04 avqust 2021 20:52
1165

Mədəni dəyərlərimizi bazar iqtisadiyyatına kimlər qurban verir?

SOS: Meyxana və replərdə kriminal aləm, narkomaniya, avtoxuliqanlıq, əyyaşlıq açıq mətnlə təbliğ edilir

Bu gün cəmiyyətdə bir ideloji mübarizə gedir. Mübarizənin bir tərəfində milli-mənəvi dəyərlərimizi qoruyanlar, digər tərəfində ona qənim kəsilənlər durur. Həmin ictimai mənzərə əslində belə görünür: ziyalı ilə cahil, əxlaqsız ilə namuslu, peşəkarlarla qeyri- peşəkarlar açıq müstəvidə savaş aparırlar. Təəssüf ki, cəmiyyət  uzun  illər  məhz ikincilərin hərəkətlərinə o qədər loyal yanaşdı ki, onlar da bu münbit şəraitdən istifadə edərək bütün mənəvi dəyərləri ayaqlar altına atmağa imkan tapdılar.

Rusların  atalar sözü var: «Həyasızlıq ikinci xoşbəxtlikdir.» Bu mənada indi şou-biznes adlı ifrat mədəniyyətsizlikdə at oynadanlar istedadlarına deyil, həyasızlıqlarına güvənənlərdir. Bu işdə təbii ki, bəzi telekanallar və mətbuat ziyalının tərəfini çox az tutur. Ona görə ki, orada çalışanların böyük əksəriyyəti qeyri-peşəkarlardır. Maneken, baytar, diş həkimi, müğənni, aktyor, sürücü, tibb bacısı və sair...

Bax belədir, bəzi telekanallarımızın kadr ehtiyatları. Əslində, peşəkar jurnalistlərin qəniminə çevrilmiş telekanallardan ziyalı mövqeyi, intellektual verilişlər  gözləmək də mümkün deyil. Əvəzində efirlərdə  küçə əxlaqı tüğyan edir. Həmin əxlaqı aşılayanlar anlasınlar ki, bu bir bumeranqdır. Hədəfə çatmayanda özlərinə qayıdıb dəyəcək.

İndi Azərbaycan cəmiyyətinin məhz kütlənin səviyyəsini yüksəldən  mətbuata və televiziyalara ehtiyacı daha çoxdur. Ona görə ki, bizim Ermənistan kimi qəvi düşmənimiz var və biz daha güclənməliyik, qüdrətli ölkəyə çevrilməliyik. Bunun yolu  isə  təbii ki, elmdən, yüksək təhsildən, ziyalı cəmiyyətdən keçir. Böyük qüsurdur ki, indi ölkə televiziyalarında şou-verilişlər maarifləndirici və intellektual verilişləri birəbeş nisbətdə üstələyib.  

Məşhur bir ifadə var- «Herostat şöhrəti». Qədim dövrlərdə bir qul məşhurlaşmaq və hamının diqqətini cəlb etmək üçün məşhur məbədi yandırır. İndi televiziya kanallarımız çox vaxt tamaşaçının diqqətni cəlb etmək üçün, cəmiyyətin qəbul etmədiy davranışlara intellektual verilişlərdən daha çox önəm verirlər. Ən dəhşətlisi isə odur ki,  son illərdə sosial şəbəkələrdə yayımlanan   meyxana və replərdə kriminal aləm, narkomaniya, avtoxuliqanlıq, əyyaşlıq açıq mətnlə təbliq edilir. Gənclərin avtomobillərdə ən çox oxutduqları meyxanaların mətniniə diqqət yetirin: «İynə vururam, zırranıram, kayf tuturam qəşəng- qəşəng»   

Və yaxud: «Tı druq ya druq, mı krimnalnıy kruq» meyxansında əsl kriminal aləm təbliğ edilməklə bərabər,  ədəbsiz  ifadələr, güllə səsləri və sair. Həmçinin Azərbaycan qadınlarına yönəlik aşağılayıcı meyxanalar: «Şəhər partlayır- qızlar gəzir onnan-bunnan, qız axtarırsan bulvarda tonnan». Avtoxuliqanlığı təbliq edən onlarla meyxana var ki, hələ də artmaqda davam edir.  Təbii ki, bu meyxana və replər xüsusi studiyalarda yazılırsa məsuliyyəti onlar da daşıyırlar. Ona görə ki, belə əxlaqsız və cinayətə meyilli meyxana və replərin meydana çıxmasında bilavasitə onların da günahı vardır.

Başqa  bir  nümunə. Hansısa  xarici  şirkət  öz  məhsulunun  reklamı üçün  «Süfrə»  verilişi  açır  və  efirə  əli  xəmirli, yaxası döşlüklü  Azərbaycan  kişilərini  dəvət  edirlər. Burada  xüsusi  məqsədlər müşahidə olunur və əli silaha öyrənməli kişilərimiz mətbəxə öyrədilir. Həmçinin cəmiyyətin düşündürücü mövzusu olan ailə haqqında  xüsusi veriliş yaradırlar. Ən təəccüblüsü isə odur ki, həmin verilişdə ailəsi olmayan və yaxud cəmiyyətdə mənfi  imici ilə tanınanlar  aparıcılıq edərək insanlara  ailə-əxlaq  dərsi keçirlər.

Bu bir həqiqətdir ki,  Azərbaycanın dilini, tarixini, milli- mənəvi dəyərlərini, əxlaqını qoruyan və onu zənginləşdirən məhz sözün həqiqi mənasında jurnalistlər olublar. Amma bu tendensiya indi zəif hiss olunur. Biz bu fikirlərimizlə iddia etmirik ki, qloballaşmanın və müasirliyin əleyhinəyik. Biz deyirik ki, qloballaşma təhsilin yuksəlməsi, ziyalı cəmiyyətin qurulması ilə təmin edilməlidir. Bu işdə KİV-in fəaliyyətini düzgün istiqamətləndirmək bir həyat məsələsidir. Əks halda, cəmiyyətdə nümunə göstəriləsi insanlarımız ziyalılar yox, ziyanlılar olacaqlar.

Milli-mənəvi dəyərlərimizin qorunması Prezident İlham Əliyevin də həmişə diqqətdə saxladığı məsələdir. Dövlət başçısı həqiqi ziyalıların, istedadlı insanların qayğısına qalmaqla bərabər, onların  hörmət və nüfuzunun artması istiqamətində real addımlar atıb. Xüsusən, bildirib ki, biz mədəniyyətimizi və mənəvi dəyərlərimizi bazar iqtisadiyyatına qurban verməyəcəyik. Təbii ki, bizlər də bu işdə Prezidentə dəstək olmalıyıq.

Elçin Zaman, «İki sahil»