25 sentyabr 2021 16:46
826

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 20-ci Beynəlxalq mükafatının təqdimatı olub

2012-ci ildə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, böyük Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində təbliğ etdiyi ümumbəşəri dəyərlərin təbliğ olunması məqsədilə, bu dəyərləri özündə cəmləşdirən çox görkəmli şəxsiyyətlərə və qurumlara təqdim olunmaq üçün “Nizami Gəncəvi Beynəlxalq mükafatı” təsis edilib.

Mərkəzin mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata görə, qurumun 20-ci Beynəlxalq mükafatı Solomon R.Guggenheim Qəyyumlar Şurasının sədri xanım Vendi Fişerə Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində təşkil olunan xüsusi mərasimdə təqdim edilib. Xanım Vendy Fişer dünyadakı mədəniyyət müəssisələri ilə əməkdaşlıq edən tanınmış bir xeyriyyəçi, A4 İncəsənət Fondunun yaradıcısı, İsrail İncəsənət Muzeylərinin Dostları Britaniya Bürosunun (BFAMI) prezidenti, Tate Beynəlxalq Şurası, MoMA kimi mədəniyyət mərkəzlərinin idarə heyətinin üzvüdür.

Mükafatın təqdim olunmasına həsr olunmuş tədbirdə Albaniyanın Baş naziri Edi Rama, Robert F.Kennedi İnsan Hüquqları Fondunun Prezidenti xanım Kerri Kennedi, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos, İsrailin sabiq xarici işlər naziri Tzipi Livni və Mərkəzin həmsədrləri Vayra Vike-Freyberqa və İsmayıl Seragəldin, Mərkəzin Baş katibi Rövşən Muradov çıxış ediblər.

Qeyd edək ki, ənənəvi olaraq hər il təqdim olunan beynəlxalq mükafatçılar sırasında Türkiyənin sabiq Prezidenti Süleyman Dəmirəl, ABŞ-ın sabiq Prezidenti Bill Klinton, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva, ABŞ-ın sabiq dövlət katibi Henri Kissincer, İordaniya Kralı II Abdullah, Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi, UNESCO-nun xoşməramlı səfiri Marianna V.Vardinoyannis, BMT-nin sabiq Baş katibi Butros Butros-Qali, Nobel Sülh mükafatçısı Kailaş Satyarthi kimi şəxsiyyətlər var.