13 oktyabr 2021 14:27
1052

Ramin Məmmədov: Ermənistansız da Azərbaycan bölgədə istəyinə nail olub - VİDEO

İkisahil.TV-nin bugünkü müsahibi Milli Məclisin deputatı Ramin Məmmədovdur

- Ramin müəllim, Parlamentə təqdim olunmuş “Müstəqillik haqqında” yeni qanun layihəsinin zərurətini nə ilə əsaslandırardınız?

- Müstəqilliyin bərpa olunmasının 30 illiyini qeyd edəcəyik. Bu tarixi ilk dəfə ərazi bütövlüyümüzə nail olduğumuz zamanda qeyd edəcəyik”.  Dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi va bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyuk önəm kəsb edir. Tarixi proseslərin gedişi elə gətirib ki, bir əsrdə iki dəfə müstəqil dövlət qurmaq imkanına sahib olmuşuq. Biz dövlət müstəqilliyini əldə etmək, qorumaq və möhkəmləndirmək üçün mübarizə aparmış, şəhidlər vermiş bir xalqıq. Ona görə də müstəqillik bizim üçün bütün digər anlayışlardan daha dəyərli, daha qiymətlidir. 1991-ci ilin oktyabrın 18-də isə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında «Konstitusiya Aktı»na əsasən xalqımız öz müstəqilliyini bərpa etmişdir.  Bu tarixi günlərin mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması yeni qanun layihəsində öz əksini tapmışdır. Buna görə də tam məntiqlidir ki, 1918-ci illə bağlı tarixi hadisə - mayın 28-i Müstəqillik günü, 1991-ci illə bağlı hadisə - oktyabrın 18-i isə Müstəqilliyin Bərpası günü elan edilsin.

- Müstəqilliyin bərpası günü gələcək nəsillər üçün hansı çağırışları özündə ehtiva edir?

- XX əsrin əvvəllərində Azərbaycan dövlət müstəqilliyini elan etsə də məlum səbəblərdən onu qorumaq mümkün olmadı. XX əsrin sonlarında biz müstəqilliyimizi yenidən bərpa edə bildik. Ancaq həmin dövrdə də onu itirmək təhlükəsi mövcud idi. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycan xalqını növbəti dəfə istiqlaliyyətini itirmək təhlükəsində xilas etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin ən uğurlu nəticəsi məhz dövlət müstəqilliyinin möhkəmləndirilməsi oldu. Azərbaycan bu gün beynəlxalq münasibətlər sistemində sözün tam mənasında müstəqil siyasət yürüdən ölkələrdən biri kimi qəbul olunur. Bu baxımdan, düşünürəm ki, dövlət müstəqilliyi bizim hər birimiz üçün son dərəcə dəyərli, dərin siyasi, tarixi məzmun daşıyan bir anlayışdır. «Müstəqillik Günü haqqında» qanun layihəsi bu günün mahiyyətini, onun Azərbaycan xalqının yaddaşındakı yerini və əhəmiyyətini daha dəqiq ifadə edir. Bir məqamı da diqqətə çatdırmaq istərdim ki, SSRİ-nin süqutu zamanı Azərbaycanla eyni vaxtda müstəqilliyini bərpa etmiş bir çox ölkələr, o cümlədən Baltikyanı respublikalar bu tarixi məhz Müstəqilliyin Bərpası Günü kimi qeyd edirlər.

-Azərbaycanın işğaldan azad olunmuş ərazilərində geniş  quruculuq-bərpa  işləri aparılır. Əldə edilmiş uğurlu nəticələrlə bağlı nə deyərdiniz?

