03 sentyabr 2021 00:00
1960

Azərbaycanın 3 sentyabr 1991-ci il tarixi

3 sentyabr 1991-ci il Azərbaycanın müstəqillik tarixinə yazılan əlamətdar günlərin başlanğıcıdır

İnsanlar kimi xalqların, millətlərin də tarixinə yazılmış tale qisməti olur. Təsadüfi deyil ki, qismətinə məhz tarixi dövrlərin kəsişməsində yaşamaq düşmüş müdrik insanlar öz arxasınca apardıqları xalqı üçün məsuliyyət daşıyırlar. Zaman, siyasi rejimlər, iqtisadi formasiyalar əvəzlənsə də, liderlərin daşımağa məcbur olduqları xalqının tale yükünün ağırlığı dəyişilməz qalır. Həmin liderlər görünən və görünməyən ideoloji savaşlar müstəvisində öz sözünü deyir, idrakının gücünə və xalqına arxalanırlar.

Müdrikliyin şərtlərindən zəkası ilə istifadə edənlər dahiliyi intellektual keyfiyyətləri ilə tamamlayanlar Tanrının onlara verdiyi «sərvətlərdən» zamanında istifadə etmək bacarığına da malikdirlər. Roma imperatoru və filosofu M.A.Avreliynin dediyi kimi, insanlar biri-biri üçün yaranır. Xoşbəxt o insandır ki, varlığı ilə milyonların qəlbində yer tapır, sevilir, daim xatırlanır, əməlləri ilə yaşayır. Ümummilli lider Heydər Əliyev kimi.

Sovetlər dönəmində ən geridə qalmış respublikalardan olan Azərbaycanı arzuladığı qüdrətli dövlətə çevirmək üçün addım-addım irəliləyən bacarıqlı dövlət xadimi Heydər Əliyevin siyasəti nəticəsində ölkəmiz Keçici Qırmızı bayraqlar diyarına çevrildi. Təşkilatçılığı və təşəbbüskarlığı nəzərə alınaraq Kremldə yüksək vəzifəyə layiq görülən, Moskvada çalışdığı müddətdə yaranan ən kiçik imkandan belə Azərbaycanın qüdrətlənməsi naminə istifadə edən, yuxarıdan verilən tapşırıqların fərqinə varmadan, sözsüz əməl edildiyi bir zamanlarda belə xalqını düşünən ulu öndər Heydər Əliyev «hamının bir arşınla ölçülməsi» prinsipi ilə razılaşmırdı. Ulu Öndərin iş prinsipinə bir amal hakim idi: Heç bir xalqın həyat tərzini, standartlarını, davranış qaydalarını, adət-ənənələrini başqalarına zorla tətbiq etmək olmaz. Bu məcburiyyət demokratiya pərdəsi altında olsa belə yolverilməzdir.

Siyasi savadı, dövlətçilik təcrübəsi, şəxsi nüfuzu ilə təkcə azərbaycanlıların deyil, Kremldə çalışan sağlam düşüncəli insanların hörmətini qazanan müdrik şəxsiyyət Heydər Əliyevə həsəd apardığını hər məqamda bildirən və ermənipərəst mövqeyini İttifaq iqtisadiyyatının ən ağır sahələri olan tikinti, nəqliyyat, kimya sənayesinə başçılıq edən Ulu Öndəri vəzifəsindən azad etməklə rahatlıq tapan SSRİ-in ilk və sonuncu prezidenti M.S. Qorbaçov kimi Azərbaycandakı «kommunist ideologiyası» xəstəliyinə tutulmuş rəhbərlik də eyni, səviyyəsiz düşüncə tərzinə malik idilər. Buna görə də fərdi pensiyaçı Heydər Əliyevin Bakıya qayıdışını özlərinin sonu kimi dəyərləndirən Azərbaycanın müti rəhbərliyi bu dönüşün qarşısını almaq üçün təxribatlar törətdilər. 1982-ci ilin noyabrında Moskvaya işləməyə gedərkən özündən sonrakı rəhbərliyə çiçəklənən respublika tapşıran, ədalətsizliyə məruz qaldığı zaman Vətəninə qayıdan fərdi pensiyaçı Heydər Əliyev canından artıq sevdiyi Azərbaycanı siyasi və iqtisadi kataklizmlər məngənəsində gördü və çox narahat oldu. Təbii ki, respublikanı bu günə salanlar və Kremlin qolu bağlı, həqiqəti etiraf etmək iqtidarında olmayan nökərləri Ulu Öndərin Azərbaycana qayıdışını qəbul etmədilər. Ona görə də xalqının qəlbində əbədi hörmət və ehtiram qazanan, respublikada siyasi gərginliyin yaranmasını istəməyən fərdi pensiyaçı Heydər Əliyev doğulduğu Naxçıvana getməyə məcbur oldu.

