31 avqust 2021 21:14
7643

Vətən qəhrəmanları, biz sizi unutmadıq...

Qəhrəmanlar can verir
Yurdu yaşatmaq üçün…

(Hüseyin Nihal Atsız)

Bəzən deyirlər ki, tarixi  şərait qəhrəmanları yaradır, bəzən də  qəhrəmanların  tarix yazdığını  söyləyirlər. Əslində  qəhrəmanlıq  şər qüvvələrin üzərinə getməkdir.  Mərdlik, qorxmazlıq, Vətənə sədaqət hissi qəhrəman adamları birləşdirən  ortaq cəhətlərdir. Fransız maarifçilərinin ən görkəmli nümayəndəsi  Fransua Volterin təbirincə  desək, əsl qəhrəmanlıq fəlakət zamanı üzə çıxır.

Tarix boyu Azərbaycanın  mərd, cəsur oğulları  ölümün gözünə qorxmadan dik baxıblar.  44 günlük Vətən müharibəsində Azərbaycanın  ərazi bütövlüyü  uğrunda  ölüm-dirim savaşı apararaq  canından keçən  Milli Ordumuzun  dağ cüssəli qəhrəman əsgər və zabitlərinin hər birinin  xatirəsi  bizə əzizdir. Xətai rayonunun ilk şəhidi kapitan Ceyhun Aydın oğlu Həsənov da  Vətən Müharibəsi Qəhrəmanı adına layiq  görülən  83 döyüşçümüzün cərgəsindədir.

 Ceyhun  Həsənov 1985-ci il oktyabrın 29-da Tovuz rayonunun Çeşməli kəndində  dünyaya göz açmışdı.  Hələ uşaqkən ailəsi Bakıya köçmüşdü. Xətai rayonunda şəhid Ədalət Abbasov adına 257 nömrəli tam orta məktəbdə  təhsil almışdı.  Ceyhun yeniyetmə çağlarından Vətənə xidmət yolunu tutmuşdu, Qarabağı  azad  elmək  arzusu ilə boya-başa çatmışdı.  Əvvəlcə  o,  C. Naxçıvanski adına hərbi liseyi bitirmişdi, sonra Bakı  Ali  Birləşmiş Komandirlər məktəbində təhsil almışdı. Təhsilini davam etdirmək üçün Bakı Ali Birləşmiş Komandirlər Məktəbində zabit ixtisası kursuna göndərilmişdir. Hərbi sirlərə dərindən bələd olduqdan sonra  2009-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən “N” saylı hərbi hissəsində, Culfa, Şahbuz, Ordubad, Qıvraq, Şərur və Sədərəkdə ön xətdə hərbi vəzifəsini yerinə yetirərək  Vətənə 10  il qüsursuz  xidmət etmişdir. 21 oktyabr 2019-cu ildən Beyləqandakı “N” saylı hərbi hissədə xidmət edirdi.

Onu da qeyd edək  ki, Ceyhunun dayısı Məstan Novruzov 90-cı illərdə Qarabağ  uğrunda döyüşdə həlak olmuşdu. Hazırda Tovuzun Çeşməli tam orta məktəbi  şəhid Məstan Novruzovun adını daşıyır. Məktəbin qarşısında şəhidin xatirəsinə abidə ucaldılmışdır.

Ceyhun Həsənovun daha iki  yaxın qohumu Qarabağ uğrunda döyüşlərdə şəhid olmuşdular.  Doğma Vətəni bütün varlığı ilə sevən kapitan Ceyhun Həsənov  da  Vətən müharibəsi  ərəfəsindədə   hərbi xidmətini ön cəbhədə davam etdirirdi. Əkiz övladları Cahid və Cavidanın  avqustun 6-da bir yaşlarını yenicə qeyd edib, qulluq etdiyi hərbi hissəyə dönmüşdü.

