30 avqust 2021 20:06
1662

Gənclərin inkişafına yönəlmiş layihələrin reallaşdırılmasını planlaşdırırıq- Bəxtiyar İslamov

YAP Gənclər Birliyi olaraq əsas yanaşmamız sadəcə üzvümüz olan gənclərin yox, bütün Azərbaycan gəncliyinin birliyinə nail olmaq, onlarla kommunikasiya qurmaq, fəaliyyətlərimizdə iştiraklarını təmin etməkdir

Müsahibimiz Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Bəxtiyar İslamovdur

- Bəxtiyar müəllim, necə bilirsiniz, bəlkə müsahibəmizə ilk olaraq özünüz haqqında təqdimatla başlayaq?

- Məmnuniyyətlə. 1995-ci ildə Bakı şəhərində anadan olmuşam. Orta təhsilimi bitirdikdən sonra ADA Universitetinə qəbul olundum və bakalavr təhsilimi orada aldım. O dövrdə beynəlxalq mübadilə proqramı vasitəsi ilə Macarıstanın Corvinus Universitetində təhsil almaq imkanı qazandım. Daha sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyinin xətti ilə Çin Xalq Respublikasında “UIBE Business School”da  Beynəlxalq menecment üzrə magistr təhsilinə yiyələndim. Daha sonra Koreya Respublikasında Koreya Universitetində Rəqəmsal innovasiyalar üzrə ixtisas proqramında təhsil almışam.

Əmək fəaliyyətimə 2014-cü ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində təcrübəçi kimi başlamışam. Daha sonra yeni formalaşmaq mərhələsində olan “ASAN Könüllüləri” hərəkatına qoşuldum. Təşkilatın daxilində bir sıra istiqamətlər üzrə fəaliyyət göstərdikdən sonra 2016-ci ildə keçirilən seçkilərlə “ASAN Könüllüləri” Təşkilatının İdarə Heyətinin üzvü və sədri seçildim. Hal-hazırda da İdarə Heyətinin üzvüyəm. Bundan əlavə, Bakıda keçirilən Birinci Avropa Oyunlarının Əməliyyat Komitəsində çalışmışam. 2017-2018-ci illərdə Azərbaycan Respublikası prezidenti seçkilərində cənab İlham Əliyevin təbliğat-təşviqat proqramlarından olan “SƏNİNLƏ” proqramının rəhbəri olmuşam. Ölkə xaricində təhsilimi bitirib geri döndükdən sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Rəqəmsal innovasiyalar və elektron hökumət şöbəsində əmək fəaliyyətimi davam etdirdim. Eyni zamanda, UNESCO-nun “İnformasiya hamı üçün” proqramının, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Açıq Hökumətin təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın “ağıllı şəhər” konsepsiyası altbəndi üzrə işçi qrupunun üzvü kimi fəaliyyət göstərmişəm.

2021-ci ilin 11 mart tarixində Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin təqdimatı əsasında YAP Gənclər Birliyinin sədri təyin olmuşam.

- YAP Gənclər Birliyinin fəaliyyət prioritetləri hansılardır?

- YAP Gənclər Birliyinin fəaliyyət priroritetləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin partiyamızın və Azərbaycan gəncliyinin qarşısına qoyduğu hədəflər və tapşırıqlar əsasında formalaşır. Cənab Prezidentin Yeni Azərbaycan Partiyasının VII qurultayında çıxışı zamanı toxunduğu vacib məsələlər, Azərbaycan gəncliyi ilə bağlı səsləndirdiyi fikirlər bu prioritetlərin əsas özəyini təşkil edir.

Bildiyiniz kimi, 2021-ci ilin mart ayında YAP Gənclər Birliyinin tərkibi yenidən formalaşdırıldı. Yeni formalaşan heyətimiz ilə birlikdə fəaliyyətimizin daha çevik, yenilikçi mexanizmlərə əsaslanmış təşkili üçün işlərə başladıq. Hal-hazırda da bu proseslər davam etdirilir. İlk növbədə qeyd etməliyəm ki, YAP Gənclər Birliyi olaraq fəaliyyətimizə əsas yanaşmamız sadəcə üzvümüz olan gənclərin yox, bütün Azərbaycan gəncliyinin birliyinə nail olmaqdır. Fərqi yoxdur həmin gənc partiyamızın sıralarında təmsil olunur ya olunmur, onunla kommunikasiya qurmaq, fəaliyyətlərimizdə iştirakını təmin etmək bizim üçün öz üzvlərimizlə olan işlərimiz qədər vacibdir.

