27 sentyabr 2021 22:16
3078

Torpaq, əgər uğrunda ölən varsa Vətəndir!

44 günlük Vətən müharibəsi şanlı tariximiz, şəhid məzarları əbədi ziyarətgahımız, qazilərimiz qürur mənbəyimizdir

Sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Bütün dünya azərbaycanlıları Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsini qürurla yad edir. Hər il sentyabrın 27-də saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Artıq dünən bütün Azərbaycan ərazisində, o cümlədən işğaldan azad olunmuş torpaqlarda bu aksiya həyata keçirildi.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qəhrəman ordumuzun qazandığı tarixi Qələbə Azərbaycanın hərb tarixində şanlı bir səhifə açdı. Otuz il ərzində torpaqlarımızı işğal altında saxlayan Ermənistan nəhayət ki, ölkəmiz qarşısında diz çökdü, kapitulyasiya aktına imza atdı. Dövlətimizin qətiyyəti, xalqımızın iradəsi, ordumuzun gücü, birliyimiz və həmrəyliyimiz sayəsində əldə olunan bu tarixi Qələbə Azərbaycanın gücünü, qüdrətini bütün dünyaya sübut etdi. 

2020-ci il sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti təcavüzü, Azərbaycan xalqının öz torpaqlarının azadlığı uğrunda Vətən müharibəsinə başlaması dünyada yaşayan azərbaycanlıları ayağa qaldırdı. Bu ağır və şərəfli günlərdə dünya azərbaycanlıları Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında daha sıx birləşdi. Ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi. Azərbaycan tarixi ədaləti bərpa etdi, möhtəşəm Qələbə qazandı.

 Bütün dünya yaxşı bilir ki, məhz dövlətimizin başçısının qətiyyəti sayəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün Milli Ordumuz cəsarətlə mübarizə apardı. Təcavüzkar Ermənistanın başıpozuq, çaşqınlıq və vahimə içində qalan, ümidsiz silahlı qüvvələri artıq arxalarına baxmadan belə qaçırdılar. Ermənistanın işğal edilmiş ərazilərdə yerləşən əsas hərbi-texniki potensialı praktiki olaraq məhv edildi. Təkcə PUA-larla işğalçı ölkənin silahlı qüvvələrinə 1 milyarddan çox zərər vurdu. Bütövlükdə döyüşlərin başladığı vaxtdan bu günə qədər düşmən Ermənistan tərəfinə təxminən 2 milyarda yaxın ziyan dəyib. İqtisadçıların hesablamalarına görə Azərbaycan Ordusunun əks-həmləsi təcavüzkar üçün ağır başa gəlib. Belə ki,  44 gün ərzində düşmənə endirilən zərbələr nəticəsində Ermənistanın təxmini 2 milyard dollardan çox qiyməti olan hərbi texnika və sursatı məhv edilib.  Bu, işğalçı ölkənin strateji valyuta ehtiyatlarının yarısına və dövlət büdcəsinin üçdəbirinə bərabərdir.

Rəşadətli Azərbaycan Ordusuna xalqımız, bütün sülhsevər insanlar, dünya azərbaycanlıları hərtərəfli dəstək verdi. Şanlı Azərbaycan Ordusunun cəbhədəki uğurlu əməliyyatları, torpaqlarımızın işğaldan azad edilməsi vətəndaşlarımız, eləcə də xaricdə yaşayan soydaşlarımız tərəfindən böyük sevinclə qarşılandı. O ağır və şərəfli günlərdə bütün dünya azərbaycanlıları xalqımıza bu haqq işində, şərəfli mübarizədə zəfər arzulayır, daim var qüvvəsi ilə başda Ali Baş Komandanımız olmaqla Azərbaycan dövlətinin, ordusunun yanında olduğunu bildirir, qürur hissi ilə “Hamımız Qarabağlıyıq!” deyirdi. Onlar sevinc hisslərini Prezident, Ali Baş Komandan İlham Əliyevə ünvanladıqları məktublarda bildirirdilər. Məktublardan birində deyilirdi: “Hörmətli cənab Prezident, Sizin uğurlu və uzaqgörən siyasətiniz nəticəsində bu gün Azərbaycan Ordusu sürətlə irəliləyir. Azərbaycan torpaqlarının azadlığa qovuşduğu bu günlər tarixə qızıl hərflərlə yazılır. Biz Sizinlə qürur duyuruq, cənab Ali Baş Komandan! Dünyanın hər yerində Azərbaycanla bağlılığı olan hər bir kəs Sizinlə fəxr edir. Yaşasın Azərbaycan, yaşasın Prezidentimiz, Qarabağ Azərbaycandır!”.

Azərbaycanın möhtəşəm Zəfəri ilə başa çatan İkinci Qarabağ müharibəsindən sonra bu Qələbəmizin ilhamvericisi, təşkilatçısı olan Prezidentimizin rəhbərliyi ilə tarixi torpaqlarımızda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinin uğurla reallaşdırılması sayəsində Qarabağ ən qısa zamanda çiçəklənən diyara çevriləcək, əvvəlki şöhrətinə qovuşacaq, soydaşlarımız öz ata-baba yurdlarına qayıdacaqlar. O zaman Vətən qarşısında öz vəzifəsini layiqincə yerinə yetirərkən düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ruhu da şad olacaq, üçrəngli bayrağımız bu cənnətməkan diyarımızda, Azərbaycanın ruhunu yaşadan Qarabağda əbədi dalğalanacaq.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev sentyabrın 27-də Anım Günü ilə əlaqədar xalqa müraciətində  bir daha vurğulayıb ki, biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq və azad edilmiş torpaqları quracağıq, bərpa edəcəyik: “O torpaqlara artıq həyat qayıdır, insanlar qayıdır. Bu qayıdışı ən qısa müddət ərzində təmin etmək bu gün bizim başlıca vəzifəmizdir. Öz müraciətimi Qələbəmizin ayrılmaz hissəsi olan sözlərlə tamamlamaq istəyirəm: Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” 44 günlük Vətən müharibəsi Prezidentimizin dediyi kimi, milli iradə, milli ruh, milli ləyaqət təntənəsi idi. Bu gün Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin əziz xatirəsi qarşısında bir daha baş əyir, Allahdan onlara rəhmət diləyirik.

Zahid Rza, “İki sahil”