14 sentyabr 2021 00:14
1108

Ulu Tanrının göndərdiyi ölümsüzlük rəmzi - Bal

Bal arılar tərəfindən bitkilərdən toplanan və şəfaverici təsiri çox güclü olan qida növüdür. Arılar təbii balı çiçəklərdən sızan şirin şirədən-nektardan hazırlayırlar. Balın kimyəvi tərkibi 20 faiz sudan, 75 faiz şəkərdən və 5 faiz başqa maddələrdən ibarətdir. Bal yüksək kolorili qida məhsulu olmaqla yanaşı, həm də əvəzsiz müalicəvi əhəmiyyətə malikdir. Bal yeganə qida məhsuludur ki, orqanizm tərəfindən tam mənimsənilir və heç bir qalıq saxlamamaqla yanaşı, orqanizmin şlaklardan təmizlənməsinə kömək edir.

Balın rəngi, ətri və dadındakı fərqlilik tamamilə toplanan nektarlardan qaynaqlanmaqdadır. Bal tez və ya gec (götürüldüyü çiçəkdən və saxlama şəraitindən asılı olaraq) qatılaşıb xarlanır. Balın kristallaşması (xarlanması) təbii prosesdir və onun keyfiyyətinə mənfi təsir göstərmir. Cökə, yonca, akasiya, pambıq, günəbaxan balı tez (götürüldükdən 6 ay müddətində), qaratikan, biyan, zeytun, tütün və s. balı isə gec xarlanır (bəzən hətta bir ildən gec). İsti şəraitdə saxlanan bal gec, soyuqda saxlanan isə tez xarlanır. Tərkibi insan orqanizmi üçün faydalı maddələrlə zəngin olan təbii arı balı ən həssas mədə tərəfindən də asanlıqla həzm edilir.

Həkimlər sübut etmişlər ki, distillə edilmiş su ilə düzəldilmiş bal şərbəti böyrək, sidik kisəsi daşı xəstəliklərindən əziyyət çəkən insanlar üçün olduqca faydalıdır. Üzdə olan sızanaqları da bal sürtməklə yox etmək olar. Bal şərbəti ilə qarqara etmək isə ağızda olan yaraların, boğaz ağrısı və şirəsinin qarşısının alınmasına müsbət təsir göstərir. Bal qan dövranını yaxşılaşdırır, ürək döyünməsini tənzimləyir, mədə köpünün qarşısını alır. Mədə ağrısı, mədə xorası, qəbzlik, bağırsaq sancıları zamanı istifadə edilən bu nemət qaraciyər xəstələri üçün də faydalıdır. Şəkər xəstəliyindən əziyyət çəkənlərin və yaşlı adamların şəkəri balla əvəz etməsi məsləhətdir.

Təbii bal 2 cür olur: çiçək və gəzəngi balı. Çiçək balı götürüldüyü çiçəkdən asılı olaraq müxtəlif ola bilər. Bunlardan cökə, yonca, qaratikan, akasiya, günəbaxan, zeytun və s. çiçəklərdən götürülən bal yüksək keyfiyyətli, şabalıd, dəfnə və s. bitkilərin balı isə aşağı keyfiyyətli hesab olunur.

Natural bal həm ən yaxşı qida, həm də bir sıra xəstəliklərin müalicəsi üçün qiymətli dərmandır. Bəzi əliəyri, yüngül qazanc axtaran saxtakar adamlar bu gözəl nemətə müxtəlif maddələr qarışdırmaqla onu süniləşdirirlər. Buna görə də bala kənar maddələrin-şəkər, qamış şəkəri, kartof, qarğıdalı, su, un, təbaşir və s. qarışıb-qarışmadığını müəyyən etmək lazımdır. Bunun üçün təbii balı süni baldan ayırd eləməyin sadə üsullarını bilmək faydalıdır. Balda süni qarışıqları müəyyən etmək üçün mixbər şüşəsinə qabın dibindən götürülmüş bal nümunəsi tökülür, sonra ona distillə su əlavə olunub həll edilir. Bu zaman bal təmizdirsə, məhlul şəffaf olur, təmiz deyilsə çöküntü alınır.

Orta əsrlərin məşhur alimi Əbu Əli ibn Sinanın nəsihəti bu gün də qüvvəsindədir: “Ey insan övladları! Əgər gənclik, cavanlıq təravətini daim saxlamaq və uzun ömür sürüb sağlam qalmaq istəyirsinizsə, müntəzəm olaraq Ulu Tanrının göndərdiyi ölümsüzlük rəmzi bal yeyin!” 

Cavid Əkbərov, “İki sahil”