03 avqust 2021 22:55
2162

"Neftçi" evdə Finlandiya çempionu ilə heç-heçə edib

“Neftçi” 2021/2022 mövsümündə UEFA Avropa Liqasında ilk oyununu keçirib.

“İki sahil” xəbər verir ki, Azərbaycan çempionu “Bakcell Arena”da Finlandiyanın HİK (Helsinki) komandası ilə qarşılaşıb. Şotlandiyadan olan FIFA referisi Uilyam Kollumun idarə etdiyi görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Bu qarşılaşma Azərbaycan klublarının turnirdə 250-ci matçı kimi tarixə düşüb. Hər iki komanda meydana itkilərlə çıxıblar. Meydan sahiblərinin heyətində Namik Ələskərov, Huqo Basto zədəli, Mert Çelik isə cəzalı olduğu üçün görüşü buraxıb. Qonaqlarda isə Markus Halsti və Atomu Tanaka zədə səbəbindən oyunda iştirak etməyiblər.

Matça gəlincə, ilk dəqiqələrdə komandalar bir qədər ehtiyatlı oyuna üstünlük veriblər. Tədricən təşəbbüsü ələ alan flaqman 10-cu dəqiqədə Sabir Buqrinlə rəqib qapısı qarşısında ilk təhlükəli vəziyyəti yaradıb. Lakin belçikalı yarımmüdafiəçinin zərbəsi düz qapıçının üzərinə gedib. Az sonra “Neftçi”nin hücumçusu Harramiz Soareş baxımlı hücumu dəqiq zərbə ilə tamamlaya bilməyib. 17-ci dəqiqədə Bakı klubu ciddi itki ilə üzləşib. Komandanın əsas qapıçısı Aqil Məmmədov zədələnərək, meydanı tərk edib. Onu Kamran İbrahimov əvəzləyib. 22 yaşlı qolkiper 32-ci dəqiqədə “Neftçi”ni real qoldan xilas edib. İbrahimov Lukas Linqmanın cərimə zərbəsindən vurduğu topu gözəl sıçrayışla zərərsizləşdirib. İlk hissənin sonlarına doğru “ağ-qaralar” iki epizodda qola yaxın olublar. Əvvəlcə Xəyal Nəcəfov yaxın məsafədən topu qapıya göndərə bilməyib. Ardınca isə Voislav Stankoviçin künc nöqtəsindən ötürülən topa başla qüvvətli zərbəsində azacıq dəqiqlik çatmayıb. 44-cü dəqiqədə azarkeşlər Vətən müharibəsi ilə bağlı “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndirib, hərbi salam veriblər. Beləliklə, ilk hissədə qapılara top vurulmayıb və komandalar paltardəyişmə otağına qolsuz heç-heçə ilə yollanıblar.

İkinci yarıya daha fəal başlayan “Neftçi” Yusuf Lavalın ifasında iki dəfə hesabı açmağa yaxın olub. Hər iki epizodda nigeriyalı yarımmüdafiəçinin zərbəsi qeyri-dəqiq alınıb. 57-ci dəqiqədə HİK-in heyətində Jairin zərbəsi qüvvətli alınsa da, hədəfə düşməyib. 59-cu dəqiqədə Buqrin baxımlı zərbə ilə “Neftçi” önə çıxarsa da, bakılıların qol sevinci cəmi 2 dəqiqə çəkib. İkinci hissədə meydana daxil olan Roopi Riski tarazlığı bərpa edib. Bundan 4 dəqiqə sonra isə Jair 2-ci topu meydan sahiblərinin qapısından keçirib. Buraxılan qoldan sonra Xəyal Nəcəfovu Fəhmin Muradbəyli ilə əvəzləyən baş məşqçi Samir Abasov sağ cinahda çıxış edən Mamadu Kaneni dayaq yarımmüdafiəçisi mövqeyinə çəkib. 72-ci dəqiqədə Muradbəyli Lavalın sol cinahdan cərimə meydançasına yerlə ötürməsinə zərbə vurmaqda gecikib. 4 dəqiqə sonra isə Buqrinin qüvvətli zərbəsini rəqib qapıçı çətinliklə dəf edə bilib. Az sonra Abasov meydana 2-ci hücumçu – Mirabdulla Abbasovu buraxıb. 80-ci dəqiqədə “Neftçi”nin kapitanı Emin Mahmudov cərimə zərbəsindən vurduğu əla qolla komandasını məğlubiyyətdən xilas edib. Görüşün sonlarında Lavalla qonaqların hücumçusu Filip Valençiç arasında qısamüddətli gərginlik baş verib. Lakin komanda yoldaşları hər iki oyunçunu sakitləşdiriblər. Beləliklə, "Neftçi" ilk oyunda HİK-lə 2:2 hesablı heç-heçəyə razılaşıb.

Qeyd edək ki, komandalar cavab qarşılaşaması avqustuna 12-də Helsinkidə keçiriləcək. Bu cütün qalibi pley-offda Türkiyə "Fənərbağça"sı ilə üz-üzə gələcək. Məğlub komanda isə Konfrans Liqasının pley-offunda “Makkabi” (Hayfa, İsrail) – "HB Torşavn" (Farer adaları) cütünün qalibinə rəqib olacaq.

***

"Neftçi" və Finlandiyanın HİK (Helsinki) komandaları arasında UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda hesab bərabərləşib.

“İki sahil” xəbər verir ki, "ağ-qaralar"ın kapitanı Emin Mahmudov 80-ci dəqiqədə cərimə zərbəsindən gözəl qol vurub - 2:2.

***

“Neftçi” bu gün Avropa Liqasında mübarizəyə start verəcək.

“İki sahil” xəbər verir ki,   Azərbaycan çempionu bu turnirin 3-cü təsnifat mərhələsi çərçivəsində HİK ilə ilk matçına çıxacaq.

Finlandiya təmsilçisi ilə ilk görüş Bakıda baş tutacaq. UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində uduzan bu iki klubun Avroliqadakı mübarizəsində kimin qalib olacağı maraqla gözlənilir.

Xatırladaq ki, “Neftçi” ÇL-in ilk mərhələsində Tiflis “Dinamo”sundan (Gürcüstan) üstün olsa da, sonrakı mərhələdə Yunanıstan “Olimpiakos”u ilə bacarmamışdı. HİK isə startda “Buduçnost” üzərində qələbə qazandığı halda, növbəti mərhələdə İsveç “Malmö”sünə uduzub.

Bu komandalar arasındakı cavab oyunu bir həftə sonra Helsinkidə keçiriləcək.

Avropa Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunu
3 avqust

21:00. Neftçi – HİK
Baş hakim: Uilyam Kollum (Şotlandiya).
Bakı. “Bakcell Arena”.

Oyun başladı

***

İlk hissə qolsun başa çatdı. Komandalar fasiləyə yollanır.

***

İkinci hissə başladı.

***

59-cu dəqiqədə "Neftçi" hesabı açır. Samiq Buqrin möhtəşəm qola imza atır.

***

İki dəqiqə sonra qonaqlar hesabı bərabərləşdirir - 1:1

Oyunda 3-cü qol vurulub.

Qonaqların heyətində bu dəfə Jair fərqlənib. O, 65-ci dəqiqədə hesabı komandasının xeyrinə dəyişib - 2:1.