21 sentyabr 2021 23:57
1792

İndi Cıdır düzü də, Şuşa da, Qarabağ da azaddır

Bu günlərdə mədəniyyət paytaxtımız Azərbaycanın görkəmli mədəniyyət xadimlərini qarşılayaraq Ermənistana və ona havadarlıq edən dövlətlərə növbəti mesajını ünvanladı

«İndi müharibə bitib, münaqişə həll olunub, bu baş verənlər haqda danışılası heç bir məsələ qalmayıb. Biz artıq gələcəyə baxmalıyıq və hazırda bizim əsas narahatlığımız dağıdılmış, tamamilə viran qoyulmuş ərazilərin bərpasıdır» söyləyən dövlət başçısı İlham Əliyev atdığı hər addımı ilə sözlə əməl birilyini təsdiqləyir. Son 9 ayda görülən bərpa və quruculuq işlərinin miqyası bunu bir daha təsdiqləyir. Məlum olduğu kimi, Ağdam şəhərinin ardınca Şuşa şəhərinin baş planı təqdim edildi. Şuşa şəhərinin baş planı hazırlanarkən onun tarixi əzəmətinin qorunması əsas götürülüb. Mədəniyyət paytaxtımızda həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulacaq və tezliklə keçmişdə olduğu kimi, Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək. Təqdim olunan baş planda Şuşanın orta, yüksək və qarışıq sıxlıqlı olan yaşayış binalarının inşa edilməsi, şəhər mərkəzinin, yeni tikiləcək və qorunub saxlanılacaq tarixi binaların və abidələrin yerləri də öz əksini tapıb. Şəhərdə uzunluğu 36,2 kilometr olan mövcud yollarla yanaşı, həm də 17,6 kilometr yeni yolun inşası da nəzərdə tutulur. Həmçinin şəhərin baş planında ictimai dayanacaqların da yerləşmə yerləri müəyyən olunub. Bu dayanacaqlar elə qoyulacaq ki, şəhərin küçələrinə giriş-çıxışa maneə olmasın. Şuşada ümumi sahəsi 46.765 kvadratmetr olacaq yeni yaşayış massivi 6 məhəllədən ibarət olacaq. Məhəllələr üzrə əhali sayı 2020 nəfər nəzərdə tutulur. Beləliklə, yaşayış massivində 25 binanın olacağı planlaşdırılır. Avqustun 29-da təməli qoyulan 1-ci məhəllədə 3, 4 və 5 mərtəbəli binalar da Şuşaya xas memarlıq üslubu ilə tikiləcək.

Qarabağın tacı Şuşamızda görülən və görülməsi nəzərdə tutulan işlərin miqyasının genişliyi fonunda ümumi olaraq işğaldan azad edilmiş ərazilərimizin gələcəyi barədə aydın təsəvvür yaratmaq mümkündür. Hər kəsə məlumdur ki, bu torpaqlarda «ağıllı şəhər» və «ağıllı kənd» layihələri çərçivəsində kənd və şəhərlərin bərpası nəzərdə tutulur. Bu layihələr çərçivəsində ilk olaraq Zəngilan rayonunun Ağalı kəndində bərpa işlərinə start verilib ki, gələn ilin yanvar ayında bu kəndə soydaşlarımızın Böyük Qayıdışı reallaşacaq.

Dövlətimizin başçısı İlham Əliyevin avqustun 29-da mədəniyyət paytaxtımız Şuşaya səfəri zamanı bərpadan sonra açılışında, həmçinin təməlqoyma mərasimində iştirak etdiyi obyektlərin say tərkibinə diqqət yetirdikdə görülən işlərin hansı sürətlə, ən əsası xoş əhval-ruhiyyə ilə həyata keçirildiyini təsəvvür etmək çətin deyil. Məhz bu işlərin qısa zamanda görülməsinin nəticəsidir ki, mədəniyyət paytaxtımız, o cümlədən işğaldan azad edilmiş ərazilərimiz tez-tez sakinlərini qarşılayırlar. Bu günlərdə Azərbaycanın tanınmış mədəniyyət xadimlərinin Şuşaya səfəri diqqətdən kənarda qala bilməzdi. Çünki bu səfər Milli Musiqi Günümüzün Şuşada qeyd olunması ilə bğalı idi. Qonaqların dilindən səslənən fikirlərdən biri bu oldu ki, ötən il Milli Musiqi Gününü qeyd edərkən heç ağla da gətirmək mümkün deyildi ki, bir ildən sonra bu torpaqlarımız düşmən tapdağından xilas olacaq, əsl cənnət məana çevriləcəklər. Son bir ilə yaxın dövrdə təkcə Şuşada keçirilən tədbirlərə diqqət yetirmək kifayətdir. Bu tədbirlərin hər biri qələbəmizin dünyaya təqdimatı, torpaqlarımızın sahibinə qayıdışını toy-bayramla qeyd etməsinin göstəricisidir. Bu gün Cıdır düzündən muğamımızın, tolerantlığımızın nümayişi olan müxtəlif millətlərin, xalqların musiqisi eşidilir, «Xarıbülbül» musiqi festivalı, Vaqif Poeziya Günləri ənənəsi bərpa edildi.

