14 oktyabr 2021 16:02
2689

Taleyüklü qərarlarda şəxsiyyət amilinin rolu- Prezident İlham Əliyevin fəaliyyəti

Cənab İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçildi. 18 illik Prezidentliyi dövründə Azərbaycan xalqının dərin və səmimi sevgisini qazanan və dünyada nüfuzlu siyasətçi kimi qəbul olunan “Cənab İlham Əliyevin ən böyük özəlliyi nədədir” sualını qoysaq heç şübhəsiz ki, ilk növbədə siyasətdə şəxsiyyət amilinin roluna nəzər yetirməliyik. Əldə olunan nəticələr, Azərbaycan xalqının milli maraqlarını düşünərək atılan addımların məntiqi sonluğu ölkə başçımızın bütün insani keyfiyyətlərinin və idarəçilik qabiliyyətinin vəhdət formada bir şəxsdə təşəkkül tapmasından xəbər verir.

Müasir dünyanın gələcək inkişafı üçün ictimai-siyasi dəyişiklikləri və mümkün ssenariləri dərk edən siyasətşünaslıq elmi bu gün şəxsiyyət amilinə müraciət edir və idarəçilik məsələsində onun xüsusi rolu üzərində dayanır. Siyasətdə şəxsiyyət amilinin mühümlüyünün tərəfdarları hesab edirlər ki, dövlət idarəçiliyində hər şeyi insan şəxsiyyəti həll edir. Ölkənin dirçəlişi də bəzən məlum, bəzən isə pərdə arxasında qalıb məlum olmayan böyük şəxsiyyətlərin böyük ölçüdə yaranma və yaratma qanunlarından asılıdır. İllər ərzində cənab Prezident İlham Əliyevin atdığı addımların arxasında dayanan məsələ Qarabağ Zəfəri idisə, müharibə dövründə qarşılaşdığı təzyiqlər, bu təzyiqlərə təmkinlə verdiyi cavablar yaranma və yaratma qanunları baxımından isbata ehtiyac duyulmayan aksiomdur. “Mən xalqımdan heç nəyi gizlətmirəm” deyərək xalqa hər müraciətində cəbhədən xəbərləri məhz özü çatdırması, xalqını əmin edərək mesaj verməsi ki, “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” ölkə başçımızın prioritet olaraq xalqın milli maraqlarını görməsindən xəbər verir. “Bəs xalq öz liderinə necə cavab verdi?” sualını qoysaq Azərbaycanda və dünyanın fərqli bucaqlarında məskən salan, lakin qəlbi Vətən eşqi ilə yanan azərbaycanlılar tək bir avazla “Öldü var, döndü yoxdur!” deyərək öz Liderinin ətrafında yumruq oldular, o “Dəmir Yumruğu” Liderə olan güvənləri ilə daha da möhkəm etdilər. 

Dövlətin lider olmasına imkan verən əsas amilin məhz ölkəyə kimin rəhbərlik etməsi, yəni şəxsiyyət amili ilə bağlı olması ilə cavab tapılmalıdırsa, təbii ki, bunların təməlində duran əsas məsələ isə bu liderliyi hansı vasitələrlə qoruyub saxlamaqdan ibarət olmalıdır. 18 il ərzində Prezident İlham Əliyevin Azərbaycanın iqtisadi inkişafının, hərbi potensialının və idarəçilik sisteminin mükəmməl şəkildə realizə edilməsi əsas vasitələrdir. Ümummilli Lider Heydər Əliyev deyirdi: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Məhz bu konsepsiyanı öz siyasətinin əsas sütunu kimi görən ölkə başçımız “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” dedi və Azərbaycan xalqının rifah halının hər keçən il daha öncəki ilə nisbətdə daha da yaxşılaşdırması üçün mümkün olan və dünya siyasi tarixində bənzəri olmayan, mümkün olmayan bütün vasitələri mümkün edərək onlardan istifadə etdi.

