01 oktyabr 2021 03:15
3601

Ata sevgisi, ata qayğısı, ata ömrü...

Atamın “laylaları” bu gün də qulaqlarımda səslənir

Dünya baqi olandan Yer üzünün əşrəfi insan ruhən Uca Yaradana, cismən isə onu bu həyata bəxş edən anasına səcdə etmişdir. Analara bir çox mahnılar, şeirlər, bayatılar həsr etmişik. Dinimizdə - müqəddəs kitabımız olan “Qurani-Kərim”də də analara böyük dəyər verilib, Peyğəmbərimizin “Cənnət anaların ayaqları altındadır” kəlamı, anaların bizimçün nə qədər dəyərli və müqəddəs varlıqlar olduğunu özündə ehtiva edir.

Bəs atalar övladlarının həyatında nə kimi rol oynayırlar? Axı, analar evin hərarəti, uşaqlarının qoruyucu mələyidirsə, atalar da evin dirəyi, uşaqlarının pasibanı, dayağı, fəxr, qürur mənbəyidir. Bəzən atalar analar qədər övladlarına sevgilərini göstərməsələr də, uşaqlarının qayğısız, xoşbəxt böyümələri və onlara gözəl gələcək təmin etmək üçün necə deyərlər, özlərini oda-közə vururlar.

Atalarla övladlar arasında, ələlxüsus da atalarla qızları arasında bir başqa – heç vaxt qopmayacaq möhkəm, sehrli bir bağ olur. Qızlar atalarını özlərinə ideal seçirlər, hətta bəziləri gələcək həyat yoldaşlarının da atalarına bənzəməsini istəyir.

Mənim atam gözəl ailə başçısı, ideal ata idi. O, mühəndis olsa da, düz 45 il kəndimizdə (Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndi)  - orta məktəbdə dərs deyərək, peşəsini çox sevən bir müəllim kimi elimizin uşaqlarına bilik, savad vermişdi. Kəndimizdə hər kəs atama böyük hörmət, rəğbət bəslərdi.

Biz ailədə üç uşaq idik: qardaşım, mən və bacım. Atam xaraktercə çox ağır təbiətli, təmkinli, səbirli insan idi. Az danışar, nadir hallarda hündürdən gülər, zarafatlara, gülməli hadisələrə çox vaxt sadəcə xəfif gülümsər, bu zaman üzü işıqlanardı. Ona görə də atam bir az qaraqabaq adam təsiri bağışlasa da, çox mehriban, istiqanlı, ailəsinə, övladlarına bağlı qayğıkeş, sevgi dolu bir ata idi. Həmçinin bərk hirslənməyi, əsəbiləşməyi də nadir hallarda olardı.

Atamla mənim aramda çox möhkəm, xüsusi bir bağ vardı. Biz bir-birimizə çox düşkün idik. Atamın ən qiymətlisi idim, məni “Nuşanım” – deyə çağırar, ta uşaqlığımdan dünyasını dəyişənə qədər “Nuşanım, Nuşanım qadan alım, başına dönüm, başına dolanım” – bu isti, sevgi dolu kəlmələrlə əzizlərdi atam sevimli qızını.

Təbii ki, anamı da dünyalar qədər sevirəm və demək olar ki, onunla nəfəs alıram. Ancaq mən həmişə atamın qızı olmuşam və bu, həmişə belə olacaq.

Bu gün beş ildir ki, atamı itirmişik. Beş ildir ki, atamın qayğılı, mehriban səsini eşitmirəm, beş ildir ki, o məni əzizləmir. Bu sətirləri yazarkən atamçün nə qədər çox darıxdığımı, ürəyimin necə göynədiyini hiss edib kövrəlirəm.

Deyirlər ki, atalar soyuqqanlı olurlar, atalar övladlarını analar qədər sevə bilməzlər. Ancaq mənim atam bizi anamız qədər sevirdi. Atamın mənə dediyi “laylalar” bu gün də qulaqlarımda səslənir. Analarımızın bizə söylədiyi “laylalar”ı xatırlamırıq, çünki analarımız bizə körpə ikən deyir o “laylalar”ı. Atamsa 6-7 yaşlarıma qədər məni həmişə əzizləyib dizlərinin üstə yatırar və həzin səslə mənə “layla” deyərdi.