Qeyd edək ki, cənab İlham Əliyev ilin əvvəlində Şuşaya ilk səfəri zamanı Füzuli rayonunda Füzuli-Şuşa yolunun və Füzuli Beynəlxalq Hava Limanının təməli qoyulmuşdu. Həmin mərasimlərdə Böyük Qayıdışın başlandığını, bütün işlərə start verildiyini önə çəkən cənab İlham Əliyev bu əminliyini ifadə etmişdi ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq, tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik. Artıq deyilən hər bir vəd realığa çevrilir. Sentyabrın sonunda Zəfər yolu istifadəyə verilicək. Artəq Füzuli Beynəlxalq Hava limanının açılışı olub. Bununla yanaşı, Zəngilan və Laçında beynəlxalq hava limanlarının təməli qoyulub və işlər uğurla davam etdirilir. İşğaldan azad edilmiş ərazilərimizdə üç aeroportun tikilməsi gələcək üçün böyük imkanlar vəd edir. Ümumiyyətlə, hər bir bölgənin inkişafında yol-nəqliyyat infrastrukturunun yenilənməsi, beynəlxalq standartlara uyğun bərpa olunması ən vacib şərtlərdən biridir. Bu, eyni zamanda, həmin bölgələrin malik olduğu iqtisadi motensialdan səmərəli istifadəyə də geniş imkanlar açır. Həmçinin bölgəyə turist axınının sürətlənməsində stimul olacaq.

Müzəffər Ali Baş Komandanın işğaldan azad edilmiş ərazilərimizə hər səfəri yeni bir çağırış, yeni bir mesajdır. Şuşaya ikinci səfərini Novruz bayramında gerçəkləşdirən cənab İlham Əliyev mədəniyyət paytaxtımızdan ayrılarkən «Şuşaya “hələlik” deyirik. Şuşanın girişində Azərbaycan bayrağı dalğalanır və bundan sonra əbədi dalğalanacaqdır. Aşağıda da Laçın dəhlizidir. Hava da yenə bizimlə həmrəydir. Günəş yolumuzu işıqlandırır. Bura isə Şuşa yarımstansiyasının binasıdır. Bu bina qısa müddət ərzində inşa edildi və Şuşanı dayanıqlı enerji ilə təchiz edəcəkdir. Keçən dəfə də yanvar ayında Şuşaya gələndə, Şuşaya yaxınlaşanda hava açıldı, Günəş bizi salamladı» fikirlərini söyləyərək bu səfərlərin davamlı olacağını, bundan sonra daim bu torpaqlarda olacağımıza əminliyini ifadə etmişdir. Dövlət başçısının avqustun 29-da Şuşaya səfəri sayca 5-ci idi. Ən əsası Şuşa 15 iyun Milli Qurtuluş Günündə Azərbaycan və Türkiyənin dostluğunun zirvəsi kimi dəyərləndirilən Şuşa Bəyannaməsinin imzalanmasına şahidlik etdi.

Artıq 27 sentyabr-Anım Gününə sayılı günlər qalır. 44 günlük İkinci Qarabağ müharibəsi xaqımızın vaxtilə itirilmiş qürurunu özünə qaytardı. İşğalçı qüvvələr bizim üçün müqəddəs məkan olan Şuşamızda heysiyyətimizə toxunmaq, Azərbaycan xalqını təhqir etmək üçün eybəcər hərəkətlər etmişdilər. Bütün dünya artıq bundan xəbərdar idi. Ermənistanın baş naziri Nikol Paşinyan Cıdır düzündə “Yallı” getmişdi. Bu gün onun və digər işğalçıların izi-tozu da qalmayıb burada. İndi Cıdır düzü də, Şuşa da, Qarabağ da azaddır. Vətən sevgisi, vətənpərvərlik Qələbəmizin əsas amilinə çevrildi.