Siyasətdə şəxsiyyət amilinin tərəfdarları şəxsiyyətin tarix və siyasətdəki rolunu liderlərin şəxsi keyfiyyətləri ilə əsaslandırırlar ki, burada siyasi istedad, qabiliyyət, bilik, bacarıq və şəxsi nüfuzu əsas meyar kimi görürlər. Liderlərin şəxsi keyfiyyətlərinə siyasi mövqelərindən və inanclarından daha çox əhəmiyyət verilir.  Çünki sabit olmayan siyasi proseslərin anidən dəyişməsi fonunda liderin bu proseslərə necə cavab verməsi əsas məsələdir. Bu isə şübhəsiz ki, şəxsiyyət amili ilə bağlıdır. Dünyanın heç bir siyasətçisinin, analitikinin proqnoz verə bilmədiyi qlobal panmdemiyanın dünyaya yayılması fonunda ölkə başçımız bu məsələyə də şəxsi keyfiyyətlərini əsas tutaraq reaksiya verdi. Bu işdə həmrəyliyin vacib olmasını vurğulayan, vaksin millətçiliyini tənqid edən xarizmatik dövlət xadimi və praqmatik siyasətçi kimi tanınan İlham Əliyevin ümumbəşəri dəyərlərin daşıyıcısı missiyasına yüksələn universal şəxsiyyət obrazı bu gün regionun coğrafi sərhədlərini aşaraq ümum­dünya kontekstinə çıxır.

Tarix elə şəxsiyyətlər yetişdirir ki, onlar sadəcə yaşadıqları dövrün siyasi və ictimai proseslərinə qərar vermir, həm də özündən sonrakı epoxanı müəyyənləşdirirlər. Tarix və zaman sübut edir ki, Azərbaycan  tarixində öz şərəfli yerini tutmuş, xalqımızın qəlbində öz heykəlini ucaltmış və müstəqillik tariximizin əbədiyyət rəmzinə çevril­miş siması Heydər Əliyevin zamanında qəbul etdiyi qərarlar bugünkü uğurlarımızın bünövrəsində dayanır. Zaman anlayışı şəxsiyyətin siyasi baxışlarına daha dərin məna qazandırırsa bununla yanaşı, siyasətin ən çevik şəkildə icrası onu dərk etməkdən, şəraiti dəyərləndirməkdən və çevik reaksiyalardan asılıdır. Zaman baxımından dünənin alınmış qərarları bu gün Heydər Əliyev dühasının böyüklüyünü, möhtəşəmliyini bir daha üzə çıxardırsa, bugünün atılan addımları da İlham Əliyevin siyasi praqmatikliyi, dünyanın sürətlə dəyişən proseslərinə dəqiq və adekvat cavab verməsi gələcək nəsillərimizin inkişafı və sabahlarımızın qarantı qismində çıxış edir. Bu günün ictimai-siyasi reallıqları, regionun yenidən formalaşan geosiyasi mənzərəsi və bununla paralel irəliləyən təlatümlərin fövqündə dayanan müasir milli dövlətçilik konsepsiyamız Heydər Əliyev siyasi kursunu mükəmməl şəkildə realizə edən Prezident İlham Əliyevin idarəçiliyində mükəmməl şəkildə öz əksini tapır. 

Siyasətin subyektlərinə siniflər, siyasi təşkilatlar, hərəkatlar, etnik və demoqrafik icmalar və birliklər və digər amillər daxildir. Lakin siyasətin əsas mövzusu şəxsiyyətdir. Çünki siyasətin əsas yaradıcısı insandır-şəxsiyyətdir. Ancaq siyasətin özü də şəxsiyyət yaradır. Buna görə də şəxsiyyət həm siyasətin subyekti, həm də obyektidir. Bu baxımdan da subyekt kimi uğurlarımızın təməlində İlham Əliyevin şəxsiyyət kimi nüfuzlu rolu, İlham Əliyev idarəçiliyində isə Azərbaycan xalqının ona olan sonsuz güvəni obyekt qismində çıxış edir desək yəqin ki, yanılmarıq. Yəni, burada qarşılıqlı asılılıq ilə müşahidə olunan dərin, ayrılmaz, sarsılmaz, səmimi rəğbət və sevgi mövcuddur.