İstər uşaq vaxtı, istərsə də böyüyəndən sonra kimdənsə, nədənsə küsüb inciyəndə (axı, mən çox ərköyün, həm də həssas idim) təbii ki, məni həmişə atam əzizləyib könlümü alardı. Məktəbdə hər il “tərifnamə”lər alaraq, sinifdən-sinifə “əla” qiymətlərlə keçib, müəllimlərimin də sevimlisi olduqca, atam çox sevinib mənimlə qürur duyur, necə deyərlər, üzərimə titrərdi.

O illəri xatırlayaraq hisslərimi aşağıdakı sətirlərə tökdüm:

Nə xoşbəxt imişəm bir zaman, Allah!
Atalı, qardaşlı günlərim vardı.
Kimdənsə inciyib kədərlənəndə,
Atam saçlarımı sığallayardı.

Nə xoşbəxt imişəm, bir zaman, Allah!
Sevincək hər səhər dərsə gedərdim.
“Əla” qiymətlərlə döndüyüm zaman,
“Afərin qızıma” deyərək atam
Qürurla, fəxrlə məni öyərdi.

Nə xoşbəxt imişəm bir zaman, Allah!
Qayğısız, nəşəli günlər yaşardım.
Cığallıq edərək kitablar üstə
Bəzən qardaşımla mən dalaşardım.

Bütün uşaqlartək mənim də arzum
Çox tez böyüyərək yetkin olmaqdı.
Hardan biləydim ki, yetişkin olmaq
Sən demə, qayğısız günlərlə vidalaşmaqdı.

Ömrümboyu atam bir dəfə də olsun mənə nə hirsləndi, nə də xətrimə dəydi. Sevgi dolu bir ailədə qayğısız, xoşbəxt böyüdük. Ancaq yeganə qardaşımı çox gənc – tələbə ikən itirməyimiz ailəmizi dərindən sarsdı, xoşbəxtliyimizi də qardaşımla birlikdə itirdik. Övlad acısı valideynlərimi zamansız qocaldıb bellərini bükdü.

Qardaşımdan sonra atam mənə daha çox bağlanıb, bəzən “oğul balam” - deyə əzizləyərək, məni həm də qardaşımın yerinə qoydu. Atam məni çox sevməklə yanaşı, həm də çox güvənirdi. Nəslimizə ağsaqqallıq edib, hər kəsə məsləhət verən atam mən böyüyüb yetkinlik yaşına çatdıqdan sonra ondan hər hansı işlə bağlı məsləhət istəyərkən sona qədər dinləyər, sonra “sən mənim ağıllı qızımsan, ən doğru yolu özün seçəcəksən, sənə inanıram” deyib, gənc yaşlarımdan məni sərbəst qərar verməyə alışdırdı. Hətta yaşa dolandan sonra atam özü çox şeyi mənimlə məsləhətləşər, fikrimi öyrənərdi. Bütün bunlar – atamın mənə sonsuz sevgisi və güvəni həyatda mənimçün bir stimul, güc mənbəyi olmaqla, eyni zamanda, məni daha məsuliyyətli davranmağa, atdığım hər addımı yüz ölçüb bir biçməyə sövq edirdi. Heç vaxt atamın sevgisindən sui-istifadə etmədim, əksinə valideynlərimin  mənə olan sevgi və güvəni onlara qarşı məsuliyyətimi daha da artırır, yanlış bir addım atıb atamı üzüb, sevgisinə kölgə düşürməkdən çox qorxardım.

Universitetdə oxuduğum zaman həftəsonları evimizə gələrkən atam həmişə dayanacaqda – bulaq başında (“Duzdaxlı” bulağı bizim dayanacağımız idi) dayanıb məni gözləyər, bəzən avtobus gecikdiyi zaman səbirsizliklə var-gəl edib mən gələnə qədər getməzdi. İkinci kursdan başlayaraq bir neçə il axşam saatlarında dərs götürüb atamla çiyin-çiyinə doğma məktəbimdə mən də müəllim işlədim.

