14 sentyabr 2021 23:38
1064

Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli formatı qlobal güc mərkəzlərindən birinə çevrilir

Məlum olduğu kimi, sentyabrın 12-də Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə “Üç Qardaş-2021” beynəlxalq təliminin açılışına həsr olunan təntənəli mərasim keçirilib.

Hərbi ekspert Emin Həsənli mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirib ki, Azərbaycan, Türkiyə və Pakistan silahlı qüvvələrinin birgə keçirdikləri təlimin çox böyük əhəmiyyəti var: “Üç qardaş ölkənin iştirakı ilə keçirilən bu təlim regionda və dünyada sülhün, təhlükəsizliyin qorunmasına bir töhfə rolunu oynayır. Bildiyimiz kimi, Türkiyə və Pakistan orduları da dünyanın ən güclü ordularından biridir. Pakistan ordusu, eyni zamanda nüvə silahına malikdir. Həmçinin Türkiyə, Pakistan hər zaman Azərbaycanı dəstəkləyib və ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdən olublar. Pakistan, eyni zamanda, Ermənistanı dövlət kimi tanımayıb, işğalçı ölkə ilə heç bir əlaqələr qurmayıb. Türkiyə də Ermənistanla bütün sərhədlərini bağlayıb. Göründüyü kimi, hər iki dövlət beynəlxalq aləmdə Azərbaycan dövlətini, Qarabağ məsələsində daim haqq işimizi  dəstəkləyib. Azərbaycan da Türkiyə ilə Pakistanı bütün məsələlərdə dəstəkləməklə yanaşı, onlarla sıx əməkdaşlıq edir. Sözsüz ki, hərbi əməkdaşlıq hər üç dövlət üçün çox lazımdır. Eyni zamanda, bu, regionda və beynəlxalq aləmdə sülhün, təhülkəsizliyin qorunması baxımından da vacibdir”.

Hərbi ekspert Ramil Məmmədli isə diqqətə çatdırıb ki, Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələri dünyanın ən hazırlıqlı bölmələri sırasında yer alır: “Onların qarşılıqlı fəaliyyətini nəzərdə tutan birgə təlimlər isə ölkələrimizə real təhdidlər yaranacağı halda, istənilən təhlükəni birlikdə daha tez və effektiv şəkildə aradan qaldırmağa imkan verəcək. Bütün bunlar Azərbaycanın, Pakistanın və Türkiyənin maraqlarına tam cavab verir, ölkələrimizin qarşılıqlı əlaqələrində növbəti uğur kimi dəyərləndirilir”.

Ekspert onu da vurğulayıb ki, 2000-ci ilin əvvəllərindən etibarən Azərbaycanda yeni ordu quruculuğu formatına başlanıldı: “Burada xüsusi təyinatlı qüvvələrə ciddi önəm verildi. Sözsüz ki, bu, Azərbaycan Ordusunun gücləndirilməsi istiqamətində atılmış addım idi.  Bu gün xüsusi təyinatlı qüvvələr nəinki Azərbaycanda, həmçinin Türkiyədə, Pakistanda yerüstü hərbi əməliyyatları həyata keçirən ən unikal ordu birləşmələrindən biridir. “Üç Qardaş -2021” birgə təlimi isə bu ordu birləşmələrinin birgə, vahid nöqtədən iştirak edərək, vahid komandanlığdan tapşırıq alaraq hər hansı bir əməliyyatın yerinə yetirilməsidir. Bildiyimiz kimi, Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli formatı hərbi, siyasi, iqtisadi baxımdan qlobal miqyasda mühüm güc mərkəzlərindən birinə çevrilir. Azərbaycan, Türkiyə və Pakistan arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı bugünə kimi çoxsaylı razılıqlar əldə edilib. Hər üç ölkənin orduları arasında dostluq və qardaşlıq münasibətləri üzərində qurulan əməkdaşlığın bundan sonra da uğurla inkişaf etdirilməsi gözlənilir”.

“Göründüyü kimi, region ölkələri mövcud vəziyyətə, təlimlərə qısqanclıqla yanaşırlar. Lakin bu prosesin qarşısını almaq mümkün deyil. Təlimlər isə davamlı olacaq. Sevindirici hal odur ki, üç qardaş təlimində müşahidəçi qismində digər ölkələr və onların hərbi qulluqçuları da iştirak edirlər”, deyə - R. Məmmədli qeyd edib.

Mənsumə Babayeva, “İki sahil”