07 sentyabr 2021 23:55
1647

İdarəetmədə yeni metodlar: İnkişafın müasir prinsipləri

İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən layihə və aparılan islahatlar kəmiyyətə deyil, keyfiyyət göstəricilərinə əsaslanan milli yüksəlişin «yol xəritəsi»dir

«Azərbaycan - 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasının, «Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya»nın həyata keçirilməsi ilə inkişafın yeni modelini yaradan dövlətimiz yüksək rəqabət gücünə malik iqtisadi tərəqqi yolunda xeyli uğur qazanır, ölkəmizin adı beynəlxalq təşkilatların reytinq cədvəllərində ilk onluqda qərarlaşır, təcrübəsi nümunə göstərilir. Dəqiq hesablamalar və nəzərdə tutulan vaxt üçün müəyyənləşdirilən, ictimai rəyə, vətəndaş təkliflərinə əsaslanan konkret, konseptual proqramların həyata keçirilməsi ilə xüsusilə bölgələrin siması dəyişilmiş, infrastruktur yenilənmiş, ümumi daxili məhsulda payı artan qeyri-neft sektorunun əhatəsi genişlənmiş, yeni xidmət növləri yaradılmışdır. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının tətbiqi, qlobal layihələrin həyata keçirilməsi yüksək rəqabət gücünə malik olduğunu sübut edən bazar münasibətlərinə əsaslanan dayanıqlı iqtisadiyyatı ilə diqqəti cəlb edən Azərbaycanın regional əhəmiyyətli nəqliyyat, tranzit və logistika layihələri qarşılıqlı əməkdaşlığı genişləndirir. İnfrastrukturunun müxtəlifliyi, insan kapitalından potensial istifadə imkanları ilə fərqlənən, həyata keçirilən mühüm əhəmiyyətli layihələrin tətbiqi ilə reytinqi yüksələn Azərbaycanın möhkəmlənən mövqeyi düşünülmüş siyasətin məntiqi nəticəsidir. Ötən illərdə inkişafın Azərbaycan modeli ilə diqqəti cəlb edən respublikamızın Dünya Bankının «Doing Business»” hesabatında 190 ölkə arasında 28-ci yerdə qərarlaşması təsadüfi deyil, reallıqdır.

44 gün davam edən Vətən müharibəsində qazandığı Qələbə ilə regionda yeni mühit formalaşdıran Azərbaycanın qarşısında duran vəziflər möhtəşəmliyi və tarixi əhəmiyyəti ilə seçilir. Prezident İlham Əliyevin imzaladığı «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»də göstərilən, möhkəm iqtisadi təmələ əsaslanan vəzifələrin hər biri əzəməti ilə seçilir. Ötən illərdə böyük təkamül yolu ilə inkişaf edən Azərbaycanın iqtisadi, sosial sahələrdə qazandığı uğurların əsas şərti olan siyasi sabitlik şəraitində həyata keçirilən islahatların daha geniş miqyasda tətbiqi günün tələbi kimi qarşıya qoyulur. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən infrastruktur layihələrinin, bərpa-quruculuq işlərinin hər biri Böyük Qayıdışın sürətlənməsini tezləşdirmək üçün nəzərdə tutulur. Cənubi Qafqazın lider ölkəsi adını bölgədə sabitliyin qorunması naminə apardığı siyasətlə doğruldan Azərbaycanın yaratdığı yeni reallıqlar hadisələrə daha mükəmməl yanaşma tələb edir. Qarşıdakı 10 il üçün nəzərdə tutulan quruculuq - abadlıq işlərinin dəqiq ünvanı, məqsəd və məramı, həlli istiqaməti artıq bəllidir. İşğaldan azad edilmiş ərazilərin bərpası, erməni vandalları tərəfindən dağıdılmış yaşayış məskənlərinin müasir şəhərsalma arxitekturasına uyğun görkəmə salınması, beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaqla yeni layihələrin reallaşması üçün səmərəli istifadə Şərqlə Qərb arasında körpü olan, sivilizasiyalararası dialoq mərkəzinə çevrilən Azərbaycanın prioritetlərindəndir. Bunun üçün respublikamızın zəngin yeraltı, yerüstü sərvətlərindən, əmək resurslarından istifadə başlıca məqsəd kimi qarşıya qoyulur. Yəni, inkişafın uzunmüddətli «hərəkətverici qüvvələri»”nə, insan kapitalına diqqətin artırılması iqtisadiyyatın müstəqilliyi, fermer təsərrüfatlarının, özəl bölmənin gücləndirilməsi ölkə iqtisadiyyatının gələcək fəaliyyət istiqamətlərindəndir. Qarşıdakı on il üçün nəzərdə tutulan əsas milli prioritetlər isə bunlardır: Dayanıqlı, artan rəqabətqabiliyyətli iqtisadiyyata, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət formalaşdırmaq, insan kapitalının inkişafı ilə müasir innovasiyalar məkanına çevrilmək, işğaldan azad olunmuş ərazilərdə, təmiz ətraf mühit və «yaşıl enerji»” ölkəsi yaratmaq.

