13 oktyabr 2021 19:00
3257

Peyvəndlənmənin üçüncü mərhələsi: Buster doza nəyi dəyişəcək?

      Mütəxəssislərdən xəbərdarlıq: Üçüncü dozanın vurulması prosesi sürətlənməlidir

Koronavirusun daha yoluxucu ştammlarının ortaya çıxması, mövsümlə əlaqədar havanın soyuması, epidemiyanın daha geniş yayılması riskinin artması, digər tərəfdən koronavirusa qarşı istifadə olunan peyvəndlərin effektinin müəyyən müddətdən sonra azalması virusla daha ciddi mübarizə aparılmasını zəruri edir.  Bütün bunları nəzərə alaraq, xəstəliyə qarşı immuniteti artırmaq üçün 3-cü (buster) dozanın vurulması ehtiyacı yaranır. Bu baxımdan Səhiyyə Nazirliyi hər 2 doza vaksin almış risk qrupuna daxil olan vətəndaşları, xroniki xəstəliyi olanları, bütün tibb işçilərini və yaşı 50-dən yuxarı olan əhalini 3-cü doza (“buster” doza) ilə peyvəndlənməyə çağırır.

Qeyd edək ki, koronavirusun mutasiyası nəticəsində yeni “Delta” variantının ortaya çıxmasından sonra müxtəlif ölkələrdə - Türkiyə, Çin, Avstriya, Belçika, Finlandiya, Macarıstan, Rusiya, İspaniyada, İsveçrədə də 3-cü gücləndirici doza vaksinasiyaya başlanılıb.

Bəs mütəxəssislər  COVID-19  vaksinin üçüncü dozasını zəruri edən amilləri nədə görürlər?

Dördüncü doza da vurula bilər

Tibb elmləri doktoru, professor Adil Qeybulla sözügedən məsələ ilə bağlı “İki sahil”ə açıqlamasında bildirib ki, epidemioloji vəziyyətin nisbətən  pisləşməsi müşahidə olunur: “Bu baxımdan üçüncü doza vaksinin tövsiyə olunması davam etməlidir. Əslində,  üçüncü doza “buster” vaksindir. RNT daşıyıcı virusların təxmini immunitet müddəti 6 ay nəzərdə tutulur. Çünki virus mutasiyaya uğramaqda davam edir. Həmin vaksinin nisbi olaraq 6 ay müddətində təsiri nəzərdə tutulur. Ona görə də immun sistemini yenidən stimulyasiya etmək və immuniteti möhkəmləndirmək üçün üçüncü doza  vaksin tövsiyə olunur. Hətta lazım gələrsə dördüncü doza da vurula bilər.”

Vaksindən başqa alternativ  yoxdur

Mütəxəssis qeyd edib ki, vaksin olunmaqla bağlı ciddi əks-göstərişlər yoxdur: “Yalnız yüksək allergik reaksiyası olan, yanaşı ağır xəstəlikləri olan şəxslər həkim müayinəsindən sonra peyvənd olunmalıdırlar. Vaksinasiya infeksion yoluxma zəncirinin qırılması üçün çox mühüm bir tədbirdir. Çünki peyvənd tam dozasını qəbul edib, virusa qarşı immunitet qazanmış şəxslər həm özləri yoluxmurlar, həm də digərlərini yoluxdurmurlar. Bu baxımdan virusdan qorunmada effektiv nəticə əldə etmək üçün vaksindən başqa alternativ  yoxdur. Qapalı mühitdə karantin qaydalarına riayət olunması, digər tərəfdən COVID-19 əleyhinə peyvəndlənmə pandemiyanın  ömrünə son qoya bilər. Vaksinasiyaya loyal yanaşmaq lazımdır. Epidemioloji durumu müsbətə doğru yalnız vaksinasiya prosesi dəyişə bilər. Hesab edirəm ki, hazırda Ümumdünya Səhiyyə Təşkilatının peyvəndlənmə üçün müəyyənləşdirilən yaş həddini endirməsi də məhz bununla izah olunur.”

