28 iyun 2025 17:05
143

Gürcüstanda azərbaycandilli məktəblərin müəllimlərinin II Qurultayı keçirilib

İyunun 28-də Tbilisidə Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərin müəllimlərinin II Qurultayı keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə birinci qurultaydan keçən dövrdə görülən işlər, qazanılan uğurlar və qarşıda duran vəzifələr müzakirə olunub.

Qurultayın sədri, "Maarif" təşkilatının direktoru, iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva hesabatla çıxış edib. O, Azərbaycan dilli məktəblərdə tədrisin vəziyyəti, ikidilli təhsil sisteminin təkmilləşdirilməsi və müəllimlərin peşəkar inkişafı istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

Bildirib ki, 2023-cü ildə keçirilmiş ilk qurultaydan sonra azərbaycandilli məktəblərin müəllimlərinin qarşılaşdığı bir sıra problemlərin həlli istiqamətində mühüm addımlar atılıb, müəyyən uğurlar qazanılıb.

Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Cavid Məhərrəmov çıxış edərək bildirib ki, bu cür tədbirlər təhsilə, gənclərin inkişafına təkan verir.

Azərbaycan dövlətinin Gürcüstandan yaşayan soydaşlarımıza daim dəstək verdiyini, diqqət və qayğı göstərdiyini vurğulayan C.Məhərrəmov deyib: “Azərbaycan dövləti Gürcüstandakı soydaşlarımızın təhsili üçün hər il təxminən 3 milyon ABŞ dolları həcmində maliyyə yardımı edir. Bu vəsait sırf soydaşlarımızın təhsilinin inkişafına xərclənir.

Onun sözlərinə görə, təhsil bir millətin inkişaf sütunudur, müəllimlər isə aparıcı qüvvəsidir”.

Diplomat qurultayın işinə uğurlar arzulayıb.

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdirinin müavini Şəfəq Binnətova çıxışında xalqlarımız arasındakı dostluq əlaqələri barədə məlumat verib. Bildirib ki, iki ölkə arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu da soydaşlarımızın sosial-iqtisadi, mədəni inkişafı üçün mühüm əhəmiyyət kəsb edən amildir.

Ş.Binnətova Komitənin layihələri çərçivəsində Gürcüstanda həyata keçirilən birgə layihələrin əhəmiyyətini vurğulayıb. Bildirib ki, Diaspor Komitəsinin layihələri soydaşlarımızın İnteqrasiyasına xidmət edir.

Sonra Gürcüstan parlamentinin Təhsil elm və gənclərlə iş üzrə komitəsinin əməkdaşı Elene Vekua, Gürcüstanın Müəllimlər Evi, Qeyri-Gürcüdilli Məktəblərə Dəstək Proqramının meneceri Nino Berikaşvili, Gürcüstan Beynəlxalq “Maarif” Məktəbləri Marneuli Məktəbinin direktoru Murat Kördemir çıxış edərək qurultayın işinə uğurlar arzulayıblar.

Daha sonra qurultay panel iclaslarda işini davam etdirib.

Aygül İsayeva birinci paneldə Gürcüstanda ikidilli təhsil sisteminin səmərəliliyi və mövcud tətbiq mexanizmləri barədə məlumat verib. İkinci paneldə azərbaycandilli məktəblərdə informasiya-kommunikasiya texnologiyalarının (İKT) tədrisə inteqrasiyası məsələsi diqqət mərkəzində olub. Üçüncü paneldə isə Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərdə mövcud problemlər və onların həlli yolları diqqətə çatdırılıb.

İştirakçılar ikidilli təhsilin keyfiyyətinin artırılması, dərs vəsaitlərinin çatışmazlığı və müəllimlərin hazırlıq səviyyəsinin yüksəldilməsi, ibtidai sinif müəllimlərinin İKT-nin tətbiqi zamanı üzləşdikləri çətinliklər, metodiki dəstək imkanları və gələcək inkişaf perspektivləri, eləcə də müəllimlərin imtahanları Azərbaycan dilində verməsi, həmçinin ibtidai sinif müəllimlərinin tədris etdiyi fənlər üzrə imtahanların Azərbaycan dilində keçirilməsi məsələləri barədə fikirlərini bölüşüb, təkliflər irəli sürüblər.

Qurultay iştirakçıları bu cür tədbirlərin müəllimlərin bir araya gələrək təcrübə mübadiləsi aparmasına, problemlərin həlli yollarının müəyyənləşdirilməsinə və Azərbaycan dillində təhsilin davamlı inkişafına mühüm töhfə verdiyini bildiriblər.

Qurultayda təhsildə və gənclərimizin təlim-tərbiyəsində xüsusi fərqlənən Tbilisi 73 nömrəli məktəbin direktoru Salman Pirməmmədov “Maarif” təşkilatı tərəfindən xüsusi diplom və hədiyyə ilə təltif olunub.

Qurultayın yekununda Gürcüstanda azərbaycandilli məktəblərdə tədrisin keyfiyyətinin artırılması, müəllimlərin peşə hazırlığının dəstəklənməsi və ana dilində təhsilin inkişafı istiqamətində davamlı işlərin görülməsi ilə bağlı qərar qəbul edilib.