1993-cü il və 1998-ci ildə Azərbaycan xalqının böyük əksəriyyətinin səsini qazanaraq, fəaliyyəti dövründə isə Azərbaycan xalqının səmimi sevgisini və sonsuz rəğbətini qazanaraq elə xalq tərəfindən də Ümum Milli Lider adına layiq görülən Ümummilli lider Heydər Əliyevin miras qoyduğu dövlətin səsi bu gün ölkə və region sərhədlərini aşaraq dünyadan gəlir. Qazandığımız qələbə, əldə etdiyimiz Zəfər və yaratdığımız reallıqla artıq hamı barışmağa məcbur qalır. Çünki hakimiyyətə gəldiyi ilk gündən İlham Əliyevin əsas amalı Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və Azərbaycan xalqının dünya siyasi tarixində məğlub yox, qalib xalq kimi yazılması olub.

Siyasət rəqibə bütün seçimləri təqdim etməklə həll variantını sonuna qədər öz əlində saxlamaq qabiliyyətidirsə ölkə başçımız bu işi də düzgün və mahir şəkildə özü realizə etdi. Belə ki, 44 günlük Vətən müharibəsinin hər günü “Bizə torpaqlarımızdan çıxacağınız tarixin cədvəlini verin, o gün dayanaq” deyən dövlət başçımız elə bir incə siyasət yürütdü ki, düşmən məcbur qalıb Azərbaycanın qoyduğu şərtlərlə barışdı və kapitulyasiya aktına imza atdı.

Dünyada həllini tapmayan münaqişə ocaqlarının mövcudluğu və bu ocaqların ya artması ya da daha da alovlanması fonunda İlham Əliyevin 30 illik işğala son qoyaraq Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi istiqamətində yürütdüyü prinsipial siyasət böyük vətənpərvərlik, siyasi peşəkarlıq və gerçək liderlik keyfiyyətlərinin bir bütündə təcəssüm etdirilməsidir. Siyasətin nəzəri və empirik məzmunu biliklə, yüksək şəxsi keyfiyyətlər və qabiliyyətlə icra olunan davranış formalarının məcmusundan ibarətdirsə,  ölkə başçımız dünyanın nüfuzlu ali təhsil ocağı olan Moskva Beynəlxalq Münasibətlər İnstitutunda təhsil aldığı zaman siyasi elmlərin nəzəriyyəsinə, hər incəliyinə yiyələnərək, daha sonra həmin təhsil ocağında elmi-pedaqoji fəaliyyətlə məşğul olub tələbə ordusu yaradaraq, ardınca isə siyasətin pratikasına dərindən bələd bir lider kimi ictimai və siyasi proseslərin yeniləşməsində və təkmilləşməsində bayraqdar kimi çıxış edərək öz mükəmməl siyasi portretini də məhz özü cızdı. Bu səbəbdən də siyasi dialoq mühitinin dərinləşməsi birbaşa ölkə başçımızın ölkədə demokratik cəmiyyət modelinin daha geniş vüsət almasında atdığı addımlarda təcəssüm olunur.

