14 sentyabr 2021 20:01
1237

Türkdilli ölkələr arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi prioritetdir

Sentyabrın 10-da Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlərin iqtisadiyyat nazirlərinin 10-cu görüşü keçirilib. İqtisadiyyat naziri Mikayıl Cabbarov türkdilli dövlətlərin bütün sahələrdə uğurla əməkdaşlıq etdiyini vurğulayaraq, milli və regional iqtisadiyyatın dəstəklənməsi istiqamətində tərəfdaşlığın və iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. Qeyd edilib ki, Azərbaycanda Türk Şurasına üzv ölkələrlə ticarət, investisiya əməkdaşlığı, iş adamları arasında əlaqələrə böyük önəm verilir. Görüşdə Türk Şurasına üzv ölkələr arasında ticarət və investisiya əlaqələrinə dair tədqiqat sənədinin, Azərbaycanın dəstəyi ilə “Türk Ticarət Evi”nin konsepsiyasının hazırlandığı, Türk Ticarət və Sənaye Palatasının fəaliyyətinin təşviqi, Türk İnvestisiya Fondunun yaradılması istiqamətində mühüm irəliləyişlər əldə olunduğu diqqətə çatdırılıb. Mikayıl Cabbarov təşkilata üzv dövlətlərin qarşılıqlı investisiya yatırımı üçün böyük imkanlarının olduğunu və bu imkanlardan yararlanmağı, tranzit potensialını reallaşdırmağı təklif edib. Nazir, həmçinin TDƏŞ-ə üzv ölkələri Azərbaycanda yaradılan Ələt Azad İqtisadi Zonasının, sənaye zonalarının, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarından faydalanmağa çağırıb. Tədbirdə Azərbaycan iqtisadiyyatı, 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər barədə məlumat verilib, Azərbaycanın təmiz ətraf mühit və “yaşıl artım” ölkəsinə çevrilməsinin qarşıya hədəf kimi qoyulduğu qeyd olunub.

TDƏŞ-in Baş katibi Bağdad Amreyev çıxışında bildirib ki, Türk Şurası ölkələrimiz arasında əməkdaşlığın daha da gücləndirilməsinə, iqtisadi, mədəni və digər sahələrdə tərəfdaşlığın genişləndirilməsinə önəmli töhfələr verir. Baş katib Bakıda keçirilən TDƏŞ-ə üzv dövlətlərin iqtisadiyyat nazirlərinin görüşünün türkdilli ölkələr arasında tərəfdaşlığın inkişafında əhəmiyyətini vurğulayıb.

Türkiyənin ticarət naziri Mehmet Muş, Qazaxıstanın ticarət və inteqrasiya naziri Baxıt Sultanov, Özbəkistanın investisiyalar və xarici ticarət nazirin birinci müavini Aziz Voitov, Qırğızıstanın iqtisadiyyat və maliyyə naziri Akylbek Zhaparov, Macarıstanın Təhlükəsizlik Siyasəti üzrə dövlət katibi Peter Staroi çıxışlarında türkdilli ölkələr arasında əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu vurğulayıblar.

İqtisad elmləri üzrə fəlsəfə doktoru Elmir Səfərli mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirib ki, bu toplantının əsas məqsədi üzv ölkələr arasında, eləcə də regionda qlobal iqtisadi şərtləri nəzərə alaraq ticarətin səviyyəsinin yüksəldilməsi, idxal və ixrac əməliyyatlarının artırılması, eləcə də, ölkələrarası investisiya həcminin yüksəldilməsi istiqamətində işlərin görülməsi, logistik ticari nəqliyyatın həcmini artırılmasıdır: “Tarixi İpək yolunun bərpası, eləcə də Türkiyə ilə Azərbaycan arasında birbaşa nəqliyyat yolunun açılması, əslində Şuraya üzv ölkələr arasında ticari nəqliyyat daşımalarının həcminin artırılması üçün çox mühüm bir faktordur. Bu traektoriya üzrə logistik mərkəzlərin yaradılması, daşınmalar üçün iqtisadi mədudiyyətlərin götürülməsi iqtisadi-ticari əlaqələrin genişlənməsinə xüsusi töhfə verəcəkdir”.

E. Səfərli qeyd edib ki, Azərbaycan əlaqələrin genişləndirilməsi istiqamətində bəzi təşəbbüslər irəli sürməli və daxili strukturda dəyişikliklər etməlidir: “Bunun üçün ilk növbədə Şuraya üzv ölkələrlə bağlanan iqtisadi-ticari müqavilələrin maddələrinə müəyyən dəyişikliklər edilməlidir. Belə ki, həmin üzv ölkələr ilə aparılan idxal – ixrac əməliyyatlarında tətbiq edilən gömrük rüsumları minimallaşdırılmalı, bütün məhdudiyyətlər aradan qaldırılmalıdır. Eyni zamanda, işğaldan azad olunan Qarabağ bölgəsinin yenidən qurulması, regionun iqtisadi mövqeyinin yaxşılaşdırılması üçün üzv ölkələrin investorlarına xüsusi imkanlar tanınmalıdır. Növbəti addım kimi istər səhiyyə, istər energetika, istər turizm və digər sahələrdə üzv dövlətlərin sahibkarları və şirkətləri arasında qarşılıqlı tərəfdaşlıq, ortaqlıq müqavilələri bağlanmalı və birgə müştərək fəaliyyətlər həyata keçirilməldir. Daha sonra ölkə səviyyəsində son on ildə baş verən institusional problemlər aradan qaldırılmalı, prioritet sahələr üzrə qanunvericilik, eyni zamanda hüquqi-normativ baza təkmilləşdirilməli və səmərəlilik artırılmalıdır. Bununla yanaşı, neft iqtisadiyyatından elm, texnologiya və süni intellekt iqtisadiyyatına keçid sürətlənməli, rəqəmsal transformasiya üzrə hökumət strategiyası hazırlanmalı və təkmilləşdirilməli, innovativ texnoloji və maddi idarəçilik prinsipləri əsasında dayanıqlı iqtisadi inkişaf formalaşdırılmalı, yaşıl iqtisadiyyat və innovativ metodlar tətbiq edilməlidir”.

Nigar Orucova, “İki sahil”