11 sentyabr 2021 02:57
763

İqtidar-müxalifət dialoqu nəticəsində cəmiyyətdə yeni yanaşma müşahidə olunur 

Demokratiya təcrübəsi nümunə olan Azərbaycanın təqdim etdiyi siyasi dialoq modeli də öyrənilir və təqdir edilir

Demokratik prinsipləri dünəninin, bugününün və sabahının əsası kimi dəyərləndirən Azərbaycanda siyasi partiyaların, ictimai birliklərin fəaliyyəti üçün bütün zəruri imkanlar yaradılıb. Onların fəaliyyətini tənzimləyən qanunvericilikdə zamanın, dövrün tələblərinə  uyğun təkmilləşmə dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycan hakimiyyəti daim partiyalar arasında dialoq mühitinin formalaşdırılması istiqamətində mühüm addımlar atır. Son zamanlar bu prosesin daha da sürətləndirildiyi diqqətdən kənarda qalmır.  

Tarixi Qələbəmizdən əvvəlki dövrlə postmüharibə dövrünün reallıqlarının  yaşandığı  bugünümüzü  müqayisə etdikdə qeyd edə bilərik  ki, o zaman Azərbaycanın bugününü və gələcəyini  düşünən, dövlət maraqlarını hər şeydən üstün tutan  bütün vətənpərvər qüvvələri yalnız bir amal birləşdirirdi-torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası, soydaşlarımızın doğma yurd-yuvalarına qayıtması, Qarabağda  yeni, dinc  həyatın başlanması.  Bu gün  Zəfərin yaratdığı reallıqların diktə etdiyi vəzifələrin həyata keçirilməsi üçün  ölkənin müxtəlif siyasi qüvvələri arasında birliyin, həmrəyliyin mövcud olması  vacibdir.  44 günlük İkinci Qarabağ müharibəsi bu birliyə bir daha işıq saldı. Vətən müharibəsi dövründə    50-dən artıq siyasi partiya dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstəklərin birgə imzaladıqları bəyanatla nümayiş etdirdilər. Eyni ab-hava Qarabağın tacı, döyünən ürəyi Şuşamızın  Azərbaycan və Türkiyənin müttəfiqliyinə şahidlik edərək Şuşa Bəyannaməsinin imzalanması zamanı da  yaşandı. Yenə də 50-dən artıq siyasi partiya bəyanatla çıxış edərək Şuşa Bəyannaməsini iki dost, qardaş ölkənin münasibətlərinin zirvəsi kimi dəyərləndirərək, bu mühüm sənədə dəstəklərini ifadə etdilər.  Bu dəstəkdən öncə  cari  ilin  mart ayının  5-də ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 siyasi partiya YAP-a qoşulmaq barədə qərar qəbul etdi. Bütün bunların  hamısı ölkəmizdə demokratik  mühitin mövcudluğundan, siyasi partiyalar arasında səmimiyyət körpüsünün qurulmasından, onların  ümummilli məsələlərin həllində   bir amal ətrafında  birliyindən xəbər verir. Dövlət başçısı İlham Əliyev partiyanın VII qurultayında bu fikri xüsusi qeyd etmişdir ki, dost partiyaların bu gün Yeni Azərbaycan Partiyasına  qoşulması  siyasi sistemin təkmilləşdirilməsi istiqamətində atılan növbəti addımdır. Eyni zamanda, göstərir ki, YAP-ın həm məramı, həm proqramı, həm də fəaliyyəti və əldə etdiyi nailiyyətlər dost partiyalar üçün də cəlbedicidir.

Qurultayda  «Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik» söyləyən  dövlət başçısı İlham Əliyev bildirmişdir ki, bu prosesə müharibədən əvvəl start verildi və qısa müddət ərzində yaxşı nəticələr əldə olundu. Özünü siyasi qurum adlandıran antimilli şuranı istisna etsək, bütün siyasi qüvvələr dialoqa meyil göstərmişdilər. İrəli sürülən təşəbbüslər dəstəkləndi. Artıq bu dialoq baş tutub: «Bunu mən tam əminliklə deyə bilərəm və heç bir kənar müdaxilə olmadan. Çünki mənim yadımdadır, 1990-cı illərdə, hətta indi mənim dövrümdə də bəziləri xaricdən gəlirdilər ki, burada siyasi dialoqu bizim üçün təşkil etsinlər. Bu, bizim üçün təhqir idi. Siz kimsiniz, gedin öz işinizlə məşğul olun. Sizin ölkənizdə indi siyasi dialoqa daha böyük ehtiyac var, nəinki Azərbaycanda. İndi bir-birini didirlər, necə deyərlər, bu, başqa məsələnin mövzusudur. Ancaq biz buna nail olduq, qısa müddət ərzində. Yenə də, sadəcə olaraq, baxdıq ki, hansı fundamental ziddiyyətlər var, harada biz, necə deyərlər, bir-birimizlə razılığa gələ bilmirik.»

Cənab İlham Əliyev bu məqamı xüsusi qeyd etmişdir ki, antimilli ünsürlərlə biz heç vaxt bir masa arxasında otura bilmərik. Çünki onlar satqınlardır, xaindirlər. Onlar təlimatları xaricdən alırlar. Onların emissarları xarici paytaxtlarda oturublar. Xarici anti-Azərbaycan dairələrin sifarişləri əsasında  şanlı Qələbəmizə kölgə salmaq istəyirlər.

