24 sentyabr 2021 20:52
1143

Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur

Dövlət başçısı İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində videoformatda təqdim olunan çıxışında bir daha bildirmişdir ki, münaqişə artıq keçmişdə qaldığından azad olunmuş ərazilərdə irimiqyaslı tikinti işləri həyata keçirilməkdədir

BMT Baş Assambleyasının  builki ümumi müzakirələri ölkəmiz üçün xüsusi önəm kəsb edir. Belə ki, Azərbaycanın Vətən müharibəsində şanlı Qələbəsindən sonra Prezident İlham Əliyev dünya ictimaiyyətinə Müzəffər Ali Baş Komandan kimi müraciət edərək, qalib Azərbaycan xalqını təmsil edir.  Dövlət başçısınının BMT Baş Assambleyasının illik ümumi müzakirələri zamanı çıxışında  bir daha  30 illik işğal dövründə Ermənistana dəstək missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrlərinin ikili standartlara əsaslanan siyasətindən geniş bəhs edərək  44 gündə Azərbaycan Ordusunun tarixi Zəfərini şərtləndirən amillərə diqqəti yönəldib.

Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrləri  fəaliyyətə başladıqları 1992-ci ildən hazırkı postmünaqişə dövrünədək  yalnız  nəticəsiz səfərlərlə missiyalarını bitmiş hesab etdilər.  Dövlətimizin  başçısı İlham Əliyevin təbrincə desək, nə qədər belə mənasız, imitasiya naminə danışıqlar aparmaq olar? Xalqın  səbri tükənməz deyil.

Ulu öndər Heydər Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin həllini şərtləndirən amillərdən bəhs edərkən daim bildirirdi ki, dövlətin qətiyyəti, xalqın iradəsi, beynəlxalq dəstək əsasdır. Dövlətimizin qətiyyətli mövqeyi hər kəsə məlumdur. Xalqımız daim Ali Baş Komandanın hücum əmrini gözləyirdi. Bir  qarış torpağımızı belə düşmənə veməyəcəyimiz nəinki dövlət başçısının bəyanatlarında, eyni zamanda,  xalqımızın Ali Baş Komandana ünvanlanan məktublarında da  öz əksini tapırdı. Dövlətimiz, xalqımız bir il deyil, iki il deyil, 30 il sülh danışıqlarını gözlədi. Amma hər dəfə Ermənistana beynəlxalq dəstək gördükdə sərt münasibətini bildirsə də, bunu dəstəyə müxtəlif adlar altında haqq qazandırdılar.  «Vasitəçi neytral olmalıdır» çağırışı  rəsmi Bakının bütün bəyanatlarının əsasında dayanırdı. Əgər işğalçı adı ilə çağırılmırsa, bu zaman vasitəçilik missiyasını yerinə yetirməyə ehtiyac var idimi? O da məlumdur ki, vasitəçilik misiyyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun  həmsədrləri-Rusiya, ABŞ və Fransa, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçüdür. Dünyada cərəyan edən hər bir prosesə təsir etmək imkanına malik olan bu dövlətlər doğrudanmı işğalçı Ermənistana   bu illər ərzində «gözün üstə qaşın var» demək imkanında deyildilər? Azərbayan Ordusunun sentyabrın 27-dən etibarən əks- hücum əməliyyatlarını davam etdirərək göstərdiyi rəşadət  bir çox məsələlərə aydınlıq gətirdi.  BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin qəbulunda iştirak edən  həmsədr dövlətlər   qurumun keçirilən iclasında bu qətnamələrin öz əksini tapdığı   bəyanatı qəbul etməməkdə israrlı olduqlarını nümayiş etdirdilər. Qoşulmama Hərəkatının üzvlərinin təkidi nəticəsində həmin bəyanat qəbul olundu. Belə ikili standartlar nümayiş etdirən  dövlətlərin vasitəçiliyi  əsasında münaqişənin sülh yolu ilə həllini gözləməyə dəyərdimi? Azərbaycan Ordusu son 44 gündə bu suala da cavab verdi.

