlament Azərbaycanın dayanıqlı inkişafına böyük töhfələr verir

 

Son 18 ilə yaxın dövrdə  Azərbaycan ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident  İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratiya təcrübəsi nümunə göstərilən, ən islahatçı dövlətinə çevrilməklə yanaşı, qalib ölkə kimi tanındı. Bu gün bunlara əmin olmaq üçün təkcə son illərdə  iqtisadi, sosial, siyasi və xarici siyasət sahəsində əldə olunan uğurlara, davamlı inkişafa xidmət edən addımlara diqqət yetirmək kifayətdir. Dövlət başçısı İlham Əliyev daim bu çağırışı edir ki, əldə olunan uğurlarla kifayətlənməməli, daim irəliyə baxmalıyıq. Dünyanın qabaqcıl ölkələrinin praktikasının ölkəmizdə tətbiqi prioritet məsələ kimi öndə saxlanılmalıdır.

2020-ci il fevralın 9-da  Azərbaycan tarixində ilk dəfə olsa da, dünya praktikasında tez-tez rast gəlinən addım atıldı. Yeni Azərbaycan Partiyasının  Azərbaycanın uğurlarının, təkmil islahatların qanunverici orqanı da əhatə etməsi məqsədilə parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etməsi ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılandı.

Təbii ki, yeniləşmə, müasirləşmə dövlət siyasətinin əsası kimi qəbul olunursa, islahatlar hakimiyyətin hər üç qolunda-qanunvericilik, icra və məhkəmə-hüquq  sistemində öz əksini tapmalıdır. Ölkəmizdə müasir və şəffaf idarəetmə ilə bağlı uğurlu addımlar atılıb.  Milli Konstitusiyamızın qəbulundan ötən 26 ildə bu ali sənədə 3 dəfə əlavə və dəyişikliklərin edilməsi məqsədilə ümumxalq səsverməsi keçirilib. 2002-ci ildə keçirilən referendumda parlamentə seçkiləri daha da demokratikləşdirmək məqsədilə seçkilərin birmandatlı dairələr üzrə aparılması qaydası müəyyən edildi. Milli Məclisin səlahiyyətləri dəqiqləşdirilərək ona Ombudsmanın seçilməsi, Apelyasiya Məhkəməsinə hakimlərin təyin olunması hüququ verildi. Növbəti iki referendum isə dövlətimizin başçısı İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi son 18 ilə  təsadüf edir. Vətəndaş cəmiyyətinin yaradılmasını, demokratikləşmə prosesinin möhkəmlənməsini Azərbaycanın hərtərəfli inkişafı üçün başlıca şərt kimi önə çəkən cənab İlham Əliyev siyasi və iqtisadi islahatların davam etdirilməsini zamanın tələbi kimi diqqətə çatdırdı: “Əgər biz doğrudan da müasir, güclü ölkə yaratmaq istəyiriksə, bunu etməliyik. Bu işdə həm dövlətin üzərinə böyük vəzifələr düşür, eyni zamanda, Milli Məclisin üzərinə də böyük məsuliyyət düşür. Biz birlikdə buna nail olmalıyıq”.

2009-cu ildə keçirilən referendumla Azərbaycan vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi konstitusion səviyyədə dövlətin ali məqsədi kimi tanındı. 2016-cı ildə keçirilmiş digər referendumla da Konstitusiyamıza insan hüquq və azadlıqları, xüsusilə seçki və ədalətli mühakimə hüquqlarının genişləndirilməsi, sosial, iqtisadi təhlükəsizliyin gücləndirilməsi ilə bağlı əlavə və dəyişikliklər edildi. Əlavə və dəyişikliklərin bir hissəsi isə idarəçilik sistemində təkmilləşməyə xidmət göstərirdi. Bu gün ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanan parlamentin buraxılması üçün Prezidentə səlahiyyətlər də məhz qeyd olunan referenduma çıxarılan əlavə və dəyişikliklərə xalqın dəstəyi əsasında verilmişdi.

