İlham Əliyevin bu bəyanatı məğlub Ermənistanı və ona havadarlıq edən dövlətləri ciddi düşündürməlidir
Dövlət başçısı İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsində, həmçinin avqustun 29-da Şuşada Vaqif Poeziya Günlərinin rəsmi açılış mərasimindəki nitqində birdaha 30 illik işğal dövrünün reallıqlarından, dünyanın aparıcı dövlətlərinin və nüfuzlu beynəlxalq təşkilatların ikilistandartlara əsaslanan siyasətindən, Ermənistanın ona göstərilən dəstəkdən vaxt qazanmaq üçün bəhrələnməsindən və sair kimi məqamlardan geniş bəhs edərək bildirmişdir ki, daim Azərbaycan xalqının işğalla heç zaman barışmayacağını bəyan edirdim. Nəyin bahasına olursa-olsun torpaqlarımızı azad etməliydik və edəcəkdik: “Sadəcə olaraq, bunu düzgün anda etməli idik və etdik, səhvə yol verə bilməzdik. Çünki bu, tarixi məsuliyyətdir və ona görə zamanında atılan addımlar bax, belə nəticəyə gətirib çıxardı. Xalqın barışmaz ruhu, əlbəttə ki, əsas amillərdən biridir. Çünki biz Qarabağı unutmadıq. Hətta Qarabağı görməyən və çadır şəhərciklərində doğulan uşaqlar da bir arzu ilə, bir amalla yaşayırdılar ki, getsinlər, öz torpağına qayıtsınlar. Ölümə gedənlər məhz onlar kimi minlərlə gənc olmuşdur.”
Ordumuzun gücləndirilməsi, silah, texnika, təchizat məsələləri də əsas amillər sırasındadır. Son illərdə ən müasir texnologiyaya əsaslanan silahlar alındı, Ordumuzun peşəkarlığı artdı. “Çünki silahlar, texnologiya, əlbəttə, bir çox məsələləri həll edir. Ancaq yerində torpağı alan, bayrağı sancan əsgərdir. Əgər o, döyüşə həvəslə getmirsə, heç bir silah sənə kömək edə bilməz” söyləyən dövlət başçısı bildirir ki, bu amillər bizi Qələbəyə apardı.
Ölkə Prezidenti Vaqif Poeziya Günlərinin rəsmi açılış mərasimindəki nitqində 30 ilin reallıqları sırasında əsas olan bu məqamı xüsusi qeyd etmişdir ki, ədalətin mövcudluğuna şübhə var idi. Amma hadisələr göstərdi ki, ədalət var və buna nail olmaq üçün dözüm, səbir nümayiş etdirmək lazımdır.
Azərbaycan 30 il bu səbri nümayiş etdirdi. Bununla yanaşı, diplomatik mübarizədə qələbəsini təmin etdi, iqtisadi imkanlarını genişləndirməklə bütün sahələrdə, ordu quruculuğunda biri-birindən əhəmiyyətli addımlar atıldı. Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer aldı. Məhz bu gücün, qüdrətin sayəsində ordumuz uğurlu əməliyyatları ilə status-kvonu dəyişdirdi, təmas xəttini darmadağın etdi. Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu bir daha təsdiqləndi.
Əvvəldə də qeyd etdiyimiz kimi, Ermənistanın torpaqlarımızı 30 il işğal altında saxlayanda dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar məsələyə ikili standartlarla yanaşıb, münaqişənin ədalətli həllinə maraq göstərmədilər, ən əsası münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrləri öz vəzifələrinin nədən ibarət olduğunu dərk etmədilər və bəlkə də dərk etməzdən gəldilər. Əsas məsuliyyəti tərəflərin özünün üzərinə qoymaqla özləri seyrçi mövqedə dayanır, fürsət düşən kimi Ermənistanın müdafiəsinə yönələn bəyanatlarla çıxış edirdilər. Azərbaycan bu gün də həmin yanaşmanın şahididir. Buna əmin olmaq üçün 44 günlük Vətən müharibəsində, həmçinin postmüharibə dövründə səsləndirilən bəyanatlara diqqət yetirmək kifayətdir. Münaqişə tarixə qovuşsa da Fransa kimi dünyanın nüfuzlu dövləti qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyinin tanınması məsələsini gündəmə gətirməklə Ermənistanın problemin həll olunmaması barədə əsassız, sərsəm fikirlərinə dəstək istəyini nümayiş etdirdi.
