10 sentyabr 2021 01:13
1192

Biz Qarabağı unutmadıq

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixi Qələbəmizi şərtləndirən amillər sırasında xalqın barışmaz ruhunu xüsusi diqqətə çatdırır

Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli «Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında» Sərəncamında qeyd edilir ki, Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi qeyd edilsin.

Dövlət başçısı İlham Əliyevin istər Vətən müharibəsi, istərsə də tarixi Qələbəmizdən sonra xarici mətbuata müsahibələrinin hər biri Azərbaycanın 30 ildə hansı haqsızlıqlarla, ədalətsizliklərlə üz-üzə qaldığına işıq salır. Amma ölkəmiz dünyanın ikili standartlara söykənən siyasəti fonunda ruhdan düşmədi, daha da diplomatik sahədə səylərini artırdı, hərbi gücünü möhkəmləndirdi. Cənab İlham Əliyev «CNN Türk» televiziya kanalına müsahibəsində jurnalistin «Son 30 il ərzində Azərbaycan, əslində, həm müdafiə potensialını və Ordusunun döyüş qabiliyyətini inkişaf etdirdi, həm də Ermənistan kimi yanlış bir mövqe nümayiş etdirmədi. Çox səbirli və təmkinli mövqe sərgilədi. Qələbənin qazanılmasında, əslində, bu amilin də təsiri olduğunu düşünürsünüzmü» sualını cavablandırarkən bildirmişdir ki, əlbəttə, burada bir çox amillər rol oynadı. İlk növbədə, xalqımızın əzmi, barışmaz mövqeyi və siyasətimiz rol oynadı. Bütün bu illər ərzində bəyan etdik ki, nəyin bahasına olursa-olsun torpaqlarımızı azad etməliyik və edəcəyik: « Sadəcə olaraq, bunu düzgün anda etməli idik və etdik, səhvə yol verə bilməzdik. Çünki bu, tarixi məsuliyyətdir və ona görə zamanında atılan addımlar bax, belə nəticəyə gətirib çıxardı. Xalqın barışmaz ruhu, əlbəttə ki, əsas amillərdən biridir. Çünki biz Qarabağı unutmadıq. Hətta Qarabağı görməyən və çadır şəhərciklərində doğulan uşaqlar da bir arzu ilə, bir amalla yaşayırdılar ki, getsinlər, öz torpağına qayıtsınlar. Ölümə gedənlər məhz onlar kimi minlərlə gənc olmuşdur.»

Ordumuzun gücləndirilməsinin, silah, texnika, təchizat məsələlərinin də əsas amillərdən olduğunu önə çəkən cənab İlham Əliyev vurğulayır ki, son illərdə ən çağdaş texnologiyaya əsaslanan silahlar alındı, Ordumuzun peşəkarlığı artdı. Ancaq yerində torpağı alan, bayrağı sancan əsgərdir. Əgər o, döyüşə həvəslə getmirsə, heç bir silah sənə kömək edə bilməz. Bu amillər bizi Qələbəyə apardı: «Bizim bütün hərbi strategiyamız və silahların alınması bir məqsədə xidmət edirdi – biz bu torpaqları necə az itkilərlə azad edək və belə də oldu. Heç kim inana bilmirdi ki, bizim itkilərimiz cəmi təqribən 3 minin altında olsun. Hər bir insanın həyatı qiymətlidir, ancaq bu miqyaslı əməliyyatda cəmi 2900 şəhidin verilməsi, əlbəttə, onu göstərir ki, hər əsgərin canını biz son ana qədər qorumağa çalışırdıq.»

27 sentyabrdan başlanan şərəfli yol Zəfərimizlə başa çatdı. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə «Hər il bu bayramı qeyd edərkən biz özümüzə söz verirdik ki, nəyin bahasına olursa-olsun doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik. Bu gün qürur hissi ilə deyə bilərəm ki, biz Silahlı Qüvvələr Gününü müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik. Bu, tarixi nailiyyətdir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq zəfər olmamışdır. Biz bütün gücümüzü səfərbər edərək düşmənə sarsıdıcı zərbələr endirib, düşməni məğlub etdik, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdik» fikirləri ilə tarixi Zəfərimizin sevincini, yaratdığı qüruru ifadə etməklə yanaşı, ordumuzun gücünü, qüdrətini, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək iqtidarında olduğunu və bunu əməldə təsdiqlədiyini diqqətə çatdırdı.