Bir-biri ilə zəncirvari bağlı olan bu addımlar  dövlətimizin beynəlxalq standartlara cavab verən hüquq sisteminin formalaşmasında, bütün sahələrdə təkmil qanunvericilik bazasının mövcudluğunda maraqlı olduğunu bir daha təsdiqləyir. Ekspert rəylərində də qeyd olunur ki, müasir dövrdə ictimai münasibətlərin inkişaf tempindən geri qalmayan qanunvericilik sisteminin daim inkişaf etdirilməsi, cəmiyyətin müxtəlif sferalarının sürətli inkişaf dinamizminə cavab verə biləcək əməli idarəçilik mexanizminin formalaşdırılması, idarəçiliyin elmi-texniki tərəqqinin və informasiya-kommunikasiya texnologiyalarının son nailiyyətlərinin tətbiqi ilə yeni forma və metodlarının seçilməsi, habelə İKT sistemlərinin əks təsirindən qorunma zərurəti ilə şərtlənən yeni təhlükəsizlik sistemlərinin yaradılması və inkişaf etdirilməsi qarşıda duran ən mühüm vəzifələrdən birini təşkil edir.

2018-ci ildə ölkəmizdə keçirilən prezident seçkilərindən sonra başlanan islahatlar keyfiyyətcə yeni mərhələnin əsasını qoydu. Yeni, təkmil, beynəlxalq təcrübəyə əsaslanan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf etməkdə olan ölkəyə çevirmək, mövcud problemlərin həlli istiqamətində birgə səylər göstərmək, vətəndaş məmnunluğunu daha da artırmaq, əhalinin sosial rifah halını daha da yaxşılaşdırmaq, sosial dövlət imicinə əlavələr etmək, bir sözlə, daha güclü, qüdrətli, hərtərəfli inkişaf etmiş dövlət qurmaqdır. 2018-ci il prezident seçkilərində yeni hədəflərə doğru «İlhamla irəli» deyən Yeni Azərbaycan Partiyasının  ölkəmizdə geniş vüsət alan islahatların qanunverici orqanda da öz əksini tapması təşəbbüsü onun bütün fəaliyyəti boyu əsas prinsip kimi qəbul etdiyi «güclü dövlət, yüksək rifah» prinsipinin təqdimatı kimi dəyərləndirildi. Yeniləşmə, müasirləşmə, zamanın, dövrün tələblərini yüksək səviyyədə cavablandırmaq inkişaf modeli beynəlxalq səviyyədə təqdir olunan Azərbaycanın dövlət siyasətinin ana xəttini təşkil edir. YAP-ın məlum təşəbbüsü bu istəyin gerçəkləşməsinə dəstək olmaqdan qaynaqlandı.

Ölkənin hərtərəfli inkişafını təmin etmək üçün kompleks tədbirlərin həyata keçirildiyi, bütün sahələri əhatə edən Dövlət proqramlarının uğurlu icrası göz önündədir. Təkcə regionların potensial imkanlarından səmərəli istifadə etmək məqsədilə təsdiqlənən dörd sənədin icrasına diqqət yetirmək kifayətdir. Bu proqramların uğurlu icrası nəticəsində 2 milyondan artıq yeni iş yeri yaradılıb. Yeni iş yerlərinin böyük bir hissəsi regionların payına düşür. Hədəf dövlətin həyata keçirdiyi iqtisadi siyasətə uyğun olaraq qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye müəssisələrinin təşkili və istehsal sahəsində əhalinin məşğulluğunun artırılmasıdır. Kiçik və orta sahibkarlığın inkişafına yönələn addımlar, özünüməşğulluq proqramının uğurlu icrası, ailə təsərrüfatlarına asan dəstəyin göstərilməsi məqsədilə ABAD mərkəzlərinin coğrafiyasının genişləndirilməsi əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönələn addımlar sırasındandır. Dünyaya Azərbaycan brendi kimi səs salan «ASAN xidmət», DOST layihələri uğurla icra edilir. Sosial  xidmətdə şəffaflığın təmin olunması, vətəndaş məmnunluğunun artırılması məqsədilə DOST mərkəzlərinin sayı artmaqdadır. Bu uğurlarımız, davamlı sosial-iqtisadi islahatlar Azərbaycanın yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün ideal məkan kimi qəbul olunmasında, beynəlxalq maliyyə qurumlarının hesabatlarında birinciliyi ələ almasında  əhəmiyyətli rol oynayır.

