26 sentyabr 2021 22:42
408

Vüsal Abdullazadə: Gənc nəslin vətənpərvərlik hisslərini gücləndirmək əsas məqsədimizdir

Ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Silahlı Qüvvələrimizin əsgər və zabitləri, hərbçiləri Vətənimizin ərazi bütövlüyü naminə bir yumruq kimi birləşib, qəhrəmancasına vuruşaraq bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qüdrətini bir daha göstərdilər. Haqq savaşına çıxan Azərbaycan xalqı 30 ilə yaxın davam edən işğala son qoymaqla tarixi ədaləti bərpa etdi.

Bu sözləri Bakı Karate-do Akademiyasının (BKA) prezidenti Vüsal Abdullazadə karate-do idman növü üzrə Zəfər Gününə həsr edilmiş “Dəmir yumruq” ikinci açıq respublika turniri zamanı bildirib. Xalqımızın bu günlər torpaqlarımızda 30 illik erməni işğalına son qoyulmasını, tarixi Qələbənin birinci ildönümünü böyük qürurla qeyd etdiyini bildirən V.Abdullazadə Zəfər Gününə həsr edilmiş idman tədbirlərinin, eləcə də turnirlərin təşkilinin artıq ənənə halını aldığını vurğulayıb: “Zəfər Gününə həsr edilmiş idman tədbirlərinin, turnirlərin təşkili artıq ənənə halını alıb. Bu cür tədbir və yarışların təşkilində əsas məqsəd idmançıların yarış təcrübələrini zənginləşdirməklə yanaşı, gənc nəslin vətənpərvərlik hisslərini gücləndirmək, milli-mənəvi dəyərlərin təbliğinə yardımçı olmaqdır”.

Qeyd edək ki, sentyabrın 25-də uşaq və yeniyetmələr arasında karate-do idman növü üzrə Bakı İdman Sarayında start götürmüş və Zəfər Gününə həsr edilmiş “Dəmir yumruq” ikinci açıq respublika turniri bu gün başa çatacaq.

AZƏRTAC