Qadın və qızların hüquqları bütün insan hüquqları və fundamental azadlıqların ayrılmaz hissəsidir.
“İki sahil” xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Nyu-Yorkda keçirilən BMT-nin Qadınların Statusu üzrə Komissiyasının 70-ci sessiyasının ümumi müzakirələri çərçivəsində Türk Dövlətləri Təşkilatı adından bəyanatla çıxış edərkən deyib.
Sessiyanın əsas mövzusu olan qadın və qızların ədalətə çıxış imkanlarının genişləndirilməsi məsələsinə toxunan komitə sədri qeyd edib ki, bu istiqamətdə görülən tədbirlər qadınların hüquqlarının tam reallaşdırılması, onların səlahiyyətləndirilməsi və gender bərabərliyinin təşviqi üçün mühüm əhəmiyyət daşıyır. Həmçinin bu sahədə əldə olunan irəliləyiş “Davamlı İnkişaf üzrə 2030” Gündəliyi çərçivəsində qarşıya qoyulan məqsədlərin həyata keçirilməsinə də töhfə verir.
Çıxışda ailənin cəmiyyətin əsas və təməl institutu kimi rolu xüsusi qeyd olunub. Bildirib ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi sənədinə uyğun olaraq ailənin qorunması, möhkəmləndirilməsi və inkişafı qadınların hüquqlarının təmin edilməsində mühüm rol oynayır.
B.Muradova, həmçinin qadın və qızların sosial-iqtisadi inkişafda bərabər iştirakını təmin etmək üçün zəruri şəraitin yaradılmasının vacibliyini vurğulayıb. Bəyanatda erkən və məcburi nikahlar, təhsil və məşğulluq imkanları, eləcə də xüsusilə kənd yerlərində yaşayan qadın və qızların reproduktiv sağlamlıq xidmətlərinə çıxışındakı maneələrin aradan qaldırılmasının əhəmiyyəti qeyd olunub.