Universiteti bitirib Bakıya gəldiyim zaman atam üçün sevimli qızından ayrılmaq çox çətin olsa da arzuma qarşı çıxmadı. Ondan sonra kənddən Bakıya sovqat dolu qutularla bərabər atamın məktubları da qanad açdı. Həmişə atamın səliqə ilə sarıdığı böyük sovqat qutularının kəndirini səbirsizliklə qayçılayıb, qutuda nə olduğuna baxmadan qoşa dəftər vərəqinə yazılmış məktubu çıxararaq ilk öncə tələsə-tələsə oxuyar, sanki su kimi içərdim. Daha sonra bir neçə dəfə yavaş-yavaş, sindirə-sindirə oxuyardım hər sətrindən, hər cümləsindən ata nəvazişi, ata qayğısı süzülən məktubları. Məktubdan aldığım istilik, hiss etdiyim ata sevgisi ürəyimi riqqətə gətirər, gözlərimi yaşardardı. Atamın əlinin istisi, qəlbinin hərarəti hopmuş o məktubları bu gün də saxlayıram, ancaq tez-tez oxuya bilmirəm, çünki qəlbim çox acıyır.

Uzun illər – ta atam dünyasını dəyişənə qədər Bakıdan kəndə getdiyim zaman o, yenə də həmişəki yerində - bulaq başında dayanıb məni qarşılardı. “Bakı-Faxralı” marşrutu ilə hərəkət edən avtobus kəndə səhər erkəndən girən zaman uzun bir siqnal verirdi, siqnalın səsi ta evimizə qədər gedirdi. Gəlişimdən xəbərdar olan valideynlərim gecəni çox səksəkəli yatar, səhərin gözü açılar-açılmaz ayaqüstə olardılar və avtobusun siqnalını eşidən kimi atam tez özünü dayanacağa yetirərdi. Atamdan sonra kəndə getdiyim zaman avtobusdan düşərkən gözlərim qeyri-ixtiyari həmişə durduğu yerdə atamı axtarır və onu görməyəndə ürəyim qüssədən sıxılır.

Ad günlərimdə də məni həmişə ilk atam təbrik edərdi, atamdan sonra artıq ad günlərimi heç sevmirəm, çünki o gün axşama qədər ixtiyarsız olaraq, şüuraltı atamın zəngini gözləyirəm. Zəng gəlir, ancaq atamın səsi eşidilmir, məni anam təbrik edir. Ancaq həmişə öncə atam, sonra anam təbrik edərdi. Atamın səsini eşitməyəndə çox üzülürəm.

Heç vaxt - ömrümboyu bir dəfə də olsun atamın nədənsə şikayətləndiyini eşitmədim. Bütün ağrı-acısını, dərdini-kədərini içində yaşar, bizlərə əsla yansıtmazdı. Atamın qəfil dünyasını dəyişməsi və o zaman yanında olmamağım məni çox sarsıtdı, bu günə qədər də için-için göynədir. Yeganə təsəllim odur ki, atamı heç üzmədim, o, övladı olaraq məndən razı idi.

Beş ildir ki, atasız atalı günlərimi yaşayıram. Atam dünyadan köçsə də, məni hər çətinlikdən yenə atamın sevgisi çıxarır. Ata-anamın mənə olan sonsuz sevgi və güvəni həmişə ayaqlarım üstə dayanmağımda, yaşadığım ağrı-acılara sinə gərməyimdə ən böyük gücüm olub. Artıq atam mənim qəlbimdə yaşayır. Övladın dünyaya gəlməsi ilə “ata” statusu  qazanan ataların ömrü övladlar dünyalarını dəyişəndən sonra bitir. Çünki atalar dünyalarını dəyişərkən övladlarının, ələlxüsus da qızlarının qəlbinə köçüb orda yaşamağa davam edirlər – atamın mənim qəlbimdə yaşadığı kimi.

Kəndimizdə məni tanımayanlar (kəndimizin 8 mindən çox əhalisi var, mən də kənddən gənc ikən çıxmışam) kim olduğumu soruşan zaman “Veyis müəllimin qızıyam” deməkdən həmişə qürur duymuşam, ömrümboyu da atamın qızı olmaqdan qürur duyacağam. Zatən atamın o sevimli, şıltaq, ərköyün qızı daxilimdə yaşayır, mən yaşa dolsam da, o heç böyümür, o, illərin arxasında qalan o uzaq qayğısız, nəşəli, xoşbəxt günlərdə qalıb.

Qəbrin nurla dolsun, məkanın cənnət olsun, əziz atam! Səni çox sevirəm, ruhən həmişə mənimləsən!

Nüşabə Səməndər, “İki sahil”