23 sentyabr 2021 14:34
2692

Siyəzəndə 2 nömrəli məktəb üçün yeni tikilən tədris binası istifadəyə verilib FOTO

Zəfər ili adlı yeni tədris ilimiz xeyirli-uğurlu olsun!

Siyəzən şəhər 2 nömrəli tam orta məktəb üçün yeni tikilən tədris binası istifadəyə verilib.

“İki sahil” xəbər verir ki,  açılış mərasimində Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, Təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Siyəzən Rayon Təhsil Şöbəsinin müdiri Pərvin Ağasiyev də iştirak ediblər.

Əvvəlcə, müasir Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin xatirəsi etiramla yad edilərək abidəsinin önünə gül dəstələri qoyulub.

Açılışdan sonra isə məktəbdə yaradılmış şəraitlə yaxından tanışlıq olub.

Yeni tikilmiş dördmərtəbəli məktəb 960 yerlikdir və dörd korpusdan ibarətdir. Məktəbdə 39 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, texnologiya, gənclərin çağırışaqədərki hərbi hazırlıq, informatika, məktəbəhazırlıq kabinetləri, idman və akt zalları, kitabxana, yeməkxana, inzibati otaqlar yaradılıb. Bina istilik, elektrik və müşahidə sistemləri ilə təmin edilib. Məktəbə yeni inventar və avadanlıqlar gətirilib.

Milli Məclisin deputatı Sadiq Qurbanov bildirib ki, bu məktəbin birinci sinfində qəhrəman Şəhidimiz Sadiq Məmmədovun bizə əmanət etdiyi qızı Əsnad bala da oxuyacaq. Qəhrəman şəhidimiz Elnur Qafarovun övladları - qızı Gülay bala üçüncü, oğlu Pərviz isə altıncı sinfdə təhsilini davam etdirəcək: “Son 10 ildə Siyəzən rayonunda 11 yeni məktəb binası tikilərək istifadəyə verilib. Onlardan 3-ü modul tipli məktəbdir.  Tədbirdə iştirak edən "İnci Sirkətlər Qrupu"nun "İZƏ" nəşriyatı məktəb kitabxanasına 500 ədəd məktəblilər üçün əlavə dərs vəsaiti olan kitablar və birinci sinfə yeni qədəm qoyan 120 şagird üçün isə "Oyal"dan dəftər və qələmlər hədiyyə edib. Şirkətin rəhbərliyinə öz dərin minnətdarlığımı bildirirəm”.