Dövlət başçısı İlham Əliyev məlum çıxışında ATƏT-in Minsk qrupu həmsədrlərinin vaxtında  münaqişənin həllini təmin etmək məqsədilə  Ermənistanı Azərbaycana qarşı hərbi təcavüzünə son qoymağa  məcbur etmək üçün qətiyyətli  addımlar atmadıqlarını xüsusi vurğulayaraq bildirdi ki, Ermənistan sülh  və danışıqlar yolu ilə münaqişənin həllində maraqlı olmadığını atdığı addımlarında  təsdiqləyirdi.

Qeyd edək ki, münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrləri, eyni zamanda, nüfuzlu beynəlxalq təşkilatlar  problemin hərb yolunun olmadığını qeyd edirdilər.  Azərbaycanı yalanları ilə  sülh danışıqlarının nəticə verəcəyinə inandırmağa çalışan həmin dövlətlər, qurumlar da bu gün bu düşüncələrinin  nə qədər yanlış olduğunun fərqindədirlər.  Azərbaycan Ordusu münaqişənin hərb yolunun mövcudluğunu nümayiş etdirməklə yanaşı,   işğal altında olan torpaqlarımızı azad etmək iqtidarında olduqlarını göstərdi.  Məhz həmin yanlış düşüncəyə əsaslanaraq işğalçı Ermənistan  istər ötən  ilin iyul, istər avqust, istərsə də  sentyabr  ayında   hərbi təxribatlara cəhdlər göstərdi. Onun bu cəhdlərinin arxasında  yeni ərazilər uğrunda müharibə planları dayanırdı ki, bunu dövlətimizin başçısı İlham Əliyev BMT Baş Assambleyasının 75-ci yubiley tədbirində bəyan etmişdi. O zaman Ermənistana  havadarlıq edən dövlətlər buna  seyrçi mövqedən dayanaraq susmağa üstünlük verdilər. Amma sentyabrın 27-də Ermənistan silahlı qüvvələri müxtəlif istiqamətlərdən hücuma keçdikdə Azərbaycan Ordusu  bunun qarşısını əks-hücum əməliyyatları ilə  almağa çalışaraq böyük qəhrəmanlıqlar göstərəndə həm Ermənistan hakimiyyəti, həm də onlara dəstək verən dövlətlər məyus olduqlarını gizlədə bilmədilər. Çünki Ermənistanın baş naziri planlarını həyata keçirmək üçün hərbi təxribata başlayanda belə bir  qarşılıq görəcəyini düşünmürdü. Azərbaycan Ordusu Ermənistanı çökdürdü, hərbi texnikalarını məhv etdi, qənimət kimi götürdü. Bir sözlə, «yenilməz erməni ordusu» mifi darmadağın edildi. Dövlət başçısı İlham Əliyev  xarici mətbuata bütün  müsahibələrində, eyni zamanda, xalqa müraciətlərində bu suala cavab axtardı- Yoxsul ölkənin bu qədər silahı hardandır?  Ona kim bu qədər silah verir?  Cənab İlham Əliyev həmin dövlətlərə bu müraciəti ünvanladı ki, siz əgər  Ermənistana iqtisadi, siyasi, diplomatik, hərbi dəstəyi dayandırsanız, o irəli sürülən şərtləri qəbul edərək danışıqlar masası arxasında oturacaq. Ölkə Prezidentinin  bu fikirləri həmin  ünvanlara ciddi mesaj oldu.  Cənab İlham Əliyevin   noyabrın 10-da xalqa müraciətində də bu məqama  xüsusi diqqət yönəldərək  bildirmişdir ki,   bu məsələ ilə məşğul olan siyasətçilərin hamısı deyirdi ki, bu münaqişənin hərbi həlli yoxdur. Mən nə deyirdim? Deyirdim ki, var! Məni tənqid edirdilər ki, İlham Əliyev nə danışır? Yoxdur hərbi həlli. Dedim yaxşı yoxdursa, onda bunu sülh yolu ilə həll edin: «Sizin əlinizdə bu imkanlar var. Siz böyük dövlətlərsiniz, böyük nüfuzunuz var, böyük imkanlarınız var. Nədir ki, sizin qabağınızda Ermənistan, nədir ki, ona təsir edə bilmirsiniz? Bəlkə təsir etmək istəmirsiniz? Yox, deyirdilər ki, olmaz müharibə aparmaq, sülh yolu ilə. Sülh yolu ilə 1 il, 2 il, daha 30 il sülh yolu ilə? Bizim başımızı nə qədər aldatmaq olar? Amma biz sübut etdik ki hərbi həlli var. Və mən demişdim ki, mən istəyirəm və Paşinyan, deyirəm sənə, bəyanat ver, öhdəlik götür, qrafik ver, cədvəl ver. Müharibənin ilk günündən mən bunu deyirdim. Hər kəs də bunu görə bilər. Müsahibələrimdə, xalqa müraciətlərimdə açıq demişəm, qrafik ver, cədvəl ver, rədd ol, çıx get, mən dayanıram. Yoxsa oradan deyirlər dayanın, buradan deyirlər dayanın.»