44 günlük İkinci Qarabağ müharibəsi dövründə, həmçinin dünyanı cənginə alan COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinin gücləndirildiyi zamanlarda belə  əhalinin sosial müdafiəsinin gücləndirilməsi, iqtisadi islahatların dərinləşdirilməsi prioritet olmuşdur. Koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinə başlandığı gündən cənab İlham Əliyevin 19 mart 2020-ci  il tarixli Sərəncamı əsasında 20 fəaliyyət sahəsini, 4 sektoru əhatə edən 10 sosial yardım proqramı həyata keçirilməyə başlandı. Cənab İlham Əliyev bu çağırışı etdi ki, heç bir sosial layihə təxirə salınmamalıdır.

Bu gün Azərbaycan inkişafın yeni mərhələsini yaşayır. İşğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması işləri həyata keçirilir.  Bu torpaqlarımız zəngin iqtisadi potensiala malikdir. Böyük Qayıdışın gersəkləşməsi ilə həmin potensialdan istifadə etməklə dayanıqlı inkişafımız təmin olunacaq.

Təbii ki, ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm uğurlara, yeniliklərə imza atan Yeni Azərbaycan Partiyası bu islahatların həyata keçirilməsinə, hədəflərin gerçəkləşməsinə öz töhfəsini verir. Yeni Azərbaycan Partiyasının 2021-ci il martın 5-də keçirilən VII qurultayında qəbul olunan qərarlar, yeni formalaşan tərkib, ən əsası dövlətimizin başçısı İlham Əliyevin nitqində qarşıdakı dövr üçün nəzərdə tutulan hədəflərin öz əksini tapması  gələcək barədə aydın təsəvvür yaradır. Cənab İlham Əliyev qurultayda bu il müstəqilliyimizin 30 illiyinin qeyd ediləcəyini xüsusi qeyd etdi. Bununla yanaşı, gələn il Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 ili tamam olacaq.

Arxada qalan hər il ölkəmizin həyatında mühüm uğurlarla yadda qalır. Bu gün Azərbaycan uğurlarının ən yüksək zirvəsindədir. Azərbaycan qalib ölkə kimi yeni reallıqların icrası istiqamətində  mühüm addımlar atır. Əsas hədəf bölgədə sabitliyin, təhlükəsizliyin təmin olunması, yeni əməkdaşlıq formatlarının formalaşması, iqtisadi əlaqələrin bərpası məsələsidir. İşğaldan azad edilmiş ərazilərin müasir dövrün tələblərinə uyğun  bərpası üçün  təkmil idarəçilik sistemi qurulub. Həmçinin «ağıllı şəhər» və «ağıllı kənd» layihələrinin icrası prioritetdir. 2022-ci ilin yanvarında bu layihə çərçivəsində ilk kənd -Zəngilan rayonunun Ağalı kəndləri sakinlərini qarşılayacaq. Cənab İlham Əliyev bu hədəfi qarşıya qoyub ki, soydaşlarımız üçün  müasir dövrün tələblərinə cavab verən şərait yaradılmalıdır. 

Bu gün görülən işlər, atılan addımlar bir daha bu reallığa əsas verir ki, dövlətimizin siyasətində əsas yer tutan iqtisadi və siyasi islahatların vəhdətliyinin təmin edilməsi   prioritetdir. Dövlət  başçısı İlham Əliyev daim bu müqayisəni aparır ki, elə ölkələr var ki, onlarda demokratik inkişaf yüksək səviyyədədir, iqtisadi tərəqqidən danışmaq qeyri-mümkündür. Elə ölkələr də var ki, iqtisadi tərəqqi yüksəkdir, amma demokratik inkişaf aşağı səviyyədədir. Azərbaycanda isə bu vəhdət lazımi səviyyədə təmin edilib.

