“Atamın barmağı yaralanıb, sağalan kimi gələcək”
Vətən göylərini bürüyən qara buludlar sürünə-sürünə gəlib Qarabağın baş tacı Şuşanı zülmətə qərq edəndə bir yaşının tamam olmasına hələ on gün vardı. Körpə gözlərinin özü kimi təmiz, saf, işıqlı gördüyü dünyanın rənginin dəyişməsi təəccübləndirdi onu, instinkt olaraq anası Həqiqətə sığındı, çaşqın-çaşqın baxdı ətrafa və hiss elədi ki, qaranlığın, şərin qarşısında dayana bilmək üçün həqiqətin yanında olmaq lazımdır. Sonra sığındığı anası niyəsə ağlaya-ağlaya bağrına basdı onu – tək oğul balasını, canını, canından bir parçanı qorumaq üçün evindən-eşiyindən baş götürüb qaçdı. Ağdama qaçdı, ancaq arxalarınca sürünən qara bulud haqlayacaq deyə, dayana bilmədi burda, Bərdəyə qaçdı, Bakıya qaçdı... Və beləcə, qaçqın kimi, köçkün kimi böyüyəsi oldu qucağındakı körpə Nurlan... Və yaşının üstünə yaş gəldikcə, ayaqları bərkidikcə Nurlan anladı ki, addımlarını basacağı Vətən torpağı bir yaşına on gün qalmış büründüyü zülmətdə, yağı tapdağında əsir qalıb... Və bir şeyi də anladı Nadirin ilk və tək oğul övladı – didərginlik bu böyük millətin övladlarına yaraşmır!..
Haqqında: Həsənov Nurlan Nadir oğlu 1991-ci il mayın 19-da Şuşa şəhərində anadan olub. Birinci Qarabağ müharibəsində erməni faşistlərinin torpaqlarımızı, o cümlədən Şuşanı işğal etməsindən sonra, öz doğma yurdundan didərgin düşərək ailəsi ilə birlikdə məcburi köçkün kimi Bakıda məskunlaşıblar.
1997-ci ildə burada Şuşa şəhər 3 nömrəli tam orta məktəbə daxil olub, 2008-ci ildə həmin məktəbi “əla” qiymətlərlə bitirib. 2008-2012-ci illərdə Azərbaycan Texnologiya Universitetində “İnzibati idarəetmə“ ixtisası üzrə təhsil alıb. Hər zaman vətənpərvərliyi, mərdliyi, əsl kişi xarakteri ilə çoxlarından fərqlənən Nurlan Həsənov 2012-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən “N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətə yollanıb. Zabit kurslarında hərbi bilikləri öyrənərək xidmətinə leytenant kimi davam edib. Daha sonra müddətdən artıq xidmət edən zabit kimi Gəncəyə “N” sayli hərbi hissəyə göndərilib, taqım komandiri olaraq xidmət çəkib. Nümunəvi xidmətinə, verilən tapşırıqları vaxtında və yüksək səviyyədə yerinə yetirdiyinə görə dəfələrlə təltif edilib. 2014-cü ildə ehtiyatda olan zabit kimi tərxis olunaraq evə qayıdıb.
2020-ci ilin sentyabrında, nəhayət o böyük gün çatanda Nurlan da ürəyi Vətən eşqi və qisas hissi ilə döyünən minlərlə cəsur oğullarımız kimi Ali Baş Komandanın çağırışına qoşulub, ayın 21-də könüllü olaraq təlimlərə yollanıb. Sentyabrın 27-də torpaqlarımızın Erməni işğalçılarından azad edilməsi uğrunda başlanan Vətən müharibəsinin ilk günündən ön xətdə ağır döyüşlərə qatılıb. Füzuli və Cəbrayıl istiqamətində həyata keçirilən əks-hücum əməliyyatlarında böyük sücaət və rəşadət göstərən Nurlan sonuncu dəfə anası ilə əlaqə saxlayanda “məndən narahat olmayın, hər şey yaxşıdır, Şuşanı almağa gəlmişəm”,- deyib. Ancaq...
Oktyabrın 1-də Füzulinin azad olunması uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olan Nurlan Həsənov bir gün sonra Bakı şəhərində, yaşadığı Biləcəri qəbiristanlığında torpağa tapşırılıb. Canını Vətən yolunda fəda etmiş Nurlanın qəhrəmanlığı layiqli qiymətini alıb. O, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib, yaşadığı Biləcəri qəsəbəsində adına xatirə bulaq kompleksi tikilib.
...Nurgül adlı qız və Məhəmməd adlı oğul yadigarı qalıb Nurlanın. Balaca Məhəmməd körpə gözlərinin özü kimi təmiz, saf, işıqlı baxışlarla baxır dünyaya – bir az da çaşqın baxışlarla. Baxır ki, bir ildən artıqdır görmədiyi atası şəklə dönüb, bulaq olub və hamı onun qarşısında təzim edir, nənəsi Həqiqətə sığınır... Nurgülsə yavaş-yavaş anlayır nələr olduğunu, bir az böyükdür axı. Əvvəl “atamın barmağı yaralanıb, sağalsın gələcək” deyirdi, indi hərbi forma geyinir, üçrəngli bayrağımızı götürüb dalğalandıra-dalğalandıra dayanır şəklinin yanında və “cənab leytenant” mahnısını oxuyur:
Barıt qoxulu o yollar, o yollar,
Səni bəs nə vaxt qaytarar, qaytarar?
Səndən təsəlli bir zabit mundiri...
... Bir yaşına on gün qalmış ana qucağında çıxdığı ana Vətənin – Şuşanın
azadlığını görmək qismət olmadı, arzusuyla yaşadığı, xəyalını qurduğu böyük Qələbəmizi ruhu göylərdən seyr etdi Nurlanın. Ruhu azad Şuşanın göylərində şaddır, çox şükür, Şuşanın göylərini NURLANdırır!
Şəhadətin mübarək, 29 illik ömrə qəhrəmanlıq tarixi sığdıran, əbədi Vətən olan şəhid! Şəhadətin mübarək, Nurlan!
Mahir Rəsuloğlu, “İki sahil”