11 sentyabr 2021 00:58
1164

Əli Kərimli «vətənpərvərliyinin» erməni siması

İlana ağı verən kərtənkələ kimi gənclərimizin ruhunu zəhərləyən  «islahatçı sədr»ə ən çox yaraşan isim budur: «Zatıqırıq»

Çox danışsa belə nəticədə nə dediyini özü də anlamayan AXCP sədri Əli Kərimlinin  daimi istinad nöqtəsi olan ermənilərə pərəstiş xasiyyəti dəyişilməzdir. Müstəqilliyimizin ilk günlərindən Azərbaycanın qazandığı uğurlara qara yaxmaqla məşğul olan «islahatçı sədr»in dərdi torpaqlarımızın işğaldan azad olunması ilə təzələndi.  Milli Ordumuza  qara yaxmaqla belə antimilliliyini bildirən Əli Kərimlinin özünə ən yaxın bildiyi Sevinc Osmanqızına müsahibələrində anti-Azərbaycan düşüncələri ilə Qələbəmizə qara yaxmaqla kifayətlənməyərək erməni revanşistlər kimi hələ də tarixə atılmış   «Dağlıq Qarabağ respublikası» ifadələrini səsləndirir. Prezident İlham Əliyevin məntiqə əsaslanan, uğura istiqamətlənən siyasətinin həmkarları,  hərbi ekspertlər tərəfindən «uğur formulu» adlandırdıqları  bir zamanda belə  məğlub Ermənistan üçün yas tutan Əli Kərimli erməniliyin  ədəbi obrazı olan Qıdı kirvənin  yarımmetrlik dəsmalı ilə göz yaşlarını silməkdən yorulmur.  30 ilə yaxın işğal altında  qalan torpaqlarımızı azad etməklə Azərbaycan xalqını sevindirən, dünyanın nəqliyyat  xəritəsini yeniləyəcək  Zəngəzur dəhlizinin region üçün əhəmiyyətini tarixi nailiyyətimiz adlandıran Azərbaycan xalqından fərqli olaraq Əli Kərimli hələ də  «Sunik» deyir. Səbəbi də bəllidir.  Ermənistanı dəstəkləməklə, Azərbaycana qarşı  təxribatlar təşkil etməklə  xeyli varidat toplayan Əli Kərimlini narahat edən qrantlardan məhrum olmaq təlaşıdır.

Eyni düşüncə tərzinə malik Müsavat başqanları ilə daim rəqabətdə olan Əli Kərimli  partiyanın hazırkı başqanı Arif Hacılı ilə də yola getmir.  Rəqabətin səbəb isə dəyişilməzdir: Düşərgədə birincilik adını qazanmaq, Azərbaycana qarşı həmişə  düşmən mövqedə dayanan beynəlxalq təşkilatların ayırdığı qrantlara təkcə sahib çıxmaq.   Xəyanətkarlıq mübarizəsində qalib gəlmək üçün istifadə olunan vasitə isə  siyasi hazırlığı olmayan gəncləri tora salıb, trolların sayını artırmaqdır.  Aldıqları qrantlardan həmin gənclərə qəpik-quruş verməklə  çirkin niyyətlərini həyata keçirən Əli Kərimli, Arif Hacılı mənfur fikirlərini Sevinc Osmaqızının  TV-si vasitəsilə yayırlar. Cəmiyyət tərəfindən qəbul olunmayan bu siyasətbazların  reallığa əsaslanmayan sayıqlamalarına üç-beş nəfəri təşkil edən özlərindən başqa heç kim inanmır. Atalar demişkən, göz gördüyünə inanır. Azərbaycan xalqı  Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə  torpaqlarımızı işğaldan azad edən Milli Ordumuzun  qüdrətinə güvənir. İşğaldan azad edilmiş  ərazilərdə aparılan quruculuq, abadlıq işlərini dəstəkləyir.  Tikintisi başa çatmaqda olan Zəfər yolunun,  «Qarabağ» təyyarəsini qəbul edən Füzuli Beynəlxalq Hava Limanının  Azərbaycan üçün əhəmiyyətindən danışır. Türkiyə, Azərbaycan, Pakistan arasında imzalanan, regionumuza  sabitlik gətirəcək, ölkəmizə böyük nüfuz qazandıracaq Şuşa, Bakı bəyannamələrindən bəhs edir,  «Xarıbülbül» festivalını, Vaqif Poeziya Günlərini milli-mənəvi dəyərlərimizə sadiqlik, tariximizə hörmət  adlandırır. Türkiyə ilə Azərbaycan hərbçilərinin uğurla davam edən təlim-məşqlərini regional sülhə töhfə hesab edir. Belə tarixi əhəmiyyətli məsələlərlə müqayisədə    Əli Kərimlinin pafoslu yalanları ataların  « çax-çax baş ağrıdır, dəyirman bildiyini edir» məsəlinə bənzəyir.  Ölkəmizdə geniş miqyasda aparılan quruculuq işlərinə kölgə salmaq üçün dəridən, qabıqdan çıxan, milli heysiyyatdan məhrum,   dağıdılan ərazilərimizdə törədilən vəhşilikləri  dilə gətirməyən ermənilərin  qulbeçəsi Əli Kərimli əksinə  terrora göstərdiyi dəstəyi ilə  tanınır. Milli xəyanətkardan fərqli olaraq işğaldan azad olunmuş  Azərbaycan ərazilərində erməni  vandallıqlarını öz gözləri ilə müşahidə edib,  ölkələrində təbliğ edən xarici qonaqlar daha  obyektivdirlər.  Hələ də  milli mənsubiyyəti bəlli olmayan Əli Kərimli barədə işlədilən  «zatıqırıq» ifadəsi «islahatçı sədr»in boyuna biçilib.