Sinifdə şagird sayının çox olmaması nəzarətdə saxlanılmalıdır

Azərbaycan Tibb Universitetinin tibbi mikrobiologiya və immunologiya kafedrasının dosenti, tibb üzrə  fəlsəfə doktoru, Referans Klinik Laboratoriya Mərkəzinin konsultant həkimi Həyat Əliyeva mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, ənənəvi təhsilin bərpası ilə məktəb və universitetlərin açılması virusa yoluxma sayının artmasına səbəb oldu: “Burada təkcə təhsil müəssisələri təhlükə yaratmır, eyni zamanda, ictimai məkanlarda, əhalinin sıx toplaşdığı yerlərdə pandemiya qaydalarının nəzərə alınmaması, qorunma tədbirlərinə riayət olunmaması COVID-19-un yayılmasını sürətləndirir. Pandemiya dövründə olduğumuzu nəzərə alaraq hər kəs tibbi maskadan düzgün istifadə etməli və kütləvi məclislərdən, insanların sıx olduğu yerlərdən uzaq olmalıdır. Vətəndaşlar özlərini kütləvi tədbirlər zamanı qoruya bilsələr, gigiyenik qaydalara əməl etsələr, problemin qarşısını müəyyən dərəcədə almış olarıq. Məsələn, ənənəvi dərslər zamanı otaqların yetərincə havalandırılması, lazımi fiziki məsafənin gözlənilməsi, sinifdə şagird sayının çox olmaması nəzarətdə saxlanılmalıdır".

Üçüncü doza gücləndirmə dozasıdır, yaranan anti-cisimlərin sayını artırmaq məqsədi daşıyır

H.Əliyeva vurğulayıb ki, peyvənd vasitəsilə orqanizm törədiciyə qarşı anticisim əldə edir. Bu anticisimlər də orqanizmin xəstəliyə tutulma riskini aşağı salır. Araşdırmalar  göstərir ki, COVID -19-a qarşı tətbiq olunan birinci və ikinci doza peyvənddən bir müddət sonra anticisimlərdə enmə müşahidə olunur. Bu elmdə anticisim səviyyəsinin enməsi, xəstəliyə tutulma riskininin artması deməkdir. Üçüncü doza da məhz gücləndirmə dozasıdır, yəni yaranan anti-cisimlərin sayını artırmaq məqsədi daşıyır.  

Yoluxub sağalmış şəxslər 6 ay sonra peyvəndin üçüncü dozasını qəbul edə bilərlər

Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının müəlliməsi, mütəxəssis-infeksionist Nilufər Məmmədova məsələ ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, payız-qış mövsümündə insanların qapalı məkanlardan çox istifadə etməsi, otaqların havalandırması qaydasına az riayət olunması və ümumiyyətlə, bu virusların soyuq hava şəraitini sevməsini nəzərə alaraq COVID-19-a yoluxanların  sayında artımlar mütəmadi müşahidə olunacaq. Təbii ki, belə bir vəziyyətdə üçüncü doza vaksinə tələb yaranır: “İlkin mərhələdə  vaksinin iki dozasını qəbul edən insanlarda artıq 6 aydan çox müddət keçdiyi üçün həmin şəxslər virusa yoluxduqda xəstəliyin ağır gedişindən qorunmaq üçün immunitetə virusu yenidən xatırlatmalıdırlar. Yəni, peyvənddən bir müddət sonra maksimuma çatan qorunma səviyyəsi vaxt keçdikcə zəifləyə bilər. Vaksinin qüvvətləndirici üçüncü (Buster) dozası immunitet reaksiyasını yenidən gücləndirməyi və bununla da peyvəndin effektivliyini artırmağı hədəfləyir. Ona görə də ilkin etapda vaksinasiya olunanların üçüncü dozaya daha çox  ehtiyacı var. Ümumilikdə götürdükdə isə vaksinasiya müddətindən 6 ay keçmiş və xəstələnib sağalmış insanlar xəstələnmələrinin üzərindən 5-6 ay keçdikdən sonra artıq peyvəndin üçüncü dozasını qəbul edə bilərlər.”

Mütəxəssisin sözlərinə görə, peyvəndin birinci və ikinci dozasının qəbulu zamanı vaksinin komponentlərinə qarşı allergiyası və ya anamnezində ağır anafilaksiya olanlar, ilk vaksinasiyada ağır allergik reaksiya müşahidə olunan şəxslər, eyni zamanda, hər hansı bir xəstəliyin aktiv mərhələsində olan şəxslərə (bu hal da müvəqqəti əks-göstəriş sayılır) üçüncü doza  vaksin vurulması əks-göstərişdir.