44 günlük İkinci Qarabağ müharibəsi regionda vəziyyəti dəyişdi. Müharibə bitib, növbəti səhifəyə keçmişik. Ağrını, yaraları heç vaxt unutmayacağıq. Yaralar heç vaxt sağalmayacaq. Qəhrəmanlarımızı heç vaxt unutmayacağıq. Dövlətimizin başçısı İlham Əliyev bununla yanaşı bildirmişdir ki, biz gələcəyə baxmalıyıq. Azərbaycan gələcəyə baxıb, işğalçı dövlətə təkmil sülh modelini tədim etdiyi halda, Ermənistan hələ tərəddüd içərisində çabalayır. Yenə də ATƏT-in Minsk qrupundan təklif gözləyir. Bu təkliflərin son 30 ildə Ermənistanı sonda hansı duruma saldığı göz önündədir. 30 illik danışıqlar ərzində Ermənistanın yalnız bir məqsədi olmuşdur. Bu da danışıqları sonsuz və faydasız etmək idi. Bu da təcavüzkara işğal olunmuş ərazilərin tarixi, mədəni və dini mənşəyini dəyişməyə cəhd etmək imkanını verdi.

Qeyd olunan səfərlər çərçivəsində diqqəti ermənilərin dini abidələrimizi, məscidlərimizi dağıtmalarına, burada donuz saxlamalarına yönəldən cənab İlham Əliyev bunun təkcə azərbaycanlılara deyil, bütün müsəlmanlara qarşı təhqir olduğunu bildirmişdir. Şuşada bir məsciddən başqa bütün məscidlər tamamilə dağıdılıb. İşğalçılar həmin yarımçıq dağıdılmış məsiddə İslama aid mədəni və dini məkanları qoruduqlarını nümayiş etdirmək adı altında bəzi təmir işləri görməyə çalışmışdılar. Ölkə Prezidenti bu statistikanı da diqqətə çatdırmışdır ki, ermənilər işğal edilmiş ərazilərdə 70 məscidi dağıdıblar. Bu məscidlərdən birində təmir işləri aparmağa çalışmaq, sadəcə olaraq, onların sanki özlərini tolerant olduqlarını, müsəlman mədəniyyətinə, müsəlmanların hisslərinə hörmət etdiklərini nümayiş etdirmək cəhdi idi.

Ermənilər belə hiyləgər siyasətləri ilə daim özlərini dünyaya «yazıq, məzlum, döyülən, əzilən» millət kimi təqdim ediblər. Amma əsl simaları 44 günlük müharibə dövründə dünya ictimaiyyətinə bəlli oldu. Dövldət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, dünya bu illər ərzində necə vəhşi millətlə üz-üzə olduğumuzu görsün. Ermənistan silahlı qüvvələrinin Vətən müharibəsi dövründə məğlubiyyətlərini həzm etməyərək cəbhə bölgəsində xeyli uzaqda olan yaşayış məntəqələrimizi raket atəşinə tutmaları, mülki insanların ölümünə və yaralanmasına səbəb olan təxribatlar törətmələri, yaşayış məntəqələrini dağıtmaları dünyanın göz qarşısında baş verdiyi halda susmaları diqqətdən kənarda qalmadı. Bu gün də eyni ab-hava yaşanmaqdadır. Amma 30 ilin reallıqlarından fərqli olaraq bu gün Azərbaycan ərazi bütövlüyünü bərpa edən, torpaqlarının əsl sahibi kimi onları cənnət məkana çevirən, regionda diktə edən tərəf kimi çıxış edən ölkədir. Dünyada cərəyan edən proseslərdə də dəyişiklik göz önündədir.

Xalqımız hər zaman olduğu kimi, sentyabrın 27-dən başlanan və 44 gün davam edən əks-hücum əməliyyatları dövründə də ölkə Prezidentinin hər sözünün arxasında oldu, ona inanaraq ətrafında sıx birləşdi. Xalqımız bir daha əmin oldu ki, cənab İlham Əliyev hansı məqamda nəyi necə etməyi bilir və istər danışıqlar masasında, istərsə də hərb meydanında bütün addımlarını ən xırda detalınadək hesablayaraq atır. Dövlətimizin başçısı İlham Əliyev xalqa müraciətlərində də bildirirdi ki, düşmənə layiq olduğu yeri dəmir yumruğumuzla göstərdik. Bu yumruq yalnız düşmənin başına vurulan zərbə deyil, birliyimiz, həmrəylimizdir.

