08 noyabr 2026 15:59
124

Xankəndidən səslənən Zəfər mesajı: Tarixi Qələbədən tam suverenliyə

8 Noyabr - Zəfər Gününün altıncı ildönümündə Prezident İlham Əliyevin Azərbaycan xalqına təbrikini Xankəndidən, şanlı Qələbəmizin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündən səsləndirməsi xüsusi rəmzi məna daşıyır. Dövlət başçısının müraciəti 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin əhəmiyyətini bir daha vurğulamaqla yanaşı, Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa edildikdən sonra qarşıya qoyulan inkişaf hədəflərini də əks etdirir. Bu gün Xankəndi şəhərində Azərbaycan bayrağının dalğalanması, quruculuq işlərinin aparılması və yeni layihələrin həyata keçirilməsi tarixi ədalətin bərpasının real nəticələridir.

“Qarabağ Azərbaycandır və nida” bəyanatından tarixi reallığa

Prezident İlham Əliyevin 2020-ci ildə səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida” bəyanatı Azərbaycanın ərazi bütövlüyünün bərpasına dair qətiyyətli mövqeyini bütün dünyaya nümayiş etdirmişdi. Bu, işğalla heç vaxt barışmayacağını bildirən Azərbaycan dövlətinin siyasi iradəsinin ifadəsi idi. Dövlət başçısının Zəfər Günü münasibətilə müraciətində vurğuladığı kimi, həmin nida işarəsi 2023-cü il sentyabrın 20-də məhz Xankəndidə qoyuldu. Sentyabrın 19-da başlanan və bir gün davam edən antiterror tədbirləri nəticəsində bölgədəki Ermənistan silahlı qüvvələrinin birləşmələri zərərsizləşdirildi, Azərbaycanın konstitusiya quruluşu bərpa olundu. Bununla da ölkəmizin bütün ərazisində dövlət suverenliyi təmin edildi. Beləliklə, 2020-ci ilin noyabrında Vətən müharibəsində əldə olunan tarixi Qələbə 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri ilə məntiqi tamamlanmasına çatdı. Bu hadisələr Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunması istiqamətində həyata keçirilən siyasətin nəticəsi kimi müasir dövlətçilik tariximizdə mühüm mərhələ təşkil edir.

44 günlük müharibə - milli iradənin və hərbi qüdrətin təntənəsi

Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbə uzun illər ərzində həyata keçirilən dövlət quruculuğu, iqtisadi inkişaf və ordu quruculuğu siyasətinin nəticəsi idi. Prezident İlham Əliyev müraciətində bu tarixi uğuru şərtləndirən amillərə toxunaraq xalqımızın milli ruhunu, hərbçilərimizin qəhrəmanlığını və ordumuzun döyüş qabiliyyətini xüsusi qeyd edib. 44 günlük Vətən müharibəsi ərzində Azərbaycan Ordusu 300-dən çox şəhər və kəndi işğaldan azad edib. Noyabrın 8-də Şuşanın azad edilməsi müharibənin taleyini faktiki olaraq həll edib. Noyabrın 9-dan 10-na keçən gecə Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur olub. Nəticədə döyüş meydanında hələ azad edilməmiş digər ərazilər də bir güllə atılmadan və şəhid verilmədən Azərbaycana qaytarılıb. Müharibə Azərbaycan Ordusunun yüksək döyüş hazırlığını, müasir hərbi texnologiyalardan istifadə imkanlarını və şəxsi heyətin peşəkarlığını nümayiş etdirdi. Qələbənin əsasını təşkil edən amillər sırasında xalqın milli birliyi, əsgər və zabitlərimizin Vətən sevgisi, mənəvi hazırlığı və Ali Baş Komandanın qətiyyətli mövqeyi də xüsusi yer tuturdu.

Prezident İlham Əliyevin müraciətində diqqətə çatdırdığı mühüm faktlardan biri müharibə zamanı Azərbaycan Ordusunda fərarilik hallarının qeydə alınmamasıdır. Dövlət başçısının bildirdiyinə görə, Ermənistan rəhbərliyinin etirafına əsasən, həmin ölkənin ordusunda 12 minə yaxın fərari olub. Bu müqayisə şəxsi heyətin mənəvi-psixoloji hazırlığının və döyüş ruhunun müharibənin nəticələrindəki rolunu göstərir. Dövlət başçısı ordunun müasirləşdirilməsi, hərbi qulluqçuların peşəkarlığının artırılması, müntəzəm təlimlərin keçirilməsi və Silahlı Qüvvələrin müasir texnika ilə təchiz olunmasının Qələbədə mühüm rol oynadığını bildirib. Bununla yanaşı, xalqın milli ruhu və işğalla barışmamaq iradəsi də qələbəyə aparan əsas qüvvələrdən olub.

Tarixi yaddaşın yeni ünvanı

Prezident İlham Əliyevin müraciətində diqqət çəkən məqamlardan biri Xankəndidə Zəfər Muzeyinin yaradılması ilə bağlı açıqlaması olub. Dövlət başçısının bildirdiyinə görə, muzeyin yerləşəcəyi bina vaxtilə Azərbaycana qarşı təcavüz və işğalçılıq siyasətinin mərkəzlərindən biri olub. Prezident İlham Əliyev 2023-cü ilin oktyabrında həmin binaya ilk səfəri zamanı pəncərələri açaraq oradakı “şeytan ruhunun” çəkilməsini istədiyini xatırladıb. Hazırda binada Zəfər Muzeyinin yaradılması üzrə son tamamlama işləri aparılır. Bu qərar xüsusi rəmzi məna daşıyır. Vaxtilə separatçı fəaliyyətin həyata keçirildiyi binanın Azərbaycanın tarixi Qələbəsini və şəhidlərimizin qəhrəmanlığını əks etdirən muzeyə çevrilməsi tarixi yaddaş baxımından mühüm əhəmiyyət kəsb edir. Prezidentin sözlərinə görə, həmin binada fəaliyyət göstərmiş hərbi cinayətkarlar bu gün Bakıda həbsdədirlər və cəzalarını çəkirlər. Xankəndidə yaradılacaq Zəfər Muzeyi Vətən müharibəsinin tarixini yaşatmaqla yanaşı, gələcək nəsillərə dövlət suverenliyinin, milli birliyin və Vətən uğrunda mübarizənin əhəmiyyətini çatdıracaq.

