10 sentyabr 2021 01:56
1515

Türkiyə - Azərbaycan hərbi əməkdaşlığı bölgədə sülhyaratma missiyasını yerinə yetirir

«Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Mənim qardaşım demişdir ki, bu müharibədə Azərbaycan haqlıdır, demişdir ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda, bütün dünyaya göstəririk» söyləyən Prezident İlham Əliyev 44 gün davam edən  İkinci Qarabağ  müharibəsində tarixi köklərə əsaslanan qardaş dəstəyini yüksək qiymətləndirmiş, münasibətlərin gələcəkdə daha  möhkəmlənəcəyini bildirmişdir.

Ermənistanın ölkəmizə  qarşı təxribatlarını pisləyərək daim Azərbaycanın yanında olduğunu bildirən Türkiyə rəsmiləri İkinci Qarabağ müharibəsində qardaş dəstəyini daha da gücləndirdilər.

Cəbrayılın, Ağdamın, Füzulinin, Zəngilanın, Qubadlının, Suqovuşan və  Hadrut qəsəbələrinin, Kəlbəcərin, Laçının, Şuşanın işğaldan azad edilməsini öz qələbələri kimi qeyd edən Türkiyədəki qardaş və bacılarımız sonrakı aylarda da bu həmrəyliyi  əməli fəaliyyətləri  ilə davam etdirdilər.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  Azərbaycan xalqının  30 illik torpaq həsrətinə son qoyan   Silahlı Qüvvələrimizə  siyasi, hərbi dəstəyini əsirgəməyən  Türkiyənin daim yanımızda olmasından  qürur duyan  azərbaycanlıların hər iki ölkənin  yenilməzlik rəmzi olan dövlət bayraqlarının qoşa dalğalandırmaları bu qardaşlığın əbədilik simvolu kimi tarixə yazıldı. O anlarda xalqımızı Qələbəyə ruhlandıran Prezident İlham Əliyevin «Qarabağ Azərbaycandır və nida”. Bu gün bütün dünya görür ki, Qarabağ Azərbaycandır! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan Ordusuna! Yaşasın Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı!» sözləri Ermənistanı və işğalçını dəstəkləyənlərə  «Dəmir yumruq» qədər ağır, sarsıdıcı zərbə oldu.  Zəfər bayramını qeyd edən   Azərbaycan xalqı qardaş dəstəyinə görə minnətdarlığını küçələrdə, binalarda, hərbi gəmilərdə, səmada Türkiyə və Azərbaycan bayraqlarını dalğalandırmaqla bildirdi.

«Şəhidlərimizin fədakarlığı sayəsində Azərbaycan ərazi bütövlüyünü, şükür olsun, yenidən təmin etmişdir. Artıq Azərbaycan torpaqları illərdir həsrət qaldığı Tərtər çayının sularına qovuşmuşdur. Şuşanın dağlarının başındakı duman artıq dərdli deyil. Girov qalmış Xarı bülbül artıq azaddır və daha gözəl açacaqdır. Köndələnçay artıq daha coşqun axacaq. Araz nəğməsini daha güclü oxuyacaq. Qarabağ şikəstəsini oxuyan nəfəslər daha yüksək, daha güclü olacaqdır» sözləri ilə  Türkiyə -Azərbaycan qardaşlığının tarixi ənənələrə söykəndiyini  bildirən Türkiyənin Prezidenti  Rəcəb Tayyib Ərdoğanın respublikamıza səfərləri həmişə  əlamətdar hadisələrlə yaddaşlarda iz salır.  «Bir millət, iki dövlət» arasındakı tarixi köklərə əsaslanan münasibətlər  müstəqillik illərində daha da  möhkəmlənmişdir.      

Azərbaycanla  Türkiyənin birgə razılığı əsasında  Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması əlaqələrin inkişafında yeni mərhələnin də əsasını qoymuşdur. Müqavilədə qeyd olunduğu kimi, ölkələrdən hər hansı birinə  qarşı hərbi hücum həyata keçirilərsə hücuma uğramayan ölkə bütün imkanlarını istifadə edərək hücuma uğrayan ölkəni dəstəkləyəcəkdir.  Bu müqavilə faktiki olaraq iki qardaş ölkənin hərbi ittifaq müqaviləsi olaraq da dəyərləndirilə bilər. İki ölkə ordularının müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarının öyrənilməsi, o cümlədən yerdən və havadan zərbələr endirməklə düşmən hədəflərinin məhv edilməsi tapşırıqlarının yerinə yetirirlməsi ilə bağlı zirehli texnika, artilleriya qurğuları, hərbi aviasiya və hava hücumundan müdafiə qüvvələrinin də cəlb edilməsiylə  həyata keçirilən çoxsaylı birgə təlimlər  də birlik və əməkdaşlığın önəmli istiqamətlərdən birini təşkil etməkdədir.   
Qars müqaviləsinə görə, Türkiyə Naxçıvanın təhlükəsizliyinə də təminat verən ölkə olduğu üçün  Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun  təlimlərin, dərinləşən hərbi əməkdaşlığın önəmli iştirakçısından birinə çevrilməsi hərbi əməkdaşlığı gücləndirir.  Hərbi sənaye sahəsində   Türkiyə ilə  Azərbaycanın birgə  fəaliyyəti  səmərəsini göstərir. Qarabağ Zəfərindən sonra Türkiyənin  hərbi heyətini qəbul edərkən bölgədə təhlükəsizlik və sabitlik üçün iki qardaş ölkə  hərbçilərinin inteqrasiyasının daha da dərinləşdirilməsinin vacibliyini vurğulayan Prezident İlham Əliyev  İkinci Qarabağ müharibəsində  Azərbaycan Ordusuna böyük uğurlar qazandıran  Türkiyə istehsalı  «bayraktar»larla bağlı xoş sözlərini də bildirmişdir.