Cənab Prezidentin gənclərimizlə bağlı səsləndirdiyi digər vacib bir fikir də vardır ki, bu, gənclərimizin müasir dövrün yeniliklərinə bələd, savadlı, dünyagörüşlü, eyni zamanda, öz tarixi-milli kökünə bağlı şəkildə formalaşdırılmasıdır. Bu da YAP Gənclər Birliyi olaraq fəaliyyət prioritetlərimizin əsas özəklərindən birini təşkil edir. Belə ki, Azərbaycan gəncinin öz keçmişinə, ölkəsinə bağlı, vətənpərvər, dövlətçilik ənənələrinə sadiq, o cümlədən innovativ, yenilikçi yanaşmalara, dünyada baş verən rəqəmsal dəyişikliklərə reaksiya verə biləcək savadda və təhsildə formalaşması üçün fəaliyyətlər həyata keçirməyi hədəfləyirik. Əlbəttə ki, bütün bu proseslərin həyata keçirilməsində biz bütün dünyanın hal-hazırda mübarizə apardığı COVID-19 pandemiyasını da nəzərə almalı oluruq. Mövcud məhdudiyyətlər bizi fəaliyyətlərimizi daha məhdud auditoriyalar ilə keçirməyə sövq edir. Ümid edirəm ki, tezliklə bütün dünya, o cümlədən ölkəmiz bu xəstəlikdən xilas olacaq və biz də fəaliyyətlərimizi normal çərçivədə həyata keçirməyə davam edəcəyik.

- Bildiyimiz kimi, gənclərlə fəal iş aparmaq YAP-ın əsas fəaliyyət istiqamətlərindən birini təşkil edir. Cari ildə partiyanın Gənclər Birliyi bu yöndə nə kimi tədbirlərin həyata keçirilməsini nəzərdə tutub?

- Gənclərlə işimizi sistemli və dayanıqlı qurmaq üçün yeni formalaşan komandamız ilə bir sıra addımlar atmışıq. İlk olaraq YAP Gənclər Birliyinin tərkibində 5 prioritet istiqamət üzrə komitələr formalaşdırılıb. Bu komitələrin hər birinin yaxın və orta dövr üçün fəaliyyət planları hazırlanıb və təsdiqlənib. Planlarımız yaşadığı bölgədən, şəhərdən asılı olmayaraq bütün gənclərimizlə sistemli əlaqələrin qurulması, onların fərdi inkişafına yönəlik təşəbbüslərin sayının artırılması, müasir və innovativ yenilikləri özündə ehtiva edən proqramların həyata keçirilməsi, ümumilikdə gənclərimizin inkişafına yönəlmiş layihələrin reallaşdırılmasıdır.

- İstərdik ki, YAP Gənclər Birliyinin “Davamlı İnkişaf Məktəbi” layihəsi haqqında məlumat verəsiniz?

- “Davamlı İnkişaf Məktəbi” layihəsi YAP Gənclər Birliyi tərəfindən yeni hazırlanmış proqramdır. Bu il ilk dəfə olaraq keçirilən layihənin 1-cisi ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilib. 3 ay davam edən layihə çərçivəsində gənclərə ictimai-siyasi, sosial-iqtisadi, milli-mədəni, o cümlədən dövlət idarəçiliyi sahələrində nəzəri və praktiki modullar əsasında seminarlar keçirilir, gənclərin natiqlik və polemik bacarıqlarının inkişaf etdirilməsi üçün debat proqramı təşkil olunur, analitik düşüncə qabiliyyətlərinin artırılması üçün araşdırma işləri həyata keçirilir. Ümumilikdə layihəyə qısa müddət ərzində 500-dən çox gənc müraciət etmiş, onlardan 146 nəfər seçilərək müsahibə mərhələsinə dəvət olunmuş və yekunda 34 gənc layihədə iştirak etmək şansı qazanmışdır. Layihənin digər bir özəlliyi də ondan ibarətdir ki, iştirakçıların 50%-i tamamilə bitərəf gənclər içərisindən seçilmişdir. Artıq layihənin son mərhələləri həyata keçirilir və biz tezliklə “Davamlı İnkişaf Məktəbi”nin ilk iştirakçılarını məzun edəcəyik.

