18 oktyabr 2021 09:00
426

2020-ci ilin 18 oktyabrı…

Tarixi Zəfərin qələbələrlə dolu hər anı

2020-ci il sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Təcavüzkar ölkənin təxribatçı əməllərinə cavab olaraq rəşadətli ordumuz sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması, təcavüzkar Ermənistanın kapitulyasiyası və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.

“İki sahil” 44 günlük Vətən müharibəsinin qəhrəmanlıq salnaməsinə bir daha nəzər salır.

Vətən müharibəsinin iyirmi ikinci günü

Saat 7 radələrində Ermənistan silahlı qüvvələri növbəti dəfə humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq Cəbrayıl şəhərinin ətraf ərazilərini, eləcə də bu rayonun Araz çayı boyu yerləşən və işğaldan azad olunmuş kəndlərini gecə ərzində minaatan və artilleriya qurğularından atəşə tutmuşdur. Azərbaycan Ordusu tərəfindən dünən gün ərzində həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 2 ədəd S-300 zenit-raket kompleksinin raket tuşlama stansiyası, 5 ədəd T-72 tankı, 3 ədəd BM-21 “Qrad” YARS, 2 ədəd “Smerç”, 1 ədəd D-20 haubitsa-topu və 1 ədəd KS-19 zenit topları, 6 ədəd avtomobil texnikası məhv edilmiş və sıradan çıxarılmışdır. Ermənistan silahlı qüvvələri saat 07:00-dan başlayaraq cəbhənin Ağdərə, Füzuli, Hadrut və Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərmişdir. Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, saat 00:05-dən 04:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu istiqamətindən Gədəbəy rayonu, Berd rayonu istiqamətindən isə Tovuz rayonu ərazisindəki Azərbaycan Ordusunun döyüş mövqelərini iriçaplı silahlardan atəşə tutmuşdur.

Saat 12 radələrində Azərbaycan Ordusunun Füzuli istiqamətində uğurlu döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin hərbi hissəsi bölmələrimiz tərəfindən ələ keçirilmişdir. Saat 12:30 radələrində cəbhənin Cəbrayıl istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aviazərbələr endirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin növbəti “Su-25” hücum təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilmişdir. Saat 14 radələrində Ağdam rayonu ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulmuşdur. Saat 13:00 radələrində Horadiz istiqamətində uçuşlar keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunaraq məhv edilmişdir.

Ermənistan silahlı qüvvələri tərəfindən Xızı rayonuna raket atılsa da, raket Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən zərərsizləşdirilmişdir. Azərbaycan Ordusu işğaldan azad edilmiş Cəbrayıl rayonunda yerləşən Xudafərin körpülərinə Azərbaycan bayrağı sancmışdır. Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, ağır döyüşlərdə xeyli canlı qüvvə və döyüş texnikası itirən Ermənistan silahlı qüvvələrinin 527-ci motoatıcı alayının atıcı taboru praktiki olaraq iflic vəziyyətinə düşmüşdür.