22 iyul 1990-cı il tarixə Azərbaycan xalqının nicat günü, Ulu Öndərin isə xilaskarlıq missiyasının başlanğıcı kimi daxil oldu. Həmin gün Naxçıvana qayıdan Ulu Öndəri böyük coşqu və məhəbbətlə qarşılayan həmyerliləri bu dönüşü sönən, öləziyən ümidlərinin canlanması hesab edərək sevinirdilər. Naxçıvanın mərkəzi meydanına toplaşan, xilaskarları Heydər Əliyevin müstəqilliyə aparan yola çağırış olan sözlərinə diqqətlə qulaq asanlar inanırdılar ki, Azərbaycan xalqının taleyi əmin əllərdədir. Bir el ağsaqqalı kimi ziyarətinə gələn həmyerlilərinin söhbətlərini dinləyən, problemləri ilə maraqlanan Ulu Öndər bir həqiqəti ilk günlərdən dərk etdi: Vəziyyət təsəvvür olunandan da artıq çətin, ağır, dözülməz idi. Ermənistan tərəfindən blokadaya alınan muxtar respublikanın əhalisi Bakıda kreslo hərisi olan, muxtar respublikanı Azərbaycanın kor bağırsağı adlandıran rəhbərlər tərəfindən də diqqətdən kənarda qalmışdı. Əhali enerji, ərzaq, gündəlik tələbat mallarını tapmaqda belə çətinlik çəkirdi. Belə bir məqamda Azərbaycanda siyasi vəziyyətin gərginləşməsi, AXC-Müsavat cütlüyünün hakimiyyətindən narazılığın artması muxtar respublikanın həyatına da təsirsiz ötüşmədi. Ümumi adları « cəbhəçilər» olan iqtidarsızların muxtar respublikada yaratdıqları hərc-mərclik ciddi narahatlıq doğururdu.

… 3 sentyabr 1991-ci ildə keçirilən Naxçıvan MR Ali Məclisinin sessiyasının nəticəsini meydanlara toplaşan insanlar səbirsizliklə gözləyirdilər. O günlərdə yaşadığı həyəcanını sonradan Rusiyanın jurnalistləri ilə görüşündə xatırlayan Ulu Öndər sonralar həmin sessiya haqqında belə deyirdi: « Sədr seçmək məsələsi gündəlikdə dururdu… Sessiya iki və üç gün davam etdi. Bir nəticəyə gələ bilmədilər. Evə gəlib məni oraya dəvət etdilər. Üç-dörd dəfə boyun qaçırdım. Özümün razılığı olmadan məni Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Sədri seçdilər» söyləyən Ulu Öndərin bu qərarı Azərbaycanın taleyinin dönüş nöqtəsi oldu. Özünəməxsusluğu ilə seçilən həmin tarixi günün əhəmiyyətini « Çox böyük mənəvi əziyyət içərisindəyəm ki, mənim razılığım olmadan məni sədr seçdilər. Ancaq bu zamanın, dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim» sözləri ilə bildirən , yalnız xalqı üçün yaşayan, insanların xoşbəxt gələcəyi naminə çalışan ulu öndər Heydər Əliyev vurğulayırdı ki, Azərbaycanın belə ağır vəziyyətində, çətin günündə naxçıvanlıların tələbindən imtina etmək, geri çəkilmək, insanlara dəstək olmamaq onların ümidlərini qırmaq demək idi: «Ancaq eyni zamanda mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini yəqin ki , indi, bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm.»

 «Onun Naxçıvan MR Ali Məclisinə sədr seçildiyi gün tək muxtar respublikanın deyil, bütünlükdə Azərbaycan xalqının xilas günü kimi tarixə yazıldı» söyləyən Prezident İlham Əliyevin sözlərini tarix və zaman da təsdiqlədi. 1990-cı ildə imperiyanın törətdiyi 20 Yanvar hadisələrini pisləyən Ulu Öndərin Azərbaycanın Mosvadakı nümayəndəliyindəki çıxışını vətəndaşlıq borcu, kommunst rejiminə qarşı etiraz, siyasi qətiyyət adlandıran Prezident İlham Əliyev müdrik siyasətçi Heydər Əliyevin Naxçıvandakı fəaliyyətini müstəqilliyə gedən yolun başlanğıcı adlandırır: « Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin bayrağını dövlət bayrağı elan etmişdir və atılmış digər addımlar ona xalqın məhəbbətini daha da artırmışdır. Bununla bərabər, o vaxt Azərbaycanda hakimiyyətdə olan AXC-Müsavat cütlüyü xalqın inamını tamamilə itirmişdi. Onların antimilli siyasəti xalqda böyük hiddət doğururdu. Bacarıqsızlıq, qeyri-peşəkarlıq nəticəsində ölkə demək olar ki, idarəolunmaz vəziyyətə düşmüşdü. Ölkəmizi xaos, anarxiya bürümüşdü, qeyri-qanuni silahlı birləşmələr küçələrdə əli silahlı gəzirdilər, insanları incidirdilər. O illərdə ölkəmizi kütləvi rüşvətxorluq bürümüşdü. Torpaqlarımızın işğal altına düşməsi, iqtisadi böhran, sənaye böhranı, hərbi böhran demək olar ki, ölkəmizin gələcək müstəqil həyatına böyük təhlükə yaradırdı. Belə olan halda əlbəttə ki, xalq öz ümidini Heydər Əliyevə bağlamışdı.»