Prezidenti İlham Əliyevin və türkiyəli həmkarı  Rəcəb Tayyib Ərdoğanın Türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində imzaladıqları Müttəfiqlik Bəyannaməsində də hərbi sahədə əməkdaşlığa  xüsusi diqqət yetirilir.  Qeyd olunur ki, tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə  zəruri yardım göstərəcəklər. İki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun  yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səy  davam edəcək. Şuşa Bəyannaməsinə əsasən, Azərbaycan və Türkiyə müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn şəxsi heyət mübadiləsini, birgə təhsil və təlimlərin keçirilməsini, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılmasını, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsini təşviq edəcəklər. Digər dost dövlətlərin orduları ilə birlikdə hərbi təlimlərin keçirilməsini dəstəkləyəcəklər.   Razılaşmalar əsasında planlaşdırılan hərbi təlimlər davam etməkdədir. Türkiyənin Konya şəhərində  keçirilən, sentyabrın 17-dək davam edəcək  «TurAz Şahini-2021» birgə taktiki təlimlərində  Azərbaycan təyyarəçiləri uğurla iştirak edirlər. Azərbaycan Hərbi Dəniz Qüvvələrinin və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının sentyabrın 6-dan  Laçında başlanan birgə döyüş -atışlı təlimlərdə müasir döyüş texnikalarından və digər hərbi vasitələrdən istifadəyə xüsusi diqqət yetirilir.

Qardaş ölkənin müdafə sənayesi sahəsində yenilik olan «Akıncı» Pilotsuz Hücum Aparatının (PHA) Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil edilməsi Azərbaycan xalqını da sevindirdi.  Bununla bağlı Tekirdağ vilayətində təşkil olunan rəsmi mərasimdə çıxış edən  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qeyd etdiyi kimi,  «Akıncı»nın  ordunun xidmətinə verilməsi ilə Türkiyə bu sahədə dünyada ilk üçlüyə daxil oldu.  Türkiyənin bu texnologiya üzrə dünyanın ən qabaqcıl ölkəsi olduğunu vurğulayan,  «Müdafiə sənayesi üzrə yerli istehsalın qısa müddət ərzində 20 faizdən 80 faizə çatdırılması Türkiyə tarixinin ən böyük uğurlarından biridir. «Bayraktar TB2”»lərimizi Ukrayna, Qətər və Azərbaycana ixrac etdik. Yeni ixrac müqavilələri bağlanır. Türkiyəni pilotsuz döyüş təyyarələri texnologiyası üzrə qabaqcıl ölkə etmək niyyətindəyik”» söyləyən Rəcəb Tayyib Ərdoğan bu sözləri ilə   qardaş  Azərbaycana bu sahədə də hər zaman dəstək göstəriləcəyini bildirir.  Türkiyənin  «Baykar»” şirkəti tərəfindən yerli imkanlarla hazırlanan «Bayraktar Akıncı» TİHA” ümumilikdə 1360 kiloqram faydalı yüklə 13 saat 24 dəqiqə uçuş həyata keçirmək imkanına malikdir. Təbii ki,   Türkiyənin, eyni zamanda  Azərbaycanın müdafiə qüdrətini daha da gücləndirəcək   «Akınçı»  Ermənistana və onun dəstəkçilərinə daha bir zərbə oldu.
«Sadəcə olaraq, biz erməni vəhşiliyini heç vaxt unutmamalıyıq. Biz çox xeyirxah xalqıq. Bu, həm bizim üstünlüyümüzdür, eyni zamanda, qarşısında vəhşi olanda, xeyirxah olmaq olmaz. Onlara elə cavab verməliyik ki, bunu öz tarixi yaddaşlarında əbədi saxlasınlar, bu, onların yaddaşlarından heç vaxt silinməsin və silinməyəcək. Bu gün orada baş qaldıran bəzi revanşist qüvvələr də bilməlidirlər, dəmir yumruq yerindədir, lazım olarsa, bunların başını elə əzərik və buna əbədi son qoyulacaq» söyləyən Prezident,  Ali Baş Komandan İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın «Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın  gücü də bizim gücümüzdür» sözləri  Türkiyə ilə  Azərbaycanın siyasi, iqtisadi,  müdafiə qüdrətinin, diplomatiyasının qalibiyyət  rəmzidir.

Xuraman İsmayılqızı, «İki sahil»