- Erməni tapdağından təmizlənən şəhər və rayonlarımızın çoxunda düşmən bir dənə də olsun salamat tikili saxlamayıb. Prezident İlham Əliyevin öz çıxışlarında Azərbaycanın işğaldan azad olunmuş  ərazilərində yaşayış məntəqələrinin və xalqımıza məxsus maddi-mədəniyyət abidələrinin Ermənistan tərəfindən yerlə-yeksan edildiyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırması  böyük əhəmiyyət daşıyır.  Azərbaycan xalqının qazandığı bu Zəfərlə bölgənin taleyində yeni bir mərhələ və yeni reallıqlar yarandı. Regionlarımızda genişmiqyaslı abadlıq-quruculuq işləri, yenidənqurma fəaliyyəti həyata keçirilməkdədir. Füzulidə beynəlxalq əhəmiyyətli hava limanının istifadəyə verilməsi Qarabağda davam etdirilən digər nəqliyyat-tranzit kommunikasiyalarına da xüsusi diqqətin artmasına səbəb olacaq. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunmuş rayonlara səfərləri Azərbaycanın gücünü və bu bölgənin qısa zamanda bərpa etmək potensialını göstərir. Kəlbəcər və Laçın rayonları bərpa və yenidənqurmadan sonra Azərbaycan iqtisadiyyatına daha yaxından töhfə vermək imkanlarına malik olacaq. Bundan əlavə, Kəlbəcərdə yeni nəqliyyat infrastrukturunun formalaşdırılması, Laçında Beynəlxalq Hava Limanının inşası hər iki rayonun növbəti dövrdə strateji əhəmiyyətini daha da artıracaq. Laçında inşa ediləcək hava limanı bütövlükdə bölgənin potensialının təbliğ edilməsi və təhlükəsizliyin formalaşması baxımından əhəmiyyətlidir. Düşünürəm ki, bu, əslində regionun təhlükəsizliyinə dəstəkdir. Eyni zamanda, hər iki rayonun turizm potensialının böyük olması Laçın Beynəlxalq Hava Limanının rentabelli işləməsinə səbəb olacaq. Bu, artıq beynəlxalq uçuşların həyata keçirilməsi, turistlərin gəlməsi, həmin ərazidə istehsal olunacaq qeyri-neft məhsullarının daha böyük coğrafiyaya, daha böyük bazarlara çıxarılması deməkdir. Qısa zamanda erməni vandallarının xarabalığa çevirdiyi ərazilərimizdə həyat canlanacaq. Qarşıda duran əsas məsələ Azərbaycanın tarixi Qələbəsinin nəticələrinin möhkəmləndirilməsi üçün işğaldan azad olunan Qarabağ bölgəsində əhalinin dayanıqlı məskunlaşmasını təmin etmək və həmin ərazilərin müasir və abad yaşayış mühitinə çevrilməsi məqsədilə yaşayış mühitinin yaradılmasıdır. Artıq bərpa-quruculuq prosesinə diqqətlə, koordinasiya olunan tərzdə, vahid mərkəzdən idarə edilərək başlanılıb. İşğaldan azad edilən ərazilərimizin kifayət qədər böyük iqtisadi potensialı var.

- Bu gün bölgədə yeni reallıq yaranıb. Regionda diqtə edən tərəf Azərbaycandır. Bu konteksdən çıxış etsək əməkdaşlıq müstəvisində ölkəmizin yaratdığı reallığı necə dəyərləndirirsiniz?

-Yaratmış olduğumuz reallığın nəticəsidir ki, Azərbaycana Ermənistan lazım deyil. Çünki, Ermənistansız da Azərbaycan bölgədə istədiyinə nail olub. Biz illər ərzində bütün qonşu dövlətlərlə aktiv, bir o qədər də konstruktiv siyasət yürüdərək heç bir dövlətə qarşı ərazi iddiası etmədən, təşəbbüskarı və tərəfdaşı olduğumuz bütün layihələrdə etibarlı tərəfdaş kimi çıxış edərək qonşu dövlətlərlə bütün kommunikasiyaları qurub, enerji xətlərini çəkib, dəmir yollarını, bütün nəqliyyat layihələrini icra etmişik. Ermənistan tərəfi hər şeydən öncə xahiş etməli, qonşularından icazə almalıdır ki, bu prosesə qoşulsun. Çünki işğalçılıq siyasəti nəticəsində müstəqil dövlət ola bilməyən, bu siyasətin ağır nəticələrindən əziyyət çəkən Ermənistanın özünə lazımdır ki, iqtisadi blokadadan çıxsın.

Şəmsiyyə Əliqızı,

Könül Əliyeva, «İki sahil»