08 avqust 2021 12:01
3049

Gəncədə gənc əsgərlərin andiçmə mərasimi keçirilib

Avqustun 8-də Müdafiə Nazirliyinin Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
"İki sahil" xəbər verir ki, AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimdə ənənəyə uyğun olaraq əvvəlcə döyüş bayrağı meydana gətirilərək, Azərbaycanın Dövlət Himni səsləndirilib. Vətən müharibəsi zamanı hərbi hissədən şəhid olmuş hərbi qulluqçuların adları oxunub.
Azərbaycan xalqının ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad olunub.
Sonra gənc əsgərlər hərbi andı qəbul ediblər.
Çıxış edənlər gənc əsgərlərə nümunəvi olmağı, silah və texnikanın sirlərinə dərindən yiyələnərək döyüş qabiliyyətlərini daim artırmağı, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirməyi tövsiyə edib, xoş arzularını çatdırıblar.
Hərbi hissənin zabiti kapitan İsrafil Muxtarov AZƏRTAC-a müsahibəsində bildirib ki, karantin qaydalarının tələblərinə əməl olunaraq bu il valideynlərin gənc əsgərlərlə görüşü ənənəvi qaydadan fərqli şəkildə - videoformatda keçiriləcək. “Yeni əsgərlərin ordu sıralarına daxil olması münasibətilə hər birimizi təbrik edirəm, valideynlərin gözləri aydın olsun. Pandemiya səbəbindən valideynlərin əsgərlərlə görüşü baş tutmadı. Biz də əsgərlərin xahiş və təkliflərini nəzərə alaraq bu görüşləri videoformatda keçirməyi planlaşdırmışıq. Çalışacağıq ki, gün ərzində bütün əsgərlər valideynləri ilə əlaqə saxlaya bilsinlər”, - deyə İ. Muxtarov söyləyib.
Gənc əsgər Səbuhi Quliyev Vətənə şərəf və ləyaqətlə xidmət edəcəyini, hərbi andı qəbul etdiyinə görə qürur duyduğunu deyib. O bildirib: “Bu gün əsgər olduğum üçün fəxr edirəm. Bütün əsgər yoldaşlarımı bu münasibətlə təbrik edirəm. Hər birimiz Ali Baş Komandanın dəmir yumruğu ətrafında sıx birləşmişik. Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan Ordusu!”.
Sonda Vətənə sadiqlik andı içən gənc əsgərlər nizami addımlarla tribuna qarşısından keçiblər.
Rəsmi mərasim başa çatdıqdan sonra şəxsi heyət üçün konsert proqramı təşkil olunub.