BMP komandiri  olan Ceyhunun şəxsi heyətində 80-ə yaxın canlı qüvvə var idi.  27 sentyabr 2020-ci ildə qəhrəman zabitimiz öz şəxsi heyəti, 7 BMP, 4 tank, bir neçə başqa texnika ilə döyüşlərə qatılaraq Füzuli və Cəbrayıl istiqamətində  düşmənin birinci eşolonunun zərərsizləşdirilməsində, strateji  mövqelərin azad olunmasında və  yaralı döyüşçülərimizin təhlükəli ərazidən təxliyəsində  şücayət göstərib.  Elə həmin gündə   canı qədər  sevdiyi  müqəddəs  Vətən torpaqlarının  azadlığı  uğrunda  qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Xətai rayonun ictimaiyyətinin nümayəndələri, sadə vətəndaşlar və Müdafiə Nazirliyinin təmsilçiləri  şəhidin üçrəngli bayrağımıza  bürünmüş cənazəsini   Azərbaycanın Milli Qəhrəmanı, general  - mayor  Polad  Həşimovun  uyuduğu II Fəxri xiyabanda son mənzilə yola saldılar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən,  kapitan  Ceyhun Həsənov  ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

  Xətai rayonunun Gəncə prospektində yaşadığı binanın həyətində xatirə lövhəsinin quraşdırılması da qəhrəman zabitimizə verilən yüksək qiymətin bariz nümunəsidir. Qəhrəman döyüşçünün atası Aydın Həsənov xatirə lövhəsinin açılış mərasimində şəhid ailələrinə diqqət və qayğısına görə Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını ifadə edərək bildirib ki, indi Ceyhun tək bizim  ailənin deyil, bütün Vətənin  övladıdır.”

Vətən Müharibəsi Qəhrəmanı, “İgidliyə görə”,  “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş qazi, polkovnik Nizami Mövlanov qeyd edib ki, təhsil aldıqları liseyin 17 nəfər məzunu Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüşdür. “Həmin məzunlardan biri də xüsusi qəhrəmanlıqlar göstərmiş kapitan  Ceyhun Həsənovdur.”

Şəhid kapitan Ceyhun Həsənovun həyat yoldaşı Rəvanə Həsənova bildirib ki, həyat yoldaşının qisasının alınması onu qürurlandırır: "Mən əminliklə deyə bilərəm, onun əkiz oğlanları Cahid və Cavidan atasının adına layiq böyüyəcəklər . Övladlarıma gələcəkdə həm atalarının, həm də ordumuzun şücaətindən danışacağam. Mən fəxr edirəm ki, kapitan Ceyhun Həsənovun xanımı, o cümlədən gələcəyin iki əsgərinin anasıyam.  Biz Ali Baş Komandanımızla, Vətənimizlə, şəhidlərimizlə, Ceyhunla fəxr edirik"..

Şəhidin anası Səmayə xanım deyib ki, Ceyhun həmişə öncə Vətən, sonra Ana deyərdi. Qəhrəmanın  anası  xatirə  lövhəsinin açılış mərasimində  Ali Baş Komandana müraciət edərək  dedi: “Sizin sərəncamlarınızla Ceyhun ən yüksək fəxri adla və beş medalla təltif olunub. O, bu haqqı qazanmaq üçün cəmi bir neçə saat döyüşüb, öz qanı bahasına ön xətti yarıb və qəhrəman olub... Döyüşlərdə sizin başlatdığınız “Dəmir yumruq” əməliyyatının dəmir biləkli fədakarlarından olub.Mən istəyirəm ki, Qarabağın yolunu açan mənim yeganə oğlumun evi ziyarətgaha çevrilsin, xatirəsi daim uca tutulsun.”

Bacısı Xatirə xanım çıxışında qeyd edbi ki,  Füzuli döyüşlərinin necə ağır olduğu hamıya məlumdur. “Ceyhun məhz belə ağır döyüşün qəhrəmanıdır. O, cəmi bir günlük döyüşü ilə bir neçə düşmən postunu darmadağın edib. Qardaşımın əsl döyüşçü, əsgərlərinin sevimli komandiri olan bir zabit olduğunu nəzərə alaraq onun muzeyinin yaradılmasını xahiş edirik. Həmçinin adına məktəb və küçə olmasını istəyirik. Orta məktəb dərsliklərində Ceyhunun da döyüş yolunun şagirdlərə mənimsədilməsini arzulayırıq”. 

Mərasimdə  şəhid Ceyhun Həsənovun məzun olduğu Xətai rayon Ədalət Abbasov adına 257 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, şəhidin ibtidai sinif müəllimi Nəzakət xanım şagirdi haqqında xatirələrini bölüşüb. Bəli,  biz  qəhrəmanlarımızı heç zaman unutmayacağıq. Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələrini yaşatmaq, adlarını əbədiləşdirmək  bizim nəsillərin vətəndaşlıq borcudur. “Sevərək yaşayanlar, sevilərək ölənlər”in  adları, xatirələri yaddaşlarda əbədi yaşayacaq!

Nurəddin Muğanlı, “İki sahil”