Bu günlər işğaldan azad edilmiş torpaqların bərpası və inkişafı konsepsiyası uğurla icra edilir. Bu istiqamətdə dövlət tərəfindən həyata keçiriləcək tədbirlər və həmin rayonların iqtisadi potensialı ölkəyə, xüsusilə də qeyri-neft sektoruna yeni yerli və xarici investisiyaların cəlb olunmasına zəmin yaradacaq. Bu məsələyə kompleks yanaşmanı təmin etmək üçün dörd mərhələdə fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulur. İlkin mərhələ idarəetmə və təhlükəsizlik, infrastruktur məsələlərinin həllini, növbəti mərhələlər isə sosial xidmətlərin fəaliyyətini, iqtisadiyyatın yenidən qurulması və inkişafı məsələsini özündə ehtiva edir. Hər bir bölgəmizin təbii ehtiyatlarını, ənənəvi iqtisadiyyat sahələrini, nəqliyyat qovşaqlarını, o cümlədən yenidən bərpa olunan nəqliyyat dəhlizlərinə və artıq tikintisinə başlanılmış və hətta icrası başa çatmaqda olan avtomobil və dəmir yollarına yaxınlığı nəzərə alınaraq, hər bir iqtisadi rayonun profili, ixtisaslaşması həyata keçirilir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, biz dünyaya göstərəcəyik ki, nəinki bu əraziləri bərpa etdik, həm də dünyanın ən gözəl məkanlarından birinə çevirdik.

Ölkə Prezidentinin “Müharibə bitib, biz növbəti səhifəyə keçməliyik» fikrinə istinadən qürurla deyə bilərik ki, ordumuz əzəli Azərbaycan torpaqlarını işğaldan azad etməklə milyonlarla azərbaycanlının arzularını həyata keçirdi. Bu, ədalətin təntənəsidir! Xalqımız tam əmin idi ki, işğal altında olan bütün torpaqlarımız işğaldan azad olunacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, Azərbaycan davamlı inkişafı ilə dünyanın diqqətində olacaq. Artıq bu əminlik də reallıqda öz əksini tapıb.

Şuşada Vaqif Poeziya Günlərinin açılışında iştirak edən dövlət başçısı İlham Əliyev «İşğal dövründə bir çoxlarımız - həm keçmiş məcburi köçkünlər, həm bütün Azərbaycan xalqı, o cümlədən də mən dəfələrlə fikirləşirdik ki, dünyada ədalət yoxdur. Çünki ədalət olsaydı, biz bu vəziyyətə düşməzdik. Mən də o cümlədən belə fikirdə idim. Ancaq həyat göstərdi ki, ədalət var, sadəcə, dözümlü olmaq lazımdır, səbirli olmaq lazımdır, ədalətə inanmaq lazımdır və ədalətə nail olmaq üçün çalışmaq lazımdır, hədəfə doğru getmək lazımdır. Ədaləti bərpa etmək üçün fədakarlıq göstərmək lazımdır. Bu gün biz hamımız ürəyimizdə deyirik və açıq deyirik ki, bəli, ədalət var, ədalət bərpa edildi, biz bu gün Şuşadayıq və bundan sonra Şuşada əbədi yaşayacağıq» fikirlərinin davamı olaraq bu reallığı da diqqətə çatdırmışdır ki, Şuşa artıq azaddır, bu, həqiqətdir. Biz azad Şuşada yığışmışıq: «Demişdim ki, biz Şuşaya qayıtmışıq. Bu da həqiqətdir. Festivallar, poeziya günləri, mədəni tədbirlər və bir çox başqa tədbirlər artıq keçirilir və keçiriləcəkdir. Demişdim ki, biz Şuşanı dirçəldəcəyik. Bu da baş verir, biz Şuşanı dirçəldirik.»

Bu günlərdə Azərbaycanın görkəmli mədəniyyət xadimlərinin Şuşaya səfərinə, mədəniyyət paytaxtımızda Milli Musiqi Gününün qeyd edilməsi ilə bağlı jurnvlistlərə açıqlamasında mədəniyyət naziri Anar Kərimov bildirmişdir ki, çox sevinirik ki, artıq bu gün musiqi gününü qeyd edəndə doğma Qarabağımız, Şuşamız əlimizdədir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz bu sevinci bizə yaşadıb. Biz Qarabağa, Şuşaya qovuşmuşuq və buraya ruhumuzu, mədəniyyətimizi qaytarmalıyıq. Üzeyir bəyin və digər Şuşadan olan görkəmli mədəniyyət və incəsənət xadimlərinin də ruhları şaddır. Bundan sonra festivallarımızı daha çox Şuşada keçirəcəyik.

Gələcəkdə mədəniyyət tədbirlərimizi də Şuşada keçirməklə buranın mədəniyyət paytaxtı, mədəniyyətimizin beşiyi, Qafqazın konservatoriyası olmasını bir daha dünyaya nümayiş etdirəcəyik”.

Yeganə Əliyeva, «İki sahil»