09 sentyabr 2021 23:58
2410

Azərbaycanın hərbi qüdrəti artır

2022-ci il üçün icmal büdcənin proqnozuna əsasən, gələn il müdafiə və təhlükəsizlik xərcləri 4 milyard 499 milyon 238,9 min manat olacaq

Ötən illər ərzində ordu quruculuğu istiqamətində atılmış addımlar nəticəsində bu gün Azərbaycan Ordusu nəinki regionda, hətta dünyada ən güclü ordu sırasındadır. Ölkənin döyüş hazırlıqlı, modern silahlar və döyüş vasitələri ilə təchiz olunmuş ordusunun yaradılması, saxlanması böyük həcmdə vəsaitlər etdiyi üçün bu hədəfə Azərbaycanın sürətli iqtisadi inkişafı sayəsində çatmaq mümkün olmuşdur. Prezident İlham Əliyevin ötən 18 illik hakimiyyəti dövründə Azərbaycanın hərbi xərcləri 24 dəfədən çox artmış, bu göstəricilərə görə ölkəmiz dünya ölkələri arasında hərbi xərclərin artım tempinə görə ilk yerlərdə qərarlaşmışdır.

Azərbaycanın gələn ilin dövlət büdcəsində müdafiə və təhlükəsizlik məsələləri üçün nəzərdə tutulan xərclər barədə müvafiq məlumat Maliyyə Nazirliyinin 2022-ci il üçün icmal büdcəsinin proqnozunda əksini tapıb. Qeyd edilib ki, 2022-ci il üçün icmal büdcənin proqnozuna əsasən, gələn il müdafiə və təhlükəsizlik xərcləri 4 milyard 499 milyon 238,9 min manat olacaq. Bu, yenə də Azərbaycanın müdafiə və təhlükəsizlik istiqamətində böyük həcmdə vəsait sərf edəcəyinin göstəricisidir. Azərbaycan ötən il də müdafiə və təhlükəsizlik istiqamətində bu qədər vəsait sərf etmişdi. Amma nəzərə alınmalıdır ki, ötən il İkinci Qarabağ müharibəsi yaşanıb. Bu il müharibə yoxdur. Amma hərbi xərclər yenə yüksəkdir. Bunun əsas səbəbi Azərbayacan Ordusunun yenə maddi-texniki və digər təminatının yüksək səviyyədə olmasını təmin etməkdir. Ümumiyyətlə, Azərbaycan gələn il ordusu üçün çoxsaylı hərbi texnikanın alışını həyata keçirməyi düşünür. Maliyyə Nazirliyinin 2022-ci il üçün icmal büdcəsinin proqnozundan da bunu görmək olar. Bu proqnozda qeyd edilir ki, növbəti illərdə işğaldan azad edilmiş ərazilərdə dövlət sərhədlərinin bərqərar edilməsi, mühafizəsi və müdafiəsinin təşkili, ərazilərin minalardan təmizlənməsi, təhlükəsizliyin təmin olunması üçün zəruri hərbi infrastrukturun yaradılması, hərbçilərin sosial-məişət və xidmət şəraitinin yaxşılaşdırılması, şəxsi heyətin komplektləşdirilməsi, hərbi hissələrdə döyüş hazırlığının yüksək səviyyədə saxlanılması istiqamətlərində görüləcək zəruri tədbirlər büdcə siyasəti çərçivəsində dəstəklənəcək. Dövlət büdcəsindən ayrılan vəsait hesabına Azərbaycanın gələn il daha çox İsrail, Türkiyə və Rusiyadan silah idxal etməsi gözlənilir.

Qeyd edək ki, İsrail artıq Azərbaycana silah satışı yarışında Rusiyanı qabaqlayıb. Ötən il Azərbaycan İsraildən ən çox silah alan ölkələr arasında yerini qoruyub. Bu haqda İsrail KİV-ləri Stokholmdakı Sülh və Müharibə Araşdırmaları İnstitutunun (SIRRI) hesabatına istinad edirlər. Hesabata görə, İsrail Azərbaycana silah satmaq məsələsində Rusiyanı qabaqlayıb və son 5 ildə əsas silah təchizatçımızdır. Bu satışların həcmi 740 milyon dollar olub. Bu, 44 günlük müharibədə öz təsdiqini tapdı.

Ötən ay isə İsrailin nüfuzlu “İsrail Hayom” nəşri belə bir məlumat yaydı ki, Azərbaycan İsrail şirkətlərindən 2 milyard dollarlıq silah almaq üçün danışıqlar aparır. Qeyd olunur ki, Bakı son günlərdə İsrailin müxtəlif sahələrdəki şirkətləri ilə, eləcə də ballistik raketlər və PUA-lar daxil olmaqla müxtəlif növ döyüş sursatları ilə maraqlanır. Bunlar önümüzdəki aylarda imzalanması gözlənilən yüz milyonlarla dollarlıq müqavilələrdir. Bu sövdələşmələr, silah alqı-satqısına qarşı ermənilərin təzyiqlərinə baxmayaraq, Bakı ilə münasibətlərin İsrail rəsmiləri üçün əhəmiyyətinin sübutu olacaq. İsraildən silah idxalının əsas hissəsinin gələn il reallaşması nəzərdə tutulur.

Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq isə iki ölkə arasında 2010-cu ilin avqustunda imzalanan müqavilə ilə tənzimlənir. Sənəd “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” Müqavilə adlanır. 2020-ci il mayın 31-də isə Milli Məclis hərbi əməkdaşlığı daha da dərinləşdirən sənədi ratifikasiya edib. Söhbət “Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” sazişdən gedir. Saziş Azərbaycan və Türkiyə arasında uzun illər mövcud olan dostluq əlaqələri çərçivəsində hərbi əməkdaşlığı daha da möhkəmləndirmək və Azərbaycan Ordusunun inkişafına töhfə vermək məqsədi daşıyır. Bu fonda Azərbaycan Türkiyədən ən müxtəlif növ silahların idxalını həyata keçirir.  Gözlənilir ki, gələn il də “Bayraktar TB2” pilotsuz zərbə aparatlarının idxalı davam edəcək. Bundan başqa, Türkiyədə istehsal olunan digər ən müasir silah növlərinin Azərbaycana gətirilməsi üçün razılaşma əldə edilib. Türkiyə 2021-ci ildən etibarən daha yüksək taktiki-texniki göstəricilərə və döyüş qabiliyyətinə malik olan “Aksungur” və “Akıncı” pilotsuz kəşfiyyat-döyüş təyyarələrinin də seriya istehsalına başladığını elan edib. Həmin silahların da gələn ildən Azərbaycana idxalı istisna olunmur.  Xatırladaq ki, bu günlərdə Türkiyənin Çorlu hava limanında ölkənin “Baykar” şirkəti tərəfindən istehal edilən “Akıncı” zərbə PUA-larının təqdimat və silahlanmaya qəbul mərasimi keçirilib. Daha üstün texniki xüsusiyyətlərə malik “Akıncı”da süni zəkaya əsaslanan texnologiya tətbiq edilir.

Sevinc Azadi, “İki sahil”