Otuz ilə yaxın dövrdə tarixi sahiblərini gözləyən torpaqlarımız 10 aydır ki, sevinclidir. 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatının imzalanması ilə Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqindən sonra dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə davamlı səfərləri işğalçı dövlətə və havadarlarına biri-birindən önəmli mesajlar kimi dəyərləndirilir. Milli Qurtuluş Günündə ən yüksək zirvəyə qədəm qoyan Azərbaycan-Türkiyə münasibətlərinin təsdiqi olan Şuşa Bəyannaməsinə Qarabağın mədəniyyət paytaxtının şahidlik etməsindən hələ çox danışılacaq. Azərbaycan və Türkiyə prezidentləri Şuşada bir araya gələrkən dostluğumuzun təcəssümü olaraq Zəfər paradı da xatırlandı, qardaş ölkənin Vətən müharibəsi başlandığı gündən bügünədək Azərbaycanın yanında olduğu böyük sevinclə, qürurla qeyd edildi. «Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik.» Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı Azərbaycan Ordusunun gücünü, qüdrətini bir daha dünyaya nümayiş etdirdi. Çünki bu Parad digər paradlardan tamamilə fərqli idi. Bu baxımdan ki, artıq Azərbaycan Ordusu Azadlıq meydanına qalib ölkənin qalib Ordusu kimi daxil oldu. Eyni zamanda, bu paradda Ermənistan silahlı qüvvələrinin məhv edilmiş və qənimət kimi götürülmüş hərbi texnikası nümayiş olunaraq bir daha ermənilərin və onlara havadarlıq edən dövlətlərin illərdir yaratdıqları «məğlubedilməz erməni ordusu» mifi darmadağın edildi.

Azərbaycan Ordusu dünyanın hərb tarixinə yeni səhifə yazdı. Bu gün dünyanın inkişaf etmiş ölkələrində Azərbaycanın müharibə təcrübəsi öyrənilir. Müasir texnologiyaların dil açdığı əks-hücum əməliyyatlarında Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq, şücaət sayəsində 44 günün hər günü tariximizin şanlı səhifəsi kimi yazıldı. Əbəs yerə deyilmir ki, möhkəm təməl uğurların başlanğıcıdır. Bu təməl 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra yaradılıb. Hakimiyyətə qayıtmaqla ordu quruculuğu sahəsindəki islahatları ilə müdafiə qüdrətimizi gücləndirən ümummilli lider Heydər Əliyev vurğulayırdı ki, müstəqilliyin əbədiliyi, sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır. Bunun üçün iqtisadi qüdrətin artırılması vacib idi. Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadəsi iqtisadi imkanlarının genişlənməsinə yol açdı ki, bu da öz növbəsində ordu quruculuğu sahəsində mühüm addımların atılmasını şərtləndirdi. Ulu Öndərin ordu quruculuğu istiqamətində həyata keçirdiyi islahatların məntiqi nəticəsi Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən güclü orduları sırasında yer alması, 30 ilin işğalına son qoyularaq ədalətin bərpası, ərazi bütövlüyümüzün təmin edilməsi, işğaldan azad edilmiş bütün torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanmasıdır. 44 günlük İkinci Qarabağ müharibəsində mənfur düşməni diz çökdürən, kapitulyasiya aktına imza atmağa məcbur edən, bir sözlə, yeni reallıqlar yaradan Azərbaycan əsgərinin şücaətidir, hərbi potensialımızın NATO standartlarına uyğun təkmilləşdirilməsi, Müdafiə Sənayesi Nazirliyinin hərbi təyinatlı məhsullarının beynəlxalq sərgilərdə nümayiş etdirilərək böyük maraq doğurmasıdır. İllərin təcrübəsi göstərir ki, qurumun təlim məşqlərində, sülhyaratma missiyasında iştirak edən Azərbaycan öz Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması istiqamətində addımlar atır və Alyansın dəstəyindən yararlanır. İşğalçı Ermənistandan fərqli olaraq daxili, xarici siyasətində müstəqil olan Azərbaycan bölgə dövlətləri arasında NATO ilə “Sülh Naminə Tərəfdaşlıq” Proqramı çərçivəsində sıx əməkdaşlıq edir, iqtisadi qüdrəti ilə seçilən ən önəmli partnyordur və əməkdaşlığının böyük potensialı vardır.