- Partiyanın Gənclər Birliyi tərəfindən şəhid ailələrinə və qazilərə nə kimi diqqət, qayğı göstərilir?

- Şəhid ailələri və qazilərimiz ölkəmizdəki dövlət siyasətinin ən həssas və mərkəzi fəaliyyətini təşkil edir. Cənab Prezident tərəfindən bu istiqamətdə verilən müvafiq tapşırıqlar, aidiyyəti qurumlar tərəfindən atılan addımlar hər kəsə məlumdur. Şəhid və qazi qardaşlarımız 30 illik həsrətimizin sona çatmasında, tarixi ədalətin bərpasında müstəsna rol oynamış qəhrəmanlarımızdır. Yeni Azərbaycan Partiyasının gənc fəalları da Azərbaycanın hər bir bölgəsində şəhidlərimizin adını yaşatmaq üçün daim fəaliyyətdədirlər. Bu istiqamətdə bütün rayon və şəhərlərimizdə müvafiq tədbirlər, anım günləri, dəstək təşəbbüsləri həyata keçirilir.

- YAP Gənclər Birliyinin beynəlxalq əlaqələri ilə bağlı məlumat verməyinizi xahiş edirik? 

- Yeni formalaşan heyətimiz ilə əsas hədəflərimizdən biri də sağlam, dayanıqlı beynəlxalq kommunikasiyaların qurulmasıdır. Bu istiqamətdə xüsusi fəaliyyət planımız da var. Artıq müəyyən əlaqələrin qurulmasına da nail olmuşuq. Belə ki, qardaş Türkiyənin hakim partiyasi AK Partiyanın Gənclik Qolları ilə ikitərəfli, sıx münasibətlər qurulub. Yeni Azərbaycan Partiyasının Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri cənab Tahir Budaqovun rəhbərliyi altında iyun ayında Türkiyəyə baş tutan ilk səfərimiz bu əlaqələrin qurulmasının əsas məqamı oldu. Bundan sonra AK Partiyanın nümayəndə heyətini də ölkəmizdə qəbul etdik. Təbii olaraq rəsmi səfərlərdən kənar da ikitərəfli təmaslar mövcuddur və tezliklə birgə işlərə imza atmağı planlayırıq. Birgə planlarımızın əsas istiqamətlərindən biri də dünyada yaşayan Azərbaycan-Türkiyə gənclərinin ortaq fəaliyyətlərinin qurulması, bu istiqamətdə işlərin görülməsidir.

Bundan əlavə, Ukrayna Prezidenti Vladimir Zelenskinin lideri olduğu “Xalqın Xidmətçisi” Partiyasının gənclər təşkilatı olan “Ze! Molodizhka” ilə də əlaqələrimiz qurulub, müzakirələr aparılıb. Onlar yeni formalaşdıqları üçün bizim təcrübəmizdən yararlanmağa xüsusi maraq da göstərirlər. Yaxın zamanlarda daha sıx əlaqələr formalaşdırmaq üçün qarşılıqlı addımlar atmağı planlayırıq.

Təbii ki, bir sıra başqa ölkələrlə də yeni əlaqələrin qurulması, beynəlxalq səviyyəli layihələrin icrasını planlaşdırırıq. Bütün bu məsələlərdə əsas hədəfimiz ümummilli maraqlarımızın qorunması, Azərbaycan reallıqlarının dünyaya tanıdılması istiqamətində işlər görməkdir.

- Dövlətimizin həyata keçirdiyi gənclər siyasəti haqqında fikirlərinizi bilmək istərdik.