Azərbaycan dövləti daim bu suallara cavab axtarıb- Bizim torpaqlarımızı işğal edəndə niyə bunlara "dayanın!" deyən olmadı? Bizim torpağımızı 30 il əsarət altında saxlayan Ermənistana nə üçün “buradan çıx get!" deyən olmadı! Biz indi öz gücümüzə güvənərək bu torpaqları şəhid verə-verə, qan tökə-tökə azad edirik, bizə “dayanın” deyirsən, ona de ki, çıx. Amma  demir.

Dövlət başçısı çıxışında münaqişənin son iki ili ərzində Ermənistanın qəsdən danışıqlar prosesini məhv etdiyini xüsusi olaraq müzakirəçilərin diqqətinə çatdırmışdır: «Ermənistan hökuməti “Qarabağ Ermənistandır və nöqtə” və “Bir qarış belə işğal olunmuş torpaq qaytarılmayacaq” kimi bir sıra təxribatçı bəyanat və hərəkətlərə yol verdi. Ermənistanın o vaxtkı müdafiə naziri açıq şəkildə Azərbaycanı yeni təcavüz və yeni işğal ilə hədələdi. Ermənistan qəbuledilməz və əsassız “yeddi şərt” irəli sürərək, danışıqlar formatının dəyişdirilməsi, danışıqlara sıfırdan başlanılması və Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə yaradılmış qondarma rejimin danışıqlar prosesinə cəlb edilməsini tələb etdi. Danışıqların formatının və mahiyyətinin dəyişdirilməsi cəhdi Ermənistanın məsuliyyətsiz və təhlükəli hərəkətləri səbəbindən fəaliyyəti iflic olmuş ATƏT-in Minsk qrupunun həmsədrləri üçün xoşagəlməz sürpriz oldu.»

