18 sentyabr 2021 20:52
1048

SOCAR-ın Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində inşa etdiyi idman kompleksinin açılışı olub

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli bələdiyyəsinin 11 minə yaxın əhaslisi olan Qızılhacılı kəndində beynəlxalq standartlara uyğun, yeni texnologiyalar əsasında tikilmiş idman kompleksin açılış mərasimi keçirilib.

"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Kvemo-Kartli qubernatoru Şota Rexviaşvili, Gürcüstan parlamentinin deputatları Savalan Mirzəyev, Zaur Darğallı və digər rəsmi şəxslər iştirak ediblər.

Baş nazir İrakli Qaribaşvili mərasimdə çıxış edərək Azərbaycan-Gürcüstan dostluğundan danışıb. Bildirib ki, strateji tərəfdaş olan Gürcüstanla Azərbaycan arasındakı münasibətlər digər ölkələr üçün də nümunədir. Hökumət başçısı Azərbaycanı Gürcüstanın dostu və qardaşı adlandırıb.

Bu cür layihələrin həyata keçirilməsini yüksək qiymətləndirən İ.Qaribaşvili Gürcüstana göstərdiyi hərtərəfli dəstəyə görə Azərbaycan dövlətinə və şəxsən Prezident İlham Əliyevə, eləcə də SOCAR rəhbərliyinə minnətdarlıq edib.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev çıxışında deyib ki, Prezident ilham Əliyev dost və qardaş Gürcüstanla münasibətlərin inkişafına hər zaman böyük diqqət göstərib. Bu ölkədə yaşayan soydaşlarımızın sosial problemlərinin həllində Gürcüstan dövlətinə kömək göstərmək barədə SOCAR rəhbərliyinə konkret tapşırıqlar verib.

Onun sözlərinə görə, idman kompleksinin, eləcə də digər sosial obyektlərin tikintisi, ölkənin qazlaşdırılması sahəsinə ayrılan investisiyalar bunun bariz nümunəsidir.

Bildirilib ki, SOCAR-ın Gürcüstanda həyata keçirdiyi xeyriyyə layihələri çərçivəsində inşa olunan idman kompleksində basketbol, voleybol və futzal üzrə beynəlxalq yarışların keçirilməsi üçün də imkan yaradılıb. Müasir istilik və soyutma sistemləri, yanğın əleyhinə vasitələr ilə təmin olunmuş kompleks 150 tamaşaçı yerlikdir.

Binanın ətrafı abadlaşdırılıb, kompleksin yaxınlığındakı futbol stadionu yenidən qurulub, buraya yeni sintetik qazon döşənib, metal çəpərlər, tribunalar, işıqlandırma sistemi təmir edilib, tamaşaçılar üçün müasir oturacaqlar quraşdırılıb.

Sonra Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, SOCAR prezidenti Rövnəq Abdullayev və digər rəsmi şəxslər idman kompleksində yaradılan şəraitlə tanış olublar.