Dövlətin xarici siyasətinə birbaşa təsir edən mühüm faktorlardan biri, elə bəlkə də birincisi dövlət rəhbərinin beynəlxalq nüfuzudur. Belə ki, dövlət rəhbərinin qanunlara və beynəlxalq hüquq normalarına uyğun şəkildə davranışı və siyasəti icra etməsi onun etik davranışlarının əsaslarını təşkil edir. Şəxsiyyətin nitqi də cəmiyyətdə və dövlət siyasətində proqram xarakteri daşıyaraq dövlət siyasətinin istiqamətləndirilməsində mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan da Cənab Prezident İlham Əliyevin beynəlxalq nüfuzu, istər  ən yüksək kürsülərdə çıxışları zamanı Azərbaycan həqiqətlərini dünyaya çatdırması, düşmənin əsassız arqumentlərini tutarlı, tarixi, hüquqi faktlarla çürütməsi, Vətən müharibəsi dövründə beynəlxalq aləmə, hər dövlətə ötürülən mesajların, ittihamların onların “öz dili və üslubu” ilə ötürülməsi, paralel olaraq xalqın nəbzini tutaraq sadə xalqa ən sadə və rəvan formada müraciətləri sanki bütün bu nəzəri əsasların empirik vasitələrlə icra olunmasıdır.

Dövlət rəhbərinin təmsil olunduğu partiyanın ideoloji siyasəti dövlətin daxili və xarici siyasətinə də müsbət təsir göstərir. Bu baxımdan da Prezident İlham Əliyevin Sədri olduğu hakim Yeni Azərbaycan Pariyasının qarşısında qoyduğu tələblər, qaldırdığı aktual məsələlər zamanın çevik dəyişən reallıqları ilə dəyişə bilməyə, yenilənməyə bu dəyişikliklərə çevik cavab verməyə istiqamətlənib.

Dövlət rəhbərinin şəxsi keyfiyyətləri, hazırlıq səviyyəsi, istedad və qabiliyyəti dövlətin xarici siyasətinin mahiyyətinə təsir göstərir. Dövlət rəhbərinin beynəlxalq siyasəti dərindən bilmək məharəti olmalıdır. Vətən müharibəsi dövründə dünyanın müxtəlif siyasi proseslərini dəqiqliklə bilən, üzərimizə sanki qılınca bənzəyən qərəzli suallarla gələn kəslərin qarşısı məhz bu dərin bilik sayəsində alındı. Dövlət rəhbərinin hadisələrin gedişatını dəyərləndirə bilmək və bundan da müəyyən nəticələrə gələ bilmək qabiliyyəti onun fəaliyyətində gözə çarpır. İllərlə fəaliyyətini Qarabağ zəfərinə fokuslayan ölkə başçımızın zamanında bu gedişatı dəyələndirərək Qoşulmama Hərəkatı çərçivəsində aktiv fəaliyyətimiz həm bu siyasi təsisatın dünyada nüfuzunu artırdısa, həm də zamanında düşünülərək atılan addım ən dar məqamda bizim köməyimizə gəldi. Məhz Vətən müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri olan Qoşulmama Hərəkatının yeddi ölkəsi BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrinə istinadın edilmədiyi birtərəfli mətbuat açıqlamasının qəbul edilməsinə imkan vermədilər. Bu baxımdan da xarici siyasətin zaman və şəraitlə əlaqələndirilməsi, əlaqələrin və münasibətlərin zəruri istiqamətlərinin müəyyən edilməsi istedadı və qabiliyyəti dövlət rəhbərinin şəxsi keyfiyyətlərinə aid olan məsələdir. Burada ölkənin baş diplomatı hesab olunan dövlət rəhbərinin strategiyası və taktiki addımları mühüm əhəmiyyət kəsb edirsə, o zaman əminliklə deyə biliri ki, cənab Prezident İlham Əliyev qədim ənənələrə malik Azərbaycan diplomatiya tarixinin ən uğurlu diplomatıdır.

18 illik fəaliyyəti dövründə cənab Prezident İlham Əliyevi dəstəkləyən Azərbaycan xalqı yenə də dərin inam, güvən və səmimi sevgi ilə öz liderini dəstəkləyir. Xalqımız Prezident İlham Əliyevin mövqeyinin Azərbaycan xalqının mövqeyi olması faktını ölkə başçımıza verdiyi dəstəklə ifadə edir.

Şəbnəm Həsənova,

Politoloq