Azərbaycanın «ADEX» Beynəlxalq Müdafiə sərgilərinə ev sahibliyi etməsi, ölkəmizdə keçirilən hərbi paradlar malik olduğumuz imkanları Ermənistana və dünyaya təqdim etmişdir. Rəsmi Bakının daim sülh danışıqları səmərə vermədiyi təqdirdə müharibə yolunun istisna edilməyəcəyi barədə səsləndirdiyi bəyanatlar da ordumuzun gücünə, qüdrətinə əsaslanırdı. Azərbaycan hər bir baxımdan gücləndi, torpaqlarımızı yağı düşməndən təmizlədi, əvvəldə qeyd etdiyimiz kimi, işğalçı Ermənistanın illərdir formalaşdırdığı «məğlubedilməz ordu» mifini darmadağın etdi. Təcavüzkar dövlət işğal etdiyi torpaqlarımızda istehkamlar qurmaqla, ən müasir silahlarla təchiz edilməklə açıq-aşkar ərazilərimizi geri qaytarmaq fikrində olmadığını büruzə verirdi. Güclü Azərbaycan Ordusu bu istehkamları dağıtdı, erməni ordusu Silahlı Qüvvələrimizin gücü qarşısında tab gətirməyəcək hərbi texnikanı, silah-sursatı qoyub qaçdı, sonda Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. İkinci Qarabağ müharibəsi bugünədək münaqişənin hərbi yolla həllinin mümkünsüzlüyünü qeyd edib, Ermənistana vaxt uzatmağa çalışan dövlətlərin məqsədlərinin nədən ibarət olduğunu açıqladı. İşğalçı dövlətin bu illər ərzində himayədarları tərəfindən necə silahlandırıldıqları 44 günlük Vətən müharibəsinin gedişində aydın oldu. Azərbaycan Ordusunun məhv etdiyi, yaxud qənimət kimi götürdüyü hərbi texnikalara, silah-sursatlara diqqət yetirsək, onların qiymətinin adi rəqəmlərlə ifadə olunmadığı işğalçının silahlandıran dövlətin maraqlarına işıq salır. Cənab İlham Əliyev bütün müsahibələrində, xalqa müraciətlərində bu silahları Ermənistana kimlərin verdiyinə açıqlama istəyir. Çünki onların məbləği kasıb ölkənin almaq imkanlarının mümkünsüzlüyünü qabarıq şəkildə ortaya qoyur. Erməni diasporunun ianələri hesabına dövlət büdcəsini formalaşdıran bir ölkənin böyük məbləğ tələb edən silahla, hərbi texnika ilə təchiz olunması maraq doğurmaya bilməz. Dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə yaradılan Hərbi Qənimətlər Parkı, həmçinin Azərbaycanın Qələbəsinin dünyaya təqdimatı olan 10 dekabr Zəfər paradı dünyaya bu mesajı ünvanladı ki, Azərbaycan Ordusunun işğalçı dövlətdən qənimət kimi götürdüyü hərbi texnikaya, silah-sursata bax, yaranan suallara həqiqət əsasında cavab ver, erməni sevgisinin səbəblərini ortaya qoy!