Ermənistan başına 30 ilə yaxın müddətdə çəkilən sığalın  acı nəticələrini yaşadı. Azərbaycan Ordusu 44 gündə işğalçı dövlətə tarixdə heç zaman unutmayacağı dərsi verdi.  Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətə gələndə yeni ideyalarla çıxış edərək belə bir rəy yaratmışdı ki, münaqişənin həllində  müsbət irəliləyişə nail olmaq mümkün olacaq. Amma günlər keçdikcə sərsəm bəyanatları ilə diqqətdə oldu. Gah danışıqların formatının dəyişdirilib qondarma «Dağlıq Qarabağ respublikası»nın prosesdə tərəf kimi iştirakının vacibliyini bildirirdi, gah da  «Qarabağ Ermənistandır  və nöqtə» deyib münaqişənin sülh danışıqları yolu ilə  həllinin mümkünsüzlüyünə işarə etdi. Azərbaycan Ordusu  Nikol Paşinyanın bu «işarəsinin» nə dərəcədə sərsəm, xülya olduğunu döyüş meydanında sübut etdi.  Aciz duruma düşən Paşinyanın Vətən müharibəsinin getdiyi 44 gündə üz tutmadığı, yalvarmadığı dövlət, beynəlxalq təşkilat qalmadığını xatırlamaq kifayətdir.  “Dağlıq Qarabağın müstəqilliyinin” tanınması üçün yalvarışlar etdi.  Hansı ki, münaqişə tarixə qovuşduğu halda Fransa «qondarma Dağlıq Qarabağ Respublikası»nın müstəqilliyinin tanınmasını gündəmə gətirməklə Ermənistana 30 il işğal dövründə olduğu kimi, müharibədən sonra da dəstəyini əsirgəmədiyini nümayiş etdirir. Bu fakt təsdiqləyir ki, beynəlxalq güclər ədaləti, beynəlxalq hüququ unutmasalar münaqişəli məsələlərin tez bir zamanda həlli mümkün olar. Halbuki, cənab İlham Əliyevin  qeyd olunan müzakirələrdə vurğuladığı kimi, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanı Azərbaycana qarşı hərbi təcavüzə son qoymağa məcbur etmək üçün qətiyyətli addımlar atsaydılar, onda üzərlərinə düşən vəzifələrin icrasına nail ola bilərdilər. Münaqişə dövründə Ermənistan öz yanaşması və hərəkətləri ilə nümayiş etdirirdi ki, onun yeganə məqsədi status-kvonu saxlamaq və işğalı möhkəmləndirməkdir. Təəssüflər olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etmək üçün Ermənistana qarşı beynəlxalq sanksiyalar tətbiq edilmədi.

Tarixi bilməyən, hər zaman dövlət başçısı İlham Əliyevdən tarix və hüquq dərsi alan Ermənistanın baş naziri 44 gündə  Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində  Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu etiraf etdi.  Bir daha dərk etdi ki, yalanla  həqiqət  üzərində qələbə çalmaq mümkünsüzdür.

Müharibənin davam etdiyi 44 gündə 300-ə yaxın yaşayış məntəqəsi, o cümlədən Füzuli,  Cəbrayıl , Zəngilan, Qubadlı, Şuşa şəhərləri,  4 qəsəbə  döyüş meydanında işğaldan azad edildi. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu qələbələr düşməni məcbur etdi ki, Ağdam, Laçın, Kəlbəcər rayonlarını  siyasi yollarla qaytarsın. «Amma burada Ermənistan tərəfinin xoş niyyətini axtarmaq yersizdir. Onlarda xoş niyyət deyilən anlayış bütövlükdə yoxdur. Sadəcə olaraq, məcbur olub» söyləyən cənab İlham Əliyev bildirmişdir  ki, çünki bilirdi ki, bu sənədə imza atmasa, özümüz alacağıq bu torpaqları. Dövlət başçısı, Ali Baş Komandan daim  bəyan edirdi ki, biz qan tökmək istəmirik,  müharibəni dayandırmalıyıq. Bunun üçün Azərbayan tərəfinin şərtlərini qəbul edib torpaqlarımızdan rədd olsunlar.

Belə də oldu. Azərbaycan həm döyüş, həm də diplomatik müstəvidə qalib oldu. BMT Baş Assambleyasının 76-cı sessiyasında videoformatda çıxış edən dövlət başçısı  İlham Əliyev qalib ölkənin Lideri olduğunu bir daha qətiyyətli mövqeyi ilə nümayiş etdirdi. 

Yeganə Əliyeva, «İki sahil»