Dövlət başçısı İlham Əliyev avqustun 24-də BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım Vladanka Andreyevanı qəbul edərkən də bu məsələlərə xüsusi diqqət yönəldərək bildirmişdir ki, əgər Ermənistana qarşı vaxtında sanksiyalar tətbiq edilsəydi, əgər Minsk qrupunun həmsədrləri, dünyanın üç aparıcı ölkəsi potensialının 5 faizini Ermənistanı öz işğalçı qüvvələrini geri çəkməyə inandırmağa və ya məcbur etməyə istifadə etsəydi, müharibə baş verməzdi. Odur ki, müharibəyə görə məsuliyyət yalnız Ermənistanın üzərində deyil, həmçinin onu beynəlxalq hüquqa riayət etməyə məcbur edə bilməyən və ya bunu etmək istəməyənlərin üzərinə düşür. Nəticədə Azərbaycan bu qətnamələri beynəlxalq hüququn normaları çərçivəsində özü həyata keçirdi. Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirdi. BMT-nin Nizamnaməsi əsas götürüldü. 51-ci maddə hər bir ölkənin özünümüdafiə hüququnu tanıyır.
Həmsədrlərin ermənilərin tərəfini saxlamaları, işğal faktına göz yummaları açıq-aydın nəzərə çarpırdı. Bununla da işğalçının cəzasız qalması bölgənin təhlükəsizliyinə böyük təhlükə yaradırdı. Nəticəsiz danışıqlar, vasitəçilərin əhəmiyyətsiz, ikili standartlara söykənən bəyanatları prosesin uzanmasına xidmət edirdi. Təbii ki, Azərbaycan da münaqişə ətrafında vəziyyətin sona qədər bu cür davam etməsi ilə razılaşmırdı və nəticə göz önündədir. Şübhəsiz ki, belə bir şəraitdə Azərbaycanın yeganə yolu qəti mövqe nümayiş etdirərək münaqişənin hərbi vasitə ilə həllinə üstünlük verməsi idi. Azərbaycan əks-hücüm əməliyyatlarına haqq-ədalət uğrunda qoşuldu, 30 il düşmən tapdağında qalan torpaqlarını azad etmək naminə müharibə apardı. Ən əsası öz torpaqlarında döyüşdü.
İkinci Qarabağ müharibəsi ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik bacarığını, çətin, ağır şəraitdə düzgün qərar vermək istedadını bir daha bütün dünyaya nümayiş etdirdi. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin 10 noyabr 2020-ci il tarixli birgə Bəyanatı imzaladıqları gün dövlətimizin başçısı xalqa müraciətində məhz bu məsələni xüsusi vurğulayaraq, bildirmişdir:”Biz döyüş meydanında, siyasi müstəvidə, istənilən formatda gücümüzü göstərmişik, müstəqilliyimizi göstərmişik. Gün gələcək müharibə dövrünün ictimaiyyətə çatdırıla biləcək bəzi məqamları yəqin ki, açıqlanacaq. Ola bilsin ki, mən də hansısa məsələnin üstündən o pərdəni götürə bilərəm. Onda hər kəs görəcək ki, biz nə qədər böyük sınaqlardan çıxdıq, nə qədər böyük təzyiqlərə məruz qaldıq. Demək olar ki, gündəlik rejimdə, dayanın, dayanın, dayanın, dayanın. Amma biz qabağa getdik. Çünki mən xalqın dəstəyini hiss edirdim, xalqın inamını görürdüm. Məni heç nə dayandıra bilməzdi. Çünki mən bilirdim ki, biz haqlıyıq. Biz öz ərazi bütövlüyümüzü bərpa edirik, öz torpaqlarımızı qaytarırıq.”