Dövlətimizin başçısı İlham Əliyev bütün çıxışlarında ordumuzun gücləndirilməsindən, Ermənistanın isə işğalçılıq siyasətinin onun üçün yaratdığı problemlərdən, müstəqilliyinin formal xarakter daşımasından bəhs edərək bildirir ki, Ermənistan dərk etməlidir ki, Azərbaycan bundan sonra da güclənəcək və bu, şübhəsizdir: «O cümlədən bizim hərbi gücümüz artacaq. Müharibədən sonra artıq müvafiq göstərişlər verildi, yeni kontraktlar imzalandı, yeni silahların, texnikanın, müasir texnologiyaların əsasında texnikanın alınması prosesi başlamışdır. Silahlı Qüvvələrimizin struktur islahatları təsdiqləndi. Deyə bilərəm ki, Silahlı Qüvvələrimizin, Ordumuzun say tərkibi artırılacaq. Biz İkinci Qarabağ müharibəsinin nəticələrini və gedişatını düzgün təhlil edərək, əlbəttə ki, öz hərbi gücümüzü artıracağıq. Ermənistanın isə, əgər onlar yenə də bizə qarşı düşmənçilik siyasətindən əl çəkməsələr, nəinki hərbi gücünü, nəinki dağılmış, məhv edilmiş ordusunu bərpa etmək imkanı olmayacaq, eyni zamanda, iqtisadi fəallığı bərpa etmək imkanları da çox məhduddur. Ona görə biz güclənəcəyik.»

Döyüş meydanında əsgərlərimizin şəhid olması, erməni təxribatları nəticəsində mülki əhalinin qətlə yetirilməsi, yaralanması, kütləvi dağıntılar qəlbimizi göynətsə də təsəllimiz budur ki, Ermənistan silahlı qüvvələri torpaqlarımızdan qovuldu, işğaldan azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır, Azərbaycanın ərazi bütövlüyü təmin olundu. 30 illik Vətən, torpaq həsrətinə, nisgilinə son qoyuldu.

Azərbaycanın döyüş meydanında, siyasi müstəvidə qələbəsi göstərdi ki, torpaqlarımız uğrunda şəhid olmuş igidlərimizin qanı yerdə qalmadı. 44 günlük müharibə bu reallığı da göstərdi ki, yalnız Azərbaycan gəncliyi deyil, kimliyindən, əqidəsindən, siyasi mənsubiyyətindən, yaşından asılı olmayaraq hər kəs ölkəmizin ərazi bütövlüyünün bərpası üçün canından keçməyə hazırdır!

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşərkən dövlətimizin başçısı «Azərbaycan sizin sayənizdə yeni bir dövrə qədəm qoyacaq» söyləyərək bildirmişdir ki, bu gün, müharibə başa çatandan dərhal sonra sizə öz hörmətimi ifadə etmək üçün gəlmişəm: «Sizin valideynlərinizə öz təşəkkürümü bildirim ki, dövlət üçün belə qəhrəman övladlar yetişdiriblər. Gəlmişəm ki, sizə şəxsən öz təşəkkürümü bildirim, sizi təbrik edim. Mənim birinci təbrik etdiyim insanlar sizsiniz və sizin simanızda bizim bütün qəhrəman döyüşçülərimizdir. Gəlmişəm deyim ki, mən hər zaman sizinlə bir yerdə olacağam. Mənə arxalana bilərsiniz. Bizim qəhrəman döyüşçülərimiz gələcək həyatda da daim mənim nəzarətim altında olacaqlar.» Cənab İlham Əliyev bu məqamı bir daha təkrar-təkrar qeyd etmişdir ki, bu Qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu Qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir. Biz sübut etdik ki, biz böyük xalqıq. Biz sübut etdik ki, biz həmrəylik, birlik göstəririk və bu birlik onsuz da cəmiyyətdə var idi. Ancaq bu Zəfərdən sonra bu, daha da yüksək səviyyəyə qalxdı. Bu birlik imkan verəcək ki, işğaldan azad edilmiş torpaqlara yenidən həyat qaytaraq, məcburi köçkünlərimizi o yerlərə maksimum qısa müddət ərzində qaytaraq. Qarabağ bölgəsi, gözəl tarixi diyarımız sanki yenidən doğulacaq, yenidən canlanacaq, dirçələcək. Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl güşələrindən biri olan Qarabağ əsl cənnət məkanına çevriləcək.

Yeganə Əliyeva, «İki sahil»