Azərbaycançılıq məfkurəsini siyasi fəaliyyətinin əsas amilləri kimi diqqətdə saxlayan ulu öndər Heydər Əliyevin Azərbaycana dönüşü tarixi hadisə idi. Müdrik siyasəti , dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olan Heydər Əliyev siyasi dühası ilə respublikamızın müasir simasını müəyyənləşdirərək , xalqımızın taleyində silinməz izlər qoymaqla varlığımızın əbədi qarantı oldu. Ermənistan tərəfindən blokadaya alınan muxtar respublikaya rəhbərlik asan deyildi. Ağır, çətin zamanda xalqı ilə birlikdə olmaq üçün Vətəninə qayıdan Ulu Öndərin varlığından belə narahat olan qüvvələr hamının el ağsaqqalı, müdrik şəxsiyyət kimi sevdiyi ümummilli lider Heydər Əliyevə qarşı da xəyanətlər törətdilər. Amma milyonlar onu daxili və xarici dairələrin itaətində olan şər qüvvələrdən qorudu. Xilas yolu isə yenə xalqla birlikdə olmaq idi.

Ulu Öndərin Naxçıvandakı fəaliyyəti çox zəngin, ağır və eyni zamanda, çox şərəfli bir dövrü əhatə edir. Uzaqgörən siyasətçinin Naxçıvandakı fəaliyyəti müstəqilliyə gedən yolda əsas rol oynamışdır. 17 noyabr 1990- cı ildə keçirilən Naxçıvan MR Ali Məclisinin sessiyasınv ağsaqqal kimi sədrlik edən, Naxçıvan MSSR-nin adının dəyişdirilməsi, dövlət atributları sayılan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpası, himn və gerbi üçün müsabiqə keçirilməsi barədə təşəbbüs irəli sürən uzaqgörən siyasətçi yaxşı bilirdi ki, azadlıq, sərbəstlik olmayan yerdə inkişaf, yenilik nəinki çətindir, hətta mümkünsüzdür. Ali Məclisə sədrliyi dövründə daha əhəmiyyətli islahatların həllinə nail olan Ulu Öndər Azərbaycanın süverenliyini təsdiqləyən məsələlərin həllini sürətləndirdi. 20 Yanvar faciəsinə siyasi qiymət verilməsini, günahkarların cəzalandırılmasını qəti tələb etdi. Kremldə baş verən oyunlardan xəbərdar olan siyasətçi «İttifaq müqaviləsini» Qorbaçovun xalqları aldatmaq cəhdinin siyasi təzahürü hesab edərək ona qəti etirazını bildirdi. «Yenidənqurma» oyununun pərdəarxası məqsədini, onun təhlükəli nəticələrini də uzaqgörən siyasəti ilə aydın dərk edirdi. O , «nəticə» ki, Azərbaycana Dağlıq Qarabağ boyda ürək ağrısı, əzab- əziyyət, qaçqın, şəhid sözlərini «bəxş etdi.» Yalan , saxta ideyalar əsasında formalaşan və xalqları 70 ildən artıq əsarətdə saxlayan kommunist partiyasına etirazını KP sıralarından istefa verməklə bildirən Ulu Öndər vurğulayırdı ki, çoxpartiyalılıq olmayan cəmiyyətdə demokratiyadan, inkişafdan söhbət gedə bilməz. Ulu Öndərin Naxçıvandakı ən böyük xidmətlərindən biri, insanlarda milli təfəkkür və məfkurənin formalaşdırılması idi. Diaspor fəaliyyətinin təməlini qoyan 31 dekabr- Dünya Azərbaycan türklərinin milli həmrəylik və birliyi barədə qərar qəbul olundu. Əhəmiyyətinə görə daha böyük önəm daşıyan xidmətlərindən biri də 150 ildən artıq bir müddətdə «sərhədlərimizi qoruyan» SSRİ-nin 41-ci sərhəd dəstəsinin və 75 saylı mexanikləşdirilmiş moto-atıcı diviziyanın muxtar respublikanın ərazisindən çıxarılması barədə qərarın qəbulu oldu. Azərbaycanda «qızıl ordu» hissələrinin qaldığı vaxtda Naxçıvanda belə bir cəsarətli addımın atılması, rus ordusuna məxsus silah- sursatın, əmlakın, hərbi texnikanın yeni yaradılan Milli Orduya və Azərbaycanın I Sərhəd Dəstəsinə təhvil verilməsi yalnız düşünülmüş, ağıllı siyasətin nəticəsində mümkün ola bilərdi. Naxçıvanın ermənilər tərəfindən işğalının qarşısının alınmasına yönəldilmiş Qars müqaviləsinin təzələnməsi isə keçmişimizdən bu günümüzə ərmağan idi. Blokadada qalan naxçıvanlıların çətin vəziyyətdən çıxması üçün qonşu İran və Türkiyə ilə əməkdaşlıq gücləndi, hər iki dövlətdən muxtar respublikaya ərzaq , sənaye malları ən başlıcası isə enerji verildi. Türkiyə ilə əlaqələrin möhkəmləndirilməsi üçün «Ümid» körpüsü salındı. Paytaxt Bakı ilə yeganə nəqliyyat yolunun intensiv fəaliyyəti üçün geniş imkanlara malik hava limanı, Bakıda Naxçıvan nümayəndəliyi açıldı. Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. AXC-Müsavat iqtidarındakı bəylərin «unitar dövlətdə muxtariyyat ola bilməz» kimi səhv ideyalarına Ulu Öndər «Mən həyatımdan keçərəm, Naxçıvanı Azərbaycandan ayırmaram» sözləri və Qars müqaviləsini təzələməklə cavab verdi. Təcrübəli dövlət xadimi Heydər Əliyev yaxşı bilirdi ki, Naxçıvanın muxtariyyatının ləğv olunması bu qədim Azərbaycan torpağının itirilməsi demək idi.