“Sinovac”ın tam dozasını qəbul edənlər 3-4 ay sonra üçüncü dozanı qəbul etməlidirlər

Həkim-infeksionist Mərdan Əliyev isə "İki sahil"ə açıqlamasında bildirdi ki, öncədən bəlli idi ki, payız-qış fəslində virusa yoluxanların sayında artım gözlənilir. Təbii ki, hazırkı epidemioloji durumda üçüncü doza vaksinə ciddi ehtiyacı var. Son araşdırmalar göstərir ki, 3-cü doza qüvvətləndirici dozadır və yüksək qoruma qabiliyyətinə malikdir: “ABŞ-ın elmi mərkəzləri tərəfindən keçirilmiş tədqiqatlara əsasən buster dozasının effektivliyi sübut olunub: “ÜST-ə və Kanadanın müvafiq qurumunun rəyinə əsasən buster dozasının istifadəsi immunsupressiv hallarda və ən çox ehtiyacı olan həssas qruplarda tövsiyə edilir. Tədqiqatlara görə buster dozası almış şəxslərdə yoluxmadan qorunma 11 dəfə, ağırlaşmalardan qorunma isə 19 dəfə artmışdır. İsrailin Səhiyyə Nazirliyinin məlumatına görə, buster dozasının qəbulundan sonra yan təsirlər nadir hallarda müşahidə olunub, onlar da birinci və ikinci inyeksiyadan sonra üzə çıxan əlamətlərdən fərqlənmir. ABŞ Xəstəliklərin Profilaktikası və Kontrolu Mərkəzlərinin və İngiltərənin Milli Səhiyyə Xidmətinin məlumatlarına əsasən, buster dozasının istifadəsi ilkin dozadan 6 ay keçmiş risk qruplarına aid olan şəxslər üçün əhəmiyyətlidir. Risk qrupuna yaşlı nəsil, eləcə də yan xəstəlikləri mövcud, yüksək risk şəraitində yaşayan və ya işləyən şəxslər aid edilir.”

 Müsahibimiz  "üçüncü doza kimlərə tövsiyə olunur" sualını bu cür cavablandırıb: “Gücləndirilmiş doza qanda antitelin səviyyəsini və keyfiyyətini kifayət qədər artırır. Buster dozası yüngül yoluxmaları önləyə və virusun yayılmasını, eləcə də COVID-19-la bağlı hospitalizasiya və ölümləri dəfələrlə azalda bilər. Üçüncü doza virusla savaşan anticismləri daha öncəki dozalardan üç dəfə artıq gücləndirir. Bu da anticismlər koronavirusun ştammlarına qarşı effektiv olacaq deməkdir. Bununla yanaşı, buster dozası yüngül yoluxmaları önləyə və virusun yayılmasını, eləcə də COVID-19-la bağlı hospitalizasiya və ölümləri dəfələrlə azalda bilər. Üçüncü doza virusla savaşan anticismləri daha öncəki dozalardan üç dəfə artıq gücləndirir. Bu da anticismlər koronavirusun ştammlarına qarşı effektiv olacaq deməkdir. Ona görə də xroniki xəstəliyi olanlar, tibb işçiləri və yaşı 60-dən yuxarı olan vətəndaşlar buster doza ilə peyvəndlənməyə tələsməlidirlər. Ümumiyyətlə, birinci və ikinci dozanı vurduran hər kəs üçüncü dozanı da qəbul edə bilər.”

Həkim-infeksionist tövsiyə edib ki, “Sinovac”ın tam dozasını qəbul edən şəxslər hətta 3-4 ay sonra üçüncü dozanı qəbul etsinlər: “Çünki birinci-ikinci dozanın qəbulundan  beş-altı ay sonra xəstəliyə yoluxub onu daha ağır keçirənlər müşahidə edilir. Buna görə 3-4 ay sonra qüvvətləndirici dozanın da vurulması lazımdır.

Təəssüflə qeyd etməliyik ki, pandemiyanın fəsadları bütün yaşlarda olan insanlara təsir edə bilər. COVİD-19 virusuna hətta gənc və sağlam insanlar da yoluxa bilər. Gənclər xəstəliyi simptomsuz və yüngül keçirsələr də, ətraflarında olan digər insanları yoluxdura bilərlər. Vaksinasiya olunmayan şəxslərin kütləvi tədbirlərdə iştirakı insanların həyatını təhlükə altına qoyur. Məsuliyyətsiz addımlar cəmiyyətin gələcəyini təhlükə altına qoyur, görülmüş işləri və sərf olunmuş vəsaiti heçə endirir. Bu səbəbdən vaksinasiyada iştirak artıq vətəndaş məsuliyyətinin ayrılmaz göstəricisidir. Ətrafdakıları qorumaq naminə hər kəs peyvənd olunmalıdır.

Yaqut Ağaşahqızı, “İki sahil”