Dövlət büdcəsi sosialyönümlü olan ölkəmizdə yaradılan və Azərbaycan brendi kimi dünya dövlətləri tərəfindən öyrənilən «ASAN xidmət», DOST layihələrinin sayının artırılması ilə qeyri-formal məşğulluğun qarşısının alınması təcrübəsi özünü doğruldur. 2030-cu ilədək görüləcək işlərin xronologiyasını əks etdirən Milli Prioritetlərdə postmüharibə dövrünün quruculuq və abadlıq işlərinə də diqqət artırılıb. Qələbəmizdən qısa müddət keçməsinə baxmayaraq işğaldan azad olunan ərazilərdə yol, nəqliyyat infrastrukturu yenilənir, ən vacib sahələrdə quruculuq işləri aparılır. Doğma torpaqlarından köçkün düşən insanların evlərinə qayıdışının mərhələli həlli üçün tədbirlər müəyyənləşdirilir. Erməni vəhşiləri tərəfindən dağıdılmış, viran qoyulmuş evlərin, meşələrin bərpası, tarixi abidələrin yenisi ilə əvəz olunması, «yaşıl enerji», «ağıllı kənd», «ağıllı şəhər» layihələrini uğurla başa çatdırmaq Azərbaycanın qarşısında dayanan başlıca hədəf olmaqla milli yüksəlişin müasir «yol xəritəsi»dir. Bu yüksəlişin ilk addımları Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə, xüsusilə Şuşaya, Laçına, Kəlbəcərə səfərləri zamanı atılıb. Səfərlər çərçivəsində insanlarla görüşən, prioritetləri açıqlayan Prezident İlham Əliyevin proqnozları kəmiyyətə deyil, keyfiyyət göstəricilərinə əsaslanır. İlk mərhələ üçün əsas hədəfin aqrar sahədə yeniliklərin tətbiqinə yönəlməsində başlıca məqsəd əhalinin ərzaq təhlükəsizliyinə diqqətin artırılması, daxili bazarda bolluğun yaradılmasıdır. Texnika və innovasiyaların tətbiqi ilə məhsuldarlığın artırılması, yeni iqtisadi modelin tətbiqi qeyri-neft sənayesində istehsal sahələri arasındakı əlaqələri də gücləndirir. Bu da inklüziv cəmiyyət quruculuğu üçün vacibdir. Sumqayıt Kimya Sənaye Parkının ərazisində yaradılan bütün istehsal müəssisələri beynəlxalq təcrübələrə əsaslanan belə prinsiplər əsasında formalaşdırılıb.

Postmüharibə dövrünün yenilikləri Şuşanın simasında daha aydın görünür. Bu ilin yanvarın 14-dən etibarən Azərbaycanın mədəniyyət paytaxtında qısa müddətdə aparılan quruculuq işləri buraya gələnləri heyran edir. «İlk növbədə, yol çəkildi. İndi gəldiyiniz Zəfər yolu nə vəziyyətdə idi biz onu yanvarın 14-də gördük. Biz Füzulidən təqribən iki saat yarıma-üç saata gəldik. Şaxtalı, qarlı hava idi, yol da yox idi, bir cığır idi, üstü buz, palçıq. İndi isə artıq asfalt yol tikilib və bu, elə Zəfər yoludur. Magistral yol da çəkilir. Füzuli şəhərindən tunellər daxil olmaqla, magistral yol tikilir, daha qısa yol olacaq» söyləyən Prezident İlham Əliyevin bildirdiyi kimi, Şuşada ilk növbədə elektrik, su təsərrüfatı bərpa olundu. Ermənilər tərəfindən dağıdılmış Vaqifin büstünun, Vaqif Poeziya Günlərinin, «Natəvan bulağı»nın bərpası, məscidlərdə təmir-bərpa işlərinin sürətlənməsi, «Xarıbülbül», «Qarabağ»” otellərinin istifadəyə verilməsi, dahi sənətkarların- Bülbülün ev müzeyinin, Üzeyir Hacıbəylinin heykəlinin açılış mərasimləri xalqımızın yaddaşında əlamətdar hadisə kimi qaldı. Bu günlərdə Füzuli Beynəlxalq Hava Limanına ilk sınaq uçuşları keçirildi. «Qarabağ» təyyarəsi Qarabağ səmasında göründü. Laçın kimi yüksək dağlıq ərazidə yeni aeroportun təməli qoyuldu. Kəlbəcərdə ermənilər tərəfindən dağıdılan elektrik stansiyaları bərpa edilir.

«Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında» Fərmanı imzalamaqla tarixi Zəfərimizdən sonra bölgədə yaranan reallıqların mühüm hədəflərini dəqiq müəyyənləşdirən Prezident İlham Əliyev konkret olaraq Qərbi və Şərqi Zəngəzur coğrafi adını siyasi leksikona daxil etdi. Prezidentin Fərmanına əsasən, Qarabağ (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər), Şərqi Zəngəzur (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan) iqtisadi rayonlarının yaradılması siyasi, iqtisadi baxımdan daha önəmli olmaqla dövlət başçısı İlham Əliyevin siyasi iradəsinin təcəssümüdür. Bu Fərman ilə « Dağlıq Qarabağ» məfhumu leksikonumuzdan silindi, revanşistlərin «yeni müharibə» çağırışları əbədi susduruldu. Qarabağın və Zəngəzurun Azərbaycanın tarixi torpaqları olması bir daha təsiqləndi.

«Müharibənin nəticələrindən biri də əlbəttə ki, bu gün müzakirə mövzusu olan Zəngəzur dəhlizidir. Zəngəzur dəhlizi tarixi nailiyyətdir. Üçtərəfli Bəyanatda xüsusilə bu məsələnin əks olunması bizim, eyni zamanda, böyük siyasi qələbəmizdir. Hazırda Zəngəzur dəhlizinin fəaliyyəti istiqamətində fəal işlər aparılır, bir çox təkliflər var, artıq bir çox nəqliyyat-kommunikasiya layihələri masa üzərindədir, müzakirə edilir və bu, bizim növbəti tarixi uğurumuz olacaqdır» söyləyən Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən yaradılacaq iqtisadi zonalar tarixi nailiyyətin daha bir inikasıdır. Dövlət başçımız «Biz Zəngəzur dəhlizinə qayıdıb orada yoldan istifadə edəcəyiksə, niyə biz İrəvana qayıtmayaq? Hesab edirəm ki, vaxtı gələndə biz bunu da edəcəyik» sözləri ilə bildirir ki, zəngin təbii sərvətlərə, mis və qızıl resurslarına, bərpaolunan, xüsusilə külək enerjisinə, su ehtiyatlarına malik işğaldan azad olunan Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Ağdamda, Füzulidə həyata keçirilən islahatlar, infrastruktur layihələri bütünlükdə Azərbaycan iqtisadiyyatına önəmli töhfələr verəcək, bölgənin inkişafını sürətləndirəcək. «3+3» formatının körpüsü olacaq Zəngəzur dəhlizinin bərpası isə regional təhlükəsizlik baxımından əvəzsizdir.

Zəngəzur da daxil olmaqla bütün kommunikasiya şəbəkəsindən səmərəli istifadə üçün əməkdaşlıq formatının təşəbbüskarı Azərbaycan olduğu üçün ölkəmizin mövqeyi mütləq nəzərə alınacaq. Zəngəzur dəhlizi tam bərpa olunduqdan sonra Naxçıvan dəmir yolu fəaliyyətini davam etdirəcək: «Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq. Əminəm ki, bu, olacaqdır, məndə heç bir şübhə yoxdur» söyləyən Prezident İlham Əliyev yeni reallıqların müəllifi olduğunu dünya siyasətinə təsir gücünə malik sağlam düşüncəsi, qlobal təşəbbüsləri, qətiyyəti, siyasi iradəsi ilə təsdiqləyib.

Xuraman İsmayılqızı, «İki sahil»