44 gün davam edən İkinci Qarabağ müharibəsini Zəfərlə başa vuran Azərbaycanın qarşısında duran həlli vacib məsələlərdən olan Zəngəzur dəhlizinin reallaşması da Ulu Öndərin ən böyük istəklərindən idi. Ulu Öndər bildirirdi ki, Naxçıvanı Azərbaycandan ayıran Azərbaycan torpaqlarının- Zəngəzur mahalının Ermənistana verilməsi Naxçıvanın muxtariyyat məsələsini zəruri etdi. Muxtar respublikanın 75 illik yubileyi üzrə dövlət komissiyasının iclasında sədr kimi çıxış edən ulu öndər Heydər Əliyev bildirmişdir ki, Azərbaycanın o vaxtkı hökumətinin gərgin fəaliyyəti, ciddi mövqeyi və Qars müqaviləsinin imzalanması ilə Naxçıvanın muxtariyyatı təsdiqləndi, qərar qəbul olundu. Ulu Öndərin «Naxçıvanın muxtariyyatı tarixi nailiyyətdir. Biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyatı Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox mühüm amildir. Biz bu amili qoruyub saxlamalıyıq» sözləri bu gün üçün də aktualdır. Ulu öndər Heydər Əliyev Zəngəzurun Azərbaycan üçün əhəmiyyətini bu sözləri ilə diqqətə çatdırır: « İndi görürsünüz, tarixi nöqteyi nəzərdən çox ağır, gərgin bir dövrdə Azərbaycan torpaqlarını qoruyub saxlamaq, Zəngəzur Ermənistana veriləndən sonra Naxçıvanı Azərbaycanın ayrılmaz bir hissəsi kimi saxlamaq üçün böyük nailiyyət əldə edilmiş, Naxçıvana muxtariyyat verilmişdir.» Ulu Öndər xalq, dövlət qarşısında heç bir xidməti olmayan səbatsız siyasətçilərin, cılız düşüncəyə malik bəzi nankorların Naxçıvanın muxtariyyatının əleyhinə çıxmalarını xəyanət adlandırırdı. «Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi açılacaq» söyləyən Prezident İlham Əliyevin sözləri Naxçıvan MR Ali Məclisinin Sədri olduğu müddətdə Qars müqaviləsini təzələyən Ulu Öndərin istəklərinin yerinə yetirilməsidir. Ulu Öndər hələ o dövrdə bilirdi ki, Zəngəzur dünənimiz olduğu kimi, həm də sabahımızdır. Bu günlərdə «CNN Türk»ə müsahibəsində Şuşanın alınmasını möcüzə adlandıran, təkcə Şuşa ilə deyil, işğal altında qalan bütün torpaqların azad olunması ilə ata vəsiyyətini yerinə yetirdiyini «Mən həyatımda bəlkə də ən xoşbəxt günlərimdən birini yaşadım» sözləri ilə bildirən Prezident İlham Əliyev layiqli davamçı olduğunu qətiyyəti ilə təsdiqlədi.

Xuraman İsmayılqızı, «İki sahil»