02 sentyabr 2021 00:14
2752

Şuşada gedən sürətli bərpa-quruculuq işləri ermənilərə vurulan növbəti ağır zərbədir

Düşmənin 28 illik işğal dövründə burada qura bilmədiklərini Azərbaycan dövləti 9 ayda həyata keçirdi və bu proses indi də davam edir

Rəşadətli Azərbaycan Ordusunun 2020-ci ilin  noyabrın 8-də  Qarabağın tacı olan Şuşanı misli görünməmiş bir qəhrəmanlıqla 28 illik işğaldan azad etməsi dünya hərb tarixinə bir yenilik gətirdi. Məhz sıldırım qayaları, keçilməz dağ cığırlarını aşaraq burada düşmənin ən çevik ordu birləşmələrinin darmadağın edən Azərbaycan hərbçiləri Şuşada üçrəngli bayrağımızı dalğalandırdılar.

2021-ci ilin yanvarın 14- də isə Ali Baş Komandan İlham Əliyevin azad edilmiş Şuşaya ilk səfəri reallaşdı ki, bununla da azad Şuşanın  dirçəliş dövrü başladı. O Şuşanın ki, hər zaman tariximizin, mədəniyyətimizin, ruhumuzun incisi hesab edilib, qəhrəmanlıq salnamələrimizin hünər, cəng meydanı olub...

Şuşa həm də ona görə müqəddəsdir ki, burada tarixin özü daşların, qayaların, qədim küçələrin və məhəllələrin dili ilə danışır… Qala divarı, Gəncə qapısı, Topxana, Cıdır düzü, Turşsu, İsa bulağı, Pənahəli xanın, Vaqifin, Natəvanın, Üzeyir bəyin, Xan əminin ruhu hopmuş 17 məhəllə: Böyük qurdlar, Kiçik qurdlar, Seyidli, Culfalar, Təzə məhəllə, Hamamqabağı, Dəmirçilər, Quyuluq, Xocamircanlı, Mamayı, Saatlı, Köçərli, Mərdinli, Çölqala, Hacı Yusifli, Çuxur məhəllə, Ağadədəli...

Azərbaycan xalqı Şuşanı hər zaman özünün mənəvi paytaxtı hesab edib, tarixinin, mədəniyyətinin beşiyi sanıb, əzəməti ilə qürurlanıb, varlığı ilə öyünüb. Məhz İkinci Qarabağ müharibəsinin davam etdiyi günlərdə - oktyabrın 16-da Prezident İlham Əliyev Türkiyənin «A Haber» televiziya kanalına müsahibəsində Şuşanın azadlığının xalqımız üçün nə qədər əhəmiyyətli olmasını belə dəyərləndirmişdi: «... İstiqamət hər tərəfdir. İşğal edilmiş torpaqların hər bir qarışı, hər bir şəhər bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar».

Prezident İlham Əliyev 2021-ci ilin  yanvarın 14-də  Şuşaya Zəfər yolu ilə səfər edərək illərdir didərgin həyatı yaşayan Natəvanın, Üzeyir bəyin, Bülbülün güllələnmiş büstlərini də öz doğma yerlərinə qovuşdurdu, onların da ruhları şad oldu. Dahi şəxsiyyətlərimizin büstlərinin Şuşaya - öz əzəli vətənlərinə qaytarılması Qələbəmizin daha bir sarsılmaz rəmzinə çevrildi. İki aydan sonra, yəni, martın 16-da dövlət başçısı yenidən Şuşaya gedərək Vaqifin məqbərəsində tezliklə yenidənqurma işlərinin, məscidlərin bərpasının başlayacağının, otuz il ərzində ermənilərin qurutduğu bütün bulaqlarımızın bərpa ediləcəyinin və digər möhtəşəm planların xoş xəbərini verdi.

Daha sonra Ali Baş Komandan  mayın 12-də ölkəmizin tarixində əlamətdar günlərdən olan və uzun fasilədən sonra Şuşada, Cıdır düzündə keçirilən «Xarıbülbül» festivalından dünyaya  mesajlar verərək qürurla qeyd etdi ki, biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra «Xarıbülbül» musiqi festivalı Şuşada hər il keçiriləcək : «Bu tövsiyəni festivalın təşkilatçısı olan Heydər Əliyev Fonduna mən vermişdim, çünki Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır. Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır».

Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan edən Prezident İlham Əliyev «Xarıbülbül» festivalındakı çıxışında onu da bildirmişdi ki, gələn il Şuşanın 270 illiyi qeyd ediləcək. Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və o vaxtdan işğal dövrünə qədər bu şəhərdə həmişə azərbaycanlılar yaşayıblar: «Ermənilər nə qədər çalışsalar da, Şuşadan Azərbaycan ruhunu silə bilmədilər. Bəli, mənfur düşmən tərəfindən binalar dağıdıldı, məscidlərimiz dağıdıldı, tarixi abidələrimiz dağıdıldı. Ancaq Şuşa Azərbaycan ruhunu qoruya bildi».

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşaya möhtəşəm və unudulmaz səfərlərindən biri də avqustun 29-da oldu. Dövlətimizin rəhbəri  «Qarabağ» hotelinin, dahi Azərbaycan şairi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin bərpadan sonra açılışında, Molla Pənah Vaqifin büstünün açılışında, Bülbülün ev-muzeyinin bərpadan sonra açılışında, dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin heykəlinin açılışında iştirak etdi. Avqustun 30- da isə bərpa edilən Vaqifin möhtəşəm məqbərəsinin önündə Vaqif Poeziya Günlərinə start verildi.

Poeziya Günlərinin açılışında iştirak edən Prezident İlham Əliyev bildirdi ki, şəhərdə artıq çox böyük işlər görülüb və Şuşaya ikinci-üçüncü dəfə gələnlər bunu görürlər. Ölkəmizin başçısı müharibədən sonra ilk dəfə Şuşaya yanvarın 14-də gəlməsinin  də təsadüfi olmadığını qeyd edib. Belə ki, 39 il əvvəl burada Ulu Öndərin iştirakı ilə Vaqifin məqbərəsi açılmışdı və məhz yanvarın 14-də mənim buraya gəlməyimin çox böyük rəmzi mənası var idi: «Buraya ilk səfərimdə ilk göstərişlərdən biri də o oldu ki, Vaqifin məqbərəsi bərpa edilsin, çünki vandallar bu məqbərəni dağıtmışdılar, sökmüşdülər».

Prezident bir daha vurğuladı ki, Şuşanın bərpası ilə bağlı qısa müddət ərzində böyük işlər görülüb. İlk növbədə,  Zəfər yolu çəkilib. Magistral yol da çəkilir, Şuşanın elektrik təsərrüfatı bərpa edilib, yarımstansiya tikilib. Şuşaya suyun verilməsi bərpa edilib və indi iki mənbədən Şuşaya su gəlir. Şuşanın tarixi abidələrinin bərpasına start verilib. Vaqifin məqbərəsi artıq bərpa edilib. Ermənilər tərəfindən dağıdılan Vaqifin büstü bərpa edilib və ikinci açılışı həyata keçirilib. Üç məsciddə təmir-bərpa işləri gedir, Yuxarı Gövhər ağa məscidinin təmiri bitmək üzrədir. Saatlı və Aşağı Gövhər ağa məscidlərinin təmiri ilə bağlı göstərişlər verilib. Bu məscidlərin təmirini Heydər Əliyev Fondu öz üzərinə götürüb. Natəvan bulağı bərpa edilib...

Prezidentin Şuşaya növbəti səfəri çərçivəsində əlamətdar hadisələrdən biri də şəhərin müfəssəl hazırlanmış baş planı əsasında tikiləcək yeni yaşayış kompleksinin təməl daşının qoyulması oldu. Dövlət başçısına təqdim edilən Şuşa şəhərinin baş planı hazırlanarkən onun tarixi əzəmətinin qorunması əsas götürülüb. Mədəniyyət paytaxtımızda həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulub. Bu layihələrin icrasından sonra  Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək. Bir sözlə, Şuşada gedən bərpa- quruculuq işləri İkinci Qarabağ müharibəsindən sonra ermənilərə vurulan ən ağır zərbədir. Onlaraın 28 illlik işğal dövründə Şuşada  tikinti quruculuq sahəsində edə bilmədiklərini Azərbaycan dövləti 1 ildə həyata keçirdi və bu hələ də davam edir.

Prezident söylədi ki, bu kompleks tədbirlər onu göstərir ki, Şuşanın dirçəldilməsi sürətlə gedir. İndi şuşalılar həm qrup-qrup öz doğma şəhərinə gəlib ziyarət edirlər, həm də burada artıq açılmış obyektlərdə işlə təmin edilirlər.

Bəli, bu gün Şuşa gündən günə inkişaf edir, tarixi əzəmətini bərpa edir və sürətlə işğaldan əvvəlki  xoşbəxt çağlarına qovuşmağa çalışır. Şuşanın ən böyük sevinci isə illərdir həsrətini çəkdiyi doğma sakinlərinə yenidən qovuşmasıdır.

Elçin Zaman, «İki sahil»