Zəfərin quruculuq mərhələsi

Vətən müharibəsində qazanılmış tarixi Qələbədən sonra Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərin bərpası və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin edilməsi olub. Ermənistanın işğalı dövründə Qarabağ və Şərqi Zəngəzurda şəhər və kəndlər dağıdılıb, tarixi-mədəni abidələrə, məscidlərə və digər dini məkanlara ciddi zərər vurulub. Azərbaycan dövləti hazırda həmin ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparır, yaşayış məntəqələrini yenidən qurur, müasir infrastruktur yaradır.

Hazırda azad edilmiş ərazilərdə 97 min insan yaşayır, təhsil alır və çalışır. “Böyük Qayıdış” Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı davam edir. Yeni yaşayış komplekslərinin, məktəblərin, tibb müəssisələrinin, yolların və digər infrastruktur obyektlərinin inşası bölgənin sosial-iqtisadi inkişafı üçün imkanlar yaradır. Sənaye və kənd təsərrüfatı layihələri, məşğulluq imkanlarının genişləndirilməsi isə ərazilərin iqtisadi potensialının reallaşdırılmasına xidmət edir.

Bütün bunlar göstərir ki, Azərbaycan Qələbədən sonra ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə kifayətlənməyib, azad edilmiş torpaqlarda dayanıqlı məskunlaşma və iqtisadi inkişafı da dövlət siyasətinin prioritet istiqamətlərinə çevirib. “Böyük Qayıdış” tarixi Qələbənin nəticələrinin insanların gündəlik həyatında təzahür etməsinin mühüm göstəricisidir.

Milli birliyin və dövlətçiliyin təməli

Prezident İlham Əliyevin xalqa təbrikində xüsusi yer verdiyi məsələlərdən biri milli-mənəvi dəyərlər və Azərbaycançılıq məfkurəsidir. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan dövləti milli-mənəvi dəyərlər üzərində qurulub. Ölkəmizdə yaşayan bütün etnik qrupların və müxtəlif dinlərin nümayəndələrinin vahid ailə kimi yaşamasını təmin edən əsas fəlsəfə Azərbaycançılıq məfkurəsidir. Bu ideya vətəndaş həmrəyliyinin, milli birliyin və dövlətçiliyə bağlılığın əsasını təşkil edir.

Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsində mühüm yer tutan Azərbaycançılıq ideologiyası xalqın vahid amal ətrafında birləşməsində və dövlət müstəqilliyinin möhkəmləndirilməsində mühüm rol oynayıb. Bu məfkurə milli kimliyimizin qorunmasını və cəmiyyətin bütün təbəqələrinin ümumi məqsədlər ətrafında səfərbər olunmasını nəzərdə tutur. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının milli birliyinin və həmrəyliyinin bariz nümunəsinə çevrildi. Cəmiyyətin vahid məqsəd ətrafında birləşməsi, hərbçilərimizə göstərilən mənəvi dəstək və qələbəyə inam müharibənin gedişində mühüm amillərdən oldu. Azərbaycançılıq məfkurəsi bu baxımdan yalnız tarixi ənənələrin qorunması deyil, həm də müasir Azərbaycan dövlətinin inkişafını, milli həmrəyliyini və gələcək hədəflərini müəyyənləşdirən ideoloji əsasdır.

Güclü, müstəqil və suveren Azərbaycan

Prezident İlham Əliyevin müraciətində diqqətə çatdırılan əsas məsələlərdən biri Azərbaycanın gələcək inkişafı və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi ilə bağlıdır. Müraciətdə səsləndirilən “Biz elə güclü olmalıyıq ki, bundan sonra Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!” fikri ölkənin strateji hədəflərini ifadə edir. Bu hədəflər müdafiə potensialının gücləndirilməsini, iqtisadi müstəqilliyin möhkəmləndirilməsini, siyasi sabitliyin qorunmasını və dövlət suverenliyinin etibarlı təmin edilməsini nəzərdə tutur. Azərbaycanın son illərdə əldə etdiyi siyasi, iqtisadi və hərbi nailiyyətlər bu istiqamətdə həyata keçirilən ardıcıl siyasətin nəticəsidir. Altı il əvvəl Şuşanın azad edilməsi ilə nəticələnən tarixi Qələbə ölkəmizin müasir tarixində yeni mərhələnin başlanğıcını qoydu. 2023-cü ildə dövlət suverenliyinin bütün ərazilərimizdə bərpa olunması isə həmin prosesin mühüm tamamlanma mərhələsi oldu.

Cənab Prezidentin səsləndirdiyi Zəfər mesajı bir daha göstərir ki, 8 Noyabr yalnız tarixi Qələbənin növbəti ildönümü deyil, eyni zamanda, Azərbaycanın müstəqillik, suverenlik və milli birlik ideyalarının təntənəsidir.

Orxan Vahidoğlu, “İki sahil”