Sual olunur.  Özünü 20 ildən artıq siyasətdə hesab edən, ermənipərəst, antimilli  mövqeyi ilə xəyanətkarlığını bildirən Əli Kərimli nə üçün doğma Ermənistanına getmir? Prezident İlham Əliyevin «Biz Zəngəzur dəhlizinə qayıdıb orada yoldan istifadə edəcəyiksə, niyə biz İrəvana qayıtmayaq? Hesab edirəm ki, vaxtı gələndə biz bunu da edəcəyik» sözlərinin vəd olmadığını, gələcəkdə reallaşacağını dəqiq bilən  Əli Kərimlini qorxudan da  xalqımızın doğma yurdları olan  Qərbi Azərbaycan torpaqlarına qayıtmaq qətiyyətidir. Sərxoşun  divar qurtarandan sonra yapışacağı bir dayağı olmadığı kimi, Əli Kərimlini də qorxudan yalançı tarix əsasında  formalaşan, regional sülhə təhlükə olan  Ermənistanın qeyb olmasıdır.

Əli Kərimliyə  Prezident İlham Əliyevin bu sözlərini xatırladaraq məsləhət görərdik  ki, antimilli, xəyanətkar  düşüncələri ilə gənclərin beynini zəhərləməsin:  «Gənclərimiz ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. Həm məktəblərdə, həm ailələrdə ənənəvi dəyərlər bizim əsas sütunumuzdur. Azərbaycan dəyərləri, milli dəyərlərimiz bizim üçün əsas prinsipdir və gənc nəsil də bu ruhda tərbiyə almalıdır, milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdır. Gənc nəsil mənfi xarici təsirdən uzaq olmalıdır və buna nail olmaq üçün tərbiyə işləri aparılmalıdır. Gənclər savadlı, bilikli olmalıdırlar, eyni zamanda, milli mədəniyyətimizə yaxın olmalıdırlar. Bizim milli dəyərlərimizi dərk etməlidirlər, onları yaşatmalıdırlar və bu istiqamətdə çox ciddi iş aparılmalıdır. Çünki indiki dünyada qloballaşma prosesləri gedir və bəzi hallarda xarici dairələr gəncləri özləri üçün əsas hədəf seçirlər. Yəni, gəncləri aldatmaq, yoldan çıxarmaq üçün səylər göstərilir. Biz bunu görürük və əlbəttə, bunun qarşısı alınmalıdır. Burada vətənpərvərlik hissləri ön planda olmalıdır.»

Xuraman İsmayılqızı, «İki sahil»