Bu mənada  islahatların   icra, qanunvericilik və məhkəmə-hüquq  sistemində davamlı olaraq  aparılması  qaçılmazdır. 2020-ci ildə bu  çağırışa uyğun olaraq  parlament seçkilərinin keçirilməsi,  yeni parlamentin  formalaşması ilə  dövlət quruculuğu prosesinin yeni mərhələsi başlamışdı.  Zamanın, dövrün tələblərinə uyğun olaraq hazırlanan və qəbul olunan qanunlar ölkəmizin hərtərəfli, modern inkişafını təmin edir. Bircə faktı qeyd etmək kifayətdir ki, Bakının 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyini şərtləndirən əsas amil məhz ölkəmizin innovasiyalara meyilli olmasıdır.  Dünya Bankı tərəfindən açıqlanan «Doing Business» hesabatında Azərbaycan dünyanın  ən islahatçı dövləti siyahısına daxil edilib və ən çox islahat aparan ölkə elan olunub. Hazırda ölkəmizdə idarəetmədə informasiya texnologiyalarının və innovasiyaların tətbiqi genişləndirilir. Struktur islahatlarının iqtisadiyyatın yeni inkişaf məqsədlərinə uyğunlaşdırıldığı, ölkəmizdə yeni innovasiya ekosisteminin yaradıldığı xüsusi qeyd edilir.

Göründüyü kimi, ölkəmizdə həyata keçirilən struktur və kadr islahatları davamlı inkişafa, əhalinin sosial rifahının daha da yaxşılaşdırılmasına xidmət edir.

Son 18 ildə   həyata keçirilən islahat konsepsiyasının hədəfləri ardıcıllıqla  gerçəkləşdirilir, idarəçilik sistemində təkmilləşmə əsasında növbəti dövrün prioritetləri və icra mexanizmləri müəyyənləşdirilir. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»də perspektivlər öz əksini tapıb. İşğaldan azad edilmiş ərazilərimizin yaşıl zonaya çevrilməsi prioritetdir. Cari ilin sonuna doğru atılan bu kimi  mühüm addımlar ölkəmizin möhtəşəm uğurlara imza atacağına böyük əminlik yaradır.

Bütün bu uğurlar  fəaliyyətləri boyu xarici himayədarlarının əlində oyuncağa çevrilən, onların sifarişləri əsasında  hərəkət edən  dövlətin, xalqın maraqlarını şəxsi ambisiyalarına qurban verən ünsürlərin yaxın zamanlarda guya parlamentin və hökumətin buraxılacağı ilə bağlı səsləndirdikləri fikirlərin nə qədər əsassız olduğunu təsdiqləyir. Uğurlardan qürur duymaq, Azərbaycanın davamlı inkişafına dəstək olmaq əvəzinə belə ikrah doğuran fikirləri dövriyyəyə buraxıb ictimai fikri çaşdırmağa cəhd etməyin yalnız bir adı var-Xəyanət. Bu ünsürlər unudurlar ki,  Vətənə xəyanət heç kimə başucalığı gətirmir. Belələri  44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri bizlərə yaşadan Azərbaycan oğullarının Vətən, torpaq sevgisi qarşısında heç olmasa utanc hissi keçirirlərmi, vicdan əzabı çəkirlərmi? «Vətəndən pay olmaz, ömürdən pay olar» deyib  torpaqlarımızın işğaldan azad edilməsində  şəhidlik zirvəsinə ucalan oğulların ruhu heç zaman  bağışlamaz bu ünsürləri. Dövlətin, xalqın maraqlarını arxa plana keçirib uğurlarımıza qara eynəkdən baxan, çirkin niyyətlərini reallaşdırmaq  üçün əsassız iddialarla çıxış edən antimilli ünsürlər  Zəfər sevincimizi yaşadığımız, öz sahibinə qayıdan torpaqlarımızda  həyatın başlandığı indiki zamanda heç olmasa vicdan əzabı çəkərək həqiqətləri olduğu kimi qəbul edib, ölkəmizin qalibiyyəti ilə qürur duysunlar.

Yeganə Əliyeva, «İki sahil»