- Uzun illərdir gənclərlə işləyən, beynəlxalq platforma və tədbirlərdə ölkəmizi dəfələrlə təmsil etmiş və xaricdə təhsil almış bir gənc olaraq əminliklə deyə bilərəm ki, Azərbaycanda gənclərin hərtərəfli inkişafı üçün mövcud imkanlar, qurumlar və fəaliyyətlər dünyanın heç bir ölkəsində yoxdur. Dövlətimiz tərəfindən həyata keçirilən gənclər siyasəti uzun illərdir ki, Azərbaycan gəncinin fərdi inkişafı, peşəkar kadr kimi formalaşması, real təcrübəyə, dünyagörüşünə yiyələnməsi və müasir, savadlı, vətənpərvər bir gənc olaraq formalaşması üçün hər cür imkanları yaradır. Burada digər vacib bir məqam da gənclərimizin bu fəaliyyətlərdən, imkanlardan yararlanması üçün həvəs göstərmələridir. Bu həvəs də olduqdan sonra Azərbaycan gəncinin qarşısında özünü doğrultmaq, uğur qazanmaq üçün heç bir maneə mövcud deyil.

- Vətən müharibəsində Qələbənin əldə edilməsində gənclərimizin rolunu necə qiymətləndirirsiniz?

- Azərbaycan gəncliyi 44 günlük Vətən müharibəsində öz kimliyini tam açıq şəkildə ortaya qoydu. Ali Baş Komandanın rəhbərliyi altında mütləq əksəriyyəti gənclərdən formalaşmış Azərbaycan Ordusu 44 gündə düşməni darmadağın etdi və biz tarixi torpaqlarımıza yenidən qovuşduq. Təsadüfi deyil ki, cənab Prezident də öz çıxışlarında bu gəncliyin onun dövründə formalaşmış, Qarabağı heç vaxt görməyən gənclər olduğunu vurğulamışdı. Bu, bir daha onu göstərir ki, müstəqillik dövründə dünyaya göz açmış, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə formalaşmış bu gənclər əsl vətənpərvər, öz millətinə, dövlətinə və ölkəsinə qəlbi ilə, canı ilə bağlı gənclərdir. Torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda canından keçmiş hər bir şəhidimizə Allahdan rəhmət diləyirəm. Qazi qardaşlarımıza da sağlam bir ömür arzu edirəm.

- Peşəkar karyeranın qurulmasında gənclərə nə kimi tövsiyələr verərdiniz?

- Peşəkar karyeranın qurulmasında planlama və hazırlıq bu gün heç vaxt olmadığı qədər daha vacibdir. Biz hər gün yeni texnoloji inqilabın, innovasiyanın həyatımıza gətirdiyi reallıqları hiss edirik. Rəqəmsallaşma, innovasiyaların özü ilə gətirdiyi yeni çağırışlar sözsüz ki, ən çox peşə sahələrinə təsir edir. Bizim vərdiş etdiyimiz ənənəvi peşə sahələrinə tələbat hər keçən gün özünü yeni yaranan sahələrdə göstərir. Mövcud peşələrdə tələb olunan praktiki bacarıqlar yenilənir. Buna görə də 2021-ci ildə hansı sahədə peşəkar fəaliyyət quracağımızı, hansı sahənin mütəxəssisi olmağımızı daha əvvəldən planlamağınız zərurətə çevrilib. Mütləqdir ki, gənclərimiz seçdikləri sahənin sadəcə nəzəri tərəflərini öyrənməklə qalmasınlar. Rəqəmsallaşma, innovativ trendlər, süni intellekt, emosional zəka və saya biləcəyimiz digər bir çox sahələrdə baş verən yenilikləri daim izləmək, bu sahələrin seçdiyimiz sahədə onların rolunu öyrənmək və bu bacarıqlara yiyələnmək lazımdır. Savadlı, dünyagörüşlü, müasir dövrün çağırışlarına bələd gənclər öz karyeralarında da uğurlu ola biləcəklər. Unutmaq lazım deyil ki, bu proses daimidir. Biz daim öz üzərimizdə daha çox işləməliyik, bildiklərimizlə kifayətlənməli deyilik. Yalnız bu halda karyeramızdakı peşəkarlığımız daimi ola bilər. Bir məqamı isə mütləq xatırlamaq lazımdır: Seçdiyimiz peşə sahəmizdən, karyeramızdan asılı olmayaraq daim Azərbaycan maraqlarını, ölkəmizi, dövlətimizi ən birinci düşünməli, hər bir addımı ilk olaraq Azərbaycan üçün atmalıyıq. Bu gün bizim dövlətimiz və xalqımız qarşısında ən birinci borcumuz daha güclü Azərbaycan üçün çalışmaq, onun müstəqilliyinin daim qorunub saxlanmasına xidmət etməkdir.

Cavid Əkbərov, “İki sahil”