Tarixi Zəfərimizdən sonra qalib ölkənin Prezidenti kimi işğaldan azad olunmuş ərazilərə səfərlər edən və hər səfərində Qələbəmizin dünyaya təqdimatında əhəmiyyətli rol oynayan mühüm hadisələrin tarixə yazılması bu məqamın da nümayişidir ki, cənab İlham Əliyev “Qarabağ Azərbaycandır və nida işarəsi” ifadəsinin müəllifi kimi bir daha xalqa verdiyi bütün vədlərə sadiqliyini göstərir. Beşinci dəfə Şuşaya səfər edən dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin “Biz bu gün Şuşadayıq və bundan sonra Şuşada əbədi yaşayacağıq” bəyanatı hələ də sərsəm xülyalarla yaşayan Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesaj, tutarlı cavab oldu.
Cənab İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsində jurnalistin “Bundan sonra Azərbaycan və Ermənistan əlaqələri hansı şərtlərlə necə bir prosesə daxil olacaq” sualına cavabı da bu mesajların tərkib hissəsidir. Belə ki, dövlət başçısı bildirmişdir ki, bunu demək çox çətindir. Çünki biz öz mövqeyimizi dəfələrlə bildirmişdik: “Mən bir neçə dəfə öz sözümü açıq demişdim ki, biz istəyirik Ermənistanla sülh müqaviləsi imzalansın. Ermənistan və Azərbaycan bir-birilərinin ərazi bütövlüyünü tanısınlar və sərhədlərin delimitasiyası, yəni, müəyyən edilməsi prosesi də başlasın. Ancaq bu günə qədər Ermənistandan müsbət cavab almamışıq. Belə görünür ki, Ermənistan buna hazır deyil, ya da bunun əleyhinədir. Mən söylədim ki, bu, böyük yanlışlıq olar və onlar özləri də peşman olacaqlar. Çünki biz bu təklifi masa üzərində əbədi saxlamalı deyilik.”
Artıq münaqişə tarixə qovuşub. Dövlət başçısının Fərmanı əsasında iqtisadi rayonların yeni bölgüsünün həyata keçirilməsi fonunda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması dünyaya, Ermənistana lazım olan mesajı çatdırır. Ölkə Prezidentinin qeyd etdiyi kimi, əgər ermənilər sülh müqaviləsinə etiraz edirlərsə, açıq söyləsinlər. Belə olan halda Azərbaycan da öz siyasətini buna uyğun şəkildə aparacaq. “Əgər Ermənistan buna hazırdırsa, əgər Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünü tanımağa hazırdırsa, onda əlbəttə ki, bölgəyə uzunmüddətli sülh gələcək” bəyan edən cənab İlham Əliyev Azərbaycanın məhz bunu istədiyini və eyni zamanda, buna nail olmaq üçün hazırda konkret təkliflərin masa üzərində olduğunu bildirir.
Yolların açılması, Zəngəzur dəhlizinin yaradılması, bütün ticarət əlaqələrinin bərpası, yəni, Cənubi Qafqazda uzun fasilədən sonra sülhün təmin edilməsi ölkəmizin maraqlarına cavab verir. Bu, həmçinin Ermənistanın da maraqlarına uyğundur. Çünki Zəngəzur dəhlizi ilə həm İranla, həm Rusiya ilə əlaqə yarada bilərlər.
Reallıq budur ki, hazırda diktə edən tərəf Azərbaycandır. Ermənistan məğlub ölkə kimi Azərbaycan Prezidentinin fikirləri ilə hesablaşmağa məhkumdur. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev sülh müqaviləsinin bağlanmasının zəruri şərt olduğunu vurğulamaqla bir daha siyasi iradəsini və Azərbaycanın dəyişməz mövqeyini nümayiş etdirir.
Yeganə Əliyeva, “İki sahil”