13 oktyabr 2021 01:14
1577

İşğaldan azad edilmiş bütün ərazilər erməni vəhşiliyinin sübutudur

Ermənistan hakimiyyəti əzəli ata-baba torpaqlarımızı işğal altında saxladığı onilliklər ərzində yalnız yaşayış məntəqələrini deyil, məzarlıqları da dağıdıb viran qoyublar. Vəhşiliyin, nifrətin və vandalizmin tam mənzərəsi isə həmin ərazilərin işğaldan azad edilməsindən sonra bizə, eləcə də dünyaya bütün çılpaqlığı ilə  aydın oldu. Əlbəttə ki, belə miqyasda dağıntılar müharibə zamanı törədilə bilməzdi. Cinayətkar, talançı və işğalçı ermənilər bu vəhşilikləri 30 illik işğal dövründə törətmişdilər.

Ermənilər Azərbaycan xalqına məxsus təbii sərvətləri də talan edirdilər. Sirr deyil ki, bir çox xarici şirkətlər onlara bu işdə yardım göstəriblər. O torpaqlarda hazırda quruculuq, abadlıq işləri aparılır, müasir yollar, hava limanları tikilib istifadəyə  verilir, böyük layihələrin təməli qoyulur. 30 illik işğal dövründə barbar qonşularımız tərəfindən məqsədli şəkildə xarabazara çevrilmiş ərazilərimiz indi cənnətə dönür.

Dövlət başçısı cari ilin mart ayında Füzuli və Xocavənd rayonlarına səfəri zamanı azad edilmiş ərazilərdəki böyük quruculuq işləri və infrastruktur layihələrinin icrasına başlanılmasının anonsunu  verərkən bunları bəyan etmişdi: “Biz xalqımızın yeni tarixini yazdıq, şanlı qəhrəmanlıq tarixini yazdıq və azad edilmiş torpaqlarda bu gün böyük quruculuq işləri aparılır, böyük infrastruktur layihələri icra edilir. Bu gün Bakıdan gələrkən, yenə də dağıdılmış Füzuli şəhərindən keçərkən bir daha gördüm ki, erməni vəhşiliyi hansı fəlakət törədib. Bu gün onları müdafiə edən, bu gün onların arxasında dayanan bəzi xarici dairələr gözlərini açıb görsünlər erməni vəhşiliyi nə günə salıb bizim şəhərlərimizi. Bizim bütün şəhərlərimiz dağıdılıb, bütün kəndlərimiz dağıdılıb, tarixi abidələr dağıdılıb, məscidlər dağıdılıb, qəbirlər dağıdılıb, misli görünməmiş vandallıq, barbarlıq törədilib. Biz isə ancaq öz torpaqlarımızı azad etmişik”.

Azərbaycanın düşmən tapdağından azad edilmiş Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Ağdam bölgələrindəki yaşayış məntəqələri tamamilə dağıdılaraq yerlə-yeksan edilib. Müharibə dövründə ermənilər evləri, binaları kərpic-kərpic sökərək talançılıq, soyğunçuluq törədiblər.  Bu ərazilərdəki qəbiristanlıqlar da eyni aqibətlə üzləşiblər. Belə ki, qəbir daşları ermənilər tərəfindən dağıdılıb, məzar daşlarının bir qismi Ermənistana aparılıb. Doğma torpaqlarına qayıdan azərbaycanlılar əzizlərinin, valideynlərinin, dostlarının məzarlarını ziyarət etmək istədikdə aydın olub ki, qəbir daşlarının çoxu məhv edilib və ya talanıb. Məsələn, işğaldan azad edilmiş Cəbrayılın şəhər qəbiristanlığı ermənilər tərəfindən tamamilə barbarlığa məruz qalıb.  Bu məzarlıqda bir dənə də olsun salamat qəbir qoymayıblar. Hətta Cəbrayıl qəbiristanlığında insan qalıqları olan açıq çalalara rast gəlmək olar.

Özünə insan deyən varlıq niyə belə bir vəhşiliyə, göreşənliyə əl atmalıdır? Cavab çox sadədir. Məqsəd bu torpaqlardan azərbaycanlılara aid bütün tarixi abidələri, ümumilikdə keçmişi silmək idi. Elə ona görə də işğalçılar qəsdən, bilərəkdən və planlı, proqramlı şəkildə təkcə evləri, məscidləri deyil, qəbirləri də dağıdırdılar. Ermənilər çirkin niyyətlərini həyata keçirmək üçün ölülərdən belə intiqam alırdılar. Bu, vandalizmin ən iyrənc təzahürü idi.

Azərbaycan Prezidenti İlham Əliyev  işğaldan azad edilmiş ərazilərdə törədilmiş erməni vandalizmini bütün dünyaya göstərmək üçün silsilə tədbirlərin keçiriləcəyini çıxışlarında dəfələrlə dilə gətirib. Müzəffər Ali Baş Komandan Kəlbəcər rayonuna səfəri zamanı bildirdi ki, erməni vandallarının törətdikləri göz qabağındadır: “Amma onların himayədarları bunu görmək istəmirlər. Amma bunu görməlidirlər və görəcəklər. Bunu onlara göstərəcəyik.”  

Prezident İlham Əliyev 27 Sentyabr – Anım Günü ilə əlaqədar xalqa müraciətində də erməni faşizminin əməllərinə diqqət çəkərək bu məqamı vurğulamışdı: “Bizim bütün şəhərlərimiz yerlə-yeksan edilib, bütün tarixi abidələrimiz, məscidlərimiz ermənilər tərəfindən ya tam dağıdılıb, ya da təhqir olunub. 67 məsciddən 65-i tamamilə dağıdılıb, qalan yarıdağılmış məscidlərdə mənfur düşmən bizi təhqir etmək üçün, bütün dünya müsəlmanlarını təhqir etmək üçün heyvan saxlayırdı, inək, donuz saxlayırdı. Mən əminəm ki, dünya müsəlmanları buna adekvat reaksiya verəcəklər. Mən bir çox müsəlman ölkələrindən bu məsələ ilə bağlı məktublar alıram. Biz işğal dövründəki erməni vəhşiliyi ilə bağlı, erməni faşizmi ilə bağlı əməli işlər aparırıq, bütün dünyanı məlumatlandırırıq və məlumatlandıracağıq”.

Xatırladaq ki, Dağlıq Qarabağ ərazisinin və onun ətrafındakı 7 inzibati rayonun Ermənistanın işğalına məruz qalması nəticəsində mədəniyyət abidələrimiz yerlə-yeksan edilib. Statistikaya əsasən, işğal nəticəsində Azərbaycana aid 500 tarixi-memarlıq abidələri, 100-dən çox arxeoloji abidə, minlərlə əsərin qorunduğu 22 muzey, 4 rəsm sərgisi, 4,6 milyon kitab və əlyazma saxlanan 927 kitabxana, 85 incəsənət məktəbi, 20 mədəniyyət sarayı, 4 dövlət teatrı ermənilər tərəfindən məhv edilib.

Prezident İlham Əliyev qətiyyətlə bildirir ki, dəymiş hər bir ziyan hesablanır: «Azad edilmiş bütün torpaqlarda, şəhərlərlə, kəndlərdə indi monitorinq aparılır, pasportlaşdırma aparılır, bütün evlərin pasportları hazırlanır, dəymiş ziyan təsbit edilir və biz beynəlxalq məhkəmələrdə dəymiş bütün ziyanın qaytarılmasını tələb edəcəyik”.

Günel Eyyubova, «İki sahil»