Bu ünsürlər  Paşinyanı  nümunə gətirir, onu təmiz adam, demokrat adlandırırdılar. Bildirirdilər ki,  Azərbaycanda da belə bir lider olaydı. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, həmin o demokrat bütün müxalifəti həbs etdirdi.  Budurmu demokratiya? İndi Qərb buna göz yumur. Qərb artıq bu demokratiya məsələləri ilə bağlı özünü tam ifşa edib: «Amma bizim bu dırnaqarası “demokratlar” indi niyə susurlar? İndi niyə demirlər ki, Paşinyan bizə nümunə olmalıdır… Çünki oradan, mərkəzdən, onların mərkəzindən təlimat almışdılar. Məqsəd nə idi? Məqsəd Azərbaycanı qarışdırmaq, Azərbaycanı çökdürmək, Azərbaycan rəhbərliyini hörmətdən salmaq, çirkin uydurmalar, iftiralar, yalançı məqalələr yazdırmaq - hamısı bizim gözümüzün qabağındadır. Biz bunları unutmamışıq.»

Prezident İlham Əliyevin qeyd etdiyi kimi,  ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyəti, demokratiyanın inkişafı, iqtisadi azadlıqların bərqərar olması, ölkəmizin güclənməsidir. Bu gün bu məsələlər ətrafında siyasi partiyaların iştirakı ilə siyasi dialoq aparılır.  Bu gün  qarşımızda dayanan əsas vəzifə Qələbəmizi  siyasi yollarla möhkəmləndirməkdir.   Ölkənin inkişafında  əsas resurs hesab olunan  milli və siyasi həmrəyliyin qorunması işində bütün mövcud potensiallar səfərbər olunmalıdır.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev mütəmadi olaraq siyasi partiyaların rəhbərləri ilə görüşlər keçirir. Bu görüşlərdə günün aktual məsələləri ətrafında fikir mübadiləsi aparılar. Hazırkı dövrün əsas məsələsi postmünaqişə dövrünun reallıqları fonunda işğaldan azad edilmiş torpaqlarımızda bərpa və quruculuq işlərinin həyata keçirilməsi, Böyük Qayıdışın reallaşdırılmasıdır. Hər zaman bəyan edildiyi kimi, 44 günlük İkinci Qarabağ müharibəsi dövründə nümayiş etdirdiyimiz birliyimiz, həmrəyliyimiz sayəsində bu prosesi də uğurla başa çatdıracağıq. Tarixi Zəfərimiz birliyimizin, həmrəyliyimizin dünyaya təqdimatı oldu. Sentyabrın 9-da  Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin ölkədə fəaliyyət göstərən 45 siyasi partiyanın rəhbərləri ilə “Siyasi partiyalar: Zəfər, yeni reallıq və dialoq” mövzusunda keçirdiyi görüşdə də bu məqamlara xüsusi diqqət yönəldildi. Qeyd olunduğu kimi,   bu gün Azərbaycan çoxəsrlik tarixinin ən şərəfli dövrünü yaşayır. Azərbaycan qalib ölkə kimi regionda və dünyada yeni reallıqları formalaşdırır və onların uğurlu icrası istiqamətində addımlar atır.

Qələbəmizin yaratdığı reallıqların qarşıya qoyduğu vəzifələr birgə addımların atılmasını zərurətə çevirir. 45 siyasi partiyanın bir araya gətirildiyi görüşdə günümüzün aktual məsələləri, siyasi partiyalara, ictimai birliklərə diqqət və qayğı geniş müzakirə olundu. Bir daha bu məqamlar açıqlandı ki, 22 siyasi partiya üçün ofislər ayrılıb, vaxtı ötürülmüş qurultaylarının keçirilməsi üçün bir sıra siyasi partiyaları yerlə təmin olunub, 25 siyasi partiyanın qurultayları keçirilərək nəticələri dövlət qeydiyyatına alınıb, habelə uzun fasilədən sonra 7 yeni siyasi partiya dövlət qeydiyyatına alınıb. İqtidar-müxalifət dialoqu nəticəsində cəmiyyətdə yeni yanaşma müşahidə olunur. «Siyasi partiyalar haqqında» yeni qanunun qəbul olunmasına ehtiyacın olduğu bildirilir  və bununla bağlı təklifləri verir. Dövr dəyişir, zamanın diktə etdiyi reallıqlar bütün addımlarda öz aydın ifadəsini tapır. Bu baxımdan cəmiyyətin idarə olunmasında, hər bir sahənin inkişafında əhəmiyyətli rol oynayan qanunlarımız dəyişməz qəbul edilmir, mütəmadi olaraq yenilənir, təkmilləşir. «Siyasi partiyalar haqqında» yeni qanunun qəbul edilməsi də dövrün tələbi kimi gündəmdir.

Bütün bu qeyd olunanların fonunda belə ümumiləşdirmə apara bilərik ki, demokratiya təcrübəsi nümunə olan Azərbaycanın təqdim etdiyi  siyasi dialoq modeli də öyrənilir və təqdir edilir.

Yeganə Əliyeva, «İki sahil»